Dini tolerantlıq nəyə görə vacibdir?
Dini
tolerantliq, millətlərarası münasibətlərin
inkişaf etdirilməsi cəmiyyətdə sabitliyi qoruyub
saxlamaq baxımından ən optimal çıxış
yoludur
"İnanc insan
üçün yediyi
loxmadan daha dəyərlir" - deyir Aleksandr Soljentsın. Dünya üçün
din fenomeninin nə qədər mühüm olduğunu bu cür ifadə etmək bəlkə də, əksəriyyətimizə
mübaliğəli görünə
bilər. Amma reallıq
budur ki, yer üzündəki bütün cəmiyyətlərin
öz dini inancları var. Yəni dinsiz bir xalq
yoxdur. Ən kiçik tayfalardan
ən böyük imperiyalara qədər din fenomeninin təsiri hər zaman digər bütün məhfumlardan daha güclü olub.
Hətta bir vaxtlar kommunist
rejimlərin dinsiz bir xalq formalaşdırmaq
cəhdləri və bu yolda amansız,
sərt qanunlar tətbiq etmələri də kütlələri dindən ayıracaq qədər təsirli olmadı. Xalqlar üçün din və inanc duyğusu
bütün dövrlərdə
gənc və ölməz bir şəkildə varlığını
davam etdirir.
Dinlər bütün dövrlərdə
elmlə məşğul
olan alimlərin zehnini məşğul edib. Bir çoxları ölənə
qədər dinləri
absurd, ibtidai təfəkkürün
məhsulu sayıb, bəziləri ömürlərinin
sonuna yaxın təkallahlı dinlərdən
birini qəbul ediblər.
Maraqlıdır ki, din ümumbəşəri
hadisədirmi, yoxsa insan idrakında fitri və zəruri
hissdirmi, sualının
cavabı heç vaxt konkret şəkildə
verilmir.
Reallıq budur ki, nə
tarixdə, nə də günümüzdə,
istər ən geridə qalmış, istərsə də ən çox inkişaf etmiş olsun, heç bir xalq dinsiz
deyil. Minilliklər keçsə, nəsillər
dəyişsə də,
insanlar daima hər hansı bir dindən bərk-bərk yapışıblar.
Bunun da xalqların tarixində siyasi, iqtisadi, düşüncə
və sənət kimi bir çox
sahələrdə necə
böyük təsirləri
olduğuna şahid oluruq.
Dinlər
ilk və yeganə bəşəri fenomenlərdir
Yer üzündə
öz varlığından
xəbərdar, doğulmaq
və ölmək anlayışlarının fərqində
olan tək canlı insandır. Bir çox
elm adamı deyir ki, insan məhz
bu varlıq halını anlamaq üçün dinə ehtiyac duyur. Beləcə,
dinlər insanların
doğuşdan və yaradılışdan bəri
mövcud ilk və tək bəşəri fenomeninə çevrilib.
Bunu İsveçrədə,
Almaniyada Dussendorf yaxınlığında, Cənubi
və Orta Avropanın fərqli yerlərində eramızdan
100-150 min il əvvəl
yaşamış insanlara
aid mağaralarda tapılan
bəzi insan sümükləri, tanrılara
qurban verilən canlıların qalıqları
üzərində aparılan
araşdırmalar da təsdiqləyir.
Din insanların ilham qaynağıdır
Dinin ayrı-ayrı
fərdlərə və
cəmiyyətlərə təsirinin
nə qədər böyük olduğunu anlamaq üçün tarixdən bizə gəlib çatan əsərlər və hadisələr haqqında
düşünmək kifayət
edir. Təkcə qədim Misirdə
yerləşən ən
böyük mühəndislik
qurğuları və
memarlıq abidələri
olan piramidaların, obelisklərin və məbədlərin inşa
edilmə səbəblərini
araşdırmaq bəs
edir ki, insanların həyatında
dinin rolunu anlaya bilək. Bu əsərlər təkcə
maddi gücün yox, həm də
insanların sənət,
din kimi mənəvi ehtiyaclarının və dəyərlərinin sübutudur.
Din cəfəngiyyatdırmı?
Din problemi həmişə bəşəriyyətin fundamental problemlərindən biri olub. Dinlər insanları fəzilətli
olmağa təşviq
edən əmrlər və pisliklərdən çəkindirmək üçün
qadağalar qoyur.
Əgər din cəfəngiyyatdırsa, o zaman dini kitablarda
buyurulan minlərlə
tövsiyələr də
cəfəngiyyat sayılmazmı?
Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, tarixdə uğurlu sivilizasiyalar və mədəniyyətlər
yaratmış hər
bir xalqın mənəvi dünyasında
müəyyən bir dinin inanc sistemlərinin
möhürü var. İnanc
təkcə insanın
daxili aləmində yaşanan bir hiss deyil. Dini həyat tərzinin həm də insanların ibadətlərində,
əxlaqi davranışlarında,
sənət əsərlərində
əks olunan sosial və mənəvi dinamizmləri
var. Əslində, elmin,
texnikanın, iqtisadiyyatın
daha da yüksəldilməsi
ancaq o zaman reallaşa bilər ki, cəmiyyətin idarəçilərindən tutmuş
idarə olunanlara qədər bütün fərdlər gördükləri
işin maddi və mənəvi dəyərinə inansınlar.
Həmrəy, bir-birinə sıx
bağlı olan xalqlar daha güclü
olurlar. Bu baxımdan din insanları birləşdirən ən
güclü fenomendir.
Amma təəssüf ki, bir çox səbəbdən o, həm
də tarix boyu olduğu kimi, günümüzdə
və gələcəkdə
də ən böyük problem olmağa
davam edəcək.
Din elmin inkişafına mane olurmu?
Bu suala birmənalı
yanaşmaq, tarixi danmaq deməkdir. Tarix boyu
dinlər astronomiya, xronologiya, yazı, tibb, incəsənət, hüquq, əxlaq kimi elmlərin ilk elementlərini formalaşdırıb.
Əslində, hər
sivilizasiyanın təməlində
bir din var. Çin sivilizasiyası Konfutsi və Buddizm, Hindistan sivilizasiyası Brahmanizm və Hinduizm, Yunan-Roma sivilizasiyası Politeizm, Xristian Avropa sivilizasiyası Xristianlıq,
İslam sivilizasiyası
İslama əsaslanır.
Dinin yüksəlişə mane olması
tezisi bu sivilizasiyaların mövcudluğu
ilə təkzib olunur. Bu da bir həqiqətdir ki, mövhumat və xurafatçı inanclar tərəfindən
din adına törədilən qətllər
də tarixdə az deyil. Ən faydalı
şeylər belə,
sui-istifadə nəticəsində
faydasız hala gətirilir və saysız-hesabsız zərərlərə
səbəb olur.
Dinin ayıran və birləşdirən gücü
Din tarix boyu insanların
mənəvi ehtiyaclarını
qarşılayan ən
böyük güc olub. Bununla yanaşı, onun
birləşdirici gücü
də böyük əhəmiyyət kəsb
edir. Xüsusilə ictimai fəaliyyətlərdə
din qədər insanları
birləşdirən və
həmrəy edən daha güclü bir fenomen yoxdur
desək, yalan olmaz. Bu xüsusiyyəti
də onu cəmiyyətin ən güclü zincirinə çevirir.
Dövlətlər tərəfindən qurulan
sistemlərin heç
biri din qədər insanların iliyinə işləyə bilməyib. Odur ki, dini inkar etmək
və ya ona etinasız yanaşmaq heç bir idari sistem
üçün düzgün
addım hesab edilmir.
Dövlətlərin tərkibində müxtəlif etnik quruplar var ki, tarix boyu hər birinin öz inanc şəkli formalaşıb. Bir ölkədə nə qədər çox etnik qrup varsa, din fenomeni də o qədər fərqli ola bilər. Bu inanc sistemlərinin bir-birindən fərqli olması çox vaxt insanlar arasında quruplaşmalara, qarşıdurmalara gətirib çıxarır. Bəzi qüvvələr ölkədəki sabitliyi pozmaq, daxili ixtişaşlar yaratmaq üçün zaman-zaman bu etnik qrupların dini inanclarından istifadə edir, onları yerli hakimiyyətə qarşı qızışdırırlar.
Demokratik dövlətlərdə dini siyasətdən ayırmaq bu baxımdan böyük əhəmiyyət kəsb edir. Nə mövcud dinləri qadağan etmək, nə də bir qrup şəxsin öz inanc sistemini başqalarına təbliğ edib onları təsir altına salmasına imkan vermək olar. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi siyasətini izləmək bu baxımdan ölkədəki sabitliyi qorumaq üçün ən optimal çıxış yoludur.
Din təbliğinin təhlükəsi
Qatı mühafizəkar, cahil
və şəriətçi şəxslərin dini təbliğ etməsi cəmiyyətləri
hər zaman böyük
fəlakətlərə sürükləyib. Onların insanlar arasında nifaq salmağa, din adı ilə
onları təsir altında saxlayıb radikal
davranışlara sürükləməyə meyilli
olduqlarına ölkəmizdə də zaman-zaman
şahid olmuşuq. Din fenomeni bütün
xalqlar üçün
böyük mənəvi əhəmiyyət
kəsb edən reallıq olduğuna
görə, onu təbliğ edən şəxslərin
ən azından institut səviyyəsində
biliyə sahib olması və hər zaman mövcud hakimiyyətə
sadiq qalması sabitlik
üçün vacibdir.
Cəmiyyətdə elmin, texnologiyanın,
iqtisadiyyatın inkişafı üçün
dini təmsil edən şəxslərin
savadlı olması mühüm faktordur. Din sahəsində
fəaliyyət göstərəcək insanları yetişdirən
qurumlar elmi zehniyyət
daxilində bilik və fikir
səviyyəsini yüksəltməli, azad
düşüncəyə imkan verməlidir.
Natəvan Abdulla
525-ci qəzet.- 2021.- 9 dekabr.- S.10.