"Zəngəzur
mahalının döyüşən qalası - Nüvədi"
Müsahibimiz
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası, Dövlət idarəetməsi
və menecment kafedrasının müdiri, iqtisad elmləri
doktoru, professor Xatirə Hüseynovadır.
Xatirə xanımı müsahib kimi seçim etməyimiz həm
onun hələ də mənfur düşmənin
tapdağı altında inləyən, Azərbaycanın ən
qədim dilbər guşəsi Zəngəzur mahalının
Nüvədi kəndində doğulub boya-başa
çatması, həm də böyük ziyalı - alim, sabiq
millət vəkili, o dövrdə kəndin kolxoz sədri,
üç dağın qoynunda yerləşən Nüvədini
3 il qoruyan müsəlləh əsgər Mail Amanovun qızı
olaraq dövlətə və dövlətçiliyə sadiq
ailədə böyüməsi ilə bağlıdır.
Professor Xatirə Hüseynova söhbətində Azərbaycanın
tarixi həqiqətlərini elmi müstəvidə əks
etdirən məqamlardan geniş bəhs etdi. O, öncə Azərbaycan
tarixinə şanlı səhifələr yazan şəhidlərimizə,
erməni terroru nəticəsində həlak olan
soydaşlarımıza Allahdan rəhmət,
respublikamızın suverenliyi və ərazi
bütövlüyü uğrunda sağlamlıqlarını
itirən qazilərimizə şəfa dilədi.
Qərbi
Zəngəzur mahalının döyüşən qalası
sayılan, qədim tarixə malik Nüvədi kəndində
böyüyən Xatirə xanım rubrikanın
aktuallığını nəzərə alaraq söhbətinə
iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən
qəsəbəsində şəhid ailələri və
müharibə əlilləri ilə görüşündəki
geniş çıxışından sitat gətirərək
başladı. 2021-ci il iyulun 7-də
imzalanan Fərman əsasında yaradılan Qarabağ və
Şərqi Zəngəzur iqtisadi zonası Azərbaycanın
tarixi baxımından çox mühüm strateji əhəmiyyət
daşıyır. O, Prezidentin "Şərqi Zəngəzur
bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur
bizim tarixi torpağımızdır" sözlərində
olan tarixi həqiqətin unudulmadığını, əksinə,
indi, post-münaqişə dövründə, tarixi sənədlərin,
xəritələrin daha böyük əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırdı.
Xatirə
xanım Prezident İlham Əliyevin sözlərinə istinadən
qeyd etdi ki, həm regional, həm də qlobal müstəvidə
Zəngəzur dəhlizinin və dəhliz üzərində
yerləşən qədim Azərbaycan torpaqlarının
aktuallığının önə çəkilməsi bilavasitə 44 günlük Vətən
müharibəsində qazanılan tarixi Zəfərimizə
bağlıdır.
Professor
daha sonra regionda yeni reallıqların
yarandığını, münaqişənin ümumilikdə
həll olunduğunu və bundan sonra Azərbaycan ilə Ermənistan
arasında suverenlik, ərazi bütövlüyü və beynəlxalq
sərhədlərinin toxunulmazlığı və ona
hörmət əsasında əlaqələrin
normallaşdırılması və qurulması işlərinin
dayandığını bildirdi. O qeyd etdi ki, 10 noyabr tarixli
dövlət başçılarının üçtərəfli
bəyanatının 9-cu bəndi ("Bölgədəki
bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa
edilir. Ermənistan Respublikası vətəndaşlarının,
nəqliyyat vasitələrinin və yüklərin hər iki
istiqamətdə maneəsiz hərəkətinin təşkili
məqsədilə Azərbaycan Respublikasının qərb
rayonları və Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət
verir. Tərəflərin razılığı
əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın
qərb rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası təmin ediləcəkdir".)
tam şəkildə Azərbaycana əsas
verir ki, regionda yeni reallığa uyğun addımlar atsın.
Kafedra
müdiri onu da bildirdi ki, tərəflərin 2021-ci il
11 yanvar birgə bəyanatı ilə yaradılmış
İşçi qrupu və 2020-ci il 10 noyabr bəyanatının
"9-cu bəndinin reallaşdırılmasından irəli gələn
işlərin əsas istiqamətlərinin
siyahısını formalaşdıracaq, prioritet qismində dəmir
yolu və avtomobil yollarının müəyyən edilməsi"
işlərinə artıq start verilib. Bu amilləri
sadalayan professor Şərqi Zəngəzur ilə Qərbi Zəngəzurun
Mincivan-Culfa dəmir yolu xəttinin yenidən bərpa edilməsinin
və fəaliyyətə başlamasının tarixdə
mühüm hadisə kimi özünəməxsus yer
tutacağını qeyd etdi. 46 kilometr uzunluğunda olan
bu dəhlizin 13 kilometrliyində Nüvədi kəndi - "mənim
böyüdüyüm doğma Nüvədi yerləşir..."
deyən və qəlbi daima yurd həsrətilə
döyünən Xatirə
xanımla söhbətimizi davam etdiririk. Beləliklə...
***
- Xatirə
xanım, qədim Zəngəzur mahalının
döyüşən qalası və ən böyük kəndlərindən
sayılan Nüvədinin işğala qədərki
dövrü barədə nə deyə bilərsiniz?
- Qədim
yaşayış məskənlərindən biri olan kəndimizin
işğala qədər ərazisi 270 kvadratkilometri əhatə
etməklə, 18 min hektar torpağa malik, müasir şəhər
tipli inzibati ərazi idi. Nüvədi kəndi Araz
çayının sol sahilində, Zəngəzur
dağlarının cənub-şərq ətəklərində
üç dağın qovşağında yerləşərək,
Şərqdən Zəngilan rayonu, Cənubdan İran İslam
Respublikası, Şimaldan Qafan, Qərbdən Mehri rayonunun kəndləri
ilə sərhəd idi. Nüvədi kəndində
hamısı azərbaycanlı olan 1500-dən artıq əhali
yaşayırdı. Bu kənd həm də
Azərbaycanda ziyalıları ilə tanınırdı.
Nüvədi kəndi 1929-cu ilə qədər
inzibati cəhətdən Cəbrayıl qəzasına tabe
olub. 18 fevral 1929-cu ildə
Zaqfederasiyanın qərarı ilə qədim Nüvədi kəndi
də daxil olmaqla bir neçə kənd Azərbaycandan
alınıb Ermənistana verilib və bununla da Mehri rayonu
yaradılıb.
- Xatirə
xanım, yaxşı yadımdadır, ötən əsrin
80-ci illərinin sonlarında havadarlarının dəstəyi
ilə Ermənistanda yaşayan soydaşlarımız zorla
tarixi torpaqlarından, dədə-baba yurdlarından
köçürüləndə sizin Nüvədi kəndinin
camaatı da evini tərk etmək istəmir, sona qədər
erməni daşnakları ilə döyüşürdü. O
ağır illəri necə xatırlayırsınız?
- O
ağır illər yaddaşımızda silinməz izlər
buraxıb. Atam kənd təsərrüfatı elmləri
doktoru Mail Amanov həmin
illərdə Nüvədidə "Qırmızı sərhəd"
kolxozunun sədri olub.1985-ci ildə Ermənistan Ali Sovetinə
deputat seçilmişdi. O, 1988-1991-ci illərdə Nüvədinin
erməni işğalına qarşı mübarizəsində
kənddə olan həmkarlarının səfərbərliyi hesabına mərdliklə
vuruşaraq, bir sərkərdə nümunəsi göstərib.
1988-ci ilin noyabrında Ermənistan Ali Sovetinin
sessiyasında yeganə azərbaycanlı kimi Arkadi Volskinin və
baş katib Mixail Qorbaçovun Azərbaycan xalqına
qarşı yeritdikləri qərəzli düşmənçilik
siyasətinin canlı şahidi olub. Atam 1989-cu il oktyabrın 10-da Mehri rayonunda 5 nəfər
kolxoz üzvü ilə birlikdə erməni quldurları tərəfindən
girov götürüldüyü vaxt, ailəmiz çox dərin
sarsıntı keçirtdi. Bu kimi bir neçə
hadisədən sonra atam Mehri rayonu ilə bütün əlaqələrini
kəsərək kolxozu Zəngilan rayonunun tabeçiliyinə
keçirtdi. O, uzun illər Nüvədi kolxozuna rəhbərlik
etdi. Təhvil-təslim haqda sənəd-sübutlar
hələ indiyə qədər də saxlanılmaqdadır.
Atam o ağır illərdə Ermənistan ərazisində qalan yeganə azərbaycanlı
kəndin bir sakini kimi 1991-ci il avqustun 8-dək düşmənin
hər cür hücumlarına, təzyiqlərinə mərdliklə
sinə gərən nüvədililərlə birlikdə
doğma yurdunun müdafiəsində çiyin-çiyinə
iştirak etmişdi. Bəli, nüvədililər
dörd ilə yaxın erməni quldurlarına qarşı mərdlikdə
döyüşdülər. Doğma
torpağı uğrunda döyüşlərdə şəhidlik
zirvəsinə ucalanlar da oldu. Nüvədinin
vətənsevər oğulları düşmənin 18 dəfə
ağır hücumunun qarşısını aldı, 60-a qədər
düşmənin canlı qüvvəsini məhv etdi.
Bütün bunlar yaxın tariximizin şahidi olduğumuz gerçəklikləridir...
-
Xatırladığınız başqa məqamlar da varmı?
- Atam Ümummilli lider Heydər Əliyev irsinin, onun
ideyalarının mükəmməl bilicisi idi. Vaxtaşırı
mətbuat orqanlarında verdiyi müsahibələrdə,
yazılarında bunu göstərmişdi. Onun çox
böyük inamla yazdığı 8 avqust 1997-ci il tarixli
"Azərbaycan" qəzetində "Ermənistanda son
qalamız Nüvədinin işğalından 6 il
keçir" rubrikalı irihəcmli
yazısında seçdiyi sərlövhədəki kimi:
"Biz yurdumuza qayıdacağıq..." Ömrünün
sonuna qədər doğma yurduna - Nüvədiyə
qayıdacağı günü əminliklə gözləyirdi.
O deyirdi: "Ümid edir və inanıram ki,
xalqımızın haqq işi uğrunda apardığı
mübarizədə xalq qəddini düzəldib qalib gələcək.
Bütün torpaqlarımız, o cümlədən
də Cavanşirin, Babəkin yurdu olan Zəngəzur da,
Nüvədi də azad olunacaqdır. Biz
hamımız ata-baba yurduna qayıdacağıq". Bu gün atamın ruhu şaddır. Doğma Vətənində məcburi
köçkünlük həyatı yaşayan
soydaşlarımız artıq düşmən
işğalından azad olunan doğma torpaqlarına
qovuşurlar. Əminəm ki, doğma
torpaqlarını həsrətlə gözləyən nüvədililər
də Zəngəzur mahalının qədim yurd yeri olan
Nüvədiyə - elinə, obasına dönə biləcəklər.
- Artıq Cənubi Qafqaz regionu Azərbaycanın
yaratdığı yeni tarixi reallıqların
astanasındadır. Dövlət
başçısının "France-24" televiziya
kanalına müsahibəsində səsləndirdiyi fikirlər
özündə xüsusi diqqəti ehtiva edir. Azərbaycan Prezidenti tarixi həqiqətləri bir
daha açıb göstərərək "Bu, bir tarixi
faktdır ki, 1920-ci ildə Sovet hakimiyyəti Azərbaycanın
ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana
birləşdirilməsi ilə bağlı qərar qəbul
edib və bu qərar icra olunub. Bu hadisə
1920-ci ildə baş verib. 101 il bundan
əvvəl. Tarixi torpaqlarımız haqqında danışarkən
mən ərazi iddialarından bəhs etmirdim..." - deyə
erməni lobbisinin yalan təbliğatını elə Fransa
ictimaiyyətinin qarşısında ifşa etdi...
- Bəli,
bu fikirlər həm bir vətəndaş, həm də
ölkənin ali təhsil ocağında
çalışan bir ziyalı kimi məni də
qürurlandırdı. Xüsusilə də, həmin
müsahibədə cənab Prezidentin hər bir ölkə
kimi, bizim də tariximizi öyrənmək, qədim məskənlərimizi
bilmək, hansı ərazilərdə
yaşadığımızdan xəbərdar olmaq və
oralara qayıtmaq barədə legitim hüquqlarımızdan
"France-24" televiziya kanalında bəhs etməsi
xüsusi əhəmiyyət kəsb edir.
- Xatirə
xanım, söhbətimizin sonunda rəşadətli Azərbaycan
Ordusunun əsgər və zabitlərinə arzu və istəkləriniz...
- Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları - 44 günlük Vətən müharibəsi xalqımızın tarixi Qələbəsi ilə başa çatdı. Bu müqəddəs Zəfəri bizə yaşadan Azərbaycanımızın qəhrəman oğullarına "Eşq olsun!" deyirəm. Yaşasın qətiyyəti, cəsarəti, inamı ilə dünya azərbaycanlılarının qürur duyduğu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!
Lalə HÜSEYNOVA
525-ci qəzet.- 2021.- 10 dekabr.- S.15.