Anarın "Söz dünyası" barəsində qeydlərim  

Bir dəyirmi masa söhbətindən əvvəl və sonra

 

Anarın hələ ki, iki hissəsi ilə tanış olduğumuz "Söz dünyası" əsərini (Bakı, Şərq-Qərb nəşriyyatı. I cild-2018, II cild-2020) mənimcə, bütövlükdə Azərbaycan ədəbiyyatının kitabı adlandırmaq olar. Janrını təyin etmədən, böyük hərflə yazılan Kitab anlamında; necə ki, qədim dünya üçün Dədəm Qorqudun Kitabı, ya orta çağlar üçün Mahmud Kaşğarinin "Divani-lüğət-it-Türk"ü, Yeni dövr üçün bu və digər ədəbiyyat Tarixləri, ya Ədəbiyyat dərslikləri... - o qəbildən. Hərçənd daha sonra gələn kitablar əvvəlkiləri də yenidən, yeni forma və formatda ehtiva və idrak etməyə, günün Oxusuna verməyə qeyrət edir, Anarın "Söz dünyası"nda da belədir. İbtidadan çağımızacan. "Odlar yurdunun söz və sənət sərvəti", qayaüstü yazılardan XX yüzilin modern sənəti, ədəbiyyat yazılarınacan.

Oxuduqca düşünürdüm, buna bənzər kitabımız varmıdır? Ki, milli ədəbiyyatımızın Obrazını bütövü, bütünü ilə, möhtəşəm miqyaslardan təfərrüatınacan, canlı gəlişmədə cızmağa, ayrı-ayrı mətnlərini bütünlükdə bir Mətn kimi oxumağa səy etsin. Zarafat deyil, Anarın təqdimatında 1500 illik bir Ədəbiyyat nəhəngindən söhbət gedir! Bilirik, Azərbaycan ədəbiyyatının ilkin obrazını Firidun bəy Köçərli yaratmağa çalışmışdır; təxminən yüz iyirmi il əvvəl, 1903-də qələmə aldığı ilk Azərbaycan ədəbiyyatı tarixində - Molla Pənahdan Mirzə Cəliləcən. Sonrakı dövrlərdə, bütöv bir institutun üzərində çalışdığı "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" ikicildliyi də var, onlarla ədəbiyyatşünas-alimin ərsəyə gətirdikləri Azərbaycan ədəbiyyatı üçcildliyi də faktdır. Lap son illərin hadisəsi, elə Yazıçılar Birliyinin Dövlət Mükafatına təklif elədiyi akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasını da yada sala bilərik, əsasında hazırda Ədəbiyyat İnstitutu on cilddə Ədəbiyyat Tarixi hazırlayır. Bəlkə bura akademik Nizami Cəfərovun "Azərbaycanşünaslığın əsasları" monoqrafiyasında cızdığı ədəbiyyatımızın obrazını da artırmaq olar. Amma bütün bunlar müəyyən elmi və elmi-ideoloji konsept və konsepsiyalar çərçivəsində, akademik ölçülərdə ərsəyə gəlmiş məhz Tarix kitablarıdır. Ədəbiyyata müəyyən dövrün, ictimai zamanın baxışlarını, bir növ "kənar"dan baxışı ifadə edir, Tarixi obrazını yaradır. Belə kitablardan daha da biri, müstəqillik epoxamızın lap əvvəlində qələmə alınmış Yaşar Qarayevin monoqrafiyası yadıma gəlir, adı da elə belədir: "Tarix: yaxından və uzaqdan"...

 

Anarın "Söz dünyası" fərqli kitabdır. Sadəcə tarix kitabı deyil, məhz Ədəbiyyatın kitabıdır. Burda ədəbiyyata kənardan deyil, içdən baxış var, Azərbaycan ədəbiyyatının tarixi boyu və bir ədibin-yazıçının-millət övladının-vətəndaş-ziyalının bioqrafisi uzunu, gözümüzün qabağındaca, içindən yaranan obrazı var. Axı Anar həm də bu ədəbiyyatın iştirakçısıdır, yaradıcısıdır, bir parçasıdır. Daim, gözünü dünyaya açandan, bu ədəbiyyatın içində olub; hansı şairlə, yazıçı ilə, klassiklə, mətnlə ilk dəfə nə vaxt, necə, harda təmas qurmasından xalqın-millətin-cəmiyyətin həyatında hər birinin və bütövlükdə bu ədəbiyyatın yeri-rolu-dəyərinəcən yalnız şüur süzgəcindən, idrakından deyil, canından-qanından, yaddaş və yaşamlarından keçirib. Və bütün bunları adekvat yazı tərzi, ifadə formaları taparaq "Söz dünyası"na gətirə bilib. Mənimcə, "Söz dünyası" 1500 illik Azərbaycan ədəbiyyatı haqqında bənzərsiz kitabdır.

 

Bir daha janr məsələsinə qayıtsam, "Söz dünyası"na ənənəvi məqalələr toplusu kimi də baxmaq olar. Belə görünür ki, Anar ədəbiyyatımız və ədəbiyyatımızın klassikləri haqqında müxtəlif illərdə yazdığı məqalələrini iki cilddə bir araya gətirmişdir. Həm də nə az, nə çox, müxtəlif həcmdə, janrda qələmə alınmış, bugünün bilikləri üzərinə çoxlu yeni faktlar, bilgilərlə, yeni yanaşmalar, təfsirlər, təhlillərlə zəngin 114 məqalə-yazı (bütövlükdə, kitabın həcmi: I cildi - 520 səhifə., II cildi - 924 səhifədən ibarətdir). Bu baxımdan, qarşımızda nəhəng bir tədqiqatçı-ədəbiyyatşünas işi durur. Kitabda ədəbiyyatşünaslıq janrları etibarilə tədqiqat-araşdırmalar da var, elmi məqalə, portret-oçerklər, yubiley yazıları da, tənqid essesi, "Dədə Qorqud dünyası" kimi elmi-publisist traktat da. Hətta mən "Söz dünyası"nda, məxsusən birinci kitabda bir araşdırıcı obrazı da gördüm, topladığı şeirlər, araşdırdığı əlyazmalar, cünglər, təzkirələr bu təsəvvürü yaradır ki, müəllif ədəbiyyat professoru ola bilərdi, fəqət yazıçı-ədib olmuş, daha doğrusu, Anar olmuş, ədəbiyyatımızın Anarı.

 

Bu məqam Anarın "Söz dünyası"na daha həssas yanaşmağımızı istəyir. Daha diqqətli və ardıcıl oxu göstərir ki, sadəcə məqalələr toplusu deyil; Anar "Söz dünyası" məxsusi şəkildə, ədəbiyyatımızın daxili bütövlüyündən, hərəkət və dinamikasından gələn vahid bir mətn kimi görür, düşünür və qurur. Kitabda, təbii ki, ədəbiyyatla birgə tarix də var; lakin bu, sadəcə tarixilik prinsipinə əsaslanan təsnifat, ədəbiyyatın ictimai zamanlara uyğun dövrlərə, mərhələlərə, səciyyələrə bölünməsi deyil. Anar əsərdə asanlıqla qəliblərdən çıxır, ədəbiyyat tarixində xronoloji sıranı gözləməklə təsvir etdiyi dövrlərdən qəfil bioqrafik zamana adlayır, xatirə-anım detalları, memuar ədəbiyyatının izləri ilə təəssüratı artırır; şair, yazıçı, ədəbi simaların bioqrafisi, həyatından süjetlər müəllif düşüncələri, dəyərləndirmələri, təhlil və ricətlərlə müşayiət olunmaqla dövrlər arasında dialoq, ünsiyyət, polemika yaradır. Təkcə müəllifin özü yox, qəhrəmanları da zamanları adlayır, özündən əvvəlki dövrlə mükaliməyə girir, sonrakı dövrdə davamlı, ya davamsız taleyini yaşayır. Müqayisələr, paralellər, bir-birini tamamlayan hadisələr vahid bir ədəbiyyatın həyatını genişliklə hiss etməyə, mənzərələrini yaxından görməyə zəmin verir. Əsərdə ümumən yazı mədəniyyətimizin panoramı var, epos var, divan ədəbiyyatı var, ədəbiyyatımızın XIX və XX əsrlərdə qət etdiyi böyük müasirlik marafonu və özünü-dərki var. Aydındır ki, Anarın "Söz dünyası"nın əsas qəhrəmanı yazı ədəbiyyatımız və onun onlarla, yüzlərlə təmsilçisi, personajı, bütövlükdə Azərbaycan ədəbiyyatıdır...

 

Anarın "Söz dünyası"nı, mənim nəzərlərimdə(n), predmetinə, ehtiva etdiyi ədəbiyyata tam uyğun, yüzə-yüz gördüm; etiraz doğuran, razılaşmadığım, bölüşmədiyim məqamlar az qala yox kimidir, öyrəndiyim, zənginləşdiyim, impuls aldığım nöqtələr isə çox-çoxdur.

 

Deyək, əsərin "Min beş yüz ilin oğuz şeiri"ndən Molla Pənah Vaqif və Molla Vəli Vidadiyəcən ("Nəşədən ələmə") ehtiva etdiyi birinci hissəsini (cildini) mən bir Epos kimi oxudum və həzz aldım; türk ruhu, türk sözü, türk şeir sənətinin müasir eposu kimi. Təkcə ona görə yox ki, bu cilddəki bir çox yazıların düşüncə predmetini məhz eposumuz, türk eposu, oğuznamələr, oğuz yazısı təmsil edir və yönləndirir ("Dədə Qorqud dünyası", "Ən əski yazılarımız", "Manas", "Koroğlu-Goroğlu" və s.); eyni zamanda məhz eposun havasını orta çağlarda yaşadan və yeni ənənə yaradan dastançılıq məktəbi diqqət hədəfindədir ("Türkçülüyün banisi" Mahmud Kaşğari, "Qutadğu bilig"in müəllifi Yusif Balasaqunludan söz açan "Xoşbəxtliyin açarı", "Əhməd Yasəviylə bağlı düşüncələr", "Nizami bizimlədir, burdadır", "Çağdaşımız Mövlana", "Üç Leyli, üç Məcnun" yazıları); həm oğuz ruhunu orta çağ lirikasına, qəzəl-qəsidə ədəbiyyatına yansıtmaqla bu ədəbiyyatın dilini türkcəyə çevirən klassiklər söz predmetidir (Yunus Əmrə haqqında "Gəl gör məni eşq neylədi", üç dahi - Nəsimi, Xətai, Füzuli haqqında məşhur "Şairin hünəri", "Şairin zəfəri", "Şairin kədəri" esseləri, divan ədəbiyyatını heca ədəbiyyatına çevirən XVII-XVIII əsr şair-aşıqları - "Dilimizi yaşadanlar", "Türkmən xalqının milli şairi" Məhdumqulu Fəraqi haqqında yazılar). Başlıcası isə oxuduqca duyursan ki, bu dövrün ədəbiyyatını yönəldən, idarə və inkişaf etdirən də elə vahid-bölünməz türk ruhu, ortaq epos mədəniyyəti, bütövlükdə milli-fəlsəfi kimlik qayəsidir və Anar bu gələnəkləri "Söz dünyası"nda min beş yüz ilin qədimliyindən çağdaş şeirimizin mənzərələrinəcən geniş türk arealı-kontekstində izləyir ("Min beş yüz ilin Oğuz şeiri", "Tariximizin şeir yaddaşı", "Min ilin yüz şairi", "Türkün sözü"); burda biz Anarı Azərbaycan şeiri ilə birgə həm də müasir Türkiyə poeziyasının bilicisi kimi görürük. Yəqin onu da vurğulasaq, yerinə düşər ki, bu yanaşma türk-oğuz ədəbiyyatının ortaqlıq məsələsinə bir daha diqqət çəkir (həm də yalnız orta çağlar deyil, elə XIX-XX yüzillərdə də), yeni metodoloji açarlara zəmin verir.

 

 

 

Amma məsələn, "Söz dünyası"nın ikinci hissəsini (cildini), XIX-XX əsrləri əhatə edən fəsilləri mən roman kimi oxudum, adı bəlli Azərbaycan ədəbiyyatının özəl romanı kimi. Anar özü "Söz dünyası"nda bu ədəbiyyatın neçə-neçə səhifələrini (əsərlərini) vərəqlərkən "roman kimi oxunduğu"nu qeyd edir. Təkcə oxucu marağını oyatmaq, sehrində-tilsimində saxlamaq mənasında yox. Ədəbiyyat tariximizdə XIX-XX yüzillər öz daxili dramaturgiyası olan, təşəkkül ağrılarını keçirmiş, intibah və dirçəliş səhifələrini, qanlı-qadalı günləri, gərgin mübarizə dönəmi və özünü-təsdiq pafosunu yaşamış gerçəkdən də bir Ədəbiyyat romanıdır. Bunu biz canlı olaraq, real kolliziyaları, leytmotiv və şaxəli süjet dinamikası ilə, qəhrəman və çoxsaylı personajları ilə Anarın "Söz dünyası"nda(n) görür, şahid olur, oxuyub-bilirik. Bu zaman ictimai-siyasi şərait və tarixi-mədəni faktorlar elədir ki, Epos enerjisi bəs eləmir; Yeni dövrü, mədəniyyət və ədəbiyyatı yaradan, Mirzə Cəlilin təvazökar ibarəsi ilə deyilərsə, təkcə "təbiət özü, zəmanə özü" deyildir, arxasında böyük insanların, tarixi şəxsiyyətlərin, mütəfəkkir və ədiblərin, millətsevər xadimlərin, yazıçı, şair, dramnəvislərin əməli, işi, nəhəng zəhmətləri durur. O sıradan min beş yüz illik ədəbiyyatımızın mexanizmi dəyişir, ədəbi gedişatın hərəkətverici qüvvəsi kanonlardan şəxsiyyətlərə, sırf ədəbi simalara keçir. Yeni qanunlar tələb olunur.

 

Adekvat, Anar romanını elə ustalıqla qurmuşdur ki, bütün bu mexanizm, tələbat və gerçəklər, həyati zərurətdən doğan əməl və mənzərələr açıla bilsin; zamana ton verən qəhrəmanlarının həyatı, fəaliyyəti, mübarizəsi, yaratdıqları, yarada bildikləri də görünsün, üzləşdikləri çətin zəmanənin özü də. Gerçəklərdə hər bir ədibin, yazıçının, şairin, ədəbi imzanın tarixən qazandığı yeri roman atmosferi, düşüncəsi, mətni özünə qaytarır.

 

"Söz dünyası"nda ən iri fəsillər, şəksiz ki, nəhənglərin payına düşür.  Mirzə Fətəli Axundzadə ("Sübhün səfiri", "Aldanmış ulduzlar") və Həsən bəy Məlikov-Zərdabi ("Əkinçi" haqqında xatirələr") - XIX əsrin ağırlığı bu iki böyük şəxsiyyətin titanik zəhmətləri üzərindədir, romanda da yeni səhifəni məhz titanlar açır, milli taleyimizin roman əsasını qoyurlar. Lakin hələ buna qədər də ilk düyünlər, başlanğıc cəhdləri, "Təməllər" var (Anar əsərdə bu fonu Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov və yenə də M.F.Axundzadə, H.Zərdabi, Firidun bəy Köçərlinin hünərlərində izləyir); XIX əsr ədəbi-mədəni həyatının əlvanlığını yaradan "poetik məclislər" və Xurşidbanu Natəvan var ("Yaralı heykəl, yaralı yaddaş"), Aşıq Ələsgər var ("Aşıq gördüyünü çağırar"), Mirzə Fətəlinin açdığı cığıra şəfəqlərini salan "Cənub işıq(lı)ları" var, Mirzə Əbdürrəhim Talıbov-Təbrizi var, Zeynalabdin Marağayi var, bütün müsəlman Şərqinin reformatoru kimi tanınan Şeyx Cəmaləddin Əfqani var; bütün Çar Rusiyası türklərinin "millət atası" kimi tanıdığı, "Tərcüman"ın və "cədidçiliyin yaradıcısı" İsmayıl bəy Qasprinski var. Və adı çəkilən oçerk və esselərdə Anar Mirzə Fətəlinin ideya və əməllərinin "Azərbaycandan kənarda" da cücərib-çiçəkləndiyini təsbit etməklə yanaşı, milli ədəbiyyatın yarandığı ətraf konteksti də görükdürməyə nail olur.

 

XX yüzil daha şiddətlə, inqilablar əsri kimi gəlir və milli həyata Şərqin oyanışı faktoru da əlavə olunur ("Ümmətdən millətə"). Bu yerdə mən əsərin kompozision mötəbərliyi və möhtəşəmliyini bir daha vurğulamaq istəyirəm. Əsrin başlanğıcının, birinci otuz ilinin mürəkkəbliyini, intensiv gəlişən hadisələrini, milli həyatın taleyüklü məsələləri və kardinal həlli mənzərələrini Anar başlıcası, Əli bəy Hüseynzadəyə ("Ucundadır dilimin həqiqətin böyüyü") və Mirzə Cəlil Məmmədquluzadəyə dair ("Anlamaq dərdi", "Molla Nəsrəddin-80") fəsillərə həvalə edir; məhz bu insanların tarixdə açdığı səhifələr bizim ədəbiyyat romanının da yeni fəsillərini yazır. Həmin səhifələrdən başlanıb, məntiqi davamını Atatürk Türkiyəsində gerçəkləşdirən az tanış olduğumuz daha bir xətt isə Əli bəy Hüseynzadə oçerki ilə yanaşı, "Əhməd bəy Ağaoğlu: mən kiməm" yazısında işıqlanır. Təbii ki, əsərdə "Dəryada duran qocaman dağ" şairimiz Mirzə Ələkbər Sabir də var, "sənətimiz tarixinə əlvan, romantik səhifə yazmış şair və dramaturq" Hüseyn Cavid də var ("Faciələr müəllifinin faciəsi"), ictimai və insani faciələr fonunda böyük romantiklərimiz Məhəmməd Hadi və Əhməd Cavada dair səhifələr də ("İki şairin acı taleyi"), Məmməd Səid Ordubadinin "Qanlı sənələr"i də ("Qanlı illərin şəhadəti"); bir tarixi bina "İsmailiyyə"nin fonunda bir yazıçı taleyini də görürük (Seyid Hüseyn haqqında "Yanmayan bina, sönməyən ocaq" yazısı), bir ədəbiyyat əsəri timsalında siyasi xadimin dürüst portretini də ("M.Ə.Rəsulzadənin bir məruzəsi haqqında"); "Yusif Vəzir haqqında söz" də var, bir "Yusif Vəzir haqqında çıxışa sözardı" da, Anar yazıçını başlıcası bugün də "Qarabağımızın qövr eləyən yaraları" acısında oxuyur; romantizm və realizm ənənələrini otuzuncu illərəcən daşıyan "az qala unudulmuş", "başıbəlalı sənətkarlarımız" Qantəmir də ("Unudulmuş yazıçı"), Səməd Mənsur da ("Dünyanı "rəng" bilən şair", "Səməd Mənsurun qayıdışı") var əsərdə, "nə millətçilik, nə də sosialist realizmi çərçivəsinə sığışmayan" Cəfər Cabbarlı da ("Azad bir quşdum")... Hələ əsərdə(n) nə qədər də epizodik məqamlarda adı çəkilən dövrün ədib və sənətçilərinin adı keçir...

 

 

 

Hər bir oçerkdə, essedə, xatırlatma və ya dəyərləndirmə yazısında, çox maraqlı bucaqlardan baxmaqla müəllif romana rəngarənglik qatır, çoxçalarlıq gətirir (Mən Anarın "Söz dünyası"na artıq "roman" deməyə başlamışam). Amma bu, rəngarənglik xatirinə fənd deyildir; məhz milli ədəbiyyatımızın obyektivinə, klassiklərin şəninə, təyininə yaraşan şəkildədir. Anar hər bir ədibin həyat və yaradıcılıq bioqrafisi üzərinə elə doğru məzmun-mündəricə, dürüst ifadə, ştrix, təhkiyə detalı tapıb-işlədir ki, bu tərzdə klassikamızın təqdimi və təhlilinə mən şəxsən ədəbiyyatımızda rast gəlməmişəm. Deyim ki, kitabı əldə karandaşla oxumuşam, ədəbiyyatımıza dair təzə, kəşf səciyyəli nə qədər mülahizə, deyim, ibarə, ifadələr qeydə almışam. Yəni mənim nəzərimcə, romanın ideya-məzmun qatı kimi, ifadə planı da səlisdir, suqqestivdir, kamildir. Elə buna görədir ki, kitabdakı yazılar müxtəlif illərdə, fərqli motivlərdən, ideya-mətləblərdən ərsəyə gəlsə də, ardıcıl-bölünməz görünür, vahid ansambl yarada bilir.

 

Kitabda XX əsrin ortaları, Sovet dönəmini ehtiva edən rupor yazılar olaraq əsrin böyük şairləri Nazım Hikmətə ("Bu yoldan otuz il öncədən də keçdim", "Zəfərin mübarək, Nazım") və Rəsul Rzaya dair ("Çinar ömrü") fəsilləri hesab edirəm. Anarın Nazım Hikmət haqqında ayrıca iri həcmli "Kərəm kimi" roman-essesi məlumdur; amma bu əsərə də Bakı və Azərbaycan ədəbi mühiti ilə bağlı səhifələri salmağı vacib bilmişdir. Çün mənimcə, yazıçı inqilablar əsrinə elə nöqtədən baxmağa çalışır ki, onu Sovet rejiminin dar, sıxıcı məngənəsindən, boğucu havasından çıxara bilsin. Məhz bioqrafisində milli türk ruhu və kommunizm idealını ağlasığmaz gözəlliklə birikdirən, təcəssüm etdirən Nazım Hikmət pəncərəsindən boylananda 1920-1960-cı illərin sənət və yaradıcılıq mühiti, Süleyman Rüstəmin ("Süleymanla Süleymansız", "Süleyman Rüstəm haqqında çıxış"), Səməd Vurğunun ("Vurğunluq", "Səməd Vurğunun mənzil museyində çıxış"), Mikayıl Rəfilinin ("Təsəllisiz yaşamağı bacarmaq və ya "bədbəxt adamın xoşbəxtliyi"), o sıradan Rəsul Rzanın şair portretləri bir başqa cür, əsrin çağırışına yaraşan nisbətdə görünür. Hətta bu yaradıcılıq şkalası paralel olaraq şeirimizin Cənub havasında da ("Güneydən gələn səslər"), Həbib Sahirdə ("Bu qaranlıq gecədə nə gedən var, nə gələn"), Məhəmmədhüseyn Şəhriyarda ("Ömrüm keçdi, gələmmədim, gec oldu"), Həmid Nitqidə ("Bir gün bu röyadan oyanmaq") - növbənöv milli rəngarənglikdə özünü büruzə verir, əsrin ritmlərini diktə edir.

 

"Çinar ömrü"nün səhifələri isə Rəsul Rza şeirinin dərinlərinə nüfuz etməklə yanaşı, müqaviməti ilə üzləşdiyi həmincə 1930-1980-ci Sovet illərinin repressiv mühitini, Mikayıl Müşfiqi ("Səni kim unudar"), Heydər Hüseynovu ("Şeyx Şamilin "qurbanı" Heydər Hüseynov"), onlarla sənətkarı-ədibi aparan, Abdulla Faruqu ("Bir məktub, bir tale"), Almas İldırımı ("Gölə ad vermiş şair"), Abay Dağlını ("Abay Dağlının "Füzuli" pyesi") didərgin, Biriyanı həbsxanalara salan ("Şair, nazir, molla") qara yelləri də canlı lövhələr-xatirələr-şahidlərin dili ilə, faktlar-sənədlər-arqumentlərlə görükdürür, təsbit edir. Əsrin major akkordları altında gizlənən bu minor səslər, demək olar ki, dövrü yaşayan hər bir ədib və sənətkarın taleyində təzahür edir; hərədə bir cür, başqa bir halətdə zühur edir (Məmməd Arif, Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Mehdi Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Cəfər Cəfərov, Abbas Zamanov haqqında yazıları yada salaq). Və Anar "Söz dünyası"nda məhz həmin bəzən eşidilməz, çox çətin eşidilən notları eşitməyə, eşitdirməyə köklənibdir.

 

Kitabın son fəsillərində yazıçı Anarın bilavasitə özünün də şahidi, iştirakçısı, müdaxiləsi olduğu ədəbi mühitin havasını duyur, ünsiyyətdə olduğu neçə-neçə qələm həmkarı, dostuna həssaslıqla, ürək istisi və yazıçı-vətəndaş məsuliyyəti ilə ədəbi portretlərini cızdığını görürük (Qılman İlkin, İmran Qasımov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Əzizə Cəfərzadə, Əkbər Babayev, Balaş Azəroğlu, Cavad Heyət, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Qabil, Söhrab Tahir, Bəkir Nəbiyev haqqında yazıları anaq). Belə ki, qarşıda altmışıncıların nəfəsi hiss olunur və mənimcə, ədəbiyyat romanının növbəti hissəsi (cildi) daha da maraqlı hadisələr vəd edir.

 

Kitabı oxuduqca daha bir məqam - əsərin önəmi və yaranmasının motivləri də məni düşündürürdü. Əvvəla, bilirik ki, Anar ədəbiyyatımızın böyük təəssübkeşi, cəfakeşidir; qeyd etdiyim kimi, daim ədəbiyyatın, ədəbi prosesin içindədir. Necə deyərlər, çağdaş ədəbiyyatımızın baş yazarıdır. Onu da bilirik ki, yeni zamanlarda, "sovet keçmişi"ndən bilmərrə qopandan sonra da, müstəqillik epoxasında klassiklərimiz bir sıra hücumlara, inkarçılıq meyllərinə ürcah oldu. Yadımızdasa, zaman-zaman Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Rəsul Rza və başqa ədiblərimiz guya daha işıqlı gələcək naminə həmlələrə məruz qaldılar. Hətta deyərdim, qəsdən də çox, bilməzlikdən, klassikləri "oxuya" bilməməzliyimizdən. Anar özü də əsərdə bu məqama dolayısı ilə işarələr edir. Düşünürəm ki, Anarın "Söz dünyası" həm də polemik olaraq, günün, çağın bu tələblərindən, polemikasından yaranıb; klassikadan ayrılmağa tələsənlərə cavab kimi. Kitabın özündə də polemikalar çoxdur; ədəbi zamanlar arasında da, meyllər, fikirlər, düşüncələr, tarixi şəxsiyyətlər və insanlar arasında da. Bugünün içindən yazılmış "Söz dünyası"nın özü ilə də nədəsə, nələrləsə polemika etmək olar; zamanla belə polemikalar olasıdır da...

 

Əlbəttə, 1500 illik bir ədəbiyyatı ehtiva edən kitabla polemika da asan deyil; burda hər bir tədqiqatçının payına düşən, impuls ötürən, düşünməyə vadar edən məqamlar çoxdur. Məsələn, öz payıma; qeyd etdiyim kimi, Anar XX əsr Sovet dönəmi ədəbiyyatımızı səylə, israrla zamanın məhdud çərçivələrindən çıxarmağa çalışır və böyük Azərbaycan ədəbiyyatı naminə haqlıdır da. Amma mənimcə, bugün qorxunc bir kabus kimi damğaladığımız "sosrealizm" estetikasının burda elə bir günahı yoxdur. Doğrudur, adın özü ("sosialist realizmi") qəlibləşmiş, donuqlaşmış, ədəbiyyatda ideoloji bir tendensiyanın daşıyıcısı kimi özünü yıpratmışdır; gəlin onda "inqilabi sənət" deyək, "XX əsr sənəti" deyək, fərqi yoxdur, amma unutmayaq ki, 60-cılara qədər Sovet dönəmi ədəbiyyatımızın özəlliyi, gözəlliyi həm də bu nota, bu estetikaya bağlıdır. Əslində, həmin dövrün ayrı-ayrı şairləri, yazıçıları, tənqidçilərindən danışarkən, Anarın özü də bu mövqeyi üzə çıxarmağa çalışır, amma mənimcə, kifayət qədər polemikaya da yer qoyur...

 

Şəksiz ki, "Söz dünyası"nın özü də modern üslubda, modern tərzdə qələmə alınmış, tərtiblənmişdir. İstər yazılarda duyduğum ədəbi mühitin nəfəsi, Anarın ustalıqla lövhələşdirdiyi, sənədləşdirdiyi ədəbiyyat qovğaları, ehtirasları, fikir toqquşmaları, istərsə də, bir-birini təqib qılan, bu təəssüratı artıran rəngli və qara-ağ fotoşəkillər sırası məni bir daha XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin unikallığı, dünya mədəniyyəti kontekstində təkrarsız yeri barəsində düşündürdü, silkədi...

 

Anarın "Söz dünyası" maariflənmək, maarifləndirmək baxımından da əvəzsiz kitabdır. Nəşrin tirajına baxdım, 500 nüsxə. Aydındır ki, bu, yalnız say-seçmə oxuculara, ədəbiyyat mütəxəssislərinə bəs olan qədərdir. Amma mənimcə, əsər müasir ədəbi nəsillərin də, geniş oxucu auditoriyasının da biliklənməsi cəhətdən böyük əhəmiyyətə malikdir; elmi kitabxanalarla yanaşı, kütləvi və məktəb kitabxanalarında da yer alması yaxşı olardı.  Əbəs deyil ki, Anar "Söz dünyası"nı "Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin böyük təəssübkeşi və hamisi Ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə..." ithaf etmişdir. Layiqi kitabdır.

 

Mən bilmirəm, mexanizmi necədir, amma bəlkə burda, müzakirənin nəticəsi olaraq, əsəri Azərbaycan Dövlət Mükafatına təklif edə bilərik.

Anarın "Söz dünyası" ədəbiyyatımıza böyük sevgidən yaranmış, Azərbaycan ədəbiyyatının dünəni və sabahı, sələflər və xələflər qarşısında ədəbi vicdan, məsuliyyət və borc mövqeyindən qələmə alınmışdır.

Tehran ƏLİŞANOĞLU

AMEA-nın müxbir üzvü

525-ci qəzet.- 2021.- 10 dekabr.- S.12-13.