İməcilik və könüllülük mədəniyyətinin
gənclərin inkişafında rolu
Mən orta təhsilimi Şəkinin kiçik bir kəndində başa vurmuşam. Kəndimizdə bir məktəb
vardı və qonşu kəndlərdə
yaşayan bəzi uşaqlar da bu məktəbdə təhsil alırdılar.
İldə iki-üç dəfə
məktəbimizin direktorunun
təlimatıyla böyük
iməcilik aksiyası
başladılır, bütün
şagirdlər sinif rəhbərlərinin nəzarəti
altında yaş həddinə, fiziki gücünə uyğun işlərə təhkim
edilirdilər. Adətən şənbə-bazar günləri
təşkil edilən
və bir neçə saat davam edən iməcilik prosesindən sonra məktəbimizin həyəti və kəndin küçələri
çiçək kimi
olurdu.
Düzdür, bəzi valideynlər,
elə bizimkilər də bir az narazılıq edir, "uşaqlar tərləyib xəstələnirlər"
bəhanəsi ilə
bizi iməcilikdən yayındırmağa çalışırdılar.
Amma iştirak etmək istəməyənlər səhhətində
problem olması ilə
bağlı arayış
təqdim etməli olurdular. Yəni iş könüllülük
prinsipi əsasında
olsa da, əslində, bir mənada məcburi idi. Əksəriyyətimizin anası iməciliyə
gəlir kürəyimizə
dəsmal qoyur, su verirdi. İşimiz
isə kəndin küçələrindəki kağız, selofan, plastik tullantıları bir torbaya yığmaq
idi.
Əvvəl işləyəcəyimiz əraziyə
su çiləyir, sonra qollarımızı çirmələyib işə
qoyulurduq. Aramızda iş bölgüsü edib bizə tapşırılan ərazini
başdan ayağa təmizləyirdik. Bayram tədbirlərində
də bu işdə ən çox fəallıq göstərən sinifə,
ayrı-ayrı şagirdlərə,
müəllimlərə təşəkkürnamə
verilərdi. Düzdür, o vaxtlar bu təşəkkürnamələr
heç birimizin ürəyincə olmurdu.
Alanları da, "Afərin,
ilin ən yaxşı süpürgəçisi
seçildin!" - deyib məsxərəyə
qoyduğumuza görə,
heç birimiz bu cür mükafatlandırılmaq
istəmirdik. Əlbəttə, o vaxtlar bu fəaliyyətin
necə böyük bir tərbiyəvi əhəmiyyət kəsb
etdiyinin fərqində
deyildik.
Uzun müddətdir
Bakıda yaşayıram
və insanların, xüsusilə də qadınların əllərindəki
zibili küçəyə
atdıqlarını görəndə
başıma hava gəlir. Necə olur ki, insanlar belə düşüncəsiz davrana
bilirlər, sualını
özümə dəfələrlə
vermişəm. Əlindəki zibili küçəyə
atmamaq bir mədəniyyət göstəricisidir.
Bunu hər kəs bilir. Amma niyəsə bir
çoxumuz bu gözəl vərdişə
yiyələnmir. Zənnimcə, bu məsələdə diqqətli olmağımın
səbəbi məhz məktəb illərində
bizə aşılanan
həmin iməcilik mədəniyyətidir.
Uşaqlıqda nə mən, yə də yoldaşlarım əlimizdəki
zibili yerə atmazdıq. Çünki həmin küçələri
özümüz təmizləyirdik
və yenə atdığımız hər
zibili əvvəl-axır
özümüz yığışdırmalı
olacaqdıq. Özümüz əmək verib tərtəmiz etdiyimiz küçələri zibilləməyə
qıymırdıq. Bu
həssaslıq bizə
sözlə yox, əməllə, davranışla
aşılanmışdı. Digər tərəfdən, yerə
bir çöpümüz
düşsə, əyilib
götürər, onu
zibil qabına qədər aparardıq.
Bundan utanacaq mərhələni
çoxdan keçmişdik.
İndi anlayıram ki, hər şey ailədən gəlmir, məktəblər də uşaqları hər mənada həyata hazırlamaq məsuliyyəti
daşıyırlar.
Könüllülüyün, iməcilik mədəniyyətinin
nə qədər əhəmiyyətli olduğunu
şəxsən təcrübədən
keçirdiyim üçün
bunun uşaqların həm fiziki, həm mənəvi inkişafında da rolunu yaxşı anlayıram.
Kapitalist ölkələrinə xas
olmayan iməcilik mədəniyyəti bizə
Sovet dövründən
qalıb. Bu ənənənin
kökü Sovet Rusiyasının ilk illərinə
gedib çıxır.
"İməcilik" sözünün mənası
öz istəyi ilə istirahət günlərində təmizlik,
abadlıq işləri
aparmaq deməkdir.
Bu iş Sovet dövründə
Sovet İttifaqı miqyasında 22 aprel, V.İ.Leninin doğum gününə həsr olunan "Leninçi kommunist şənbə"
adı ilə həyata keçirilirdi. Amma il ərzində başqa irimiqyaslı iməciliklər
də baş tuturdu. Xüsusilə Leninin adı
ilə bağlı iməciliklər kütləvi
şəkildə bütün
idarə və təşkilatlarda, məktəblərdə,
bağçalarda aparılırdı.
Lakin Sovet hakimiyyəti dağıldıqdan
sonra bu ənənə yavaş-yavaş
sıradan çıxdı. Buna baxmayaraq,
keçmiş Sovet ölkələrinin əksəriyyətində,
o cümlədən, ölkəmizdə
hər il
yaz-yay aylarında müəssisələrdə, təhsil
ocaqlarında iməciliklər,
yaşıllaşdırma, ağac əkmək kimi ənənələr
davam etdirilir. Bu işlərə təkcə gənclərin
yox, dövlət rəsmilərinin də qoşulması bu mədəniyyətin daha da möhkəmlənməsi
üçün faydalıdır.
Sevindirici haldır ki, hər il yaz-yay aylarında ölkəmizdə
dövlət səviyyəsində
müxtəlif nazirlik
və qurumlar tərəfindən mərkəzi
küçələrdə, parklarda, meydançalarda iməciliklər keçirilir.
İməciliklər zamanı abadlaşdırma
və yaşıllaşdırma
işləri aparılır,
yeni ağaclar əkilir. Əksər hallarda rəsmilər
də bu cür tədbirlərə
qatılırlar.
İstər ağacəkmə aksiyası
olsun, istər digər sosial işlər, könüllülük
əsasında formalaşdırılan
bu kimi tədbirlər
gənclərin düzgün
yetişməsində böyük
rola malikdir. Ümumiyyətlə, elliklə köməkləşib
bir işi birlikdə görmək, hər hansı bir öhdəliyi icra etmək insanlarda həm birlik, həm də dirlik duyğusunu gücləndirir.
Bu cür, heç
bir qarşılıq
gözləmədən sərf
olunan vaxtın və zəhmətin həm könüllülər,
həm də cəmiyyət üçün
çoxlu faydaları
var.
Bu təcrübənin gənclər üçün
sosial və psixoloji faydaları saymaqla bitməz.
Araşdırmalar göstərir ki, könüllü işlərlə məşğul olan insanlar daha xoşbəxt və sağlam olurlar. Könüllü iş gənclərin həyat keyfiyyətini yaxşılaşdırır. Könüllülük təcrübəsi olan insanlar problemləri effektiv şəkildə həll edə bilərlər. Bu cür fəaliyyətlər təlim və ya seminarlarla əldə edilə bilməyən təcrübələr və problemləri həll etmək bacarığı qazandırır. Kiməsə kömək etmək və fayda vermək özünə inamı artırır.
Həmçinin, hər sahədə könüllülük fəaliyyətləri yeni mühit, yeni təcrübələr və yeni dostluqlar qazandırır. Komanda işi, ayrı-ayrı fərdlərlə münasibət qurmaq kimi məsələlərdə uğurlu olmağa kömək edir. Emosional zəkanın inkişafı, empatiya, emosiyaların idarə edilməsi və effektiv ünsiyyət kimi bacarıqları formalaşdırır. Peşəkar həyata atılmazdan əvvəl vaxtın idarə edilməsi və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi kimi mövzularda mühüm təcrübələr qazandırır. Ölkə səviyyəsində könüllülüyün artırılması sosial yardım və inkişafı təmin edir, insanlar arasında əlaqələri möhkəmləndirir. Problemlərin həlli ilə bağlı məlumatlılıq artır və könüllülük fəaliyyəti müxtəlif təşəbbüslərin ortaya çıxmasına səbəb olur. Biz bunu istər DOST Agentliyi, istərsə də ASAN xidmət kimi könüllülük əsasında formalaşan qurumların fəaliyyətində müşahidə edə bilərik.
Hər sahədə könüllülük gənclərin dağıdıcı xüsusiyyətlərini aradan qaldırır, qurucu, yaradıcı olmaq, ilham vermək kimi bacarıqlarını inkişaf etdirir. Bu kimi fəaliyyətlərdə yaxından iştirak edən gənclər sonralar ətrafındakı insanlara da müsbət mənada təsir edə bilirlər.
Məsələn, iməciliyin
uşaqlıqda aşıladığı təmizlik mədəniyyətini
mən də ətrafımdakı insanlara
təbliğ edirəm. Əvvəllər dostlarımdan yerə
atdıqları zibili götürməklərini
xahiş edir,
götürməyəndə özüm əyilib
götürür və qarşıma zibil yeşiyi çıxana qədər əlimdə
saxlayırdım. Qürurla deyə bilərəm
ki, uzun illərdir heç bir dostum ən azından mənim yanımda zibilini yerə atmır.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 10 dekabr.- S.11.