Maraqlı rolları, incə
qəzəlləri ilə xatırlanan sənətkar - Əhməd
Rumlu
Dövrünün adamları onu "Əhməd Rumlu",
"Əhməd Ruminski"
kimi tanıyırdılar. Aktyor Əhməd
Əhmədov səhnədə
bir-birindən gözəl
obrazlar yaratmaqla yanaşı, qəzəllər
də yazırdı.
Nəvə-nəticələrinin ərsəyə gətirdiyi kitabda Əhməd Rumlunun sadə və aydın dildə yazdığı qəzəlləri,
bir də onun haqqında mətbuatda dərc olunan məqalələr toplanılıb. Bu hekayədə isə unudulmaz sənətkarın
həyatından bəzi
epizodlar qələmə
alınıb.
"QƏZƏLXAN,
AKTYOR ƏHMƏD RUMLU"
...Bir ərazi var Bakımızda. "Sovetski" deyirlər adına... Hələ tam sökülüb bitməyib.
Amma həmin yerlərdə yaşamış məşhur
insanlar haqda şahidlərin yaddaşında
neçə-neçə xatirə
var. Binalar söküldükcə
bu xatirələri kağız üzərinə
köçürək ki,
gələcək nəsillərə
yadigar qalsın.
Bu dünyaya kimlərin
gəldiyini, kimlərin
getdiyini onlar da bilsinlər.
***
- Məmmədqulu bəy,
Allah saxlasın, Əhməd
çox ağıllı,
fərasətli uşaqdır.
Hafizəsinə də
ki, söz ola bilməz.
Yaxşı olar ki, sən onu daha
mollaxanaya yox, mədrəsəyə qoyasan.
Qoy oxuyub, dünyəvi biliklərdən xəbərdar
olsun.
- Nə deyirəm, Kərbəlayı, məsləhət
sənindir. Bir halda ki, onun
qabiliyyətinə bələdsən,
mədrəsədə də
üzümüzü ağ edəcəyini
düşünürsən, qoy sən deyən
olsun!
...XIX əsrin sonlarında İrandan Bakıya köç edən azərbaycanlıların arasında
tacir Məmmədqulu da vardı. O, Bakının "Sovetski"
adlanan ərazisində,
keçmiş Yuryevski
küçəsində özünə
xeyli mülk almışdı. Yeri gəlmişkən,
buranı el dilində
"Həmşəri palanı"
da adlandırırdılar.
Tacir Məmmədqulu xeyirxah, əliaçıq insan kimi tanınmışdı.
Ona görə də ilk övladı dünyaya gələndə eşidən,
bilən ona gözaydınlığına tələsmiş,
böyüyüb atasına
layiq bir övlad olmasını diləmişdilər. Əhməd də
elə uşaqlıqdan
ağlı-kamalı ilə
öz yaşıdlarından
fərqlənirdi. Bir də
diqqəti çəkən
Əhmədin gözəl
səsi, avazı idi. Ona görə də
Məhərrəmlik mərasimlərində
ona qəsidələr
oxudar, şəbihlər
söylədərdilər.
- Qədeş, bilirsən, bu gün Zərgərpalanda
"Kos-kosa" oyunu göstəriləcək. Bizim Əhməd
də orda oynayacaq. Məhəlləmizin uşaqlarını tək qoymayaq.
- Nə danışırsan,
qədeş, heç
bunu buraxmaq olar?! Haydı, o biri uşaqlara
da xəbər salaq. Axşamüstü hamımız ordayıq.
...Beləcə, Əhməd
məhəllələrarası "Kos-kosa", "Qodu-qodu"
kimi xalq oyunlarında püxtələşəcək,
"Tənqid-təbliğ" teatrında, Binəqədi
teatr klubunda çalışacaqdı. Sonra
isə öz taleyini həmişəlik
"Gənc tamaşaçılar
teatrı"na bağlayacaqdı. Burada böyüklüyündən,
kiçikliyindən asılı
olmayaraq bütün rollara eyni məsuliyyətlə
yanaşacaq, ürəklə
oynayacaq, istedadını
ortaya qoyacaqdı.
***
Xəmidə qamətim kim, dağü-güldən
qanə qərq olmuş,
İçində nöqtəsi guya ki, qan altındakı
nundur.
Qızım, izahı belədir:
Qəmdən belim bükülüb, qamətim
qanlı göz yaşı içində
itib-batıb.
Füzuli,
vermədi tən oxları göz taşına təskin,
Önün bənd etmək olmaz xarü xaşak ilə, Ceyhundur.
- Hə, Zərifə balam, Füzuli deyir ki, həmin
tənə oxları nədir ki? Çör-çöp! Heç çör-çöplə
də Ceyhun çayının (indiki adı Amu-Dəryadır) qarşısını almaq
olar?
...Əhməd klassik
Azərbaycan poeziyasını
çox sevər, Füzulinin dərin mənalı beytlərini yorulmadan övladlarına,
nəvələrinə izah
edərdi.
Məhəmməd Füzulinin, Seyid
Əzim Şirvaninin, Məhəmməd Hadinin yaradıcılığına sonsuz
məhəbbəti sayəsində
günlərin bir günü qəlbindəki
misralar kağız üzərinə süzüldü
və "Əhməd
Rumlu" təxəllüsüylə
qəzəllər yazmağa
başladı.
Uyma, könül, şirin dilinə bivəfaların,
Ömrün bitincə görməyəcəksən
vəfaların.
Pərvanə çox dolandı
yanan şəmə,
ah kim,
Yandı, kül oldu, sürmədi bir an səfaların.
Sanma vəfalı, hər yetənə aşina demə,
Bir gün gələr yəqin ki, çəkərsən
cəfaların.
Tutmaz yaman çağında əlindən o aşina,
Çox görmüşəm ədasın
o cür aşinaların.
Bir loğma duz-çörəklə
yetir başa ömrümü,
Qoyma gədayi-kuyi
olum hər gədaların.
Rumlu, de
Saqibə, o desin dostu Vahidə,
Aldanmasın yalan sözünə biədaların.
O dövrün məşhur
qəzəlxanı Azər
Buzovnalıya yazdığı
nəzirə tezliklə
dildən-dilə düşdü:
Təni-hər nakəsə, ey
dil, hədəf olmaqdansa,
Xoşdur ölmək, yaşayıb
bişərəf olmaqdansa.
Yalvarıb açma dil hər bir yetənə
sail tək,
Öl qutar canını, bunca əsəf olmaqdansa.
Döyülüb gürz ilə zindanda ağır zəncir ol,
Gəzib əldən-ələ yüngül
kələf olmaqdansa.
Sədəfi-sag kimi inci yarat sinəmdə,
Xarci xəs tək ləpələrdə
tələf olmaqdansa.
Meyvəsiz bir ağac olsan da, xeyir
ver xəlqə,
Fərsiz övladsifət, naxələf
olmaqdansa.
Parə-parə kəsilib şişə
çəkilmək xoşdur,
Gündə min sillə yeyən köhnə dəf olmaqdansa.
Sərvə bax, sərv kimi başını qaldır fələyə,
Ayaq altında
əzilmiş ələf
olmaqdansa.
Kükrəyən çayları seyr
eylə, dayanma, aş-daş,
Yapışıb hər qazana kirli kəf olmaqdansa.
Rumlu, mərdanəsifət ölməyi
yeydir kişinin,
Mütərəddid dayanıb, bitərəf olmaqdansa.
Azər Buzovnalının çox
istedadlı şagirdi,
sonralar xalqın sevimlisinə çevriləcək
Əliağa Vahid ilə Əhməd Rumlunun dillərə dastan dostluğu, bir də yaradıcılıq
münasibətləri vardı. Günün çox
vaxtını bir yerdə keçirər, saatlarla bədahətən
şeir, qəzəl deyər, bir-birini, necə deyərlər, redaktə də edərdilər. Əhməd bəyin
ömür-gün yoldaşı
Nübar xanımın
bişirdiyi dadlı yeməklər bu söhbətlərin duzunu,
ləzzətini daha da artırardı. "Sən bəy
qızısan, yeməklərin
də bəysayağıdır"
- deyərdi Əliağa
Vahid Nübar xanıma.
Bir gün Əliağa Vahid Əhməd bəyin qapısının ağzından
keçir, harasa tələsirmiş. Əhməd arxadan dostuna səslənir:
Əzizim
dostu balam,
Dostumun dostu balam,
Sən ki belə deyildin,
Nöş oldun forsdu, balam?!
- Pah atonnan a, istəyirdim, tez keçəm, görməyəsən
məni...
- Yox ey, hara
gedirsən, Nübar bacın düşbərə-qutab
bişirib... Keç, keç içəri.
Beləcə, yenə gecə
yarıyadək davam edən şeir, sənət məclisi... Bir xatirəni də elə bu hekayənin
ərsəyə gəlməsində
əməyi olan Əhməd bəyin nəvəsi, jurnalist Zərifə Ağahüseyn
qızının dilindən
eşidək.
- Əliağa Vahidlə babam lap yaxın dost idi. Elə gün olmazdı ki, Vahid bizim evə gəlməsin. Günlərin bir günü babam "Sovetski" küçəsi ilə üzüaşağı gedirmiş. Görür ki, şair də öndə gedir. Təbii ki, babamın arxadan gəldiyini görmür. Bizim həyət qapısından sonra bir-birindən yarım metr aralı iki pəncərə vardı. Birinci pəncərədən keçəndə Əliağa Vahid əllərini ağzına tutub deyərdi: "Əhməd, tut". Bir beyt şeir deyib keçərdi. İkinci pəncərəyə çatanda babam mütləq ona şeirlə cavab verərdi. Vahid də geri dönərdi. Oturardı bizdə. Bu şeir məclisi axşamacan davam edərdi. Dostlar hərdən radioqəbuledicinin düyməsini basıb, İran dövlətinin dalğasını tutardılar. "Görəsən, bu dəfə Mustafa Payan hansımızın qəzəli üstdə muğam oxuyacaq?!"
Mustafa Payan o dövrün məşhur xanəndələrindən sayılırdı. Əhməd Rumlunun, Əliağa Vahidin yaradıcılığına tez-tez müraciət edirdi.
***
İllər bir-birini əvəz etmiş, Əhməd bəy yaşa dolmuşdu. Ömür boşuna keçməmişdi. Teatrda, kinoda yaratdığı maraqlı obrazlar, qələmə aldığı, tərcümə olunaraq müxtəlif səhnələrdə tamaşaya qoyulan əsərlər, qəzəllər... Amma günlərin bir günü Əliağa Ağayevin rejissor Hüseyn Seyidzadəyə etdiyi təklif onu milyonların sevimlisinə çevirdi.
- Hüseyn, bilirəm, "O olmasın, bu olsun"da Hambal roluna çəkmək üçün aktyor axtarırsan. Bəlkə Əhməd bəyi çəkəsən?!
- Hə, nolar, Əl,ağa. Çağır gəlsin, baxaq.
Adəti üzrə həmişə şıq geyinməyi xoşlayan aktyoru əynində qəşəng kostyum, başında şlyapa, əlinə görsəniş üçün aldığı əsada görən rejissor Hüseyn Seyidzadə:
- Onu deyirsən? Heç belə də hambal olar?
Əldən zirək olan aktyorun qısa zamanda qrimlənib, başına parik qoyub, əsayla qapını açıb
"Məşədi" deməsi
rejissorun onu bu rola təsdiqləməsinə
kifayət edir.
...Beləliklə, "O olmasın, bu olsun" filmi dünyanı dolaşır, epizodik rolda çəkilən Əhməd Rumlu günü bu gün də filmin baş qəhrəmanları qədər sevilir, alqışlanır...
Bizsə hekayəmizi həmişə qəlblərdə yaşayan aktyor, qəzəlxan Əhməd Rumlunun məzarının üzərindəki misralarla tamamlayırıq.
Aldı fələk əlimdə olan ixtiyarımı,
Soldurdu qönçə güllərimi, növbaharımı.
Dostlar, düşəndə qəbrimin üstə güzarınız
Bir rəhmət ilə yad eyləyin bu məzarımı.
Aybəniz MƏMMƏDƏLİYEVA
Azərbaycan Televiziyasının əməkdaşı,
Həsən bəy Zərdabi mükafatı laureatı
525-ci qəzet.- 2021.- 10 dekabr.- S.10.