Sözə sədaqət
Sözün
ürəyinə girdim,
Sirdaşım, qardaşım sözdür.
Sözlə
tanıdım özümü,
Canım sözdür, başım sözdür.
("Sözün
ürəyinə girdim")
Poeziyanın
mənşəyi, mahiyyəti, insanın (və cəmiyyətin!)
həyatındakı yeri, rolu barədə antik dövrdən
üzü bu yana cild-cild kitablar
yazılıb, ona cürbəcür təriflər verilib və
yəqin nə qədər ki, söz sənəti var, bu proses
davam edəcək. Bu da təbiidir, çünki əsl poeziya
sözün qüdrətini, hikmətini, gözəlliyini,
hüdudsuz ifadə imkanlarını sərgiləyən bir
sirdir, sehrdir, rasional təfəkkürün qanunlarına tabe
olmayan, onun sərhədlərini aşan
"cığal", "şıltaq" uşaqdır, insanın ən
mübhəm
duyğularının rəng çalarlarını incələyən,
aspektlərini açan bir iksirdir...
Poeziya qəfildən
və hansı tərəfdən əsdiyi bilinməyən mehdir, bir anlığa
çaxan şimşək, səhrada yolçunu aldadan
ilğımdır.
Və
Füzuli demişkən, poeziya ən gözəl
"yalandır"!
Sonuncu
sözü hərfi, birbaşa mənasında anlamaq, təbii
ki, sadəlövhlük olardı - dahi şair poeziyanı
"yalan" adlandıranda onun rasional ağılla dərk
etdiyimiz dünyaya alternativ başqa bir dünya - hiss, duyğu
güzgüsündə "təhrif" olunmuş,
tanımadığımız dünya yaradaraq, bizi məhz bu
"yalan" dünya ilə heyrətləndirmək qüdrətinə
işarə edirdi.
Ramazan Səməroğlunun
da şeirləri içərisində dünyanı beləcə
"təhrif" edib yalnız poetik məntiqlə dərk
oluna bilən dünya modeli yaratmağa iddialı nümunələr
az deyil. Bu şeirlərdə insanın
hiss, duyğu aləmi rəngdən-rəngə
düşür və bunun nəticəsi olaraq həmin
duyğular prizmasından görünən dünya da bizə
yenidən kəşf olunmuş
qiyafələrdə - gah müdrik qoca, gah zalım, vəfasız
məxluq, gah öz sevgi şərbəti ilə məstedici
gözəl, gah da vəfasız, etibarsız yar, gah aqil, ədalətli
hakim, gah da yalançı, ədalətsiz hökmdar... qiyafəsində
təqdim olunur və müəllif bütün sələfləri
kimi, bizi dünya ilə mənasız cəngə yox, bu qəliz
sirri-xuda ilə barışmağa, hətta onu sevməyə
çağırır:
Bir kəsin
yox özün
yaşda,
Şöhrətin
qalmaz bir başda,
Sevilsən
də sən hər yaşda,
Dünya,
səndən nigaranam!
("Dünya, səndən nigaranam!")
44
günlük Vətən müharibəsində Azərbaycan
xalqının ruhunda yaranan təlatüm, Ali Baş
Komandanın insanı sevindirən, kövrəldən və
silkələyən çıxışları, qəhrəman
Vətən oğullarının, müdrik anaların, səbirli
gəlinlərin dəyanəti sonsuz Vətən sevgisinin yeni
parametrlərini cızdı, qələm adamları artıq
tariximizin şanlı səhifəsinə çevrilmiş Qələbənin
ruhu - mənəvi aspektlərini bədii sözün də əsas
predmetinə çevirdi. Çünki
Qarabağa dönüş əslində, yaralı ruhumuzun
sağalması, ləyaqətimizin təsdiqi idi və bədii
söz ustalarının bu fenomenal hadisəyə biganə
qalması absurd olardı. Ramazan Səməroğlunun
yeni kitabı da bu mövzuda qələmə
alınmış silsilə şeirlərlə
başlayır. Onlar barədə
danışmazdan əvvəl bir məsələni qeyd etməyi
lazım bilirəm. Məlumdur ki, qədərindən
artıq ritorika, pafos zahirən nə qədər cəlbedici
olsa da, əslində, sənətə yad elementlərdir.
Pıçıltı yox, qışqırıq,
hayqırtı üzərində qurulmuş poeziya da (əgər
ona poeziya demək mümkündürsə), əslində,
poeziya yox, filosof Niyazi Mehdinin təbirincə desək,
poeziyanın libasını geyinmiş "geydirmə"
poeziyadır, şüur, vəzn, qafiyə ölçülərinə
salınıb bədii nitq görkəmi almış plakat-mətndir.
Amma nə qədər qəribə olsa da, Vətən, yurd,
torpaq haqqında ritorikasız, pafossuz danışmaq da
mümkünsüzdür! Bu mövzular ətrafında
düşünəndə insanda elə duyğular baş
qaldırır ki, sevincdən kövrələ, qəzəbdən,
düşmənə nifrətdən hayqıra bilərsən.
Deməli, əsas şərt odur ki, bu
duyğuları bədii sözün predmetinə çevirəndə
ifrata varıb, eyforiyaya qapılıb oxucunu yormayasan, dediyin
söz qəlbinin monoloqu kimi qəbul oluna. Bu mənada,
Ramazan Səməroğlunun şeirləri seçilir. Bu
şeirlərdə qəliz poetik metaforalara, yersiz söz
oyununa rast gəlməzsən, amma misralar, deyimlər sənə
bəsit də görünmür, çünki müəllif
öz hisslərini səmimi bir tərzdə - şərqi, nəğmə
ahəngində ifadə edir, türk xalqlarının birliyi,
türk ruhunun yenilməzliyi barədə duyğularını
teyxa poeziya dilində yox, poetik-publisistik bir dildə izhar edir:
Türkün
müstəqilliyidir,
Türkün
danışan dilidir,
Türk
elinin birliyidir,
Alqış
Turan birliyinə!
("Alqış
Turan birliyinə")
Bu misralar sözün yaxşı mənasında vəsfdir,
tərənnümdür.
R.Səməroğlunun poetik düşüncə tərzinin
ən yaxşı xüsusiyyətlərini nümayiş etdirən
şeirlərin böyük bir qismi onun sevgi mövzusunda qələmə
aldığı şeirlərdir. Amma mən bu faktdan
çıxış edib onu qətiyyən sevgi şairi
adlandırmaq istəməzdim. Çünki
şairləri bu cür təsnif etməyin tərəfdarı
deyiləm. Sevgi, məhəbbət
anlayışları, ümumiyyətlə, poeziyanın təməlində
dayanan gücdür, onun özülüdür. Deməli, sevgisiz nəinki sevgi poeziyası,
ümumiyyətlə, poeziya mövcud deyil. Əgər söhbət sevən və sevilən,
aşiq və məşuq arasındakı münasibətlərdən
gedirsə, ilk növbədə sevgi anlayışının
özünün nəyi bildirdiyini, mahiyyətində nə
dayandığını incələmək gərəkdir.
Etiraf edim ki, mən bu anlamda işlədilən sevgi
anlayışının çağdaş poeziyamızda ən
mükəmməl poetik yozumunu həm də Ramazan Səməroğlunun
şeirlərində tapdım:
Küləkmi
qopardı yaxamdan səni,
Nə qədər
soruşum yuxumdan səni,
Özümdə
gizlətdim qorxumdan səni,
Sandım lal sükutsan, dinən deyilsən.
("Sözün
ilməsinə toxudum səni")
Oldum
gözlərimə qara pərdə mən,
Daş
kimi qaraldım qaldım yerdə mən,
Necə də
vuruldum sənsiz dərdə mən,
Səni sevə-sevə darıxdım sənsiz.
("Səni
sevə-sevə darıxdım sənsiz")
Mənim
fikrimcə, sevgi, əslində, iki şəxsin bir-biri üzərində
"zorakılığı"dır, o mənada ki, iki ruh bir-biri ilə dialoqa girir, iki
cisim arasında ruh mübadiləsi gedir. Deməli,
sevgi özünü sevdiyində tapmaq, onun gözlərində
görməkdir. Şair bu həqiqəti incə poetik
deyimlərlə, yeni təşbehlərlə ifadə edir:
Odumu
saxladı külümün altda,
Sözümü
gizlətdi dilimin altda,
Solmuş
yarpaq oldum gülümün altda,
Əsdi
tufan kimi yenə bu sevgi!
("Bu
sevgi")
Dostumun şeirlərində xoş təsir
bağışlayan digər bir cəhət onun daim
öz-özü ilə dialoqa girməsi, özü ilə həmsöhbət
olmasıdır. Bu, bir tərəfdən, ona başqalarına dərs
keçmək, ağıl öyrətmək missiyasından
yan keçmək imkanı verirsə, digər tərəfdən,
fikirlərində səmimiyyətin, etirafın çəkisini
artırır, nəticədə oxucu ilə müəllif
arasındakı məsafə qısalır, eyni zamanda, müəllifin
özü ilə söhbətinə oxucular da qoşulur,
ünsiyyət dairəsi genişlənir. Əslində,
poeziyanın son məqsədlərindən biri də elə
budur.
Bəzi şairlər fəxrlə özlərini
"fikir, düşüncə şairi" adlandırır
və elə fikirləşirlər ki, bu imicdə müdrik,
ağıllı görünürlər. Amma mənim
fikrimcə, bu ifadə də dəqiq ifadə deyil, vaxtilə
kiminsə "kəşf" edib dövriyyəyə
buraxdığı və indi də çoxlarının
çürük saqqız kimi çeynədikləri
nimdaş bir ibarədir. Poeziya səlis məntiqin,
diskursiv düşüncənin predmeti deyilsə, o, necə
formal məntiqin qanunları ilə nəfəs ala bilər?
Düşüncə poeziyası deyilən
şey əslində, adi məntiqlə deyilə bilənlərin
sadəcə vəzn, qafiyə sisteminə salınmış
təkrarıdır. O, zahirən şeirə oxşaya
bilər, amma onu poeziya adlandırmaq günahdır. Poeziya
sözləri adi düşüncə axarındakı
statusundan qoparıb yeni - bədii statusda dirildən intuitiv təfəkkür
hadisəsidir və çox sevindiricidir ki, Ramazan Səməroğlu
da bədii sözün missiyasını məhz bunda
görür, hətta hansısa bir mətləbi ifadə edəndə
belə filosofluq etmir, bədii hiss ölçülərindən
kənara çıxmır:
Gecə də,
gündüz də ələdim ömrü,
Günləri
yamadım bələdim ömrü,
Neçə
yol düzəliş elədim ömrü,
Nə
gördüm,
gördüyüm qədər gördüm mən!
("Nə
gördüm, gördüyüm
qədər gördüm mən!")
R.Səməroğlunun bədii avazı, intonasiyası
pıçıltı, ürəkdə oxunan nəğmə,
şərqi intonasiyasıdır, onun şeirləri elə
müəllifin özü kimi asta tonda, lakin dəqiq və kəskin
danışır, oxucuların qəlbinə yol tapır.
Və nəhayət,
şairin bədii yazı texnikası, şeirlərinin forma
planı barədə...
Bəri başdan deyim ki, Ramazan Səməroğlu
şeirin məzmunu ilə forması arasında tarazlıq
nöqtəsini tapan, poetik mətni bu nöqtə üzərində
quran şairdir. Məhz buna görədir ki, onun
misraları öz qəliblərini sanki doğulduqları
andaca özləri sifariş edir, poetik mətn öz boyuna
biçilmiş avazda, forma hüdudlarında zühur edir.
Forma əllaməçiliyi, söz və ibarələrlə labirint oyunu, postmodernist
görünmək üçün intellektual şeir
hoqqabazlığı onun üslubuna tamamilə yaddır.
Ramazan Səməroğlu zamanın sınağından
çıxmış janrlarda (qoşma, gəraylı)
yazır, amma oxucu bu zahiri yeknəsəklikdən usanmır,
çünki müəllif ənənəvi forma daxilində də
sözə yeni çalarlar əlavə etməyi, onun poeziyanın
üfüqlərini genişləndirməyə iddialı
potensialını üzə çıxarmağı
bacarır. Bu mənada ustad Qurbaninin kəşf etdiyi bənövşə
obrazının Ramazan Səməroğlunun yozumundakı
variantı xarakterikdir:
Döydü
ləçəyini yağış da, qar da,
Xoşbəxt
anlarını
tapdı kollarda,
Boylandı
sabaha göz intizarda,
Dərd üzdü vədinə düz bənövşəni.
Səməroğlu,
bir sığal çək başına,
Hansı
kol dibində çıxsa qarşına,
Vuruldu
gözümün damla yaşına,
Mən necə sevməyim qız Bənövşəni?!
("Boynubükük qoydu göz bənövşəni")
R.Səməroğlu konyukturadan uzaq, sifarişlə
yox, yalnız öz ürəyinin hökmü, diktəsi ilə
yazan şairdir. Mövzunun aktuallığını populist
şüarlarda, kimlərinsə, hansısa qrupların
marağında yox, sözün hüzurundakı məsuliyyətdə
görür və həmişə də öz
missiyasının yaradıcılıq məramına sadiq qalır.
Onun poetik uğurlarının özülündə də elə
bu sədaqət dayanır.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2021.- 14 dekabr.- S.15.