"Ömrüm - bir yaşıl yarpaq..."  

AYƏTXAN ZİYADIN 70 YAŞINA

 

 

Qələmə sarılı 52 il... Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan, Əli Bayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan "İşıq" qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş həmin fakültənin tələbəsi olmuşdu.

Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən - orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı Dəmiryol orta məktəbin "Ədəbiyyat" divar qəzetinin redaktoru olub.

***                                     

 

Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:

- 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsində (indi QSC), sonra müxtəlif respublika qəzet jurnallarda çalışıb, yaxud çap olunub;

- 2001-ci ildən yaradıcılığına kitab nəşri daxil olub. "Sənsiz, yaxud Arifsizlikdə ötən ömür" kitabı ilə açılan bu səhifə bu gün 16 kitabla uğurla davam etdirilməkdədir. Daha 9 kitabı nəşr üçün hazırdır;

- 2015-ci ildən bu ömrə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunub.

Bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında jurnalistikasında "dissident ədəbiyyatı" "Azərbaycan səlcuqları" mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilib. "Heydər Əliyev - azad düşüncənin milli təfəkkürün təəssübkeşi" məqaləsində Ümummilli liderin dissident ədəbiyyatı ilə bağlı düşüncələri mövqeyi önə çıxarılıb. Məqalə "Paritet" qəzetinin, "İpək yolu" elmi jurnalının "Azərbaycan" jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə "Space" TV (daha sonra digər TV-lər ) bu mövzunu səsləndirməyə başlamışlar.

"Kimdir Ayətxan Ziyad İsgəndərov?" - bu sualı daha təfərrüatı ilə "Bu mənəm - Ayətxan Ziyad" kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandırıb.

İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olub, orta təhsilini 1969-cu ildə başa çatdırıb. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsinin (indi QSC) fəal ştatdankənar müxbiri (1970-1976), təhsilini başa çatdırandan sonra isə ona doğmalaşan həmin ocaqda kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində (1976-1994-cü illərdə) çalışıb. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində "Ədalət" qəzetində, "Azərbaycan məktəbi" jurnalında, "Respublika", "Naxçıvan" "Yeni Naxçıvan", "Həftə içi", "Hakimiyyət Xalq" qəze-tlərində, 2004-2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi paralel olaraq institutun nəşri olan "Dirçəliş-XXI əsr" elmi jurnalında (analitik-İnformasiya Mərkəzinin rəhbəri)  işləyib.

A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlıdır. Yanvar 2007 - fevral 2015-ci illərdə universitetin "Gənc müəllim" qəzetinin redaktoru olub, 2015-ci ilin martından isə ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.

1979-cu ildə Moskvada Gənc Jurnalistlərin II Ümumittifaq Qurultayının nümayəndəsi olub, Ümumittifaq Teleradio Verilişləri Komitəsində yaradıcılıq təcrübəsi keçib. I Qarabağ müharibəsinin ilk günlərindən  6 il sərasər hər ayın 7-10 gününü cəbhə bölgələrində olub, Azərbaycan Ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış edib. AzTV-də Hərbi Proqramlar Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olub.

1980-ci ildən SSRİ Jurnalistlər İtti-faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Onu fəaliyyəti bir sıra mükafatlarla qiymətləndirilib. Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi "Əfsanəyə dönən ömür" adlı radio verilişi pul mükafatı və əmək kitabçasına yazılmaqla dəyərləndirilib, radio verilişinin məqalə variantı "Ölməzlik" toplusunda nəşr edilib (Bakı-Azərnəşr-1989. Səh: 60-67). Hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin yaradıcılıq müsabiqəsində "Ədalət" qəzetinin xüsusi mükafatını, 2012-ci ildə "Əsrin ziyalıları" Xeyriyyə İctimai Birliyinin "İlin alimi - İlin ziyalısı" diplomunu alıb, 2021-ci ilin 15 oktyabrında 70 yaşı və jurnalist fəaliyyətinin 52 illiyi münasibətilə ADPU ETM tərəfindən mükafatlandırılıb.

Nəşr olunmuş 15 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir (Türkiyənin 2 nəşriyyatı tərəfindən nəşr edilib). Daha 2 monoqrafiya nəşr üçün hazırdır.

ETM-də işlədiyi 6 il ərzində təqribən 50 beynəlxalq və respublika elmi konfransında, həmçinin, 4 seminarda çıxış edib, çıxışları müvafiq sertifikatlara layiq görülüb, elmi məqalələri konfrans materiallarında dərc edilib.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirəndən (1975-ci ildən bugünə qədər) redaktor işi əmək fəaliyyətinin tərkib hissəsi olub Ayətxan Ziyadın. Deyir, yazdığını əgər pozmağa "gücün" çatmırsa, səndən qələm sahibi çıxmaz. Öz yazılarına isə ən azı üç dəfə "qənim" kəsilir. Həm də yazdıqlarının üzərində o qədər də "şəkil çəkir" ki, redəktəsini özündən savayı kim isə çətinliklə baş açıb islah edə, nizama sala bilir. Redaktə işi barədə həmişə bu məşhur cümləni nümunə çəkir: "Vaxtım olmadığı üçün uzun alındı".

Ayətxan Ziyad (İsgəndərov) bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir. Bu yolda Ayətxan müəllimə yeni-yeni nailiyyətlər, ən əsası uzun və sağlıqlı ömür arzu edirəm! Var olun, uğurlarınız bol olsun!

 

Zaur USTAC

525-ci qəzet.- 2021.- 14 dekabr.- S.14.