Müqəddəs
duyğuların nəfis toplusu
MAHİRƏ NAĞIQIZININ
YENİ KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
Mahirə Nağıqızının (Hüseynovanın) 2021-ci ildə çap olunmuş "Yanından keçmə dağların" kitabını maraqla oxudum və kitab haqqında özümün oxucu təəssüratlarımı bölüşmək qərarına gəldim. Kitaba akademik Muxtar İmanov ön söz yazıb, mərhum professor Məhərrəm Hüseynovun yazısı isə son söz kimi verilib.
Əgər bu kitabdakı bayatıların məzmununu, ümumi ruhunu bir cümlə ilə ümumiləşdirib ifadə etmək mümkün olsaydı, belə deyərdim: Bu kitab (bayatılar) müəllifin iç dünyasından, könül aləmindən keçən ağrıların, düşüncələrin, hiss və duyğuların bədii inikasıdır.
***
Məlumdur ki, şifahi xalq ədəbiyyatının ən geniş yayılmış lirik janrlarından biri də bayatılardır. Bayatı tayfasının adı ilə bağlı olan bayatıların ilk nümunəsinə Mahmud Kaşğarinin divanında rast gəlirik. Bu bayatı Sak (Turan) hökmdarı Alp Ər Tonqanın (Əfrasiyabın) ölümünə həsr olunub. Sonrakı dövrlərdə də yazılı ədəbiyyatımızın bir çox nümayəndələri bu janrda yüksək bədii dəyərə malik sənət nümunələri yaratmışlar. Şah İsmayıl Xətainin, Məhəmməd Əmaninin, Məhəmməd Hüseyn Şəhriyarın, Mirvari Dilbazinin, Ənvər Rzanın və neçə-neçə söz xiridarlarının dərin mənaya, məzmuna malik bayatıları oxucuların yaddaşına yazılıb. Ancaq Azərbaycan ədəbiyyatında elə şairlər də var ki, onların külliyyatının böyük hissəsini bayatılar təşkil edir. Bu baxımdan XVII əsrdə yaşamış Sarı Aşığın bayatıları diqqəti daha çox cəlb edir. Cinas bayatılar yaratmaq baxımından da Sarı Aşıq hələ də bu janrda söz deyənlərin öncülü olaraq qalmaqdadır.
Mahirə Nağıqızının "Yanından keçmə dağların" kitabını oxuduqdan sonra qətiyyətlə demək olar ki, o, Sarı Aşıqdan sonra bayatı janrında yazıb-yaradan ən böyük qələm sahibidir.
İxtisasca filoloq, elmlər doktoru, professor olan Mahirə xanım ana dilinin incəliklərini dərindən bildiyi üçün onun əsərlərinin dili həm xalq dili kimi sadə, həm zəngin, həm də bədiidir. Onun bayatılarında müxtəlif mövzulara toxunulur.
Dağlar mövzusu poeziyada, o cümlədən, bayatılarda çox geniş yer tutur. Maraqlıdır ki, dağlar mövzusu poeziyada, adətən, əzəmət, vüqar, baba simvolu kimi işlənsə də, M.Nağıqızı bayatılarının birində dağlara "sənəm dağlar" deyə müraciət edir. Sənəm ərəb sözü olub gözəl, pərəstişə layiq mənalarında daha çox qıza, qadına şamil edilərək işlənir. Mahirə xanımın "sənəm dağlar" ifadəsindəki epitet yenidir, orijinaldır. Bu deyim tərzi müəllifin bənzərsiz üslubu kimi yaranmaqla bərabər, onun gözəlliyi duyan bir qadın, bir ana olmasını da sübut kimi ortaya qoyur:
Ay dağlar, sənəm dağlar,
Doludu sinəm,
dağlar.
Gəlmişəm saz götürəm,
Söz deyib dinəm, dağlar.
Sərt, daşlı-qayalı dağlarla
bərabər, sıx
meşəli, göy biçənəkli, yaşıl
otlaqlı dağları
sənəmə bənzətmək
ancaq həssas duyğulu bir qadın, bir ana qəlbinin xoş ovqatından yarana bilərdi.
Bu dünyada müvəqqəti
olan insan, fikrimizcə, bəzən bir, bəzən də iki, üç
halda ölməzlik qazanır. Kimisi yalnız övladının
ömründə, kimisi
övladı ilə bərabər işini, sənətini öyrətdiyi
şagirdlərinin ömründə,
kimisi də bunlarla bərabər, özündən sonra nəsillərə miras qoyub getdiyi elmi,
bədii əsərlərində,
kəşflərində, ixtiralarında
yaşayır, öz adını ölümündən
sonra da əbədiyyət yolçularının
siyahısına daxil edir. Görkəmli elm xadimi, Milli
Məclisin I çağırış
deputatı, şair, müəllim Həsən
Mirzə də sadaladığım bu sonuncu qrupa daxil
olan insanlardan biridir. Azərbaycan Dövlət Pedaqoji Universitetində mənim də müəllimim olmuş Həsən Mirzəyə bayatılar həsr etmiş M.Nağıqızı özünü
bu böyük insanın elmi, bədii yaradıcılığının
davamçısı kimi
görməkdən məmnunluq
duyur, öz ömrünü H.Mirzə
ömrünün davamı
kimi təqdim edir:
Həsən Mirzə-yarı ömrüm,
Onda gördü barı
ömrüm.
Dediklərin başa vuram,
Qismət
edə barı
ömrüm.
Müəllif H.Mirzənin ölümündən
riqqətə gəlir,
onun xeyirxahlığını,
günahsızlığını, müqəddəslər səviyyəsində
bir şəxs olduğunu yada salır:
Həsən Mirzə, köç
eləmə,
Dünyamızı puç eləmə.
Özün öyrətmişdin bizə:
Ürək qırma, suç eləmə.
***
Dərdim,
birin görünür,
Baxdım dərin görünür.
Həsən Mirzə, haray
ver.
Elə yerin görünür.
Sonuncu bayatıda həssas oxucu, xüsusən Həsən Mirzəni tanıyanlar elə sözünü həm qüvvətləndirici ədat,
həm həmişə,
hər vaxt sözlərinə sinonim kimi zərf, həm də xalq, camaat mənasında
isim kimi işləndiyini qəbul edə bilərlər.
"Yanından keçmə
dağların" kitabında
çap olunmuş bayatıların bir qismi də məhəbbət
mövzusundadır. Əzəli
və əbədi olan bu mövzuda
yazılmış bayatılarda
kövrək qız qəlbinin həyəcanları,
sevən qadın könlünün intizar, həsrət dolu anları, övlad qayğısı ilə yüklənən ana ürəyinin mehri-məhəbbət
dolu çırpıntıları
öz əksini tapmışdır:
Əlim
çatmır gülə,
neynim,
Sevdiyimi
bilə, neynim,
Açıb ağarda bilmirəm,
Düşər dildən dilə, neynim.
***
Fələyim kirkirədi,
Dərdim daşa dirədi.
Hara çıxıb gedibsən,
Gümanım min yerədi.
Əhdinə vəfalı olmaq, sevdiyin şəxsə ölənədək sadiq
qalmaq əsl aşiqlərə və məşuqlara xas olan məziyyətlərdir. Sevən-sevilən şəxs eşq yolunda hər əzaba dözməlidir.
Sevdiyi oğlanla qürbətə getməyi
də özünə
rəva bilən el gözəli onu sevən şəxsdən
yalnız əhdə vəfalı olmağı
istəyir:
Dili, ağzı pətək yar,
Buralardan gedək yar.
Tək
el içində məni,
Etmə dili gödək, yar.
Vəfalı el gözəli sevdiyi
oğlanın yolunda hər əzaba, hər ağrı, acıya dözməyə
hazırdır:
Mənzili de, yön çəkim,
Qismətini ön çəkim.
Ağrı öyrəncəsiyəm,
Nə ağrın
var, mən çəkim.
Dini kitablarda
yazıldığına görə,
yağış Allahın
yer üzünə göndərdiyi nuru, bərəkətidir. Bundan başqa, bir
qayda olaraq yeddi qat Göylər
ata, yeddi qat Yerlər ana timsalı kimi qəbul olunur. "Yanından
keçmə dağların"
kitabında Göydən,
Yerdən ilham alaraq yazılmış belə bir bayatı
var:
Yağan
yağışdı, dinmə,
Yerlə danışdı, dinmə.
Göyün Yer həsrətini
Yerə danışdı, dinmə.
Mahirə xanım bu bayatıda
bir filosof kimi çıxış edərək Göylə Yer arasında yağışın bir vasitəçi olduğunu,
Göyün həsrətini
Yerə çatdırdığını
bildirir. Əhsən, min
əhsən olsun fikir səltənətinin
sahibinə, bədii sözü fəlsəfi düşüncələrlə yoğurub yapan şair-filosofa!
Ümumiyyətlə, M.Nağıqızının bu
kitabında toplanmış
bayatıların bir çoxunda dərin fəlsəfi mənalar, idraki düşüncələr
üstünlük təşkil
edir. Müəllifin məna, məzmun
etibarilə ağıları
xatırladan bayatılarında
da fəlsəfi düşüncələr, düşündürücü
mühakimələr üstünlük
təşkil edir.
Sadə, lakonik, ümumiləşdirilmiş, zərbi-məsəllərə,
atalar sözlərinə
bənzər bayatılar
müəllifin idrakı
ilə irfanının,
ağlı ilə ürəyinin, elmi ilə helminin vəhdəti kimi meydana çıxır:
Ev nədi, tikən bilər,
Bağ nədi,
əkən bilər.
Vətən, sənin qədrini
Qəhrini çəkən bilər.
Mahirə Nağıqızının bayatılarının
bir qismi formaca Sarı Aşığın cinas bayatılarına, bir qismi isə Kərkük xoryatlarına
bənzəyir. Ancaq forma eyni olsa
da, məzmun, mahiyyət yenidir. Cinas sözlər, emosionallıq yaradan vasitələr orijinaldır:
Yarı
neynim,
Vəfasız yarı neynim...
Yarı
bölüb aparıb,
Ürəyi yarı neynim...
Biz Sarı Aşığın
bir bayatısından
(Aşıq Qaramanlıdır)
onun Qaraman tayfasına mənsub olduğunu ehtimal edirik. Mahirə xanımın bayatılarında
isə yalnız onun ata yurdu
Naxçıvanın, ana
yurdu Dərələyəzin
adı çəkilmir.
Bu bayatılarda biz Kəlbəcərin, Şuşanın,
Qaxın, Dəvəçinin,
Qarsın, İstanbulun..,
Kür çayının,
Arpa çayının...
adlarına rəst gəlirik. "Bütöv Vətəninə
bütöv bağlı
olan" bir vətənpərvər şair
qəlbinin odu, alovu, ülfəti, məhəbbəti hopub bu misralara.
Bayatıların dil-üslub xüsusiyyətləri
də özünə
məxsus olsa da, ana dilimizin
leksikasında olan əksər söz qruplarından məharətli
istifadə yolu ilə bu bayatılar
seçilib yaradılmışdır. Bayatılarda
yağmalamaq, suç,
kərt, rəfət,
löyün, oda, əta, orman kimi bu gün
ümumişlək olmayan
sözlərin işlənməsi
onu göstərir ki, dilimizin bütün
laylarını, qatlarını
müəllif gözəl
bilir və yerinə görə bu gün üçün
ümumişlək olmayan
söz qruplarından da bacarıqla istifadə edərək sənət əsərləri
yaradır.
Mahirə Nağıqızının "Yanından keçmə dağların" kitabında toplanmış bayatıların mövzu və məzmununa görə bütün növləri haqqında, dil və üslub xüsusiyyətləri haqqında bir kiçik məqalədə geniş danışmaq mümkün deyil. Nəhayət, son olaraq onu deyə bilərik ki, bu maraqlı bədii nümunələri oxumağa dəyər. Baxmayaraq ki, müəllif bir bayatısında:
Bir kədərli kitabam,
Məni çox varaqlama, - deyir.
Doğrudur, Mahirə Nağıqızının (Hüseynovanın) "Yanından keçmə dağların" kitabında müəllifin iç dünyasından gələn ağrılar, acılar, kədərli düşüncələr də müəyyən qədər yer tutur. Əslində isə bu kitabda yalnız kədər yoxdur. Bu kitabda mətləblər, mənalar çoxdur. Bu deyimdə ironik bir ifadə tərzi də yoxdur. Müəllifin təvazökarlıqla dediyi sözlərin əksinə olaraq bu kitabı çox varaqlamaq, tez-tez oxumaq, bu kitabdan təsirlənmək, duyğulanmaq gərəkdir.
Müəllifin yeni kitablarını oxumaq arzusuyla!
Salman BALAKİŞİYEV
Göygöl RTŞ-nin müdir müavini
525-ci qəzet.- 2021.- 14 dekabr.- S.12.