Hökumətlərarası Təqaüd
Proqramları: üstün səviyyə və
genişlənən imkanlar
Hökumətlərarası Təqaüd Proqramları
(HTP) çərçivəsində xaricdə təhsil digər ölkələrin
Azərbaycan vətəndaşları
üçün ayırdıqları
və ya qarşılıqlı olaraq
ayrılan təqaüd
yerləri üzrə
həyata keçirilir. Hazırda
Çin, Latviya, Macarıstan, Qazaxıstan,
Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə
təhsilin müxtəlif
səviyyələrində HTP təqaüd proqramları
aktivdir. HTP üzrə
tərəfdaş ölkələrin
coğrafiyasının genişləndirilməsi
istiqamətdə beynəlxalq
əməkdaşlıq davam
etdirilir. Qeyd olunan HTP ölkələrinin
təqaüd proqramlarına
dair müvafiq elanlar barədə məlumatlar hər tədris ili
üçün yenilənir.
Hökumətlərarası Təqaüd Proqramları
sürətli dəyişikliklər
dövründə ölkəmizin davamlı
inkişafının başlıca hərəkətverici
qüvvəsi hesab olunan insan kapitalının formalaşmasında mühüm əhəmiyyət
daşıyır. HTP çərçivəsində
2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı
dünyanın 6 müxtəlif
ölkəsində 41 nüfuzlu
ali təhsil müəssisəsində müxtəlif
ixtisas istiqamətləri
üzrə təhsil almaq hüququ qazanıb. HTP çərçivəsində
xaricdə təhsil almaq hüququ qazanmış tələbələrin
148-i Macarıstan, 21-i Çin
Xalq Respublikası,
10-u Latviya, 15-i Türkiyə
Respublikası (YTB xətti
ilə doktorantura),
3-ü Rumıniya və
3-ü Rusiya Federasiyası
üzrədir. Ümumilikdə, 36 nəfər doktorantura, 143
nəfər magistratura,
21 nəfər isə
bakalavriat səviyyələrində
təhsil almaq hüququ qazanıb. Tələbələrin qəbul
olduğu universitetlər
sırasında "Budapest University of
Technology and Economics", "Corvinus
University of Budapest", "Eötvös Lorand University", "MGIMO University",
"Riga Technical University" və "İstanbul Üniversitesi"
üstünlük təşkil
edir.
Sözügedən proqramdan yararlanan
gənclərdən biri
də HTP çərçivəsində Macarıstanın Eotvos Lorand Universitetində (ELTE
- Eötvös Lorand
University) doktorantura (PhD) təhsili
alan Əminət Diqanayevadır. Ə.Diqanayeva 1993-cü ildə Balakən rayonunun Püştətala kəndində
anadan olub. İbtidai təhsilini həmin kənddə, orta təhsilini IX sinfə qədər Qaravəli kənd orta məktəbində, X
və XI sinifləri isə Zaqatalada Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə
alıb. 2010-cu ildə həmin liseydə ilin ən yaxşı şagirdi seçilib.
2011-2015-ci illərdə Azərbaycan
Dillər Universitetinin "İngilis dili müəllimliyi" ixtisası
üzrə bakalavr təhsili alıb. Həmin müddətdə ingilis dilində akademik inşa müsabiqəsində
birinci yerə çıxıb.
Debat yarışmasında
10 ən yaxşı
"spikerdən" biri
və universitet üzrə şeir müsabiqəsində üçüncü
yerin qalibi seçilib. 2020-ci ildə
Macarıstanın Eotvos
Lorand Universitetində
(ELTE - Eötvös Lorand
University) "Təhsilin idarə
edilməsi" ixtisası
üzrə magistr təhsili alıb. Cari ildən həmin
universitetdə doktorantura
təhsilinə başlayıb.
Paralel olaraq ingilis dili müəllimi
kimi fəaliyyət göstərir və "Aminat English youtube" kanalını idarə edir.
Ə.Diqanayeva deyir ki, proqram xaricdə təhsil almaq istəyən, lakin xəyallarını maddi çətinliklərə görə
gerçəkləşdirə bilməyən gənclər
üçün çox
əhəmiyyətlidir: "Bu proqramdan faydalana bildiyim üçün özümü şanslı
hiss edirəm".
Onun sözlərinə görə,
magistratura təhsilini
keçən il fərqlənmə
ilə bitirib: "Onu da qeyd
edim ki, qrupumuzda fərqlənmə
ilə bitirən yeganə tələbə
oldum. Magistratura tezisim isə
universitetdə keçirilən
yarışmada ilin üçüncü ən
yaxşı tezisi seçilib. Bundan, təbii
ki, qürur duyuram. Təhsil aldığım Eotvos
Lorand Universiteti
(ELTE) Macarıstanın
ən yüksək reytinqli universitetidir. Dərsləri tədris edən
professorlardan çox razıyam. Üzərində
işlədiyim mövzu
"Azərbaycanda müəllimlərin
rifahı ilə
professional inkişafı arasında
əlaqə"dir. Müəllimliklə
bağlı təcrübəm
olduğundan və həm də müəllimlərin inkişafının
təhsilin inkişafının
"onurğa sütunu"
olduğunu düşündüyümdən
bu mövzunu Azərbaycan reallığında
araşdırmaq istəyirəm.
Araşdırmamın nəticələrinin təhsilimizə töhfə
verə biləcəyinə
ümid edirəm və bunu düşünmək
məni çox həyəcanlandırır".
Ə.Diqanayeva bildirib ki, hazırda təhsil hibrid formada təşkil olunub - yəni dərsə qatıla bilən hər kəs universitetə gəlir. Pandemiyaya görə universitetə gəlməkdə
çətinlik çəkənlər
isə dərslərə
onlayn qoşulur: "Doktoranturanın ilk ilində
olduğumdan əsasən
tədqiqat metodlarını,
yəni araşdırmanın
nəzəriyyə hissəsini
öyrənirik. Buna görə də pandemiyanın təhsilimə
çox təsir etdiyini düşünmürəm".
Onun dediyinə
görə, hər şeydən öncə, təhsildə bütün
tərəflərin iştirakı
vacibdir. Hər kəs dediyimizdə, təhsil iştirakçıları
- şagirdlər, tələbələr,
müəllimlər, valideynlər,
direktorlar, təhsil idarəçiləri, alimlər,
təhsil tədqiqatçıları
və mütəxəssisləri,
bir sözlə, təhsillə əlaqəli
hər kəs nəzərdə tutulur:
"Fikrimcə, uğurlu
təhsil meneceri, ilk növbədə, bunun təmin olunmasına çalışmalıdır. Onların fikirlərinin öyrənilməsi
və ölkədəki
təhsil səviyyəsinin
müəyyən edilməsi
üçün isə
ikinci vacib element olan keyfiyyətli və inkişaf etmiş araşdırma mərkəzlərinin yaradılması
məqsədəmüvafiq sayıla bilər. Təhsilin idarəçiləri
belə araşdırmalar
sayəsində davamlı
olaraq yerli şərait, tələblər,
ehtiyaclar, münasibətlər
və s. haqqında dolğun bilgiyə sahib olar və sistemlə
bağlı yeni qərarlar verərkən daha effektiv qərarların
alınmasına çalışar.
Təhsildə islahatlar təhsilin
inkişafı üçün
vacibdir, lakin daha da vacib
olan həmin islahatların necə aparılmasıdır. Bəzən təhsilə
yeniliklər gətirərkən
dünya təcrübəsi
olduğu kimi tətbiq olunur. Halbuki bundan daha vacibi yerli
ehtiyacları öyrənmək
və yeni islahatları ona uyğun aparmaqdır - bir ölkədə uğurlu olan yenilik, başqa birində uğursuz ola bilir".
Ə.Diqanayeva qeyd edib ki, son dönəmdə bütün dünyada təhsil texnologiyaları geniş aktuallıq kəsb edir: "Əlbəttə,
texnologiyalar həyatın
ayrılmaz parçası
olduğundan tədris
prosesində də istifadə olunmalıdır.
Müəllimlərin tədris
texnologiyalarını bilmələri və öyrənmələri və
istifadə etmələri
üçün şəraitin
yardılması vacibdir.
Texnologiyalar dərsin daha
effektiv, öyrənənlərə
daha maraqlı, əyləncəli və praktik keçmək üçün istifadə
oluna bilər. Bundan əlavə, tədris mərkəzlərində
internet resurslarından öyrənənlərə ("öyrənən" sözünü
vurğulayıram, çünki
burda yalnız uşaq və gənclər deyil, yetkin, orta və
yuxarı yaşlı
insanlar da nəzərdə tutulur) düzgün şəkildə
- özünü inkişaf,
dərslə bağlı
araşdırmaların aparılması,
proyektlərin hazırlanması
və s. üçün
istifadə etmək öyrədilməlidir".
Xaricdə təhsil almaq istəyən, əcnəbi universitetlərdə elmi tədqiqatlara maraq göstərən gənclərə öz tövsiyələrini verən Ə.Diqanayeva bildirib ki, gənclər ilk növbədə getmək istədikləri ölkəni dəqiqləşdirməli, əgər qəbul şərtlərində həmin ölkənin dil sertifikatına tələb varsa, dilini öyrənməyə başlamalıdırlar: "Qəbul vaxtına az qalmış imtahanlara hazırlaşmaq və paralel olaraq da dili öyrənməyə çalışmaq streslidir. Hansı sahəni öyrənmək istədiyinizə hər zaman əmin ola bilmirik. Mümkün qədər müxtəlif sahələri araşdırın, fərqli sahə mütəxəssisləri ilə görüşmək, sual vermək imkanınız varsa, bunu edin. Belə bir imkanınız yoxdursa, kitablardan, internetdən fərqli sahələr haqqında oxuyun və araşdırın. Sadəcə adını bildiyiniz bir sahəni oxumağa qərar verməyə tələsməyin. Xaricdə oxumaq əlçatmaz deyil. Hara getmək və hansı sahə üzrə oxuyacağınızı dəqiqləşdirdikdən sonra, işə başlayın: qəbul üçün lazım olan sənədləri toplayın, imtahanlara hazırlaşın. Əməyinizin qarşılığını mütləq alacaqsınız".
Gələcək plan və hədəflərindən söz açan Ə.Diqanayevanın sözlərinə əsasən, gələcək planlarına ölkə və dünyadakı təhsil sistemləri ilə bağlı daha çox araşdırmalar aparmaq, pedaqoq fəaliyyətimi davam etdirmək və eyni zamanda, təhsil meneceri kimi fəaliyyət göstərmək daxildir: "Bu üç sahə təhsillə bağlı bütün arzularımı özündə birləşdirir: araşdırma aparmaq, pedaqoji işdə olmaq, siniflərdəki vəziyyətdən xəbərdar olmaq və menecer kimi öyrəndiklərimi tətbiq edə bilmək mənim üçün ən ideal karyeradır. Təhsilli cəmiyyətin daha sağlam, daha az stresli və maliyyə cəhətdən daha yaxşı standartlara sahib ola biləcəyinə inanıram - bunu, araşdırmalar da göstərir. Bu sahədə olmaqla həm vətənimə, həm də qlobal təhsilə fayda və insanların inkişafına töhfə verə bilmək məni motivasiya edir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 14 dekabr.- S.11.