Yoxsulluğun feminizasiyası
Əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev
çıxışlarından birində ölkəmizdəki
gender probleminə toxunub.
Demoqrafiyanın vacib tərəflərindən
biri olan əhalinin cinsi nisbəti məsələsinə
diqqət çəkən
nazir, cinsi nisbətin tarazlığının
qorunmasında təbliğat
işinin önəmli
olduğunu vurğuladı.
Nazir bildirdi ki, bu
istiqamətdə maarifləndirmə
işlərinin gücləndirilməsi
ilə arzuolunan nəticəni əldə
etmək mükündür.
Bəs hazırda
ölkəmizdə cinsi
nisbət fərqi nə qədərdir?
Statistikaya görə, bir
müddət əvvəl
100 qadına 118 kişi
düşürdüsə, artıq bu nisbət
dəyişib və indi 100 qadına 114 kişi düşür.
Cəmiyyətdə gender bərabərliyinin
sosial, iqtisadi, siyasi və ekoloji baxımdan nə qədər önəmli olması ilə bağlı maarifləndirmə işində
yaxından iştirak edən mətbuat qurumu olaraq biz, bu işi davam
etdirməkdəyə çalışırıq.
Həmçinin, digər mətbuat
orqanlarında da zaman-zaman bu cür maarifləndirici yazılara yer verilir. Amma ilk dəfədir ki, bu il ölkəmizin ən böyük nazirliklərindən
birinin bu təşəbbüsə canla-başla
qoşulduğuna şahid
oluruq. Belə ki, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
hazırlanmış video-çarx
son günlərdə sosial
şəbəkələrdə maraqla qarşılanıb.
Video-çarxın məzmunu
ondan ibarətdir ki, əksər iş verənlər işə götürmə
zamanı qadın namizədlərin bilik və bacarığını
yox, onların ailə məsuliyyətlərini
nəzərə alaraq
qərar verirlər. Əgər qadın evlidirsə, onun analıq məzuniyyəti
haqqı, uşağın
xəstələnməsi zamanı
işdən icazə alma hallarının çox olacağı nəzərdə tutularaq qərar verilir. Yəni bəzi qurumlar məhz bu səbəblərdən
namizədlər arasında
daha çox kişilərə üstünlük
verirlər.
Həyatın hər sahəsində
əməyi olan qadınların professional iş
dünyasına inteqrasiya
olunması onsuz da yetərincə məşəqqətli prosesdir.
Ailədaxili iş bölgüsünün aparılmaması,
demək olar ki, bütün məişət işlərinin
qadının üstünə
atılması az deyilmiş kimi, əksər ailələrdə uşaqların
təlim-tərbiyə prosesinə
də əsasən analar nəzarət edir. Bütün bunlarla yanaşı, həm də akademik uğur qazanmaq, öz ehtiyaclarını təmin
etmək və ailə büdcəsinə
qatqısı olsun deyə bir tərəfdən
də iş həyatını davam etdirməyə çalışırlar.
Bu baxımdan, iş verənləri qınamaq olarmı? Bir tərəfdə günlük
iş norması yalnız ofisdəki öhdəliklərini icra
etmək olan kişilər, digər tərəfdən hər gün bir neçə
işi eyni vaxtda çatdırmaq məcburiyyətində olan
qadınlar var. Burada
problem təkcə iş
verənlərin yanaşması
yox, cəmiyyətin ümumilikdə qadına yanaşmasındadır. Buna görə
də nazirliklər səviyyəsində aparılacaq
birinci təbliğat
gender bərabərliyi məsələsinə
sosial tərəfdən
yanaşmaq və cəmiyyəti ilk növbədə
bu istiqamətdə maarifləndirmək olmalıdır.
Əmək və əməyin qarşılığını almaq məsələsinə
toxunsaq, deyə bilərik ki, cəmiyyətimizdə qadınlar
kişilərdən daha
yoxsuldur. Bunu cənab nazirin
açıqladığı rəqəmlər bir daha sübut edir. Nazir qadınların kişilərdə
daha az
maaş aldığını
qeyd edərək qadınların məşğulluq
xidmətləri ilə
əhatələnməsinin vacibliyini vurğulayıb.
Məsələ burasındadır ki,
qadınların şəhərlərdə
müxtəlif imkanlardan
yararlanaraq iş həyatına qatılmaları,
gender bərabərsizliyi və
ayrı-seçkilik şəraitində
müxtəlif qazanclar
əldə etmələri
onları əvvəlkinə
nəzərən daha
azad etmir və kişilərlə bərabər vəziyyətə
gətirmir.
Keçmişlə müqayisə etdikdə aydın görünür
ki, cəmiyyətin qadınlara olan ənənəvi baxış
bucağı çox
da dəyişməyib. Bu gün hətta şəhərlərdə də
biz qadınlara qarşı
ayrı-seçkiliyin müasir
versiyalarını və
imkanların qeyri-bərabər
olmasını müşahidə
edirik. Bunlar arasında ən
dəhşətlisi yoxsulluq
içində yaşayan
qadınların üzləşdiyi
mənfi hallardır.
Şəhərləşmənin cəmiyyətimizin
"maskulin" imicini
bir qədər zəiflətməsinə baxmayaraq,
qadınlar üçün
xüsusilə iş yerlərində yeni problemlər ortaya çıxmağa başladı.
Məsələn, statistika
göstərir ki, ölkəmizdə qadınlar
kişilərdən daha
az məşğulluğa
cəlb olunurlar. Eyni mənzərənin fərqli
variantları da başqa ölkələrdə
müşahidə olunur.
Bir çox Asiya və Afrika ölkələrində ucuz
işçi qüvvəsinə
olan ehtiyac daha çox istismar edilən qadın əməyi hesabına ödənilir.
Bu, zahirən qadın məşğulluğunun
bolluğunu göstərsə
də, əslində,
qadınların yoxsulluğa
daha çox məruz qaldığını
və qadınlar arasında yoxsulluğun
say baxımından artdığını
göstərir. Qadınlar işləyə-işləyə
yoxsullaşırlar. Buna
"yoxsulluğun feminizasiyası"
deyilir.
"Yoxsulluğun feminizasiyası"
termini ilk dəfə 1976-cı ildə Amerikada qadınları müşahidə
edən Diana Pearce tərəfindən
işlədilib. Gəlir bölgüsündə artan
bərabərsizlik nəticəsində
yaranan yoxsulluq özünü daha çox qadınlar üzərində hiss etdirir.
Pearcen müşahidələrinin nəticəsi
olaraq bildirir ki, yoxsul əhalinin
üçdə ikisini
16 yaşdan yuxarı olan qadınlar təşkil edir. Bu ifadə illər sonra, 1995-ci ildə 189 ölkənin iştirakı
ilə Pekində keçirilən IV Ümumdünya
Qadın Konfransının
Bəyannaməsində və
Fəaliyyət Platformasında
da öz əksini tapdı.
Qeyd edək
ki, həmin konfransda Azərbaycan 25 nəfər hökümət
və 70 nəfər
QHT nümayəndəsi ilə
təmsil olunmuşdu.
Dünyada yoxsulların əksəriyyətinin
qadınlar olduğu və bu nisbətin
getdikcə artdığı
vurğulanan konfransda bildirilmişdi ki, yoxsulluq təkcə aşağı gəlirli
qrupu olmaqdan deyil, həm də gender bərabərsizliyindən
qaynaqlanır. Bu halın
xüsusilə inkişaf
etməkdə olan ölkələr üçün
böyük problem olduğu
vurğulanmışdı.
Həmin
konfransın üstündən
düz 20 il
keçməsinə baxmayaraq,
gender baxımından fürsətlərin
bərabərliyi hələ
də ürəkaçan
səviyyədə deyil.
Eyni iş yükünə, eyni iş
saatına rəğmən,
çox vaxt qadınların əməkhaqqısının
kişilərdən daha
az olması halları müşahidə
edilir. Bu da
qadınların işlədiyi
halda belə kasıblaşmasına, qarşı
cinsdən asılı
halda yaşamasına zəmin yaradır.
Bu problem təkcə ölkəmizdə deyil, dünya səviyyəsində müşahidə olunur. Bunun qarşısını almaq üçün ilk növbədə məsələyə obyektiv yanaşıb problemin səbəblərini görmək və hər birinin həlli istiqamətində səfərbər olmaq lazımdır.
Məsələn, aktivist-sosioloq Valentine Moghadama görə, dünyada yoxsulluğun qadınlar arasında artmasının üç əsas səbəbi var. Birincisi, qadınların hüquq və qabiliyyətlər baxımından əlverişsiz vəziyyətdə olmaqları, ikincisi, ağır iş şərtləri və aşağı əməkhaqqı, üçüncüsü isə cəmiyyətdəki mədəni, hüquqi maneələr və əmək bazarındakı əngəllər səbəbindən sosial-iqtisadi hərəkətliliyin qadınlar üçün məhdudlaşdırılmasıdır.
Bu gün
ölkəmizdə gender əsaslı bərabərsizlik
müxtəlif formalarda və bir çox sahədə özünü göstərir. Biz bu reallığı qadın cinayətlərində,
məişət həyatında, təhsil imkanlarına
çıxış şanslarının qeyri-bərabərliyində,
iqtisadi resursların paylanmasında, həmçinin,
yuxarıda qeyd edildiyi
kimi, qadının əmək
bazarındakı yerinə nəzər salanda
aydın şəkildə görürük.
Bunu ört-bas etməyin, ölkəmizdəki gender bərabərsizliyinin "şişirdildiyi" qədər böyük olmadığı iddiasına
düşməyin heç kimə
faydası yoxdur. Əgər biz bu gün
cinsi nisbətin tarazlığının
təmin olunması üçün
çalışmasaq, bu qeyri-bərabərliyin
yaxın gələcəkdə iqtisadiyyatımıza,
ekologiyamıza, sosial həyatımıza
və həyatın bir çox
sahəsinə mənfi təsirlərini aradan
qaldıra bilməyəcəyik. Gəlin etiraf
edək ki, bir ölkənin
hərtərəfli inkişafı üçün
əsas şərtlərdən biri, bəlkə
də, birincisi elə gender
bərabərliyinin təmin olunmasıdır.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 14 dekabr.- S.23.