Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Arif toyda Fatimə ilə
tanışlığının qızğın sevgiyə
çevrildiyini danışanda, bu, toyda iştirak edənlərin
məmnunluğuna səbəb oldu. Ərəblər azərbaycanlı
oğlanın ingilis dilində siyasi xadim kimi nitq söyləməsinə
heyran qalmışdılar və söhbət gəzməyə
başlamışdı ki, təzə kürəkənimiz
bankdan yalnız tramplin kimi istifadə edəcək, sonra
mühüm dövlət vəzifələrinə irəli
çəkiləcəkdir, lakin unudurdular ki, o, Əmirliyin vətəndaşı
deyildir.
Arif buraya gələndən çox sayda uğurlu
addımlar atmış, ərəblər arasında azərbaycanlı
bir gəncin necə geniş intellektə malik olduğunu
göstərmişdi. Toya getmiş Arifin valideynləri,
bütün qohumları olduqca şad olmuşdular. Onun ərəblər içərisində belə
baş çıxarmağına, hörmət
qazandığına çox sevinirdilər. Qızın atası əl-Abdalla Hüseynə deyibmiş
ki, əmirliyin ərəbləri ölkədə neft
tapılandan əvvəl yalnız dənizin sularının dərinliyindən
mirvari ovlamaqla məşğul olurdular. Qəvvas
kimi dərinə baş vurub dəniz ilbizlərini
yığır, sonra onlarda inci axtardıqda iri mirvari tapanda
çox sevinirdilər. Biz bu dəfə dəniz
sularına baş vurmadıq, ancaq bəxtimizdən
övladımızın ovladığı dəniz ilbizinin
qılafını açanda orada mirvarinin göyərçin
yumurtası boyda olduğunu gördükdə gözlərimizə
inanmadıq. Deməli, bəxtimiz
açılıbmış. Mən
beşinci oğluma çevrilmiş Arifi həmin iri mirvariyə
bənzədirəm. Əgər ingilislər
Hindistanda əldə etdikləri "Kohi-nur" almazı ilə
öyünürdülərsə və bu, kraliçanın
tacını bəzəyirdisə, Arif adlanan mirvari də
insanlıq ölçüsündəki qiymətdə
heç də "Kohi-nur"dan geri qalmır.
Arifgil dörd qardaş idi, böyük qardaş Londonda
universiteti bitirib, həkim işləyir. Olduqca
savadlıdır və qısa müddətdə yüksək
həkim dərəcəsinə yiyələnmişdir, digər
qardaşları Londonda bizneslə məşğul olur və
Azərbaycan diasporu içərisində yaxşı hörmət
qazanmışlar. Bu qardaşları fərqləndirən
cəhətlərdən biri onların həqiqi vətənpərvər
olması, Vətən naminə hər cür fədakarlığa
getməyə hazır olmaları idi.
Onlardan
böyüyü avropalı qıza evlənmiş,
Bolqarıstanın Varna şəhərindən olan və
İngiltərədə təhsil alan nəcib
bir qızla ailə qurmuşdur. Onlar da azərbaycanlı
və bolqar olan yaşlı dörd nəfəri-baba və nənələri
bir oğlan, bir qız nəvə hədiyyəsi ilə
sevindirmişlər. O, Yusif müəllimlə tanış olduqdan sonra ona böyük hörməti
yaranmış, ingilis dilində mütaliə etdiyini bildikdən
sonra ona İngiltərədən maraqlı və bahalı,
tarixə və bədii ədəbiyyata dair çox sayda
kitablar alıb göndərmişdi. Digər
oğlan isə İnternet vasitəsilə Moskvada yaşayan həmyerliləri
olan qızla yazışmağa başlamış və
yaranan güclü hisslər onların izdivacına gətirib
çıxarmışdır. Fatimə isə
bu gün ailənin sevimli gəlini olmaqdan əlavə, Arifin
qardaşları tərəfindən həqiqi bacı kimi qəbul
olunmuşdur, axı onların bacısı
olmamışdı.
Ruhiyyə də Fatiməni çox istəyirdi, onu
doğma bacısı kimi sevirdi. İranlı qızlar
isə ona nə qədər mehriban olsalar da, onların
davranışı Ruhiyyənin xoşuna gəlmirdi, Hüseyn
də demişdi ki, qızlar bu məsələdə
atalarına oxşayırlar, analarına heç bənzərləri
yoxdur. Hacı Ərdəbili 1990-cı illərin
əvvəllərində ilk dəfə Bakıya gələndə,
toyda rəqs edən balacaboy, qısa müddətdə yeni
müstəqil dövlətdə daxili işlər naziri vəzifəsini
tutmuş, dəlisov oğlanın başından qızıl
onluq sikkələr tökmüşdü. Bu mənzərə
toyda iştirak edən bir opera müğənnisinə necə
təsir etmişdisə, onunla tanış olmaq istədiyini
bildirmiş, tamada aktrisanı rəqsə dəvət etdikdən
sonra, mikrofonla iranlı qonağı bizim gözələ
qoşulmağa səsləmiş, rəqsdən sonra onlar
tanış olmuş və bir neçə gün davam edən
restoran görüşlərindən sonra qız onu tək
yaşadığı öz evinə dəvət etmiş və
qonaq bir həftəni orada keçirməklə bu qonaqpərvərliyin
əvəzini bolluca ödəməyə, Orhan Pamukun təbirincə
desək, sevişməyə sərf etmişdi. Söhbət
gəzirdi ki, kasıb yaşayan aktrisa iranlı hacının
hesabına maddi vəziyyətini xeyli
yaxşılaşdıra bilmişdi. Bir dəfə
Bakının televiziya kanallarından birində qonaq dəvət
edilmiş aktrisanın üstündəki qızıl əşyaları
görəndə hacının zövcəsi Həcxanım
öz qızıllarını tanımış, ərinin evdən
onları götürüb, müğənniyə
bağışladığından hali olmuşdu. Evdə böyük mərəkə qopmuş,
arvadı onun talağını verməyi tələb etdikdə,
işə qarışan qızlar analarını sakitləşdirə
bilmişdilər. Lakin o vaxtdan arvadının ərinə
olan münasibəti dəyişmişdi, onsuz da Hacı
Ərdəbili Təbrizdə az olurdu, antik mallar ticarəti ilə
məşğul olduğundan, tarixi artefaktları, qiymətli
şeyləri qanunsuz yolla ölkədən
çıxarıb, Avropada, əsasən də İsveçrədə
satır, yaxşı pul qazanırdı. Lakin bu pulun cüzi
hissəsi ailəyə çatırdı, əksəriyyətinin
Hacı tanış olduğu qadınlara xərcləyirdi.
Ruhiyyə əyani şəkildə iki müsəlman
xalqının əxlaq prinsiplərinə necə riayət etməsini
qiymətləndirməyi bacarmışdı. Ərəb
qızı Fatimə varlı ailədə böyüsə də,
yaxşı təhsil alıb, gəncliyində
tanınmış həkimə çevrilmişdi, lakin
özünü o qədər sadə aparırdı ki, bu,
adamı təəccübləndirməyə bilməzdi.
Kəndli
qızların xudpəsəndliyi
İranlı qızlar açıqlığa yol vermələri
ilə fərqlənirdilərsə, Azərbaycanda kənddən
paytaxta gələn qızlar səviyyə cəhətdən
geridə qaldıqlarını malalamaq üçün
lovğa danışmağa üstünlük verirlər. Ruhiyyənin
valideynlərinin kəndindən gələn yarıac
qızlar isə hələ universitet tələbəsi
olmamışdan əvvəl də özlərini elə
aparırlar ki, elə bil Britaniya və ya ən azı Tailand
kral ailəsinin üzvüdürlər. Onların
Fatimə ilə fərqi yerlə göy arasında olana
yaxın olduğu halda, yeri təmsil edən kəndlərindən
başqa dünyanın necə böyük olduğunu bilməyən
bu qızların lovğalığı yerə-göyə
sığmırdı, dünyanın yalnız onların kəndindən
ibarət olduğunu güman edirdilər. Belə dar
düşüncəyə malik olanlar, dünya haqqında hətta
primitiv biliklərə də yiyələnməyənlər
özlərini elə aparırdılar ki, guya beş
qitəyə səyahət etmiş, altıncının sərt
iqlimindən qorxduqlarına görə ora ayaq basmaq istəməmişdilər.
Coğrafiyadan kiçik bilikləri belə olmadığı
halda, özlərini mahir tədqiqatçı hesab edir, elə
təsəvvür yaranırdı ki, Kolumb da, Vasko da Qama da,
Magellan da, Ceyms Kuk da onların şagirdliyinə də
yaramırlar. Kənd adamlarının
özündən razılığı, müştəbehliyi
olmasaydı, onlar başqaları ilə müqayisədə
hansı biliklərə, dünyagörüşə malik
olmalarını dərk etsələr, xəcalətdən bədənlərini
tər basar, koala kimi pis iy verərdilər. Ancaq onlar
özləri haqqında həqiqətə heç cür
uyğun gəlməyən təsəvvürləri vasitəsilə
özlərində psixiki immunitet yaradır, idraklarının
kasadlığı barədə fikirləşməyi də
özlərinə artıq iş hesab edirdilər.
Uzaq qohumları olan bir qız universitetə qəbul
imtahanları vermək üçün Ruhiyyənin surroqat ana
puluna aldığı evdə bir həftə
yaşamışdı. Bu qız adı gigiyena qaydalarına da fikir vermirdi,
duş qəbul etməyi şəhərlilərin
ağılsızlıqlarından biri hesab edirdi, heç kəsi
bəyənmirdi, qonşuluqda yaşayan qızlarla
özünü çox təkəbbürlü
aparırdı və onlara lağ edirdi ki, siz kolbasa, sosiskadan
başqa heç nəyi tanımırsınız,
dadmamısınız. Bizim talışlar
yaşayan dağ kəndimizdə şam süfrəsində
çölmə, ləvəngi, plov olmasa, onu şam yeməyi
hesab etmirik. Bağımızdakı və
meşədəki qozdan, fındıqdan, zoğaldan da sizin xəbəriniz
yoxdur, ona görə də bəniziniz xəstə adamları
yada salır. Hələ ov
quşlarını demirəm, onların dadı adamın
ağzından getmir, bu məsələdə biz mətbəximizə
görə özümüzü ərəb şeyxləri ilə
müqayisə edə bilərik, fərqimiz ondadır ki, onlar
quşu şahinlə tuturlar və ov quşu heç bir yara
almır. Atam isə quşları tüfənglə
ovladığından biz onların ətini qırmalardan təmizləmək
məcburiyyətində qalır, sonra plov altına qoyurduq.
Onun söhbətindən elə təsəvvür
yaranırdı ki, onların süfrəsi daim xörəklərin
bolluğundan stolun qırılması təhlükəsini
yaradır. O, bunları elə uydururdu ki, başqası
bunu təkrar etsəydi, onun yalanını üzə
çıxarmağa çalışardı, çünki
uydurduğu yalanlara bir az sonra heç
özü də inanmazdı. Əslində isə
kəndin süfrəsi daim kasad olur, yalnız hörmətli
qonaq gələndə ət xörəyi üzə
çıxır və ya qonağın şərəfinə
toyuq kəsilir. Ləvəngi, çölmə, paxla
plov lənkəranlıların əziz xörəyi
olduğundan, kənddən gəlmiş qız da, bəlkə,
heç onları dadmamışdı, lakin adlarını əzbərlədiyindən,
az qala guya evdəki boşqablarından, qazanlarından
çıxarıb, ona maraqla qulaq asan şəhərli
qızların gözünə soxmaq istəyirdi. O, elə
detallarla danışırdı ki, ona qulaq asanlar
heyranlıqlarını gizlədə bilmirdilər. Şəhərli
qızlardan biri ondan soruşmuşdu:
- Sən
özün o xörəkləri bişirə bilirsənmi, biz
qayğanaqdan və sosiska bişirməkdən başqa
heç nəyi bacarmırıq.
Kəndli
qızı ucadan gülüb onlara dedi:
-
Görünür, siz ağzınızın dadını da
bilmirsiniz. Bilsəniz, dadlı xörəkləri
bişirməyə də meyl edərdiniz. Hələ
məktəbə getməmişdim, anam bunları mənə
öyrətdi. İldə bir dəfə
bu xörəklərdən biri bişirilsəydi, mən
heç nə bilməzdim, yadımda da qalmazdı. Bizdə həftədə azı 2-3 dəfə
sırdaq, çölmə, ləvəngi, aprelin
axırı, mayın əvvəlində isə yaşıl
lobyadan paxla-plov bişirilir. Mən
onları həvəslə yediyim kimi, bişirilməsinə də
həvəs göstərdim və həmin xörəkləri
hazırlamağı öyrəndim. Son illərdə
mətbəxdəki əsas işi anam özü görməyib,
mənə etibar edir. Yoxsa mən də
sizin kimi soyutma yumurta bişirməyi və ya sosiska
qaynatmağı bilərdim. Sizin ən
böyük çatışmazlığınız odur ki,
siz kənd qızı deyilsiniz, kənd qızları çox
fərasətli olurlar, əkinçilikdən, maldarlıqdan
baş çıxardıqları kimi, mətbəx
ustalığına da kiçik yaşlarından öyrənirlər.
Bir
qonşu qızı kəndli olması ilə öyünən
qıza kəskin cavab vermək istəyərək dedi:
- Belə
çıxır ki, sən restoranda şef-aşpaz işləsəydin,
sənə hökmən Mişlen mükafatı verərdilər
və bu ulduzu alan ilk azərbaycanlı
aşpaz olardın. Sən kənd mühitini təbliğ edərkən,
az qala şəhərdə doğulub
böyüməyi natamamlıq əlaməti hesab edirsən. Əlbəttə, kəndin öz gözəlliyi
vardır. Təsadüfi deyildir ki, Fransa kralı XVI
Luinin cavan arvadı, Avstriya imperatriçəsi Mariya
Tereziyanın qızı olan Mariya Antuanetta Versal
yaxınlığında ərinin ona tikdirdiyi Kiçik
Trianon sarayının ərazisini arzuladığı kənd
mənzərəsinə çevirmişdi. Bu ərazidə
yaradılan parkdakı ağaclar, süni gölməçə
və çay kənd mühitini yada salırdı. Burada qoyun saxlanılır, becərilən
toyuqların yumurtalarından istifadə olunurdu.
Kəndli
qızı universitet tələbəsi olan bu savadlı
qızın danışığından heç nə
başa düşmədi və onu yerində oturtmaq
üçün dedi:
-
Ayıbdır, fironu-zadı mənə misal çəkmə,
Quranda firon lənətlənir, sən də onu tərifləyirsən.
Bir də, firon hara, kənd hara?
Şəhərli
qız həmsöhbətinin savadsızlığına təəccüb
qaldı və onun səhvini düzəltmək məqsədilə
dedi:
- Mən
firon sözü işlətmədim, Trianon dedim,
Fransa tarixindən söhbət açdım.
İndi də kəndli qız incidi və özlüyündə belə qərara gəldi ki, bu şəhərlilər qanmazlıqları ilə fərqləndikləri halda, hamıya ağıl öyrətmək istəyirlər. Mənə Mişadan misal çəkir, mənim də rus gədələrindən zəhləm gedir.
Universitet
tələbəsi onun könlünü almaq üçün
dedi:
- Əlbəttə, kəndli qızlar böyük cəsarətə
malikdirlər.
Orlean qızı adlanan fransalı Janna d`Ark
Şampandakı Domremi kəndindən idi. 17
yaşlı bu qız müqəddəslərin
tapşırığı ilə fransız ordusunu ingilislərin
mühasirəsində olan Orlean şəhərini azad etməyə
apardı və düşmənin təəccübünə
rəğmən, Orleanın mühasirəsi
dağıdıldı və şəhər azad oldu.
Lakin iki il sonra burqundiyalılar əsir götürdükləri
Jannanı ingilislərə verdi, onlar isə qızı
dinsizlikdə ittiham etməklə edam cəzasına
çatdırılması üçün fransızlara verdilər
və yepiskop Koşonun (bu, fransızca "donuz" deməkdir)
başçılığı altında məhkəmə
onu yeretik elan edib, ölüm hökmünə məhkum etdi və
19 yaşlı qəhrəman qız Ruanda tonqalda
yandırıldı.
Lakin onun mübarizəsi nəticəsiz qalmadı, fransızlar ingilis işğalçılarına qarşı ölüm-dirim savaşına qalxdılar və onları öz ərazilərindən qovdular. Janna d`Arkın igidliyi hesabına kütləvi mübarizəyə qalxan fransızlar, beləliklə, 1453-cü ildə Yüzillik müharibəyə son qoydular. Görürsən, bir kəndli qızı öz böyük ölkəsinin taleyində xüsusi rol oynadı və Fransa öz üzərindəki qara buludun dağılmasına nail oldu. Sən bizim söhbətdən incimə, biz kəndlilərə, ümumiyyətlə, həmçinin, kəndli qızlara böyük hörmətlə yanaşırıq, onlar həqiqətən də, fərasətdə, cəsarətdə şəhərlilərə nümunə ola bilərlər. Təsadüfi deyildir ki, Qədim Romanın məşhur şəxsiyyətlərindən biri Böyük Katon vətənin mərd müdafiəçilərinin kəndlilərdən çıxdığını deyirdi. Bizim Vətən müharibəsi adlanan İkinci Qarabağ müharibəsində kəndli oğlanlar - əsgər və zabitlər əsl qəhrəmanlıq nümunələri göstərdilər. Bu bir faktdır və bütün azərbaycanlılar bu igidlərlə fəxr etməklə yanaşı, onlara minnətdar olmalıdırlar.
Beləliklə, kənd-şəhər diskussiyası dinc qaydada yekunlaşdı və kəndli qızı hinduşka xoruzu kimi döşünü irəli verib, onlardan uzaqlaşdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.- 11 dekabr.- S.22.