Özümdən müsahibə
götürmüşəm
(İkinci
hissə)
Özüm-özümlə apardığım
müsahibəni - Mərdəkandakı bağ evimin sakit bir
guşəsinə çəkilib, heç kəsin
qarışmadığı, lal sakitlikdə elədiyim
söhbətimi, dialoqumu, monoloqumu, yoxsa elə-belə
dağı arana, aranı dağa aparmaqmı... -
özünüz bilərsiniz, necə istəyirsinizsə, o
cür də adlandırın. Mənə elə gəlir ki, normal
insan, lovğalıqdan, təkəbbürdən uzaq adam öz-özünü aldatmamalıdır,
özü ilə açıq və səmimi
danışmalıdır. Ümumiyyətlə,
bütün insanların - cavanın da, ahılın da hərdən
bir öz aləminə çəkilib öz-özünü
sorğu-suala tutması vacibdir. Elədiklərim
yaxşıdımı, pisdimi? Gərək filan məsələdə
nəfsimi cilovlayaydım, maddi sərvətlər qazandım,
şanım-şöhrətim oldu, amma adamlar arasında, -
dost-tanış içində hörmətim, nüfuzum
yoxdur.
Mən bu və buna oxşar söhbətlərə, daha
dəqiq desək, özü-özü ilə
aparılmış söhbətlərə, dialoqlara rus və
Avropa, Yaponiya mətbuatlarında da rast gəlmişəm. Onların məzmunu
artıq öləziyən yaddaşımın
künc-bucağında ilişib qalıbmı,
qalmayıbmı, - vallah, bütün bunları heç mən
özüm də yaxşı bilmirəm. Demək
istədiyim budur ki, buna oxşar mətbu nümunələrini
qəzet və jurnal səhifələrində
görmüşəm. Cəsarət edib
sizə təqdim etdiyim mövzunun məğzi, qayəsi ondan
ibarətdir ki, başqaları ilə müqayisədə bu
cür formalı yazılar səmimidir, insan heç yerdə,
heç kəsin yanında buna oxşar fikirlər söyləmir,
düşündüklərinin təbiiliyini, bakirəliyini
qorumağa çalışır. Oxucular,
başqa cür düşünənlər belə
sirli-soraqlı, ütülənməmiş mülahizələri
qəbul etməyə də bilərlər. Bu da təbiidir. Bu başqa məsələdir
ki, həssas oxuculara bu formada, bu tərzdə müraciət
etmək hansı zərurətdən yaranıb?
Dərin yuxuya getmiş duyğularımı silkələmək
üçünmü? Düşüncə tərzinə, həyat
baxışına təzədən əl gəzdirmək
ehtiyacımı? Yoxsa, hay-haray qoparmaq,
yaddan çıxmamaq, unudulmamaq üçünmü? Fikir və düşüncələrimi
basdırığa salmaq istəmirəm. Qısası,
özüm-özümə verdiyim suallarımı və o
suallara cavablarımı sizə təqdim edirəm.
***
- Söhbətimizi
qaldığımız yerdən davam eləyək. Kim bilməsə də, mən bilirəm. Bəzən bağ evində həftələrlə,
on günlərlə tək qalırsan. Darıxmırsın
heç? Təklik səni yormur ki?
- Tək
niyə? Övladlarım, nəvələrim
tez-tez gəlib məni yoxlayırlar. Amma o əlahəzrət
sakitlik var ha, o, ayrı nemətdir, ayrı aləmdir.
Eninə, boyuna düşünürsən: kimin oğlusan, nəslin-nəcabətin
kimdir. Yəqin bu fikir çoxlarına yaxşı məlumdur:
insan tək qalanda öz-özü ilə haqq-hesab çəkir,
təbii olur. Danışdıqlarının,
düşündüklərinin gözünə diplomatiya,
biclik qatmır, hər şey sənə çılpaq şəkildə
təqdim edilir. Əslinə qalsa, bizim
canımıza, beynimizə çoxlu-çoxlu zəhər
hopub. Ha çalışırıq, hara gediriksə, bu
zəhərli maddələrdən xilas ola
bilmirik. Tək olanda, xəyallar və düşüncələr
aləminə düşəndə bir az
durulursan, təmizlənirsən. Bəzən
heç bağ evimin geniş həyətində
darıxmağa macalım da qalmır. Axı
niyə darıxmalıyam? Bünövrəsini otuz il bundan qabaq öz əlimlə qoyduğum evi hələ
də tikirəm, kəm-kəsirlərini düzəldirəm.
Vaxtilə əkmək üçün
dostlarım mənə müxtəlif növ ağac,
üzüm tingləri veriblər. İndi
onlar əməlli-başlı böyüyüblər, hətta
qol-budaqları qonşu həyətlərə də
keçib. Vaxtilə jurnalist dostum Ziyəddin Sultanovun,
Füzuli hərbi ərazi prokuroru işləmiş Fəzail
Ağayevin, heykəltaraş Fazil Nəcəfovun, Kamal Rəhmanovun
verdikləri ağaclarla danışıram,
zarafatlaşıram. Onların Lənkərandan, Bərdədən,
Bilgəhdən, Balakəndən bu ağacları necə gətirdikləri
günləri xatırlayıram. Ağaclar bir
növ dostlarımın yadigarlarıdır, onlardan mənə
qalan təsəllidir. Tut ağacına baxıram -
yaraşıqlı, iri cüssəli, boylu-buxunlu Ziyəddini
görürəm. Onunla küllü Qarabağda
keçirdiyim o xoş günlərimi yadıma salıram.
Fəzail Ağayevi, onun fenomenal yaddaşını - o çətin
illərdə (1993-1999) Füzulidə, Daşburunda,
bütün cəbhə boyu gördüyüm, şəxsən
iştirak etdiyim döyüşlər, qələbələr,
məğlubiyyətlər, Azərbaycan əsgərinin
qorxmazlığı, mərdliyi...
Cənubun bütün gözəlliklərini -
portağalı, limonu, narıngisi, feyxoası... -
adlarını çəkdiyim, çəkmədiyim subtropik
meyvələrin dadını, tamını canına hopduran
Kamal Rəhmanov yadıma düşür. Onun cavan və
subay oğlunun ucu-bucağı bilinməyən soyuq Rusiyada
faciəli şəkildə öldürülməsi yadıma
düşəndə sarsılıram. Həmişə
də deyərdi: "Nemət, mən dərdli adamam". Oğlunun ölümündən sonra çox
yaşamadı, övlad dərdinə dözmədi. İndi onun Lənkərandan xüsusi olaraq mənim
üçün gətirdiyi heyvanın sapsarı
saralmış, günəşin qürub çağı
düşdüyü rəngləri xatırladan meyvələrinin
ətri ətrafa yayılıb. Bax belə
dostlarımı, əzizlərimi xatırlayıram.
Vaxtilə məşhur Amerika yazıçısı
E.Heminquey Kuba adalarına üz tutub. Əsərlərinin
çoxunu məhz gözdən-könüldən uzaq, sakit,
sahillərini okean suları döyəcləyən bu adada
yazıb. Yüngül yay libası,
qısaqol gödəkçə ilə bütün
günü adanı dolaşırmış. Heç yerə getmədən, elə okean sahillərində
balıq tutar, balıq şorbası hazırlayarmış.
Bu, təklik deyil, bu, düşündüklərini
povest, roman şəklində yazıb oxuculara təqdim etməkdir.
Dünyanın bir neçə adlı-sanlı
yazıçıları məhz belə sakitlik və təkliyi
sayəsində nadir əsərlər yaradıblar.
Böyük Britaniyanın böyük vətəndaşı
Vinston Çörçill daha qabağa gedib. O, Baş nazir postunu tərk
edəndən sonra özünə Londondan xeyli aralı sakit
bir vadi alır. Ürəyi istəyən təpələrin
birində əyləşib bütün günü uzanıb
gedən dərələrə, dağlara tamaşa edirmiş.
Şotlandiya viskisi içir, nadir siqarlar çəkirmiş.
Vallah, billah, biz bu təklik məsələsini
yaman gözümçıxdıya salmışıq. Sən demə, təkliyin və sakitliyin də
öz gözəllikləri varmış.
Adamı
ağrıdan odur ki, hərdən şəhərə
çıxıram: vaxtilə dostlarımla pivə
içdiyim köşkə yaxınlaşanda görürəm
ki, həmin yerlərdə ya balıq, ya da telefon
aparatlarının alqı-satqı dükanlarıdır. Ünvanlar, küçələr də onun kimi.
Şəhəri bütün günü dolaşıram, nə
mənim salam verəcəyim, nə də
salam alacağım dostlar, tanışlar gözümə dəyir.
Hə, deyəsən, bu şəhərdə
dostlarımın, tanışlarımın sayı yaman
azalıb. O haylı-küylü bufeti, qəlyanaltısı
olan şəhər dostlarımın seyrəlməsindən
sonra mənə yad görünür. Hiss və
duyğularım çarpaz bucaq altında qalır. İlahi,
çoxdan yaşadığım, ev
tikdiyim, oğul-uşaq böyütdüyüm bu şəhərdən
çıxım gedimmi? Dostları seyrəlmiş,
xatirələri küçə və dalanlarda, skver və
meydançalarda itib-batmış bu yerdə necə
yaşayım? Qalmışam yollar
ayrıcında.
- Bəlkə
çıxıb gedəsən Veysəlliyə?
- Ötən
əsrin 90-cı illərində ata yurdumda ev
tikmək həvəsinə düşmüşdüm. Hətta peşəkar memara tikdirəcəyim evin
layihəsini də çəkdirmişdim. İşə bax, o layihəni indiyə qədər
saxlamışam. Ata yurdundan bir az
hündürdə, dağlar və dərələrin
fonunda... Ağdam və Füzuli rayon daş
karxanalarından yeddi minə yaxın mişar daşı
almışdım. İlahi, o yeddi min
mişar daşını mən hansı zülmlə, təhlükələrlə
Yuxarı Veysəlliyə gətirmişdim. Maliyyə vəsaiti, nəqliyyat problemləri bir tərəfə,
yollarda azğınlaşmış ermənilərin
daş-qalağına, güllə hədəfinə də
tuş gəlirdim. Qarakənddən bir az
bəri, Mərziliyə tərəf, Xocavəndin (Martuni)
içindən keçəndə dığalar elə hey
vurnuxurdular, nə haqdasa fikirləşirdilər, adamı ev
tikməyə, yurd-yuva düzəltməyə də
qoymurdular. Ağdamdan, Füzulidən alıb Veysəlliyə
gətirdiyim mişar daşlarının sir-sifəti
alışıb-yanırdı. Daşların tərkibində
mərmər elementləri vardı, dığaları qoydular
ki...
Nə isə...
Təzəcə quracağım yurdumun solunda - qayalararası
uzanıb gedən bir qobu var: qobunun o tayında silsilə
qayalıqlar, dağlar karvanı başlayır. Fikrim vardı o tərəfə keçmək
üçün qobunun üstündən asma körpü
düzəltdirəm. Bu arzumu həyata
keçirmək üçün xüsusi körpüsalanlar,
montajçılar da axtarıb tapmışdım. Asma körpünün girişi, troslar, tutacaq yerləri
- bir sözlə, abidə, estetika.
Hündür, axar-baxarlı yurdumdan ətrafa
baxırdım, dünya görünürdü. Xaçpərəst kilsəsi,
Hacı Qasım kəhrizi, Uryan və Qaroxon tərəflər,
Kirs dağı... Kirsə baxırdım,
kiçildilmiş dəvəyə oxşayırdı. Dəvə boynu kimi uzun. Fikrim
vardı evimin ətrafında terras üsulu ilə alma-armud,
nar bağı salım. Hətta, mal-qara
saxlamaq üçün mədəni tövlə tikməyi də
planlaşdırmışdım. Bir gecənin
içində (1992, fevralın 21-dən 22-nə keçən
gecə) ermənilər mənim yurdumla yanaşı, yüz
on yeddi evlik kəndi - Yuxarı Veysəllini, yeddi yüz əhalisiylə
birgə yerindən-yurdundan didərgin saldılar. Və
mənim ata yurdumda ev tikmək arzumu da
ürəyimdə qoydular.
- Qəribə
adamsan, daha nə istəyirsən? Allah sənin üzünə
baxıb ki... Azərbaycan əsgəri, Azərbaycan
Ordusu Yuxarı Veysəllini erməni
işğalçılarından (2020, 7 noyabr) azad edib, get kəndə,
yarımçıq, dondurulmuş arzularına yenidən
qol-qanad ver.
- İlk baxışda hər şey sadə
görünür. Yaradan hər bəndəsinə belə
bir fürsət vermir. Ancaq bu məsələdə
çoxlu əngəllər mövcuddur. Mina
məsələsi, böyük qayıdışın təbii
problemləri. Bu vaxtacan altmış,
yetmiş yaş məsələsini eşitmişdim, bəs
bu zəhrimar səksən yaş haradan gəlib
çıxdı?
Görəsən, mən bu yaşın üstündən
adlayıb arzularıma çata biləcəyəmmi?
Başqa mətləblərlə yanaşı, Veysəlliyə,
Qarabağa ayrı bir məqsədlə də qayıtmaq istəyirəm. Bu amalın,
bu niyyətin əsas qayəsi, mayası nədir? Birinci Qarabağ müharibəsinin
iştirakçısıyam. O illərdən bəhs edən
bir neçə bədii-publisistik kitabların müəllifiyəm.
Həmin kitabların bir neçəsi qonşu
dövlətlərdə, başqa dillərdə çap
edilib. Nələri ön plana çəkmək
istəyirəm? Həmin əsərlər,
müəyyən mənada, Birinci Qarabağ müharibəsində
baş verənləri - uğursuzluqlarımız, məğlubiyyətlərimizlə
yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığından,
Vətən sevgisindən bəhs edir. Hərbi
jurnalist kimi rəvayət və şayiələrə
söykənməmişəm, gözlərimlə
gördüklərimi, ağrı və acılarımı qələmə
almışam. Vətən itkisinin, acı
məğlubiyyətlərin nə olduğunu, bunların
insanı necə sarsıtdığını, onun
qürurunun necə qırıldığını
görmüşəm. Və
yazılarımın, gözümlə gördüklərimin
ətinə-canına öz hisslərimi də hopdurmuşam.
Belə bir qayda var, deyirlər, müharibədən
ya gərək düz, namusla, ədalətli yazasan, ya da
heç yazmayasan. Qabaqkı
yazılarımda hər halda bu prinsipə əməl etməyə
çalışmışam. Təvazökarlıqdan
uzaq olsun, hətta Azərbaycanın bəzi tədris məktəblərində
"Haran ağrıyır, Vətən", "Mənim
müharibəm", "Yaş həddinə görə"
adlı kitablarım əlavə dərs vəsaiti kimi öyrənilir.
Mənim təzədən Veysəlliyə
qayıtmağımın əsas səbəblərindən
biri də odur ki, qaçqınlıqdan, köçkünçülükdən
çox-çox sonra camaatın Qarabağa böyük
qayıdışını, köçünü imkanım,
istedadım və peşəkarlığım, nəhayət,
təcrübəm sayəsində qələmə alım.
Ötən əsrin 88-ci ilindən üzü bəri
Qarabağda, Azərbaycanda çox sular axıb, çox
şeylər dəyişilib. 1988-1994-cü illərdə
Bakıya, Azərbaycanın müxtəlif bölgələrinə
üz tutan qarabağlılarda, qaçqın və məcburi
köçkünlərdə bir insan, fərd kimi nələr
dəyişilib, nələri itiriblər? İndi
Qarabağa, azad edilmiş kəndlərə, şəhərlərə
qayıdanlar görəsən, həmin insanlardımı?
Onların psixologiyası, düşüncə
tərzi, dünya baxışları necədir? Saatlı və İmişli, Küdrü
düzü... qaçqınçılıq,
köçkünçülük həyatı onlara necə
təsir edib? Bəs minlərlə
qarabağlının Vətəni görmək həsrətiylə
bu dünyanı tərk etmələri, onların göylərdə
dolaşan narahat ruhları necə? Bu otuz il
müddətində ölən, dünyasını dəyişən,
bütün Azərbaycana səpələnən qəbirləri
necə? Bəs bütün bunları necə həll
edək? Bu ağrı-acıları, mənəvi
və fiziki ağrıları ürəyində gəzdirən
insanlar yeni yurda, yeni həyata uyğunlaşa biləcəklərmi?
Bu prosesdə şəhərsalma, təşkilati məsələlərlə
yanaşı, bir də var insana xas amillər - psixologiya, mənəviyyat,
özgələşmə, başqalaşma... Hə,
durub Veysəlliyə, Füzuliyə, Cəbrayıla,
Qubadlıya, lap o nazlı-qəmzəli, başı dumanlı
Şuşaya da gedə bilərsən və sözsüz, getmək
də lazımdır. Bəs sonra?
Azərbaycanın düşünən adamları ermənilərin
xalqımıza qarşı etdiklərini - 1905, 1918, 1988-ci illəri
- bu illərin olaylarını kifayət qədər qələmə
alıblar, yaddaşlara hopdurublar. Əlbəttə, indi
mən təzədən Amerika açmaq fikrindən
uzağam. Belə ağır mərhələlərdə
bu və buna oxşar problemləri, Azərbaycan xalqının
həyatını qələmə alan bədii
və tarixi nümunələr kifayət qədərdir. XIX əsrin axırı, XX əsrin əvvəlləri
Həmidə xanımın xatirələri, Ə.Haqverdiyevin,
Mirzə Cəlilin, M.S.Ordubadinin əsərləri,
"Qarabağnamə"lər. Hətta,
bu mövzulara rəssamlıq, təsviri sənət nümunələrində
də geniş yer verilib. Yaxşı ki, bu
adamlar doğulub, yaşayıblar və gördüklərini,
düşündüklərini yazıblar, onlar
günümüzə qədər gəlib çıxıb.
Pafosdan, lovğalıqdan uzaq, Veysəlliyə,
Qarabağa, ümumiyyətlə, azad edilmiş torpaqlara
qayıtmağımla təqribən buna oxşar proseslərin
iştirakçısı olmaq istəyirəm. Hələ
ki, canım suludur, əlim qələm tuta bilir.
Hə,
yaxşı, qayıtdın Qarabağa, Veysəlliyə,
düşündüklərini həyata keçirmək
üçün də gərək cibində pulun, şəraitin
ola axı. Bəs harada
yaşayacaqsan, məişət problemləri necə olacaq,
bunları necə həll edəcəksən? Tutaq ki, lap
mənə ata yurdunda ev tikib verdilər. Axı, kitab yazmaq üçün mən müxtəlif
təşkilatlara, idarələrə və adamlara müraciət
edəcəm. Mənim statusum, lazımi təşkilatlara,
idarə və şirkətlərə girib-çıxmaq
üçün rəsmi icazəm, sənədim
olmalıdır. Qarabağ böyük ərazidir,
bəs hərəkət azadlığım, nəqliyyat məsələsi?
Bütün bunları necə həll etmək
olar? Azərbaycan Yazıçılar Birliyindənmi,
ya da qəzet redaksiyalarındanmı, ya da müstəqil,
özəl şirkətlərdənmi, mənə vəsiqə,
əmək haqqı və başqa imtiyazlar verilməlidir ki,
Qarabağda sərbəst fəaliyyət göstərə
bilim. Doğrudur, Qarabağı
yaxşı tanıyıram. Qohumlarımın,
dostlarımın əksəriyyəti o tərəflərdədir.
Amma bütün bunlar əsas deyil. Əsas odur ki, bu çətin işi görmək
üçün mənim normal şəraitim və statusum
olmalıdır.
Mən çölçülüyün,
yazıçının bölgələrdə necə
işləməyini Birinci Qarabağ müharibəsi zamanı
görmüşəm. Əvvəlcədən imtiyazın, statusun
müəyyən edilmədən bu işləri görmək
çox çətindir.
Belə bir ifadə var, deyir, "Fərman
padişahındır, dağlar bizim". Əlimə fürsət
düşmüşkən bəri başdan xoşagəlməz
məqamlara da toxunmaq istəyirəm: 1988, 1993, 1999-cu illərdə
əvvəlcə mülki, sonralar da hərbi jurnalist kimi
Füzuli bölgəsində hara gedirdimsə - Haramı
düzündəmi, Məngələn ata tərəfdəmi,
Ərgünəş, Qacar və Hoğa tərəflərəmi
- ilk qarşıma çıxan Taryel Qəhrəmanov, Nəbi
Muxtarov, Bəylər Hüseynov, Binnət Məmmədov,
Çapar Quliyev, Asif Məmmədov, Həmid Məmmədovu -
çoxlarının adları yadımdan çıxıb, -
görərdim. Doğrudur, adlarını
çəkdiyim bu adamların ön cəbhədə, səngərlərdə
olmaları onların bir növ vəzifə borcu idi. Bu, öz yerində, bunları başa düşmək
çətin deyildi. Amma o zamanlar
Füzuliyə, cəbhə bölgələrinə işləməyə
getməyi çoxlarına təklif edirdilər. Lakin çoxları gərgin bölgələrə
vəzifəyə, işləməyə getməkdən boyun
qaçırırdılar. İndi,
şükür Allaha, Füzulinin, Qarabağın, bir sözlə,
o tərəflərin, necə deyərlər, xoş günləridir.
İndi oraya getmək istəyənlər az
qala növbəyə dayanıblar. İndi bəzənib-düzənib,
bahalı kostyum geyinən adamlar Qarabağa yollanırlar, o tərəflərin
ağsaqqallıq səlahiyyətlərini öz çiyinlərinə
götürərək vəzifəli adamların
qarşısında əyilirlər, bükülürlər,
bülbül kimi cəh-cəh vururlar.
Əlbəttə, belə məsələlərə əhəmiyyət
verməmək də olar. Amma o illərdə,
Füzulinin o dar günlərində sinəsini geniş
açıb "Vətən, Vətən" deyən
adamlar xatırlanmayanda, yad edilməyəndə istər-istəməz
təəssüf hissi keçirirsən. Bütün
bunlar ötəri, tez ötüb-keçən şeylərdi.
Kinolarda deyildiyi kimi, ancaq diqqət, həssaslıq
kövrək məsələlərdir. Məncə,
xoş sözə, xatırlanmaya hamının ehtiyacı var.
"İş sosiskada deyil, gərək "vnimatelni"
olasan".
-
Maraqlıdır, bir vətəndaş, lap əvvəllərdən
bu hadisələrin, burulğanların mərkəzində
olmuş yazı-pozu adamı kimi Qarabağa böyük
qayıdışı necə təsəvvür edirsən?
- Artıq Qarabağa qayıdış başlayıb. Bütövlükdə
o böyüklükdə ərazilərə necə
qayıtmaq barədə fikir yürütməyə çətinlik
çəkirəm. Amma konkret olaraq Veysəlliyə
necə qayıdacağımız haqda danışa bilərəm.
Bizim orada on yeddi qədim tağbəndimiz,
yüz on yeddi evimiz, üç qəbiristanlığımız,
iki kəhrizimiz qalıb. Cəh-cəlallı
bağlarımız, uca, kəklikotulu, mamırlı dağlarımız
qalıb. Bu haqda danışmaq çox da
çətin deyil. Yəqin ki, bu otuz il
müddətində bunların hamısı
dağıdılıb. Amma quru, çılpaq
torpaq yəqin ki, xatirələrimizi qoruyub saxlayıb. Kəhrizlər, dağlar da onun kimi. Ermənilər bizim kəndi düz üç dəfə
- 1905, 1918, 1992-ci illərdə dağıdıblar, evləri
yandırıblar. Və hər dəfə
də, çətin olsa da, yenidən geri
qayıtmışıq, torpaqlarımıza sahib
çıxmışıq. Kəndimizin
yaddaşlara hopan minillik obrazına yeni elementlər,
çalarlar qatmışıq. Yeni-yeni evlərin,
təsərrüfatların sayı da artıb. Təəssüflə
onu demək istəyirəm ki, hər dəfə də kəndin
əvvəlki yerindən bir az arxaya - nisbətən
arana tərəf çəkilmişik. Bu niyə
belə olub? Dədə-babalarımız
uzaqgörən olmayıblarmı, yoxsa mövcud şərait
bunu tələb edib. Yaxşı olardı
ki, biz bu dəfə o səhvlərimizi,
nöqsanlarımızı təkrarlamayaq. Əvvəllər, 1905, 1918-ci illərdə
ağbaşlılar, veysəllilər Qanlı gədiyin ətəklərində
məskunlaşıblar. Evlərimiz, təsərrüfatlarımız
Sosun, Məşədkəndin, Çartazın həyətləri
ilə dodaq-dodağa olublar. Hamılıqla
razılığa gələ bilsəydik, yenə də 1905,
1918-ci illərdəki yurd-yuvamıza qayıdardıq. Bu
ona görə lazımdır ki, Birinci Qarabağ müharibəsi
zamanı Veysəllinin neçə-neçə cavanı,
sakini - Yavər İsgəndərov, Səməd Abdullayev,
Bağır Quliyev, Zakir Tahirovun on yeddi yaşlı oğlu
Valeh Məmmədov, Əhəd İsgəndərov bu kəndin
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olublar. Belə olsa, onların ruhları
da şad olar. Hər halda kəndin harada,
necə məskunlaşmasını yerli camaatdan, yerli sakinlərdən
soruşsalar, yaxşı olar. Mən külli
miqdarda dövlət vəsaitini, kommunikasiya və digər məsələləri
də nəzərə almağa hazıram, amma yaxşı
olar, kəndin, onun əhalisinin istək və arzuları da nəzərə
alınsın. Ənənəsiz,
obrazsız, koloritsiz kənd küçəyə
atılmış ünvansız məktub kimi bir şeydir.
Çox da uzaq olmayan bir keçmişdə -
Sovet dövründə biz hamısı bir ölçüdə,
eynilibaslı yaşayış məskənlərini, şəhərləri
çox görmüşük. O dağlar arxasında
dünyasını dəyişmiş yüzlərlə veysəllilərin
ruhu dolaşır. Biz o ruhlara qoşulmaq istəyirik.
Biz neçə illərdir pərən-pərən
düşmüşük, yaddaşlarımız təzədən
oyanmalıdır, xatirələrimiz yenidən bərpa edilməlidir. Əvvəlki,
1992-ci ilin Veysəllisi olmaq üçün, İlahi, görəsən,
bizə nə qədər vaxt lazımdır? Görəsən,
biz qabaqkı psixologiyamıza, tarazlığımıza
qayıda, otuz il bundan qabaqkı qiyafəmizə
düşə biləcəyikmi? Biz bu neçə
illərdə nələri itirmişik, bir növ özgələşmişik,
əvvəlki vərdişlərimizdən
uzaqlaşmışıq. Görəsən,
bizim camaata xas mehribançılıq, müqəddəs
qonşuluq, qohumluq əlaqələri yad təsirlər nəticəsində
zədələnməyib ki? Yeni yurdu,
yaşadığın kəndi insan üçün
doğmalaşdıran, sevdirən onun adamları,
insanlarıdır. Bu adamlar ölülərini
necə dəfn edirlər, toy və şənliklərini necə
keçirirlər - bunların hamısı şərtdir, əsasdır.
- Ailənizdə
səndən savayı, Veysəlliyə qayıtmaq istəyənlər
varmı?
- Var. Qardaşım uşaqlarının geri qayıtmaq
fikirləri çox ciddidir.
- Bəs
sənin öz övladların?
- O biri
övladlarımı deyə bilmərəm, amma inanıram ki,
böyük oğlum məni tək qoymayacaq. Ev
tikməyimə, yurd salmağıma da əl yetirəcək.
***
Çoxdan bir kinoya baxmışam. Filmin baş qəhrəmanı
təmsil olunduğu ölkədə adlı-sanlı şəxsiyyətdir.
Vəzifəsi, var-dövləti, mövqeyi -
hamısı yerindədir. Amma doğulub
böyüdüyü yerlərdən çoxdan uzaq
düşüb. Ölkənin
paytaxtında, küçə və meydanları
çil-çıraqlı şəhərdə
yaşayır. Ahıl çağında,
necə olursa, yenidən doğulduğu, uşaqlıq və gənclik
illərinin keçdiyi yerlərə yollanır. Kənddə elə-belə, səbəbsiz-filansız
kiçik, sakit bir bufetə baş çəkir. Cavanlar, yaşlılar hərəsi bufetin bir
küncünə çəkilib söhbət edirlər, soyuq
pivə içirlər. Uzun illərdən
sonra yolu bu tərəflərə düşən yolçu
ofisianta bir bokal pivə sifariş edir. Başdan-ayağa
səmimiyyət və sadəlik təbəssümü sifətində
hopmuş cavan tanımadığı adama pivə
süzür. Pivə şüşə
bokalın başından aşıb-daşır,
köpüklənir. Sonra da ahıl kişi
ilə cavan oğlan arasında təqribən belə bir
dialoq, söhbət gedir.
Gəlmə
adam xırıltılı, öləziyən
səslə cavana müraciət edir:
- Məni
tanıyırsan?
- Yox.
- Mənim
adım Berqmandır, Kare Berqman, buralıyam. Amma
çoxdandır bu yerlərdən getmişəm.
Xidmətçi oğlan bu adı eşidən kimi həyəcanlanır,
hörmət əlaməti olaraq yad adama qayğı göstərir. Nə deyəcəyini,
nə söyləyəcəyini də unudur.
- Cənab,
nə danışırsınız, heç bilirsiniz sizi bu
yerlərdə necə xatırlayırlar? Bu tərəflərdə
sizin haqqınızda rəvayətlər, nağıllar
söyləyirlər. Siz ölkədə
məşhur adamsınız, adınız, vəzifəniz,
şöhrətiniz.
Uzun illərdən
sonra yolu bu tərəflərə düşən adam köpüklənən pivə
qabının üstündən qəmli baxışları
ilə:
- Cavan
oğlan, kaş mən heç vaxtilə bu yerlərdən
şəhərə getməyəydim. İndi hər
şeyim var - xoşbəxtlikdən savayı.
Əlbəttə, filmdə baş verən əhvalatları,
olayları vaxtilə Azərbaycanın uzaq-uzaq bölgələrindən
Bakıya, paytaxta gələn cavanların taleyinə də
şamil etmək olar. Bir qarnı ac, bir qarnı tox tələbəlik illəri,
istehsalat, illərlə uzanan ev növbələri,
işləmək-çalışmaq - bir də baxıb
görürsən ki, altmışı, yetmişi
haqlamısan. Hər şeyin var - xüsusi
maşının, evin-eşiyin, vəzifən, amma
sağlamlığın tükənib, daha yaşamaq həvəsin
də qalmayıb. Haraya baxırsan eyni rəng,
yeknəsəklik. Baxıb görürsən
ki, qara paltarlı mələk, şəhərin
çil-çırağı, bərq vuran küçələri
ömrünü qısaldıb. Dağların o
üzündən ağ saçlı
ananın əlləri sənə tərəf uzanılı
qalıb. Uzaqlardan şəhərə gətirdiyin
sağlam, bic-bədzadlıqdan uzaq cavanlığından da
heç nə qalmayıb. Uzun illərdən
sonra doğulduğun yerlərə qayıtmaq - mətləbi
hayana fırladırsan-fırlat - ağır addımdır.
İçindən təlatümlər qopur, fikirlər
burulğanına düşürsən.
***
"...Biz
beş qardaş idik - Valeh, Hidayət, Nizami, Səməd və
mən. 1992-ci ildən üzü bəriki həyatı
Nizamini yaman sarsıtmışdı. Otuz
ildən artıq Beyləqanda, Beşinci şöbə deyilən
yerdə ağır, dözülməz məişət şəraitində
yaşadı. Amma Nizaminin doğma yerlərdən
sonrakı məcburi köçkün həyatı cəhənnəm
əzabından savayı bir şey deyildi. Elə hey
deyirdi: "Kənddə bağım, evim-eşiyim
qaldı". Məhsulları düz noyabr, dekabra qədər
dərilən bostanı, qapısının ağzındaca,
ikimərtəbəli daş evinin qabağındaca sinkovıy
boru ilə dağlardan çəkilib gətirilən bulaq
suyu... Hər səhər Beyləqandan Haramı
düzünə tərəf addımlayırdı. Özünə nisbətən hündür,
axar-baxarlı bir yer seçib Veysəlliyə, dağların
o üzündə qalmış dustaq, sakinlərini görmək
üçün xiffət çəkən, hay-haray qoparan kəndimizə
tərəf boylanırdı. Mən
böyük qardaş kimi hərdən onun bu hərəkətlərinə
irad tuturdum. "Dözə bilmirəm"
- deyirdi. Məcburi
köçkünçülük həyatının
böyük bir hissəsini nisgil, qəm-kədər
içində keçirən qardaşım, nəhayət,
sağalmaz azara tutuldu və vəfat etdi. Nizaminin
ölümündən sonra heç o biri qardaşlarım da
çox yaşamadılar. Qardaşlarımın qəbirləri
də bütün Azərbaycana səpələnib: Nizami Beyləqanda,
Valeh Ağcabədidə, Səməd isə Abşeron
çöllərində uyuyur.
Düşmənlər
bu otuz il müddətində ata, ana yurdumu
dağıtmaqla yanaşı, cavan qardaşlarımı da əlimdən
aldı.
Qonşuluğu, birgəyaşayış
qaydalarını yaxşı başa düşürəm. Xaçpərəst
dünyasının təzyiqini, diplomatiyanı da dərk edirəm.
Bəs cavan ikən Vətən həsrətiylə
dünyalarını dəyişən qardaşlarımı mənə
kim qaytaracaq? Bəs onların
övladlarının gözlərindəki əbədi qəm-kədəri
kim siləcək?
Belə-belə məsələləri bir fərman, əmrlə
həll etmək mümkün deyil. Qarabağa
qayıdış zamanı belə-belə əngəllər
qarşımıza tez-tez çıxacaq. 44
günlük müharibəni qələbə ilə başa
vuran millət yəqin ki, belə həssas və mürəkkəb
maneələrin də öhdəsindən gələcək.
Amma geri qayıtmaq, qaçqın,
köçkün insanlarımızın ürəyi
para-para, şana-şanadır. Bu
yaraların yeri necə sağalacaq?"
- Bir sual
da vermək istəyirəm, amma düzü, çəkinirəm.
- Buyur.
- Geri
qayıtmaq belə ağır düşüncələrlə,
ağrılarla yüklənibsə, təzədən məskunlaşmaq
sənə çətin olmayacaq?
- Bilirsiniz, kənddəki evimizin arxasında
qayalıqlar var. Geri qayıdanda o qayaların
üstündə özümə rahat bir yer tapacam, yaz
yağışı zamanı təpəliklərdən
üzü aşağı axıb gedən sellərə,
cığırlara baxacam. İnanıram ki, neçə ildən
bəri ürəyimdə yığılıb qalmış
ağrılarım, acılarım dağ başına
qonmuş duman, çən kimi çəkilib gedəcək.
Nemət Veysəlli
525-ci qəzet.- 2021.- 11 dekabr.-
S.20-21.