Mavi sonsuzluq...
"Əgər ikinci
dəfə dünyaya
gəlsəydiniz..." sualı
artıq klişedir. Ancaq bir
o qədər də ciddi və düşündürücüdür.
Fikirləşirsən ki, bu qədər haqsızlığı,
ədalətsizliyi, savaşı,
ölümləri, axıdılan
qanları, xəstəlikləri
görən insan ikinci dəfə niyə doğulmaq istəsin? Doğrudanmı, cəfası səfasından
çox olan həyat bizlər üçün bu qədər dəyərlidir?
Tərəddüdsüz "hə" deyirəm!
Həyat bütün çətinliklərə
rəğmən, ölüb,
yenidən doğulub, təkrar-təkrar ölüb,
yenə doğulub yenidən yaşamağa dəyər. Bunu ölümdən daha betər olan ölüm qorxusu gələndə daha yaxşı dərk edir insan. Belə bir şans yaransa, əlbəttə, mən də dəyərləndirərəm. Amma bu dəfə insan olaraq deyil,
bir ovuc dəniz, bir parça göyüzü,
bir qucaq mavi olaraq Yer
üzünə enmək
istəyərəm. Çünki
mavi olan hər şey uzaqdan bu qədər
gözəldirsə, kim bilir, onun bir hissəsi
olmaq necə möhtəşəmdir. Mavinin məndə
dərin, nəhəng,
sirli və sonsuzluq qədər uzun bir hekayəsi
var. Orta əsr insanları kimi mən də onu gec kəşf
edənlərdənəm. Bir hekayənin qanadında uçaraq gəldi ruhuma. Həmin gündən sonra
mavi düşünür,
mavi hiss edir, mavi baxıram. Harada mavi rəng
nəsə görsəm,
üstünə qaçıram.
Mavi şeirlər, mavi kəlmələr, mavi cümlələri bağrıma
basıram. Dedim axı, izləri dərindir. Michel Pastorun
"Mavi: bir rəngin tarixi" adlı kitabı əlimə keçdikdən
sonra mavi düşüncələrimin kökü
daha da dərinləşdi.
Pastorun araşdırmasında əvvəllər
mavinin bir rəng olaraq mövcud olmadığı
məlum olur. Təsəvvür edirsiniz, bəlli
bir dönəmə qədər mavidən bixəbər bir dünya varmış.
Daha da betəri qədim zamanlarda mavinin barbarlığı
təmsil etdiyi düşünülürmüş. Məsələn, Romada mavi rəng geyinmək ya namərd adamların, ya da yasda olanların
rəngi kimi qəbul edilirmiş.
Mavi rəngdə gözü olanlar alçaldılır,
təhqir olunurmuş.
Qadınların kimliyi də
bu rənglə müəyyənləşdirilirmiş; əgər mavi geyinibsə, əxlaqsız
damğası vurulurmuş.
Kişilərin mavi rəng
geyinməsi isə ya homoseksual, ya da gülünc
insan olduğundan xəbər verirmiş.
Orta əsrlərin simvollarına
nəzər salanda görürsən ki, qırmızı gücü,
ağ saflığı,
qara ləkəni, ya da qaranlığı
təmsil etdiyi halda mavinin hər
hansı bir rolu olmayıb. Çünki yaxın əsrlərə
qədər mavi rəng yox idi.
Daha doğrusu, vardı, amma izinə heç yerdə rastlanmır. Qədim dillərdə
belə "mavi" rəngi ifadə edən söz tapılmır.
Ulyam Gladstone kitab yazarkən bu qəribə rəngin təsviri olmadığını fərq edir. Kitabında istifadə elədiyi rəngləri saymağa qərar verir. Məlum olur ki, iki yüz qara, yüz ağ, on beş qırmızı və on sarı kəlməsi yazıb. Tək-tük yerlərdə isə digər rənglərdən bəhs edib. Qədim yunan kitablarını araşdırdıqda isə görür ki, mavi rəng heç yerdə qeyd edilməyib. Hətta bu kəlmənin sinonimini belə tapa bilməyib.
Filoloq Lazarus Geiger də "mavi" adlı bir əskikliyin olduğunu görür və təəccüblənir. İslandiya dastanlarına, Qurana, Qədim Çin hekayələrinə və İncilin ibranicəsinə göz atır, minlərlə vərəq çevirir heç birində "mavi səma" sözünə rast gəlmir. Uzun araşdırmalardan sonra nəhayət ki, rəngin ortaya çıxdığı dövrün izinə rast gəlir və işarələri bütün dünyada təqib edir. Məlum olur ki, bütün dillərdə ən son ortaya çıxan kəlmə mavi rəngdir. Bu rəngin kəşf edildiyi yer Misirdir. Elə mavi rəngli boya istehsalı da ilk dəfə misirlilər tərəfindən ərsəyə gətirilib. Sual yaranır: bəs göyüzü? Necə olub ki, insanlar əsrlərlə sanki başlarının üstündə mavi səma yoxmuş kimi yaşayıblar?! Məsələ burasındadır ki, bütün kainatın təsvir edildiyi müqəddəs kitablarda da göy üzünün mavi olduğuna dair məlumat yoxdur. Bu baxımdan Guy Deutscherin nəzəriyyəsi maraqlıdır. Bir gün azyaşlı qızına "niyə göy üzü mavidir" deyə sual verir. Çünki uşağını böyüdərkən ona bircə dəfə də olsun mavi rəngdən bəhs etməmişdi. Ona görə də sualı eşidən qızcığaz çaş-baş qalır, əvvəlcə göy üzünün rəngsiz oluğunu deyir. Daha sonra ağ olduğuna qərar verir. Ən sonda isə doğru cavabı verir. Doğrudur, nəticə olaraq "mavi" söyləyir, amma maraqlı olan mavinin rəng olduğunu fərq etməmiş olmasıdır.
Deməli, qədim insanlar üçün bu rəng naməlum idi. Hal belə olunca, Odisseya dastanında "tünd şərab rəngli dəniz və bənövşəyi qoyun"
söyləyən Homerin
beynindən nələr
keçib bilə bilmərik. Amma eyni biolojiyə
sahib olduğumuz üçün
həmin insanların bizim gördüyümüz
rəngləri gördükləri
də danılmaz bir həqiqətdir. Fikir verin, XII əsrdən sonra yaradılan məbədlərdə,
kilsələrdə, arxitekturalarda
ağ və
qızılı ilə
bərabər mavi də boy göstərməyə
başlayır. Mavi dünya
yarandığı gündən
var olan, amma yüz illər
sonra varlığı
bəlli olan, bütün mədəniyyətlərdə
parıldamağa başlayan
bir rəngdir. Bu rəng sadəcə
xoşagələn, sakitləşdirən,
xəyallar qurduran, dənizi, dincliyi, göy üzünü tərənnüm edən
bir kəlmə deyil. Mavi sonsuzluqdur, göy üzü kimi... Bəzən isə bir quşun
qanadına qonaraq uçub gəlib ürəyinin ortasına qonan, həyatı Miladi təqvim kimi ikiyə bölən əsrarəngiz
və dərin bir hekayədir.
Türkan
TURAN
525-ci qəzet.- 2021.- 11 dekabr.- S.19.