"Azərbaycan ədəbiyyatının
böyük dayağı"
Ədəbiyyat institutunda Xalq yazıçısı Mirzə İbrahimovla bağlı elmi sessiya təşkil
edilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatının böyük dayağı: Xalq yazıçısı Mirzə İbrahimov" mövzusunda elmi sessiya keçirilib. Öncə Mirzə İbrahimovun əsərlərindən ibarət sərgiyə baxış olub.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli sənətkarın əsərinin adındakı böyük dayaq missiyasını layiqincə yerinə yetirdiyindən söz açıb: "O, Sovet rejimi çərçivəsində yaşayıb-işləməyi, xalqa yazıçı, ictimai xadim, alim kimi xidmət etməyin yolunu düzgün müəyyən edən şəxsiyyətdir. Mirzə İbrahimov deyəndə ilk növbədə, yazıçı nəzərdə tutulur. Mirzə İbrahimov Sovet dövrü Azərbaycan ədəbiyyatının sütunlarından biri idi. Ulu öndər Heydər Əliyevin epoxasında, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, xüsusən birinci hakimiyyəti dövründə yazıçılarımız, şairlərimiz, bəstəkarlarımız, rəssamlarımız Azərbaycan xalqına xidmət edən böyük ədəbiyyat və incəsənət yaratdılar. Təsadüfi deyil ki, bu dövrdə Mirzə İbrahimovun da arzularından biri olan Azərbaycan dili 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyasına daxil olub.
Heydər Əliyev epoxası Sovet rejimi çərçivəsində milliləşmə hərəkatının konktert bir mərhələsidir. Missiyanın yerinə yetirilməsində Mirzə İbrahimov öndə gedən sənətkarlardan olmuşdur. Onun cənub mövzusunda yazdığı hekayə və povestləri buna sübutdur. Yazıçının məşhur monumental əsəri olan "Gələcək gün" romanı Mirzə İbrahimovun Azərbaycanda dövlət müstəqilliyinə, milli azadlıq hərəkatına, ümummilli ideallara nə qədər böyük töhfələr verdiyini əsrdən-əsrə yaşadacaqdır. Sovet rejimi çərçivəsində dövlət idarələrində Azərbaycan dilinin işlədilməsi uğrunda apardığı mübarizə, qısa bir dövrdə əldə etdiyi böyük nəticədir".
Sonra filologiya elmləri doktoru, professor Şirindil Alışanlı "XX əsr ədəbi-ictimai fikrində Mirzə İbrahimov", filologiya elmləri doktoru Rəhim Əliyev "Yazıçı şəxsiyyəti və zaman", filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli "Mirzə İbrahimovun yaradıcılığında cənub mövzusu", filologiya üzrə fəlsəfə doktoru Tahir Məsimov "Mirzə İbrahimovun dramaturgiyası", filologiya elmləri doktoru, professor Nizami Tağısoy "Ədəbi-mədəni varlığımızın Mirzə İbrahimov zirvəsi" mövzularında məruzə ediblər.
Sonda Mirzə İbrahimovun ailə üzvü
Sona İbrahimova
çıxış edərək tədbirin təşkilatçılarına
və iştirakçılara təşəkkürünü
çatdırıb.
525-ci qəzet.- 2021.- 11 dekabr.- S.17.