Akademik
Kamal Abdulla: "Azərbaycanda klassik dilləri
bilən mütəxəssislərə ehtiyac var"
Xalq yazıçısı, akademik Kamal Abdulla
ömrünün kamillik dövrünü yaşayır. Rəhbərlik
etdiyi Azərbaycan Dillər Universitetində tələbələrinin
etibarlı dayağıdır, gözəl pedaqoqdur. Məhsuldar elmi və ədəbi
yaradıcılığını əzmlə davam etdirən
akademik Kamal Abdulla, həmçinin, dilçiliyimizin və ədəbiyyatımızın
bugünkü vəziyyəti ilə bağlı silsilə
ictimai mühazirələr oxumağa hazırlaşır.
Bu yaxınlarda isə görkəmli alim Türk Ədəbiyyatı
Vəqfi tərəfindən 2021-ci il
üçün "Yaşayan Dədə Qorqud"
mükafatına layiq görülüb. AZƏRTAC
akademik Kamal Abdulla ilə müsahibəni təqdim edir.
***
- Rektoru
olduğunuz Azərbaycan Dillər Universitetinin ölkəmizin ali təhsil sistemində xüsusi yeri var.
Keçən il Sizinlə müsahibəmizdə klassik dillərdən
tərcüməçiyə ehtiyac olduğunu demişdiniz. Hazırda bu sahədə mütəxəssis
hazırlığı nə yerdədir?
-
Çox maraqlı sualdır və mən bu barədə
öz fikirlərimi dəfələrlə demişəm. Hələ Elmlər Akademiyasında da
çalışdığım zaman çox istədim ki, Azərbaycanda
dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfə,
tarix və bir sıra başqa istiqamətlərdə olan bir
boşluğu həmkarlarımın, mənimlə
düşüncəsi bir olan mütəxəssislərin
yaxından iştirakı ilə doldurum. O boşluq Azərbaycanda
indiyə qədər ciddi şəkildə klassik dillərin
öyrənilməsi məsələsinin ortaya
çıxmamasından yaranmışdı. Klassik dillər
deyəndə adətən indi işlənməyən dillər,
məsələn, sanskrit, latın, pəhləvi,
qədim yunan və bir sıra başqa dillər nəzərdə
tutulur. Bunları öyrənmədən
müasir dillərin öyrənilməsi tam və dolğun
şəkildə aparıla bilməz. Deyə
bilərsiniz ki, bəs necə olur bizdə müasir dilləri
öyrənmiş şəxslər yetişir? Yetişir. Amma alimlik yoluna
düşüncə o dillərin öyrənilməməsi
müəyyən sahələrdə özünü göstərir.
Təəssüf ki, Azərbaycanda bu dilləri
ciddi şəkildə bilən mütəxəssislər
yoxdur. Biz düşündük ki, xaricdən
bu dilləri bilən mütəxəssisləri Azərbaycana
cəlb edək və yaxud o dilləri öyrənmək
üçün həmin ölkələrə adamlar göndərək.
Təəssüf ki, bu işlərin
hamısı yarımçıq qaldı. Bu proses mən
Dillər Universitetində çalışdığım
müddət ərzində həyata keçirilməyə
başladı. Biz Hindistan, Pakistan, Yunanıstan,
hətta Rumıniya universitetləri ilə əlaqəyə
girdik ki, həmin dillərin mütəxəssislərini
universitetimizə göndərsinlər. Bizə
müsbət cavablar verildi. O dərslərin burada tədrisi
yəni ki, tez bir zamanda başlayacaq. İnanıram
ki, biz klassik dillərin, ilk növbədə, sanskritin və
latıncanın Azərbaycan humanitar elminə böyük bir
dəstək olmalarına nail olacağıq.
-
Müasir texnologiyalar tələbələr üçün
də yeni imkanlar yaradır. Onlar dillərin tədrisi
ilə bağlı internetdə mənbələr əldə
edə bilirlər. Azərbaycan Dillər Universiteti ali təhsil sahəsində müasir
çağırışlara necə cavab verir?
- Fikrimcə,
universitet bir tələbənin püxtələşməsi,
onun mütəxəssisə çevrilməsi
üçün heç də bütün işləri
görə bilməz. Burada tələbənin də
öz üzərində çalışması
lazımdır. Hər tələbənin
öz "universitetləri" olmalıdır. Qorkinin məşhur əsəri var - "Mənim
universitetlərim". Yəni insan öz
üzərində çalışmağı, öz
universitetini yaratmağı bacarmalıdır. İndiki
halda universitet tələbənin o
çalışmalarının bünövrəsini yarada bilər,
onun möhkəm dayaq nöqtəsi ola bilər.
Əlbəttə ki, internet də çox
şeyi əvəz edir, amma hər şeyi əvəz edə
bilməz. Sən gərək kitabı da vərəqləyəsən,
səhifənin gərək mənəvi hərarətini
duyasan. Belə olmayanda bəlkə də o internetdən
olan bilik kifayət qədər adekvat şəkildə sənin
ümumi bacarığına, vərdişlər sisteminə
daxil ola bilmir. Ona görə
interneti, kitabxanadan kitab götürməyi, dükandan kitab
almağı, evdəki kitabxanadan istifadə etməyi birləşdirməyi
bacarmaq lazımdır. Biz universitetimizdə
belə bir ənənənin əsasını qoymuşuq.
I kurs tələbələri aldıqları hər
hansı kitabın çekini universitetə təqdim etdikdə
onun pulunu ödəyirik və o kitab universitet tərəfindən
həmin tələbəyə bağışlanmış
sayılır. Məqsədimiz odur ki, hər
tələbənin öz şəxsi kitabxanası
formalaşsın.
- ADU beynəlxalq
əlaqələrində hansı ölkələrə
üstünlük verir?
- Burada
hansısa ölkəyə üstünlük verilib-verilməməsindən,
elə bilirəm, söhbət gedə bilməz. Dillər Universiteti hələ Sovet dövründən
Avropanın üç əsas aparıcı dili - ingilis, fransız,
alman dilləri üzərində qurulmuşdu. Müstəqillik isə universitetə başqa dilləri
də seçmək imkanı yaratdı. İndi
bizdə 20-dən çox ixtisas dili tədris olunur. Bu sıraya Skandinaviya ölkələrinin dilləri,
Yaponiya, Koreya, İndoneziya, Rusiya, Gürcüstan, İtaliya,
Çin, İspaniya və başqa ölkələrin dilləri
daxildir. Sanskrit, qədim yunan, yaxud latın
dilləri də əlavə olunanda siz müstəqillik
düşüncəsinin verdiyi o rəngarəngliyi görə
biləcəksiniz.
Ölkələrə
üstünlük verilməsi deyəndə, lap
axırıncı işimiz dostluq və qardaşlıq
nöqteyi-nəzərindən vacib olan ölkələrdən
birinin Pakistanın urdu dilinin öyrənilməsidir.
Universitetimizdə bu məqsədlə Pakistan
dil və mədəniyyət mərkəzinin
açılışı yüksək səviyyədə
keçirildi. Bizim təklifimizə əsasən,
Pakistan Xarici Dillər Universitetində də Azərbaycan dili və
mədəniyyət mərkəzi açılacaq. Mən buna çox sevinirəm, çünki
Pakistanın bizim haqq işimizdəki rolunu hamımız
yaxşı bilirik və bu nöqteyi-nəzərdən
Pakistan gəncliyi və elmi ilə Azərbaycan gəncliyi və
elmi bir-birinin yanında olsa, bundan yalnız fayda qazanmaq olar.
- Distant təhsilə
münasibətiniz...
- Təhsilin
formalarından biridir. Lakin təhsilin
bütün növlərini, dayaq nöqtələrini onun
üzərində qurmaq bəlkə düzgün olmazdı.
Distant da ola bilər, canlı da ola bilər.
Bunları bir-biri ilə çalışıb
üzvi şəkildə birləşdirmək
lazımdır. Elə məqamlar olur ki,
burada distant şəkildə məsələni həll etmək
mümkün olmur. Yəni sən hökmən
tələbənin gözünə baxmalısan, üzünə
baxmalısan. Onun bilik həcmini və bilik
dərəcəsini müəyyənləşdirməlisən.
Elə də olur ki, bunun əhəmiyyəti
olmur və sən tələbəyə hər hansı bir
biliyi uzaqdan ötürə bilirsən. Başqa
formalar da var. Məsələn, biz alışmışıq
ki, bir nəfər mühazirə oxuyur, xeyli nəfər də
qulaq asır. Mən Strasburq Universitetində
mühazirə deməyə dəvət olunmuşdum. Mühazirəyə fransız dilinə tərcüməçimlə
qoşuldum. Bu, görkəmli fransız
türkoloqlarından biri idi. Bir də
gördük ki, mənim mühazirəm bizim ikimizin bir-biri ilə
söhbətinin əsasında keçir. Yəni
biz bir-birimizlə mübahisə edə-edə nəyisə
sübut edirdik, izah edirdik, tələbələr də bu
prosesə qoşulurdular. Bu cür tədris
formatından mən də, digər iştirakçılar da
böyük mənəvi zövq aldıq.
Distant təhsilə normal baxıram. Amma bu o demək
deyil ki, pandemiyadır, biz ancaq onlayn təhsil sistemində
yaşamalıyıq. Müxtəlif
formalar bir-birini tamamlaya bilər.
-
Universitetinizdə özünüidarə forması -
"Birgünlük xəlifə" mövcuddur. Elə
olubmu ki, "Bir günlük xəlifə"nin
qəbul etdiyi qərar sonralar da universitetin idarə edilməsində
tətbiq olunsun? Yəni tələbələrin
qəbul etdiyi qərar yaxşı bir nümunə kimi
universitetdə həyata keçirilsin?
- Bu layihəni
mən Bakı Slavyan Universitetində
çalışdığım zaman həyata keçirməyə
başladım. Tələbələr son dərəcə
ciddi hazırlaşırdılar həmin günə. Dillər Universitetində də çox sevindim ki, tələbələrim
mənim bu ideyama səs verdilər və layihəni həyata
keçirməyə başladıq. Bu
yaxınlarda son "xəlifə"lər artıq
seçiliblər və fəaliyyət göstərəcəklər.
Heç bir vəzifəli şəxs bu prosesə
qatıla bilmir. Tələbələr
özləri seçir, bir-biri ilə debata girirlər.
Bir-birinə, xüsusilə də tələbələrə
sübut etməyə çalışırlar ki, sən səsini
mənə ver. Bax, belə bir ciddi prosesdən sonra rektor,
prorektorlar, dekanlar, şöbə müdirləri seçilir
və həmin gündən sonra ilboyu "kölgə
kabineti" kimi fəaliyyət göstərirlər, təkcə
bir günlə kifayətlənmirlər. Universitetin
ictimai, tədris həyatında yaxından iştirak edirlər.
Bu, gənclərin formalaşması
üçün xüsusi əhəmiyyət
daşıyır. Həmin gündən
sonra rektoratda, yaxud elmi şurada biz o tələbələrin
verdikləri əmrləri hökmən müzakirə edirik.
Adətən, 40 əmrdən bəlkə də
35-36-sını təsdiq edirik. Bəzən
verilən qərarlar maliyyə tərəfi nəzərə
almır. Bəzən subyektivizmə yol
verilir. Biz bunları tələbələrə
izah edirik və onlar bizimlə razılaşırlar. Yəni, konsensus olmadan biz o əmrin üstündən
keçmirik. Tələbələr son dərəcə
ağıllı, düşünülmüş qərarlar
verirlər. Mən sevinirəm ki, onlar bizim
görə bilmədiyimiz, bizim etməyi belə çətin
ağlımıza gələn məsələləri ortaya
atırlar. Bizdən daha uzağı
görürlər və onu universitetdə həyata
keçirmək istəyirlər. Ən
azından buna cəhd edirlər.
- Azərbaycan
Dillər Universiteti məzunların iş probleminin həllinə
nə kimi dəstək göstərə bilir?
- Bizdə
karyera ilə məşğul olan qurum var. Elə tələbə
var ki, universiteti bitirib. Amma ya zaman keçir, ya
da bu gün işləmək istədiyi yerdə tələb
olunan biliyi vaxtilə universitet ona tam verə bilməyib.
O, universitetə qayıdıb dil biliyində olan hansısa boşluğu
doldura bilir. Struktur belə qurulub ki, dillə,
yaxud başqa fənlərlə bağlı çətinliyi
varsa, biz ona kömək edirik. Bəzən
isə tələbələrimiz IV kursdan təcrübəyə
gedir, elə çox zaman orada da işə
götürülürlər. Bu gün o qədər
istedadlı gənclər yetişib ki, təkcə dili bilməyinə
görə deyil, ümumiyyətlə, həyat hadisələrinə
münasibətinə görə, azərbaycanlılıq
anlayışının bunlarda hakim olmasına və digər
müsbət keyfiyyətlərinə görə onları hələ
tələbə ikən işə dəvət edirlər.
-
Keçən il Azərbaycan Dillər
Universiteti də Vətən müharibəsini yaşadı.
Eyni zamanda, xalqımızın haqq səsinin dünyaya
çatdırılmasında ADU-nun kadr potensialı, xüsusən
dil baxımından, daha çoxdur...
-
Universitetimiz öz potensialından, deyərdim ki, tam şəkildə
istifadə etməyə çalışdı. Bilirsiniz ki, Azərbaycan
həqiqətlərini dünya xalqlarına, cəmiyyətlərə,
ölkələrə, ölkələrdəki qurumlara
çatdırmaq o qədər də asan iş deyil. Bizim həqiqətimizə
inananlar da var, inanmayanlar da var. Bilib inanmayanlar da var, bilməyib
inanmayanlar da var. Biz Azərbaycan həqiqətləri ilə
bağlı 104 ölkəyə 22 dildə 4610 məktub
göndərdik. Hətta bir çox cavablar da gəldi.
Məsələn, Fransa Senatından, İtaliya universitetlərindən,
Rusiyadan cavablar gəldi. Əlbəttə ki, bu
həqiqətlərin çatdırılmasının müəyyən
psixoloji məqamı da var - müraciətlər onların
dillərində edilirdi. Bunun da öz əhəmiyyəti
var idi.
Bizim üç şəhidimiz var. Bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirəm. Universitetimizdə tələbəmiz
olmuş şəhidlərin adına
üç auditoriya var.
-
Keçən il Azərbaycanda Peşəkar
Tərcüməçilər Assosiasiyası yaradılıb
və Siz bu barədə AZƏRTAC-a açıqlama da
verdiniz. Hazırda Assosiasiyanın fəaliyyəti
nə yerdədir?
- Bizdə
tərcümə işi pis deyil. Tərcümə
fakültəsi də var. Başqa peşəkar tərcüməçilərimiz
var ki, bu istiqamətdə fəaliyyət göstərirlər.
Amma bütün bunlar bir sistem daxilində
olmalıdır. Yəni bu gün Azərbaycan
ədəbi məfkurəsinə, Azərbaycan ədəbiyyatı
ilə, dünya ədəbiyyatı ilə məşğul
olanlara hansı əsərlər, hansı ölkə
yazıçılarının əsərlərinin tərcüməsi
lazımdır, yaxud bizim hansı əsərləri hansı
ölkələrdəki auditoriyalara çatdırmaq
lazımdır kimi suallara cavab vermək asan deyil. Biz
çoxdan hazırladığımız "Azərbaycan tərcümə
ensiklopediyası"nı nəhayət
ki, çap etdik. Əlbəttə ki, bu, birinci
işimiz idi və burada müəyyən nöqsanlarımız
da yox deyildi. Biz bunu dəfələrlə
mütəxəssislərimizlə müzakirə etdik və
düzəldilmiş, tamamlanmış ikinci nəşri
artıq hazırlamışıq. Bu mənada
Tərcüməçilər Assosiasiyasının bizim nəşriyyatlarımız,
universitetlərimiz ilə birgə fəaliyyəti çox
vacibdir. Onu da etiraf edim ki, pandemiya olduğu
üçün Assosiasiya bütün gücü ilə fəaliyyət
göstərə bilməmişdir. Amma Azərbaycan
dilindən və Azərbaycan dilinə olan tərcümələrin
sistemli mənzərəsini vermək, sistemli şəkildə
bu işə girişmək son dərəcə vacibdir. Dillər Universitetindəki tərcüməçilərin,
peşəkar mütəxəssislərin fikrincə, biz bunun
öhdəsindən gələcəyik.
- Siz alim
və yazıçı olaraq
yaradıcılığınızın ən yüksək
zirvəsindəsiniz. Azərbaycan elminin və ədəbiyyatının
bu gününü Xalq yazıçısı və akademik
Kamal Abdulla necə qiymətləndirir?
- Mən
belə deyərdim: daha yaxşı ola bilərdi.
Bütün elmlərlə bağlı fikir
söyləməyə mənəvi səlahiyyətim
çatmaz. Amma dilçilik və ədəbiyyatşünaslıq
haqqında bunu deyə bilərəm. Bizim
dilçiliymizdə müəyyən böhran baş verir.
Böhran onunla bağlıdır ki, ciddi və
dərin əsərlər işıq üzü
görmür, yaxud diqqətdən kənarda qalır.
Akademiyada mən çalışarkən biz
dilçiliklə, Dilçilik İnstitutunun fəaliyyətinin
yenidən qurulması ilə bağlı bölmədə
müxtəlif tədbirlər keçirir, alimlərlə,
deputatlarla, adi vətəndaşlarla, əməkdaşlarla
söhbətlər aparırdıq. Bu, silsiləli və
sistemli şəkildə həyata keçirilirdi və yəqin
ki, o söhbətlərdə iştirak edənlər bunu
gözəl xatırlayırlar. O zaman doğrudan da
çox ciddi nəticələrə gəldik. Həmin
nəticələr bu gün Dilçilik İnstitutunun
strukturunda özünü göstərir. Təəssüf
ki, ancaq strukturun adında. Məsələn,
Monitorinq şöbəsi yaradıldı ki, bu, Azərbaycanda
dil situasiyanı tənzim etməli idi. Bilirik
ki, müxtəlif rayonlarda, şəhərlərdə dildən
doğru-düzgün istifadə edilməyən hallar var.
Monitorinq qrupunun üzvlərinin o rayonlara gedib yerindəcə
vəziyyəti öyrənib təkliflərini verməsi nəzərdə
tutulurdu. Rayondakı təşkilatlarla
müqavilələr bağlanılmalı idi, instituta maliyyə
vəsaiti gəlməli idi. Çox cəhd
etdim, kömək göstərdim ki, bu, həyata keçsin,
lakin həyata keçirilmədi. Nə
üçün? Onun öz səbəbləri
var. Yeri gələndə mən onların hamısı barədə
ayrıca danışa bilərəm. İnstitutda
qədim dillər şöbəsi yaradıldı, amma
şöbənin fəaliyyəti qənaətbəxş
deyil. Bir qədər əvvəl qeyd etdim: buraya sanskrit dilini, latın dilini bilənlər gələcək.
Mən çox istərdim ki, latın
dilini bilirəm, sanskriti, etrusk dilini, italyan dilini bilirəm,
"filan dilləri bilirəm" deyənlər həmin o
mütəxəssislərin yanında sözlərini desinlər.
Ciddi elm, ciddi dilçilik bir az
başqadır. Bu adamların
düşündükləri deyil. Biz o
zaman bunun üçün əlimizdən gələni etdik.
Biz o zaman bölmədə çox
çalışdıq qədim dillər öyrənmək məqsədilə
xaricə adamlar göndərək. Alınmadı.
Mən orada işlədiyim hər günün,
hər saatın hesabatını verməyə hazıram.
Mənə elə gəlir ki, indi də gec deyil
və biz Azərbaycanın ciddi alimləri ilə bir yerdə
hamımız əl-ələ verib bu boşluqları, bu
çatışmazlıqları doldura biləcəyik.
- Biz
bilirik ki, Siz dilçilik və mifologiyanın
qovşağında olan hadisələrin tədqiqinə önəm
verirsiniz. Bununla bağlı gələcək
planlarınız barədə danışardınız.
-
Doğrudur, mən son zamanlar belə bir maraqlı istiqamətdə
çalışmağa cəhd göstərirəm. Mifoloji dilçilik -mifolinqvistika adlanan bu sahə Azərbaycan
dilçiliyində, belə demək olarsa, yeni bir sahədir.
Adda-budda şəkildə buna müraciət edənlər
yəqin ki, olub. Amma sahə kimi, istiqamət
kimi bu, yenidir. Mənə elə gəlir
ki, bunların qovşağında baş verən proseslər
həm müasir dilimizin, həm dil tariximizin, həm də fəlsəfənin
və semiotikanın bir çox məsələlərini
açıb üzə çıxarmağa bizə imkan verəcək.
Bir nümunə gətirim. Azərbaycan
dilində belə bir ifadə var: "De görüm".
"Kitabi-Dədə Qorqud"da da bu ifadə belə işlənib:
"De, bakalım, nə dersən". İndi
mən sual vermək istəyirəm. Deyiləni
necə görə bilərsən? Sən
axı "de görüm" deyirsən. Yəni de, mən də onu görüm. Bax bu, mifoloji cəhddir.
Bizdə çox vaxt özü barədə deyirlər ki, dil tarixçisiyəm. Füzulinin, Dədə Qorqudun dilindən yazan dil tarixçisi ola bilməz. Dil tarixçisi dillərin ədəbiləşməsindən əvvəlki dövrün dil hadisələrini və qanunauyğunluqlarını öyrənən bir mütəxəssisə deyilə bilər. Dil tarixçisi bədii-ədəbi mətnlə əlimiz çatmayan yerin tarixçisidir. Bax, haman o dövrdə sözü görüblər. Söz mifoloji personifikasiya olunmuş şəkildə mövcud olub. Söz gəlib, söz gedib, söz hərəkət edib. Dədə Qorqudda belə bir ifadə var: "Qarşı yatan qara dağ". Dağ yatar? Bax, bunun adına XIX əsr dilçiliyində "dil xəstəliyi" deyilib. Dil "xəstə" olub ki, gücü çatmayıb "qarşıda duran qara dağ, ala dağ" desin, çünki o "durmaq" sözü hələ kəşf olunmayıb. Mənim aləmimdə belə maraqlı məsələlər bizə həm müasir dilimizin bəzi məsələlərini daha dərindən bilmək imkanı yaradır, həm də dil tariximizin. Çünki biz həmin dil tarixinə hələ çox nadir hallarda gedib çıxmışıq. Təkcə Vaqifin dilindən yazmaqla dil tarixçisi olmur. Vaqifin dilini Dədə Qorqudun dili ilə müqayisə edərkən, bəli, biz dil tarixçisinə çevrilirik. Dədə Qorqud dövrünün insanları olan qədim oğuzlar qarşıdakı dağın həqiqətən yatdığına inanıblar. İnanıblar ki, o dağ nə zamansa ayılacaq. Həmin istiqamətdən yanaşanda biz yatan dağın oyanışına inanan insanı, sonra yatan dağın oyanışına inanmayan insanı görürük, bu zaman onu bir ədəbi-bədii fiqur kimi, metafora kimi qəbul edirik. Metaforadan əvvəl isə biz onu müstəqim şəkildə qəbul edirik. Dağın yatdığına inanan insan olub ki, bunu elə belə də deyib. Bax, bu mifoloji dərinlikləri dildən tut budağından tutları çırpan kimi silkələyib çırpmaq lazımdır. İdeyalar çoxdur, söhbətlər də tükənməzdir.
Eyni zamanda, mən mifolinqivistika ilə yanaşı, həm də dilçiliyimizlə bağlı, dilçiliyimizin bugünkü vəziyyəti ilə, ədəbiyyatımızın vəziyyəti ilə bağlı silsilə ictimai mühazirələr oxumağa hazırlaşıram.
525-ci qəzet.- 2021.- 11 dekabr.- S.16;17.