BURSADA KİTAB SƏRGİSİ  

 

Dekabrın 2-dən 12-dək Bursada İkinci Kitab Sərgisi keçirildi. Bu səfərdə xarici fəxri qonaq kimi Azərbaycanı mən təmsil edirdim.

Ayın 1-də səhər saat 4-də (vaxta baxın da!) Türk hava yollarının uçağıyla Heydər Əliyev hava limanından hərəkətə başladıq. Təyyarə uçuş zolağında büdrəyə-büdrəyə irəliləyirdi. Sonra sanki nəfəsini dərib bir həmlədə yerdən qopdu. Elə təyyarədəcə ilk səfər qeydlərimi etməyə başladım. Təyyarə ara-sıra göydə də çalxalanırdı. Buna turbavalentlik deyirlər. Elə bil səmada da çala-çuxurlar var. Amma qorxu yoxdu, sanki (yenə sanki!) səni rahat beşikdə yırğalayırlar. İki saatdan sonra yerə endik. Səmadan enib yerlə irəliləyən təyyarə nədənsə mənə sudan çıxıb quruda sürünən nəhəng timsahı xatırladır.

Səbihə Gökçən hava limanında məni Bursa Bələdiyyəsi Mədəniyyət idarəsinin əməkdaşı Fəxrəddin Öztürk qarşıladı. Bir gün İstanbulda qalandan sonra ayın 2-də səhər avtomobillə Bursaya yollandıq. Yol boyu söhbətlərindən Fəxrəddin bəyi daha yaxından tanıdım. Mükəmməl filoloji təhsil almış 57 yaşlı Fəxrəddin dörd tarixi romanın müəllifiymiş. M.Fatih Öztürk imzasıyla nəşr etdiyi romanlarından biri - "DM 357" adlı əsəri (bu, hərbi gəminin adıdır) mənim nə yazıq ki, indiyədək bilmədiyim bir real hadisəyə həsr olunub. Demə, 1992-ci ildə NATO hərbi təlimlərində ABŞ-ın uçaq gəmisindən atılan iki raketlə səhvən (bilmirəm burda "səhvən" sözünü dırnaq arasındamı yazmaq lazımdır?) Türkiyənin "DM 357" hərbi gəmisi vurulub. Gəmi ciddi zədələnib, bir neçə dənizçi yaralanıb və şəhid olub. Olaydan dərhal sonra ABŞ Türkiyədən rəsmi şəkildə üzr istəmiş, təzminat ödəmişdi. Təbii ki, heç bir təzminat şəhidləri həyata qaytarmayacaq, heç bir üzrxahlıq bu faciəni türk xalqının yaddaşından silə bilməycək.

Müəllif romanını maraqlı bir şəkildə qurub. Kitabın bir qismi vurulan gəminin dilindən danışılır. Gəmi dilə gələrək yaranmasından məhvinə qədər bütün həyatını poetik şəkildə ifadə edir. Romanın sonrakı bölümlərində müəllifin görüşdüyü real adamların - gəmi kapitanının, dənizçilərin söhbətləri əsas götürülür. Əsərə ön söz yazan Meftin Durman qeyd edir ki, bu kitab roman tərzində olmasına rəğmən, olayın qəhrəmanlarına duyulan sayğı və adlarının unudulmaması üçün gerçək isimləri verilib, rəsmi sənədlərdən istifadə olunub.

 

 

 

Fəxrəddin bəyin tanış olduğum ikinci romanı "Bin 900 yetmiş 4" adlanır. Adından bəlli olduğu kimi, əsər 1974-cü ilin Kipr hadisələrinə həsr edilib. Bu əsər də hadisələrin bilavasitə iştirakçılarıyla söhbətlər əsasında qələmə alınıb.

Vaxtilə Milli Məclisin bir qrup deputatıyla birlikdə Kiprə getmişdik. Bizimlə görüşdə Quzey Kipr Türk Cümhuriyyətinin o vaxtkı Prezidenti Rauf Denktaşın söhbətini xatırlayıram. Kiprdə qara polkovniklər xuntası çevriliş edərək hakimiyyəti ələ keçirmiş, adanın türk əhalisinə qarşı soyqırıma başlamışlar. Adada olarkən toplu türk məzarlıqlarını - qətliam qurbanlarının qəbirlərini öz gözümüzlə gördük. O vaxt Ankaranın Bülənd Ecevit hökumətiylə sirr kimi saxlanılan gizli anlaşmayla adaya Türkiyənin silahlı qüvvələri gəlməliydi və xalqı məhv olmaqdan xilas etməliydi. Kiprlə Türkiyənin saat fərqləri olduğu üçün müəyyən olunmuş vaxta uçaqların görünməməsi məsələdən agah olan Kipr rəhbərlərini təşvişə salıbmış. Bəlkə gecəynən Ecevit fikrini dəyişib, ya onu qərarını dəyişməyə məcbur ediblər. Amma erkən sübh çağı üfüqdə türk uçaqları görünəndə arxayınlaşıblar ki, Kipr türkləri xilas oldular.

Hər zaman ikili standartlarla davranan Qərb ictimaiyyəti indiyədək adadakı türklərin soyqırımından deyil, Türkiyənin "təcavüzündən" əndişələnir.

Bütün bu hadisələr da Fəxrəddin bəyin kitabında bədii şəkildə əks olunub. İndi, türk xalqlarının bir-biriylə daha da yaxınlaşdığı zaman, mənəvi, tarixi, ədəbi əlaqələrimizin daha da möhkəmlənməsi şəraitində bu kitabların Azərbaycanda da nəşr edilməsi çox faydalı iş olardı.

Kitab sərgisi dekabrın 3-də Bursanın möhtəşəm Atatürk kültür mərkəzində açıldı. Açılışda Bursa Bələdiyyə başqanı Alinar Aktaş, sabiq Dövlət bakanı Mehmed Aydın və mən çıxış etdik. Mən çıxışımda:

- İkinci vətəniniz Azərbaycandan ikinci vətənimiz Türkiyəyə salamlarımızı, sevgimizi və sayğımızı yetirirəm, - dedim. - Mən Türkiyədə dəfələrlə olmuşam. Amma son otuz ildə ilk dəfə bu qardaş ölkəyə başımı dik tutaraq gəlirəm. Çünki Türkiyənin mənəvi dəstəyiylə müzəffər Azərbaycan Ordusu otuz illik işğaldan sonra doğma torpaqlarımızı azad etdi. Ölkəmizin ərazi bütovlüyü bərpa olundu. Sizləri Qarabağı, Şuşası azad olunmuş Azərbaycanımıza dəvət edirəm.

Açılışdan sonra sərgini gəzirik. Yüzlərlə nəşriyyatın çap etdiyi bir-birindən maraqlı minlərlə kitabdan adamın gözü qamaşır. Hamısını da olmasa bir qismini almaq, oxumaq istəyirsən. Heyhat! Buna ömürmü çatar?

Azərbaycanlı tələbələrlə görüşürəm. Bəlli olur ki, Bursanın iki Universitetində mindən çox azərbaycanlı tələbə təhsil alır. Onların arasından sərgiyə gəlmiş on-on beş gənc oğlanlar və qızlar söhbətləriylə, sayğılı davranışlarıyla, səmərəli fəaliyyətləriylə xoş təsir bağışlayırlar. Vətənimizə, ədəbiyyatımıza doğma münasibətlərinə görə qürur duyuram. Azərbaycanın sağlam, məğrur, bilikli və işıqlı gələcəyi məhz bu sayaq gənclərlə bağlıdır. Lətifə adlı tələbə qız Azərbaycan tələbələr dərnəyinin rəhbəridir. Görüşdə iştirak edən, anam tərəfdən qohumumuz Xəndan xanım da bu tələbələrlə irtibat qurur.

Sovet reijmi Rəfibəylilər nəslini doqquz dəfə sürgünə yollamışdı. Bolşevik əsarətindən canını qurtara bilən qohumlarımızın bir qismi Türkiyəyə keçə bilib, bu ölkəyə sığınıblar. Sovet İttifaqında qalmış qohumlarına daha çox ziyan vurmamaq üçün Türkiyədəki Rəfibəylilər üç müxtəlif soyadı qəbul ediblər: Arran, Sayqın, Əsgəran. Arran mənim rəhmətlik dayım Kamil bəyin və övladlarının soyadıydı. Qaffar bəy Rəfibəyli Əsgəranda ermənilərlə vuruşduğu üçün Əsgəran soyadını qəbul etmişdi. Onun oğlu Çingiz bəy və övladları Əsgəran soyadını daşıyırlar. Rəhmətlik Çingiz bəyi mən də tanıyırdım, görüşmüşdük, həkim idi. Uzun illər çalışdığı Karsda adına küçə var. Çingiz bəyin bir qızı Nəzrin xanım (Cəmil Unalın həyat yoldaşı) Ankarada yaşayır, iki digər övladı Xəndan xanım və İlhami isə bursalıdırlar. Bursaya ayaq basdığıım andan bir tərəfdən Bələdiyyənin əməkdaşları Fəxrəddin bəy və Nuray xanım Çevik, o biri tərəfdən də Xəndan xanım və İlhami diqqət və qayğılarını məndən əsirgəmirdilər. Türkiyədə doğulub ömür sürmələrinə baxmayaraq, başqa qohumlarımız kimi Xəndan xanım və İlhami də Azərbaycan sevdalılarıdır, dədə-baba yurdlarının qayğılarıyla və sevincləriylə yaşayırlar. Xəndan xanım Bursadakı azərilərin toplandığı dərnəyin rəhbəridir. Bursada müalicə olunan qazilərimizlə daima təmasdadır.

Azərbaycanlı tələbələrlə və Xəndan xanımla qərara gəldik ki, səhərisi gün xəstəxanada müalicə olunan 14 qazimizi ziyarət edək. Nə yazıq ki, niyyətimiz baş tutmadı. Elə səhərisi gün xəstəxanada ongünlük karantin elan olundu.

Tələbələrlə görüşdən sonra sərgidə mənim çıxışım və mətbuat konfransı nəzərdə tutulmuşdu. Çıxışımda sərgiylə bağlı kitabın əhəmiyyətindən danışdım. Dedim ki, yaşadığımız zamanda kitaba düşmən kəsilməsə də hər halda ciddi rəqib olan TV kanalları və internet gənc nəsilləri kitabdan - mədəniyyətin bu böyük töhfəsindən uzaqlaşdırır. L.Tolstoyun romanı əsasında müxtəlif ölkələrdə çəkilmiş "Hərb və sülh" filmləri, yaxud Rəşad Nurinin "Çalı quşu", Xalid Ziyanın "Eşqi məmnu" romanları motivləriylə ekranlaşdırılmış seriallar nə qədər cazibədar olsalar, belə, bu əsərlərdən kitab şəklində aldığın zəngin təəssüratı və yüksək zövqü ala bilmirsən.

Çoxsaylı suallara cavab verərək 44 günlük zəfər savaşımızdan, Prezidentimizin - Ali Baş Komandanın bu zəfərimizdə müstəsna rolundan danışdım. Çağdaş ədəbiyyatımız, Yazıçılar Birliyinin fəaliyyəti haqqında suallara ətraflı cavablar verdim. Nazım Hikmət və Nəcib Fazil Qısakürək barədə suala cavab olaraq dedim ki, hər ikisi sevdiyim böyük şairlərdir, hərəsinin türk ədəbiyatında öz yeri var və onları qarşı-qarşıya qoymaq düz deyil.

Sərgidə Ankaranın Bəngu nəşriyyatının guşəsi vardı və bu guşədə həmin nəşriyyat tərəfindən basılmış üç kitab da satılırdı: mənim "Kərəm kimi Nazım Hikmət", "Nəzər boncuğu" ("Göz muncuğu") və Pərvinin "Anar dünyası" kitabları.

Çox xoş idi ki, bunlardan başqa, sərgiyə gələnlərin bəziləri mənim son illər başqa nəşriyyatlarda çıxmış kitablarımı də gətirib imzaladırdılar: "Ağ qoç, qara qoç", "Sıra Səlvilərdə otel odası", "Bir fürsət bulsam" ("Macal"), "Dantenin ¼ubileyi" kitablarımı, hətta tərtib etdiyim "Min ilin yüz şairi" antologiyasını imzaladıb alırdılar. Bu, əlbəttə, müəllif kimi məni sevindirməyə bilməzdi, amma eyni zamanda, ədəbiyyatın çətin yolları və ədiblərin müşgül taleləri haqqında da düşünməyə vadar edirdi. Düşünürdüm ki, həmin bu Bursada, bu gözəl Bursada, bu yaşıl Bursada Nazım Hikmət neçə il həbsxanada yatıb və budur vətən həsrətiylə başa vurduğu ömrü bitəndən sonra, ölümündən neçə il keçəndən sonra onun haqqında yazılmış kitabı bursalı yeni nəsillər alıb oxuyur.

Nədən öz xalqına, dilinə, ədəbiyyatına misilsiz xidmətlər göstərmiş, millətinin adını ucaltmış insanlar sağlıqlarında bəzən ağır əzablara düçar olur, nadan hücumlarının hədəfinə çevrilirlər? Böyüklüklərinin təsdiqi üçün ölmələri mütləqdirmi?

Bursanın nişanələrindən, dəbdə olan sözü işlətsək, "brendlərindən" biri də Uludağ ətəklərində ucalan 600 yaşlı çinardır. On nəfər əl-ələ tutsa, bu çinarın gövdəsini qucaqlaya bilməz. Budaqları da ilan kimi qıvrıla-qıvrıla bir meydanlıq kölgəlik salır.

Görəsən, məhbus Nazım Hikmət həbsxanadan həbsxanaya atılarkən bu ulu çinarı görə bilmişdimi?

7 dekabr 2021

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

525-ci qəzet.- 2021.- 11 dekabr.- S.12.