Ramil Səfərovun
ekstradisiyası: Bu necə olmuşdu?
(Əvvəli ötən şənbə
sayımızda)
Həmin gecə nələr baş vermişdi? Təbii ki,
macar xüsusi xidmət orqanlarının mətbəxinə bələd
olmadığımdan bu barədə dəqiq təsəvvürüm
yox idi. Yalnız sonradan eşitdiklərimə
əsaslana bilərəm. Birgə iş zamanı
dostlaşdığım polkovnik Arpad Nad
danışırdı ki, avqustun 30-dan 31-nə keçən
gecə Antiterror Mərkəzinin əməkdaşları
peşə həyatının bəlkə də ən səksəkəli
vaxtlarından birini yaşamışdılar.
Dediyinə görə, məhbusun həbsxanadan aeroporta gətirilməsi
əməliyyatına 25 avtomobil və 50 nəfərdən
çox əməkdaş cəlb olunmuşdu. Ən incə
məqamlarına qədər düşünülən
bütöv ssenari hazırlanıb həyata
keçirilmişdi. Gecə yarısı
maşınların bir hissəsi Kozma həbsxanasına, oradan
da Budapeşt aeroportuna yollanmışdı. Bununla da məhbusun guya hava limanına
aparıldığını imitasiya etmişdilər.
Əvəzində başqa bir dəstə az
sonra Ramil Səfərovu Antiterror Mərkəzinə gətirmişdi.
Səhər saat 5-də digər qrup əməkdaşlar
boş maşınlarla Kozma həbsxanasına
qayıtmış, onların həmkarları isə məhbusla
birlikdə Antiterror Mərkəzindən Keçkemetə, NATO
aerodromuna yollanmışdılar. Bütün
bu mürəkkəb əməliyyat sistemi ermənilərin,
yaxud onların sifarişi ilə hərəkət edə biləcək
qərəzli qüvvənin mümkün təxribat
ehtimallarını önləmək üçün həyata
keçirilmişdi. ASALA silahlıları
dünyanın bir sıra şəhərləri ilə
yanaşı, 1991-ci ildə Budapeştdə də türk səfirinə
qarşı terror aktı törətdiyi üçün
xüsusi xidmət orqanları işlərini son dərəcə
ehtiyatlı tutmuşdular.
Beləcə, xəyallara gəlməyən ekstradisiya
gerçəkləşdi. Diplomatiyamız ciddi
uğura imza atdı. Beynəlxalq miqyasda
ermənilərlə onların öz dilində
danışmağa qadir olduğumuzu göstərdik. Bizim üçünsə səfirlik olaraq narahat, həyəcanlı
günlər başladı. Həm də
bu, sadəcə həyatı üçün səksəkəyə
düşmək deyildi. Qarşımızda
bir naməlumluq, mübhəmlik dövrü
açılmışdı. İndiyə
qədər nə istədiyimizi bilirdik. Məqsəd,
niyyət bəlli idi. İndi isə sanki qaranlıq
zolağa girmişdik...
Sentyabrın 1-i şənbə idi. İş günü olmasa da, Səfirliyə getdim. Əməkdaşlar da sanki sözləşiblərmiş kimi bir-bir gəlib çıxdılar. Dünən bizim kiçik kollektiv böyük işin son, uğurlu nöqtəsini qoymuşdu. Amma hamının sifətində sevincdən çox qayğı ifadəsi vardı. Elə bil bir az da ruhdan düşmüş kimi idilər. Fikrimcə, bu, təkcə qarşıdan gələn səksəkəli günlərlə bağlı deyildi. Həmişə belə olur. İnsan çətin yükün altından çıxandan sonra sanki boşluq içərisinə düşür. Başqa amil də vardı. Dünən gün ərzində Bakıdan alınan xəbərlərdə, istər Ramil Səfərovun, istərsə də atasının açıqlamalarında, minnətdarlıq sözlərində Səfirliyin adının bir dəfə də olsun çəkilməməsi onlara təsir göstərmişdi. Buna müəyyən haqları da vardı.
Çünki Anar, yaxud Eldar, Hüseyn, yaxud Hikmət Budapeştin ucqar səmtindəki Kozma həbsxanasına ayda bir neçə dəfə maşın sürür, məhbus zabitin hər arzusunu, istəyini anındaca yerinə yetirməyə çalışırdılar. Bu məqsədlə bəzən macar qanunlarını pozmaqdan da çəkinmirdilər. Eyni zamanda mən Ramilin həyəcanını anlayırdım. O da başa düşülən idi ki, bu gün bütün təşəkkürlərin, şükranların əsas ünvanı vətəndaşının arxasında dayanmağı bacaran Azəbaycan dövlətidir, Azərbaycan Prezidentidir. Amma yenə də, iki daşın arasında Sahib müəllimin fəaliyyətinin ilk günündən oğlunun hər qayğısını çəkən Səfirliyi bir yana buraxıb Milli Məclisin deputatlarına xüsusi dil-ağız etməsi doğrusu, mənə də anlaşılmaz göründü...
***
Dünən baş verən hadisə bütün macar qəzetlərinin, əsas internet-resursların başlıca mövzusuna çevrilmişdi. "Azəri baltalı qatil" ifadəsi yenidən gündəmi zəbt etmiş, xəbər başlıqlarına çıxmışdı. Google-transleyterin köməyi ilə bəzi yazıların məzmununu, ruhunu izləməyə çalışdım. Amma təəssüf ki, müsbət, işıqlı bir şey tapmaq mümkün deyildi. Atılan addımın humanistliyi, bir insan həyatının xilas edilməsi, dünya dini kimi xristianlığın mahiyyətində dayanan şəfqət duyğusu kimsəni maraqlandırmırdı.
Macar hökuməti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdi. Odur ki, rəsmilər əlavə izahata ehtiyac duymurdular, ümumən buna can atmırdılar. Müxtəlif güclər isə yaranmış vəziyyətdən xeyirlərinə yararlanmağa çalışırdılar. Müxalifət Orban hökumətini tənqid üçün yaxşı fürsət tapmışdı. 2004-cü ilin fevralındakı qətlin təfərrüatları yenidən, həm də daha qaranlıq, qeyri-insani boyalarla gündəmə gətirilirdi. Ekstradisiyanın elə-belə baş tutmadığına, arada hansısa oyunlar olduğuna açıq işarələr vurulurdu. Situasiyadan baş çıxarmayan, əslində, qəsdən qərəzli mövqe tutan siyasi "analitiklər" Azərbaycanda ermənilərə qarşı zülmün (!?) yeni dalğası, geniş miqyasda "soyqırımı hazırlıqları" (?!) barədə peyğəmbərlik edirdilər. Ölkə rəhbərliyinə qarşı biri-birindən sərt ittihamlar irəli sürülürdü. İnternet saytlarda Viktor Orbanın çoxsaylı karikaturaları peyda olmuşdu.
***
Təkcə Budapeştdə yox, Bakıda da böyük canlılıq yaşanırdı. Ekstradisiya məsələsi özünün aniliyi, gözlənilməzliyi ilə həqiqətən şok effekti yaratmışdı. Məhbus zabitin doqquz ilə yaxın çəkən zindan həyatından sonra vətənə qaytarılması günün mühüm yeniliklərindən birinə çevrilmişdi. Həmişə hadisələrin ucundan-qulağından vaxtından əvvəl xəbər tutulduğu, məlumat sızdırıldığı halda bu dəfə prosesin sona qədər tam məxfilik şəraitində həyata keçirilməsi də sürprizə çevrilmişdi. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi siyasi baxışlarından asılı olmayaraq hamı tərəfindən minnətdarlıqla qarşılanmışdı. Yəqin ki, həmişə, hər şeyə "əmma" qoymağa, narazılıq bildirməyə can atanlar da indiki məqamda dövlətimizin gücü, nüfuzu ilə razılaşmalı olmuşdular. Qazanılan uğur üçün təbii ki, mən də sevinənlər arasında idim.
Amma eyni zamanda anlaşılmaz hadisələr də baş verirdi. Bunlardan birincisi ekstradisiyanın gerçəkləşməsi haqda rəsmi məlumatın yayılması ilə bağlı idi. İlk saatlarda dövlət informasiya vasitələri günün mühüm xəbərini elan etmək baxımından sanki yaxalarını tam kənara çəkmişdilər. Nəticədə yaranmış boşluğu özlərini daim müxtəlif proseslərin mərkəzində göstərməyə, aş olan yerdə baş olmağa can atanlar doldurmuşdu. Onların sırasında Milli Məclisin bir-iki fürsətcil deputatı xüsusi canfəşanlıqları ilə seçilirdi. Hətta bəzən adamda elə təsəvvür yaranırdı ki, məhbus zabitin Azərbaycana qaytarılması dövlət başçısının, rəsmi qurumların məqsədyönlü fəaliyyəti nəticəsində deyil, lazımi məqamda lazımi yerdə görünməyi bacaran həmin diribaş şəxslərin fərasəti sayəsində həyata keçirilib.
Təbii ki, Ramil Səfərovu vətənə aparan təyyarə Keçkemetdən havaya qalxan kimi günün sensasiyası barədə Azərbaycan mətbuatına ilk açıqlamanı verə bilərdim. Yaxud atasını müjdələyib Bakı hava limanına göndərmək də çətin bir iş deyildi. Üstəlik, ömürlük savab yiyəsi olardım. Sosial şəbəkə hesabımda nə isə yaza bilərdim. Amma bunların heç birini etmədim. Çünki düşündüm ki, göyərtəsində keçmiş məhbus olan təyyarənin Macarıstan torpağından ayrılması ilə üzərimə düşən vəzifə başa çatıb. Hətta prosesin uğurla tamamlanması barədə dövlət başçısına məlumat verməyə də özümü səlahiyyətli saymadım. Əgər hər şey rəsmi qurumlarının nəzarətində idisə (və təbii ki, belə idi!), deməli, ekstradisiyanın baş tutması, məhbusu vətənə aparan təyyarənin yola düşməsi barədə dəqiq və operativ məlumat verənlər də vardı. Ən azı olmalı idi. Ona görə qərara gəldim ki, qabaqdangəlmişlik fikrinə düşməyim, Budapeştdə oturub ölkəmizdəki qurumların fəaliyyətinə müdaxilə etməyim.
Doğrusu, düşünürdüm ki, təyyarə Bakı limanına endiyi vaxt, yaxud bundan bir az saat sonra müvafiq qurumların birgə bəyanatı səslənəcək. Ekstradisiyanın gerçəkləşməsi istiqamətində macar hökuməti ilə aparılan danışıqlar, beynəlxalq hüquq baxımından belə bir aktı həyata keçirməyə imkan yaradan amillər barədə qısa məlumat veriləcək. Ədalətin zəfər çaldığı, Ermənistanın və erməni diasporunun səylərinə rəğmən, məhbusun vətənə gətirildiyi rəsmən elan olunacaq. Proses ölkəmizdə 20 ildən bəri davam edən və R.Səfərovun taleyinə də fəci təsirini göstərən erməni işğalı ilə əlaqələndiriləcək. Bu gün həmin işğalın bir insan həyatında təzahür edən acı nəticəsinin aradan qaldırıldığı, dövlətin vətəndaşına sahib çıxdığı xəbər veriləcək, cəsarətli və humanist qərara, prinsipiallıq və qətiyyətə görə Azərbaycan Prezidenti və Macarıstan Baş nazirinə minnətdarlıq ifadə olunacaq.
Eyni zamanda Ramil Səfərovun hava limanından çıxandan sonra bir neçə saatdan bir neçə günə qədər nəzarət altında saxlanacağını, ən azı tarix üçün ifadəsinin alınacağını, hərtərəfli tibbi müayinədən keçiriləcəyini və s. gözləyirdim. Hər halda mənə elə gəlirdi ki, bu işlər aidiyyəti qurumlar tərəfindən ardıcıllıqla, qanunvericiliyə uyğun qaydada həyata keçirilməlidir (Bilmirəm, bəlkə də olub, sadəcə xəbərim yoxdur?). Keçmiş məhbusun həyatı üçün təhlükə yaradacaq özfəaliyyətə (məsələn, heç bir mühafizə tədbirləri görülmədən dəstə ilə şəhərdə gəzdirilməsi), kimlərinsə dövlətin səyi hesabına vətənpərvərlik və özünüreklamla məşğul olmasına, şou yaratmasına imkan verilməyəcək. Bu yolla da hadisəyə çox ciddi yanaşmağımız, Ermənistanın gülünc nümunələrini ortaya qoyduğu ucuz şoudan uzaqlığımız, hüquqi prosedurlara dəqiqliyi ilə əməl etdiyimiz dünyaya göstəriləcək.
Amma təəssüf ki, hər şey düşündüyüm kimi olmamışdı. Vətəndaşlarımız ölkə Prezidentinin bu qədər önəm verdiyi, üzərində zəhmət çəkdiyi siyasi-hüquqi aktın gerçəkləşməsi ilə bağlı ilk məlumatı rəsmi mənbələrdən almamışdılar. Yenilik ağızdan-ağıza, daha dəqiq desəm, feysbuk sosial şəbəkəsi vasitəsi ilə yayılmışdı. Nə qədər qəribə görünsə də, məhbusun artıq Azərbaycanda olması xəbərini rəsmi informasiya agentlikləri deyil, o zaman Milli Məclisin deputatı olan Ceyhun Osmanlı ictimailəşdirmişdi. Sonralar Ceyhun mənə danışırdı ki, aeroportda işləyən dostu təyyarə enən kimi Ramil Səfərovla şəkil çəkdirib feysbuk səhifəsinə yükləmişdi. Fotonun montaj olmadığını dəqiq bilən (dostu aeroporta bir neçə ay əvvəl işə düzəlibmiş) Ceyhun Osmanlı onunla zəngləşəndən sonra Ramil Səfərovun həqiqətən də artıq vətəndə olduğuna inanmış və informasiya saytlarına əminliklə məlumat ötürmüşdü. Yalnız bundan sonra bəzi jurnalistlər Budapeştə, Səfirliyə zəng vurub mediada dolaşan sensasiyanın həqiqətə nə qədər uyğun olduğunu dəqiqləşdirmək istədilər. Mən onlara rəsmi açıqlamanı gözləməyi məsləhət gördüm. Amma bildiyim qədər belə bir açıqlama sona qədər verilmədi.
Digər informasiya qaynağı isə professor İlham Rəhimov
idi. Bir qədər gec olsa da, Ramiz Əmirli vasitəsi ilə
məlumat almışdı. Günortadan
sonra ekstradisiya ilə bağlı bütün məsələləri
təkbaşına hazırlayıb həyata keçirməsi
barəsində sağa-sola müsahibələr verirdi. Həmin
gün və sonrakı günlərdə özündən qəhrəman
düzəltmək istiqamətində (hərçənd
xeyirxahlıqla qəhrəmanlıq arasında böyük məsafə
var!) göstərilən belə səyləri izlədikcə,
istər-istəməz
Lermontovun məşhur misralarını yada
salmalı olurdum: "Vsyo eto bılo bı smeşno, Koqda
bı ne bılo tak qrustno..."
Hadisələri
qabaqlayaraq qeyd etməliyəm ki, sonrakı günlərdə
müxalif yönlü mətbuat əslində nəcib və
humanist mahiyyətli ekstradisiya aktını əksər qismi
cılız, xəstə təfəkkürün məhsulu olan spekulyasiya
mövzusuna çevirdi. Gah müxalifətin humanizm prinsiplərini
əsas tutaraq iqtidarla anlaşmasından (sanki iqtidar dairələri
bu məsələdə müxalifətin
razılığı olmadan addım ata bilməzdi, yaxud
müxalifət həqiqətən də sırf dövlətin
iradəsinə bağlı bir prosesdə vəziyyətə
hər hansı şəkildə təsir göstərməyə
qadir idi?) yazdılar, gah müxalifət liderlərinin
aparılan danışıqların bütün
nüanslarından elə ilk dəqiqədən xəbər
tutduqlarını, lakin ümummilli maraqlar naminə prosesə
mane olmamaq üçün susub gözlədiklərini (sanki dərhal
ermənilərə xəbər çatdırmalı idilər!)
iddia etdilər. Onların bu iddiaları mənə
yer şumlayan öküzün buynuzuna qonub "İşləməkdən
yorulub əldən düşdük" - deyən milçəyin
gülünc məntiqini xatırladırdı. Həqiqətən əcaib, acınacaqlı mənzərə
yaranmışdı. Amma nə etməli?
Olanımız bu idi...
Qəribədir ki, bəlkə də xəritədə
Macarıstanı tapa bilməyənlər bu məsələdə
özlərini ən bilikli ekspert kimi göstərməyə
çalışırdılar. Anlaşmanın əsasında
guya maddi marağın, böyük vəsaitin dayanması
haqqındakı həqiqətdən uzaq, əslində
dövlətimizin və xalqımızın imicinə zərbə
vuran yaramaz versiya da ilk dəfə bizim müxalifət mətbuatında
peyda oldu. Bir yalanın, uydurmanın əsaslandırılması
yeni yalanlar tələb edirdi. Ona görə
də bəsit, məhəlli süjet müəllifləri
gülünc iddialarına həqiqət donu geyindirmək
üçün son dərəcə yoxsul, bəlli sxem və
şablonlardan uzağa getməyən fantaziyalarını
bacardıqları qədər gücə salırdılar.
Tezliklə İlham Rəhimovun işi təkbaşına
gördüyünün o qədər də
inandırıcı səslənməyəcəyini
düşünüb Kəmaləddin Heydərovun, ardınca
isə yəqin ki, daha böyük əminlik üçün
Abbas Abbasov və Eldar Həsənovun da guya macar tərəfi
ilə "sövdələşmədə"
iştirakları haqda növbəti əsassız, hətta qərəzli
uydurmanı dövriyyəyə buraxmağı da məqbul
saymışdılar. Bu məsələdə
"Yeni müsavat" qəzeti xüsusi canfəşanlıq
edirdi.
Məsələn,
dustaq zabit Azərbaycana gətiriləndən bir neçə
gün sonra "Yeni müsavat" iddialı bir tərzdə
yazırdı: "Bizdəki məlumata görə, İlham
Əliyevin məxfi "Ramil əməliyyatı"ndakı
"mühüm nazir" Kəmaləddin Heydərov olub
(Müxalifətin məlumat qaynağı heç şübhəsiz,
Ramiz Əmirli idi və hörmətli K.Heydərovun adı da
məhz onun planına əsasən
potensial benefisiar kimi siyahıya salınmışdı -
V.Q.). İş adamı isə geniş əlaqələrə
sahib olan İlham Rəhimovdur. Onlar erməni
lobbisinin müqavimətini qıraraq, üstəlik də,
Macarıstana iri sərmayə sözü verərək Azərbaycan
zabitini Bakıya gətirdilər. Erməni
lobbisi Ramili türmədə çürütməkdə,
öldürtməkdə israrlı idi. Ancaq
şükür ki, xilas planı baş tutdu".
Niyə adı çəkilən şəxslər
seçilmişdi? Burada qeyri-adi heç nə yox idi.
Çünki "öz oyunu oynayan" KİV-in və əsas məlumat mənbəyi belə
KİV olan obıvatelin nəzərində həmin şəxslər
Macarıstandakı "əlindən yazı-pozudan savayı
bir iş gəlməyən" səfir Vilayət Quliyevin
tayı deyildilər, pullu və işbacaran adamlar idilər. Əlaqələri və səxavətləri ilə
istənilən qapını aça bilərdilər.
Beləcə, sensasiya axtaran jurnalistlər qəsdən, ya
da qafillikdən dövlətin, dövlət
başçısının fəaliyyətinə kölgə
salır, hər iki tərəfin xeyirxah siyasi iradəsini bayağılaşdırıb kimlərinsə
dövlətin arxasında elədiyi küçə alveri səviyyəsinə
endirirdilər. Çünki "Macarıstana
iri sərmayə sözü verərək" ifadəsini
başqa cür izah etmək qeyri-mümkündür.
Üstəlik,
ekstradisiya baş tutandan sonra Macarıstana hər
hansı iri sərmayə yatırılmadığı
üçün belə çıxırdı ki, Azərbaycan
tərəfi dost ölkəni sadəcə aldatmışdı?!
Ən acınacaqlısı isə müxaliflərdən
kimsənin belə yanaşma tərzi ilə özümüzə
böhtan atmağımızın, mənfi imic
qazandırmağımızın fərqinə varmaması
idi. Üstəlik, həqiqətən də nəciblik
nümayiş etdirən macarların, ilk növbədə isə
ekstradisiya qərarına görə daxildən və xaricdən
ciddi təzyiqlərlə qarşılaşan Baş nazir
Orbanın da üzərinə kölgə salınır,
onların təmənna güdmələri təsəvvürü
yaradılırdı.
İnanıram
ki, çoxlu xeyirxah işlərə imza atmış Kəmaləddin
müəllimin "Yeni müsavat"ın "yüngül
əli" ilə aparıcı simasına çevrildiyi
"Ramil əməliyyatından" ümumən xəbəri
yox idi. Digər şəxslərə gəldikdə isə ədalət
naminə deməliyəm
ki, dərhal Belqraddan zəng vurub dövlətimizin uğuru
münasibəti ilə sevincini və səmimi təbrik
sözləri çatdıran Eldar Həsənov olmuşdu.
Bir neçə illik birgə fəaliyyətdən
yaxşı tanıdığım Abbas Abbasovun da ibrətamiz
bir təsadüf üzündən görmədiyi işi
öz adına çıxmaq xasiyyətini
həmişəlik tərgitdiyini yaxşı bilirdim.
(Azərbaycanın
Rusiyadakı keçmiş səfiri R.Rizayev
danışırdı ki, 1996-cı ilin aprelində RF-nın
Baş Prokurorluğunun axtarışda olan keçmiş
müdafiə naziri Rəhim Qazıyevin həbsi və
ekstradisiyası haqqındakı qərarı ilə
bağlı Prezident Heydər Əliyevə məlumat verəndə
Baş nazirin birinci müavini A.Abbasov da Moskvada, onun yanında
imiş. Söhbətə müdaxilə edə
bilməsə də, səfirə bir neçə dəfə
"Deynən Abbas Abbasovun da bu işdə rolu olub" - deyə
öz adının da gündəmə gəlməsini istəyib.
Mərhum
Prezident səfirin sözünü kəsib soruşur:
- Oradan Abbasovun səsi qulağıma gəlir. O, nə deyir?
Çıxılmaz
vəziyyətə düşən Ramiz Rizayevin:
- Cənab
Prezident, Abbas Abbasov deyir ki, bu işdə onun da xidməti az olmayıb, - söyləməkdən
başqa çarəsi qalmır.
Prezidentin
cavabı gecikmir:
-
Yaxşı, de ki, tapşıraram onları təyyarədə
yanaşı oturtsunlar. Qollarını da qandalla
bir-birinə bağlasınlar. Burada trapdan
enəndə də AzTV çəksin, hamı görsün
ki, o yaramaz Qazıyevi tutub Azərbaycana gətirən Abbas
Abbasov olub).
Təbii ki, İlham Rəhimovdan fərqli olaraq
adını çəkdiyim bu üç şəxs sarı
mətbuatın səviyyəsinə enməmək, məsələyə
münasibət bildirməklə mənasız uydurma ətrafında
əlavə müzakirələr açmamaq üçün
hər hansı izahat, yaxud təkzibə lüzum görməmişdilər
və fikrimcə, tamamilə düzgün hərəkət
etmişdilər.
Elə anlaşılmasın ki, guya ağıllı əda
ilə cəfəng uydurmalar yayan bəzi mətbuat nümayəndələrindən
özümün, yaxud ölkəmizin Macarıstandakı səfirliyinin
ünvanına tərif gözləyirdim. Qətiyyən! Mən sadəcə vəzifəmi yerinə
yetirmişdim. Amma elə dəyərlər
var ki, onlar hamını birləşdirməlidir. Ümumi səylə qazanılmış kiçik
bir uğur da hər kəsi sevindirməlidir. Çox təəssüf ki, həyatda bəzən
belə olmur. Nədənsə, bu naqis cəhət
yüzilliklər boyu milli mentalitetimizin axsayan tərəflərindən
biri kimi qalmaqda davam edir...
***
Sentyabrın 1-də zəng vurub soyuq rəsmi səslə
ertəsi gün Macarıstan Xarici İşlər Nazirliyinə
dəvət olunduğumu bildirdilər. Səhər
saat 10-da nazirliyin dövlət katibi Jolt Nemet məni gözləyəcəkdi.
Həmin gün bazar idi. Təbii ki, bilərəkdən
qeyri-iş vaxtı
seçmişdilər. Protokol dilində
bu dəvət edən tərəfin kəskin münasibətinin,
ifrat narazılığının ifadəsi deməkdir.
Yenə də protokol simvolikasına əsaslansaq,
onları naqolay vəziyyətə saldığımıza
görə bizimlə sərt, hətta bir qədər
saymazyana tərzdə davranmağı məqbul hesab edirdilər.
Ən çoxu da daxili və xarici
auditoriyanın nəzərində özlərini məhz belə
göstərmək istəyirdilər.
Həm də bu, təkcə ermənilərin könlünü almaq üçün atılan addım deyildi. Erməni amili bəlkə də üçüncü, beşinci dərəcəli rol oynayırdı. Əsas məsələ getdikcə daha çox Avropa Birliyinin Kremlinə çevrilməkdə olan Brüsseli və ABŞ-nı razı salmaq idi. Brüsselə və Vaşinqtona məsələ ilə bağlı necə sərt bir tövr aldıqlarını, qətiyyətli davranış və leksikon nümayiş etdirdiklərini göstərməyə tələsirdilər. Yoxsa bazar ertəsinə qədər gözləmək heç nəyi dəyişdirmirdi. Təbii ki, ürəyimdə macar dostlarımızı qınamırdım. Çünki onlar da bənzər hallarda dünya diplomatiyasının dəyişməz qaydası olan zəruri addımı atdıqlarını, Azərbaycan səfirinə etiraz notası təqdim etdiklərini göstərmək məcburiyyətində idilər.
Xəbəri alan kimi dərhal Bakıya, Prezidentin rabitə xidmətinə zəng etdim. Bir neçə dəqiqədən sonra məni dövlət başçısı ilə birləşdirdilər. Son iki gün ərzində Macarıstanda cərəyan edən hadisələr, mətbuatın yazdıqları, macar cəmiyyətində və diplomatik korpusda ekstradisiyaya münasibət barədə ətraflı məlumat verdim. Sabahkı görüş zamanı Xarici İşlər Nazirliyində danışıqları hansı istiqamətdə aparmaq, macar tərəfin etirazlarını hansı şəkildə cavablandırmaqla bağlı Prezident İlham Əliyevin bir sıra faydalı, lazımlı tövsiyələrini dinlədim.
Qeyd edim ki, sonrakı günlər ərzində bir neçə dəfə dövlət başçısına təcili məlumat çatdırmaq, yaxud müəyyən təlimatlar almaq zərurəti meydana çıxanda da eyni operativlik və diqqət gördüm. Hər tərəfdən təzyiqlər hiss etdiyimiz, daim müxtəlif çətinliklərlə üzləşdiyimiz bir vaxtda Prezidentin həssas münasibəti, heç şübhəsiz, diplomatik təmsilçi kimi işimi əhəmiyyətli dərəcədə asanlaşdırır, dövlətim adına daha cəsarətlə, inamla danışmağa imkan yaradırdı.
İki il əvvəl, etimadnaməmin surətini təqdim etdiyim dövlət katibi Jolt Nemet ilk tanışlıq görüşü zamanı özünü ölkəmizin həqiqi dostu kimi nişan vermişdi. Səfirimiz Həsən Həsənovla aralarında yaranan səmimi münasibətdən danışmış, azərbaycanlılarla macarların soy-kök yaxınlığından söz açmışdı. Biri-birinin ardınca Azərbaycanın iki keçmiş xarici işlər nazirinin Macarıstana səfir göndərilməsini ölkəsinə böyük ehtiram əlaməti kimi dəyərləndirmişdi. Hətta Avropa Birliyinin üzvü olan bəzi dövlətlərin bu "xüsusi münasibətə" görə onlara həsəd apardıqlarını demişdi. Qapısının həmişə üzümə açıq olduğunu, istənilən məsələ ilə bağlı istənilən vaxt onu narahat edə biləcəyimi söyləmişdi.
Ardınca həm Xarici İşlər Nazirliyində, həm də müxtəlif tədbirlər zamanı görüşlərimiz olmuşdu. 2011-ci ilin fevralında siyasi məsləhətləşmələr üçün Bakıya səfər edib qayıdandan sonra münasibətlər daha səmimi məcraya yönəlmişdi. Amma hər şeyə rəğmən, yaxşı başa düşürdüm ki, indiki görüşümüzdə o, tam fərqli ampluada çıxış etməli, hətta istəməsə belə, mənə mütləq boz üzünü göstərməli, sərt münasibət sərgiləməli idi. Üzərinə qoyulan vəzifə belə rəftarı zərurətə çevirirdi.
Gizlətmirəm, görüş ərəfəsində narahatlıq keçirirdim. Əlbəttə, nə deyəcəyimi bilirdim. Atdığımız addımı əsaslandırmaq üçün alibilərim az deyildi. Lakin həm daxildən, həm Avropa Birliyi tərəfindən təzyiqlərə məruz qalan macar dostlarımızın vəziyyətini də başa düşürdüm. Nə etmək olardı? Başqa yolumuz yox idi. Hər şeyin diqqət çəkmədən ötüb-keçəcəyini gözləyəcək, ermənilərin və onların havadarlarının bu addımı sakitcə həzm edəcəklərini düşünəcək dərəcədə sadəlövh olmamalı idik. Ona görə də mübahisə açmaq, özünə haqq qazandırmaq yox, qarşı tərəfə minnətdarlıq bildirmək, onları sakitləşdirmək, proseslərin tezliklə əvvəlki məcraya qayıdacağına inandırmaq lazım idi. Müdrik Süleyman peyğəmbərin üzüyünə həkk olunan "Bu da keçər" həqiqətinin əbədiliyinə əmin etmək lazım idi.
Təhlükəsizlik xidməti əməkdaşının müşayiəti ilə XİN-in boş, səssiz koridorlarından keçib kabinetinə gəldiyim Jolt Nemet tək deyildi. Dövlət katibinin müavini Peter Staray, departament rəisi, səfir Erne Keşkeni, tanımadığım daha iki nəfər də burada idi. Onların xüsusi xidmət orqanının əməkdaşı olmaları fikri ani surətdə beynimdən keçdi. Təbii ki, görüşdə iştirak edənlərin heç biri sifətinə qayğılı-sərt görkəm verməyi yaddan çıxarmamışdı. Ənənəvi salamlaşma və əhvalpürsanlıqdan sonra təşəbbüsü ələ alıb bazar günü onları qanuni istirahətlərindən ayırdığım üçün üzrxahlıq etdim. Dəvətin səbəbini bildiyimi dedim və danışıqlarımızın hansı məcrada davam edəcəyindən asılı olmayaraq nəcib, humanist addıma görə macar dostlarımıza dövlət başçısı adından səmimi minnətdarlıq sözləri çatdırdım.
(Davamı
var)
Vilayət
QULİYEV
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri
525-ci qəzet.- 2021.- 11 dekabr.- S.10-11.