"Sonuncu şam yeməyi"
"Bir rəsmin dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Vəfa
Şəmilovadır. Vəfa xanımla
Leonardo Da Vinçinin
"Sonuncu şam yeməyi" əsəri
haqqında danışmışıq.
***
- Əsərin təhlilinə
keçmədən öncə
rəssam haqqında qısa məlumat verərdiniz?
- Da Vinçi Avropa intibah dövründə yaşamış
ən məşhur rəssamlardan biri kimi tanınır. O, sadəcə rəssam deyil, həm də mühəndis, filosof, anatomiyaçı,
riyaziyyatçı, şair,
musiqiçi kimi peşələrlə məşğul
olmuşdu. Da Vinçinin ən tanınmış işləri
"Mona Liza", bəhs edəcəyimiz "Sonuncu
şam yeməyi",
"Müjdə" "Dionis"
kimi əsərləri
olub. Özünəməxsus aforizmləri də
olan Da Vinçi
intibah dövründən
bəri ən mükəmməl şəxsiyyətlərdən
biri sayılır.
- "Sonuncu şam
yeməyi" əsərinin
yaranma tarixçəsi
haqqında nə deyə bilərsiniz?
- "Sonuncu şam
yeməyi" əsəri
Sfroza ailəsi tərəfindən Santa Mariya
della Qrasiya monastırının yemək
otağının arxa
divarının bəzənməsi
üçün sifariş
verilib. Da Vinçi məşhur
freskanı yaradarkən
böyük çətinliklə
üzləşir. O, İsa
peyğəmbərin obrazında
Xeyiri, İudanın obrazında isə Şəri yaratmalı idi və əsərdə
İsaya xəyanət
edilməli idi.
Əsərlə bağlı uzun illər səsələndirilən
əsas fikirlərdən
biri budur ki, Leonardo İsa və İuda obrazlarını yaratmaq üçün eyni adamın simasından istifadə edib. Lakin belə
bir əhvalat da tez-tez dilə
gətirilir ki, İsa obrazını yaratmaq üçün
Leonardo məsum, gənc
görünüşlü, təxminən 19 yaşında
olan fırınçı
oğlanın simasından
istifadə edib. Bir neçə il keçdikdən
sonra isə Leonardo inadkar, sərt və günahkar görünüşlü bir
insanla qarşılaşmış
və İudanın obrazını yaratmaq üçün də bu insanın surətindən istifadə
etmişdi. Ancaq Leonardo da Vinçinin
hər iki obrazı yaratmaq üçün eyni insanın surətindən
istifadə etdiyini isbat edəcək hansısa dəlil və tarixi mənbələrdə bununla
bağlı qeydlər
yoxdur.
- Əsər haqqında
xeyli maraqlı əhvalatın olduğu deyilir. Onlardan bizə danışa
bilərsinizmi?
- Rəsm haqqında yarandığı dövrdən
bəri yüzlərcə
əfsanələr, əhvalatlar,
sirli məqamlar müzakirə olunur. Onlardan biri də İsanın
sağ tərəfində
kimin təsvir olunduğu idi. Hesab edilirdi ki, İsanın
yanında oturan qadın onun həyat yoldaşı Mariya Maqdalenadır (Maria Magdalane). Bir digər gizli
məqam isə İsadan sağda İudanın arxasından
çıxan bıçaq
tutmuş əldir.
İlk baxışda həmin əlin Müqəddəs Pyotra
aid olması görüntüsü
yaransa da, əsərə diqqətlə
baxdıqda heç də belə olmadığı ortaya çıxır. Çünki Pyotrun bir əlinin
Həvari İoannın
çiynində, digər
əlinin isə həmin o bıçaq tutmuş naməlum əlin biləyində olması aydın görünür. Bəzi
tədqiqatçılar əlin
Həvari İoanna aid
olmasını söyləsə
də, bu, əsərdə uyğunsuzluq
yaratdığı üçün
mümkün ola bilməzdi. İoannın əlinin İudanın
arxasından çıxaraq
görünməsi üçün
normal insan əlindən
iki dəfə uzun olması lazım idi. İnsan anatomiyasına dərindən
bələd olan Da Vinçinin əsərdə belə kobud səhv etməsi inandırıcı
görünmür. Əsərdə, həmçinin, Mariya Maqdalenin çiyninə qoyulmuş bir əl də çox müzakirə olunur. Da Vinçi əli
sanki bıçaq kimi təsvir etmişdi. Əlin quruluşu, barmaqların
uzun və nazik olması ilk baxışdan onu bıçağa bənzətməyə
imkan verir. Müqəddəs Pyotr sanki biləyini Mariyanın çiyninə dayayıb,
əlini isə bıçaq kimi qadının boğazına
dirəyib.
Bu detalı Da Vinçinin bir işarəsi sayan tədqiqatçılar burada
rəssamın Mariya Maqdaleneya qarşı Pyotr tərəfindən təşkil edilmiş
sui-qəsdə işarə
edildiyini bildirirlər. Lakin bu fikir din xadimləri tərəfindən qəbul
edilmir, katolik kilsəsinin banisi sayılan Müqəddəs
Pyotrun hər hansı bir sui-qəsddə əlinin olması inkar olunur.
- Əsərlə bağlı
ən mürəkkəb
məsələlərdən biri də Leonardonun
Müqəddəs Kuzəni
təsvir edib-etməməsidir.
- Bəzi yazılarda İsanın sağ əlində həmin kuzənin olması yazılsa da, əsərdə belə bir kuzəyə rast gəlinmir. Digər bir məsələ isə, müqəddəs təsvirlərə
görə, masanın
üstündə yalnız
bir kuzə - Müqəddəs
Kuzə olmalı olduğu halda, Da Vinçi masada çoxlu kuzələr təsvir etmişdi. Hazırda əsər orijinal
görünüşünü itirdiyi üçün həmin kuzələr dəqiqliklə seçilmir.
İtalyan musiqiçi Covanni Maria
Pala deyir ki, bu əsərdə Leonardo
masanın üzərindəki
əlləri və çörək dilimlərini
not kimi qəbul edir. Yəni sağdan sola oxunduğunda
ortaya Leonardoya aid olan bir musiqi
çıxır. Başqa bir
nəzəriyyə isə
Vatikan araşdırmaçısı
olan Sabina Sfroza Qalitziaya aiddir. O, belə hesab edir ki, Leonardo bu əsərdə riyazi və astroloji bir sirri
insanlara çatdırmağa
çalışır. Qeyd edək
ki, Sabina həmin sirrin məhz dünyanın, bəşəriyyətin
sonundan bəhs etməsini nəzərdə
tutmuşdu.
- Əsər hazırda harda saxlanılır?
- Əsərin orijinal
nüsxəsi Milanda
Santa Mariya delle Qrasiya kilsəsindədir. Əsərin XVI əsrə aid yağlı
boya ilə kətan üzərində
işlənmiş bir
nüsxəsi Belçikanın
Antverpen şəhərindəki
Tongerlo abbatlığında
saxlanılır. Romantik mozaika
rəssamı Giasomo Raffaelli əsərin daha bir nüsxəsini
Vyanadakı Minoritenkirche
kilsəsində hazırlayıb.
1955-ci ildə Salvador Dali əsərin daha bir nüsxəsini işləyib. Həmin nüsxə
isə Vaşinqtondakı
Milli Qalereyada saxlanılır.
- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?
- Əsərdə bəzən istidən soyuğa, bəzən də soyuqdan istiyə çevrilən rənglər görə bilərik. Ən açıq tonlar isə həvarilərin geyimləri və İsanın tam mərkəzdə olduğunu bizə daha yaxşı çatdıran arxa pəncərələrdir. Əsərin orijinal nüsxəsində rəng koloriti aydın görünsə də, Tinterettonun eyniadlı əsəri qaranlıq və kölgəli hesab edilir. Bir məqamı da unutmayaq ki, əsər günümüzə kimi ilk günkü halı ilə gəlib çatmayıb. Bunun səbəblərindən biri rəssamın freskanı işləməzdən əvvəl divarın səthini yonaraq hamarlaşdırması, sonra isə gesso və mastika ilə üzləyib, tempera ilə səthi sərtləşdirməsi idi. Əsər məhz bu səbəbdən bir neçə il sonra artıq xarab olmağa başlamışdı. Digər səbəblər isə rəsmin yarandığı gündən bəri zədələrə və daha sonra yanlış restavrasiyalara məruz qalması idi. Nəticədə biz əsərin rəng koloritini tam dəqiqliklə, ilk gündə olduğu halı ilə görə bilmirik.
- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Rəssam kompozisyanı aydın şəkildə ifadə edib. Onun İsnı tam mərkəzdə göstərməsi, pəncərələrin simmetrik quruluşu, həvarilərin üçlü qruplarda əyləşməsi və s. buna nümunə göstərilə bilər. Əsərin işıqlı, aydın görüntüsü kompozisiyanı tam şəkildə görməyimizə kömək edir. Lakin orijinal nüsxəni tam bu şəkildə görmək üçün insan boyundan bir az daha hündür olmaq lazımdır. Rəssam öz əsərində işıq və hərəkətə fokuslanaraq rəsmə dramatik həyat bəxş edib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Da Vinçi bu əsərdə öz unikal bacarığını göstərib. Əsərdə İsanın xəyanət barədə xəbərini alan həvarilərin üzündəki təəccüb xüsusilə vurğulanıb, nəzərə çarpacaq şəkildə təqdim edilib. Rəssam hər bir simanı dəqiqliklə işlədikdən sonra əsərin mərkəzində ən önəmli fiqur olan İsanı təsvir edib. İsanın üzündə qəmli ifadə var, həm də o, danışırmış kimi görünür və başını bir qədər sola əymiş vəziyyətdədir. Fikrimcə, Da Vinçi bu əsərində izləyiciyə insanlığın, bəşəriyyətin içərisində həm şər, həm xeyir qüvvələrinin olduğunu deməyə çalışır. İsanın həvarilərin xəyanətinə uğraması insanların hər zaman arxadan vurula biləcəyi ehtimalını göz önünə gətirir.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.23.