Qürbətdə vətən
yaşantıları
Solmaz Qəribel
qürbətdə yaşayıb-yaradan
yazarlarımızdan biridir. Solmaz Bəhlul
qızı Həsənova
25 yanvar 1973-cü ildə
Ağdərə rayonunun
Qərvənd (Kərimli)
kəndində anadan olub. Şuşada və Ağdərədə
orta məktəbdə
oxuyub. Azərbaycan
Tibb Universitetində rediatriya (uşaq həkimliyi) ixtisası üzrə ali
təhsil alıb. Bir müddət Bakıda həkim-pediatr vəzifəsində
çalışıb. 2004-cü ildən Rusiyanın Həştərxan
(Astraxan) şəhərində
1 saylı uşaq poliklinikasında nevroloq-həkim
vəzifəsində işləyir.
Orada Dövlət Tibb Universitetinin həkim-nevroloq
fakültəsini bitirib.
Solmaz xanım doğma vətənindən, əvvəl
Ağdərədən, sonra
isə doğma Azərbaycandan uzaq düşüb. Solmaz Qəribelin
şeirlərində sevgi
və vətən həsrəti aparıcı
mövqedədir. Bu da onun qürbətdə
yaşaması və işləməsi ilə bağlıdır. "Qərib
küləklər" və
"Məni məndən
alan dünya"
adlı iki poetik toplusu çap olunub. Üçüncü şeirlər kitabı
"Saçı ağarmış
arzular" adlanır.
Həkim və şair Solmaz Qəribel şeirlərində də
qərib kimi görünür. "Ömrü
bir ağac kimi kökündən qopan" şair xanımı zaman yalan
vədləriylə "körpə
uşaq kimi ağladır":
Daşan
sellər, sular yudu, apardı,
Çırpdı qayalara yalan ömrümü.
Bu qürbət ağrısının
acı tərəfi Solmaz Qəribeli daha çox yandırır:
Zamanın acısı üzdü
qəlbimi,
Büküb yumaq etdi, o şux
qəddimi.
Yoluma keçilməz çəkdi
səddini,
Qoymadı tərpənə qalan ömrümü.
Solmaz xanım etibarı, sədaqəti, vəfanı
məhəbbət şeirlərinin
mayası sayır, onun sevən qəhrəmanı öz keçmişindən və
ona gözəl anlar yaşatmış hisslərindən asanlıqla
üz döndərə
bilmir:
Səni ürəyimdən necə
atım mən?
Kəsdiyim çörəyi, duzu atımmı?
Mən sənə canımsan demişdim axı,
Ürəkdən dediyim sözü atımmı?
Narahat bir ömür yaşayan ədəbi qəhrəmanın könlü
də narahatdır, bu gen dünyada özünə yer tapmır, çünki bir yola çıxıbdır
sonu bilinmir, bir həsrət çəkir sonu görünmür:
Yuvasından perik quşa dönübdür,
Çağlamır, ağlamır daşa dönübdür,
Yanaqda quruyan yaşa dönübdür,
Yer tapmır
özünə, narahat
könlüm.
Solmaz Qəribelin
özünü ifadə
edən ədəbi qəhrəmanı vətənpərvər
bir insandır, əhdinə və sevgisinə etibarlı bir qadındır, övladını böyük
məhəbbətlə sevən
bir anadır. Özüylə, daha doğrusu, əksiylə söhbəti
Solmaz Qəribel dünyasının açarıdır.
Öz dərdini özünə açan müəllif əslində
daxili dünyasını,
təlatümlərini, kimsənin
görmədiyi və
duymadığı yaşantılarını
ortaya qoyur:
Danış mənlə, mənim
əksim,
Nədən belə gözlərində
sual dolu baxırsan sən?
Nədən belə ürəyimi
yandırırsan, yaxırsan
sən?
Yoxsa mənə
heç deməyə,
sözün yoxdu?
...Söylə mənə,
gözündəki sualları,
Qorxma məndən,
Mən özünəm...
Solmaz Həsənova ədəbi
təxəllüs kimi
şeirlərinin altına
"Qəribel" imzasını
qoyur və deyir, mən ikiqat qəribəm, həm Vətənim Qarabağdan köçkün
düşmüşəm, həm də uzun illərdir həkim kimi Azərbaycandan kənarda, Rusiyada fəaliyyət göstərirəm. Qadın şair
üçün ağrılı
bir məqamdır.
Vətən həsrəti nəinki
ürək açıqlığı
ilə yaşamağa,
həmçinin, ürək
açıqlığı ilə yazmağa əngəl olur. Çox şükür, bu həsrətin sonu çatdı, Qarabağ işğaldan azad olundu, Solmaz xanımın ata-baba yurdu indi onun
yolunu gözləyir.
Yavaş-yavaş bu ovqat onun şeirlərinə ayaq açır. Amma qürbət acısı Solmazın şeirlərində yaşantıların
ayaq izləri kimi uzun müddət
gəzib-dolaşacaq, oxucusunu
da düşünməyə
vadar edəcək:
O dağda gəzən qəribin,
Əlində gülü qəribdi.
Hardan düşüb
yolu bura?
Baxıram, yolu qəribdi.
Qərib
hisslər, qərib duyğular, nəhayət,
qərib yaşantılar
şeirlərindən qırmızı
bir xətt kimi keçən Solmaz Həsənova obraz seçimində də uğurlu tapıntılar edir, şeirlərini həm klassik üslubda, həm də çağdaş semantik ruhda yazır:
Tütək səsi qoy qarışsın neyə
hey,
Baxma yorğun halımdakı heyə, hey!
Qorxuram ki, dağlar durub deyə, hey,
Sizin dağlar
qəribsəyib yamanca.
Çayda, vallah, buz donubdur, a zalım,
Dil tutulub, söz donubdir, a zalım.
Bax üzümə, göz dolubdur, a zalım,
Dağlar mənsiz qəribsəyib yamanca.
"Yumruq boyda ürəyin çəkdiklərini"
qələmə almaq,
çatdırmaq da çətindir. Narahat duyğular, həkimlik
peşəsindən gələn
qayğıkeşlik, təmənnasız
ehtiram və sayqı şeirə mülayimliklə yanaşı,
sərtlik də gətirir. Deyilən
söz də ürəkdən keçənləri
tam ifadə edə bilmir:
Əhsən demə, köks
ötürüb, ürəyimə,
Qəfəs altda o ürəkdən
xəbərin,
sorağın varmı?
Bilirsənmi, yumruq boyda ürəyimdə
dünya boyda kədər yatır?!
Yox, hardan biləsən axı!
Solmaz Qəribelin
təkbəndləri də
olduqca maraqlıdır. Klassik ədəbiyyatın
rübaisinə, folklorun
bayatısına bənzəyən
bu dördmisralıqların
hər biri məna yükü ilə zəngindir. Hətta elə təkbənd var ki, oxucusuna
böyük-böyük şeirlərin
ifadə etdiyi fikirləri aşılayır.
Həsrət, hicran nümunəsi olan təkbənddə c-ç və
s-z alliterativliyi şeirə
ahəngdarlıq gətirir:
Götür bu hicranı çırp sifətimə,
Onsuz da, könlümdən ləkəsi
getmir.
Salıb
sarılığa saraldıb
məni,
Onsuz da, gözümdən ləkəsi
getmir.
Şairi "sarılığa salıb
saraldan" həsrət
həm də yuxu qaçırır, gecələr "sinə"
dağlayır. Yenə də s-ş-z samitlərinin
yaratdığı cingilti
ritmi həsrət havasının ağrısını
artırır:
Nədən, bu həsrətin insafı yoxdur?
Gecələr sinəmə dağ çəkir mənim.
Elə əzizləyir, elə oxşayır,
Elə bil, sinəmə yağ çəkir
mənim.
Daha çox
qoşma və gəraylı janrlarına
müraciət edən
Solmaz Qəribelin şeirlərinin çoxu
aforistik deyimlər üzərində qurulmuşdur. Bir həkim kimi yaşantılarının ibrətamiz
tərəfləri imkan
verir ki, o, şeirinin hər bəndini müdrik deyimlərlə tamamlaya bilsin:
Həyat,
bir az
sərt üzünü,
Üzümdən kənarda saxla.
Yaltağın namərd üzünü,
Gözümdən kənarda saxla.
Qatma, məni öz oyununa,
Gözdən düşmüş söz
oyununa.
Atma məni köz qoynuna,
Közündən kənarda saxla.
Bir vətənsiz quşam, zalım,
Nadanlara
tuşam, zalım,
Qoyma coşub, daşam, zalım,
Özümdən kənarda saxla...
Solmaz Qəribel
şeirdə gəzişmələr
etməyi xoşlayır,
məzmuna uyğun ifadə forması seçir, hətta mənsur şeir şəklinə üz tutur. Mən onun şeirlərinə
"dibaçə" kimi
yazdığı nəsr
parçalarını da
yüksək dəyərləndirirəm.
Solmaz Qəribel zamanın su kimi axıb
keçməsindən çox
narahatdır və bu narahatlığı oxucusuna ötürə bilir.
Solmaz Qəribelin semantik şeirləri də klassik üslubda olan nəzm parçaları qədər ritmik və oynaqdır. Fərq ondadır ki, bu şeirlərdə lakonik epizodlar, yığcam süjetlər var. "Ruhun səsi" belə şeirlərdəndir:
Hərdən ölüylə dirinin
fərqini görə bilmirəm,
Dirilər də ölü
kimi susub durur...
Gedişi
də səsiz olur çoxlarının,
Alnında xəcalət təri
muncuq-muncuq görünməyir...
Quruyur yapışqan kimi,
Söz yapışır düz alnının ortasından,
Gözün qırpmır ölü
kimi...
Həkim yazarların içərisində
təkcə sevgi şeirləri ilə deyil, həsrət və hicran motivləri üzərində
qurulmuş mətnləri
ilə fərqlənən
Solmaz Qəribelin yaradıcılığı işıqlı
sabahlara inamdan məhrum deyil. Doğulduğu
diyarın işğaldan
azad olunması onun Vətən sevgisinə ən gözəl müjdədir:
Ay aşıq, xəbərin varmı?
Bizim ellərə yaz gəlib.
30 il baharsız qalan
Bizim ellərə naz gəlib,
Götür, telli sazı ələ,
Dağ, daş
gəlsin burda dilə.
Həsrət könülləri dinlə,
Bizim ellərə
yaz gəlib.
Dağdan
oxu, daşdan oxu,
44 günlük dastan oxu.
Bu zəfəri başdan oxu,
Bizim ellərə yaz gəlib.
Solmaz xanımı
şeirə çəkən
duyğular qəriblik
həyatı yaşayanlara
daha doğmadır. Vətən
həsrəti ilə yaşayan şair xanım ömrünü qəriblikdə başa vurmaq istəmir:
Səbrim
dolub-daşıb, Allah!
Sal vətənə güzarımı,
Səndən dövlət istəmirəm,
Qərib etmə məzarımı.
Vətəndən uzaqda poetik sözümüzün
siqlətini qoruyub saxlayan,
poeziyasevərləri yeni-yeni
yaradıcılıq nümunələri ilə sevindirən Solmaz Qəribelin şeirlərində bəzən
fikir ahəngi üstələyir, qafiyələr
bilərəkdən pozulur. Ritmin arxa plana
keçməsi bu şeirləri urvatdan salmır, əksinə, oxucunu
şair xanımın qürbət
yaşantılarına daha da
yaxınlaşdırır. Solmaz Qəribelin
şeirləri təkcə bir şairin lirik gəzişmələri
deyil, həm də bir
xalqın yaşantılarının poetik
ifadəsidir.
Bilal
ALARLI HÜSEYNOV
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.22.