Ona sonsuz ehtiram borcumuz
var
130
İLLİYİ YADDAN ÇIXAN CEYHUN HACIBƏYLİNİN
ƏZİZ XATİRƏSİNƏ
2021-ci ilin fevralında Azərbaycanın
tanınmış ictimai-siyasi xadimi, görkəmli jurnalist, Azərbaycanın
dünya dövlətlərinə tanıdılmasında əvəzsiz
xidmətləri olmuş Ceyhun Hacıbəylinin 130 illiyi tamam
oldu. 2021-ci il artıq başa çatsa da, onu yada salan,
xatırlayan insanların sayı az oldu və yubileyi geniş
qeyd olunmadı. Ceyhun bəyin
xalqımızın tarixindəki rolunu və Azərbaycan
dövlətçiliyi qarşısındakı xidmətlərini
xatırlatmaq məqsədi ilə bu yazını oxuculara təqdim
edirəm.
Tanınmış ictimai-siyasi xadim olan Ceyhun Hacıbəyli
Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer
tutmaqdadır.
O, həm də Azərbaycanın böyük bəstəkarı
Ü.Hacıbəylinin doğma qardaşıdır.
C.Hacıbəyli 1891-ci ilin fevralın 3-də
Şuşada anadan olmuş və ibtidai təhsilini
tanınmış jurnalist və incəsənət xadimi
Haşım bəy Vəzirovun (1866-1926) müdir olduğu məktəbdə,
orta təhsilini isə Bakıda almışdı.
1908-ci ilin yanvarın 12-də H.Z.Tağıyev
teatrında Ü.Hacıbəylinin "Leyli və Məcnun"
operası tamaşaya qoyuldu. Tamaşada iştirak
edən Ceyhun bəy İbn-Səlam rolunu oynayırdı.
C.Hacıbəyli orta təhsilini Bakıda tamamladıqdan
sonra qardaşı Üzeyir bəylə Əli bəy
Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində
müəllim vəzifəsində
çalışmışdı.
Sonradan C.Hacıbəyli milyonçu M.Muxtarovun (1855-1920)
vəsaiti ilə Peterburq Universitetinin hüquq fakültəsində
oxumuşdu. Bu universitetdə təhsil aldıqdan sonra 1909-cu ilin
yayında Fransanın paytaxtı Parisə getmiş, Sorbonna
Universitetində və Siyasi Biliklər məktəbində
oxumuşdu.
C.Hacıbəyli 1916-cı ildə Parisdə təhsilini
başa vurduqdan sonra Bakıya qayıtmış və
"Kaspi" qəzetində çoxlu sayda məqalələr
çap etdirmişdi ("Kaspi", ¹18, 22, 24, 28, 34, 1917-ci
il).
1917-ci ildə
Rusiyada baş verən Fevral-burjua inqilabından sonra C.Hacıbəyli
rus dilində nəşr edilən "İttihad" və
"Müsəlmanlıq" qəzetlərinin redaktoru
olmuşdu.
1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti
yarandıqdan sonra C.Hacıbəyli yeni formalaşmaqda olan
dövlətin təbliğat sisteminin əsasını
qoyanlardan biri oldu. 1918-ci ilin sentyabrın 15-dən onun və
Ş.Rüstəmbəylinin redaktorluğu ilə birlikdə
iki dildə - Azərbaycan və rus dillərində çap
olunan "Azərbaycan" qəzeti nəşr edilməyə
başladı.
Bu qəzetin nəşri haqqında C.Hacıbəyli
1951-ci ildə Almaniyanın Münhen şəhərində
Ə.F.Düdənginskinin redaktorluğu ilə Azərbaycan və
rus dillərində nəşrə başlayan (ilk sayı Azərbaycan
və rus dillərində qarışıq çap
olunmuşdu) "Azərbaycan" jurnalında yazırdı:
"Məqsədimiz milli birliyi qurmaqdır və birlik
mühacirətdə başlamalıdır. Bütün
azərbaycanlıları bilaistisna bu birliyə dəvət
edirik. Zatən "Azərbaycan"
başlanğıcda həmən birliyin simvolu idi. "Azərbaycan" milli bir orqan idi və felən
rəsmi hökumət məhafilinin (heyətinin) rəy və
mülahizatını izhar edəcəyinə, kəndi
(öz) yolunu sərbəstcəsinə cızıb kəndi
öz qənaətini bəyan edərdi.
Bu xüsusda vaxtında nəşriyyat işləri ilə
məşğul nazirlərimizdən rəhmətlik Nəsib
bəyin geniş nəzərliyini, təbiətinin nazikliyini və
ona məxsus qiraətini (məlumatlılığını)
hörmətlə analım. Kəndisi (özü)
firqəsi olduğu halda, hökumətin rəsmi
orqanını firqəsi olmayan bir şəxsə həvalə
etməsi həddi zatında simvolik bir jest idi. Onun üçün millət firqənin
önündə gəlirdi".
"Azərbaycan" qəzetinin ilk sayı 1918-ci ilin
sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində
çap edildi.
1918-ci
ilin noyabrın 28-dən qəzet Azərbaycan dilində C.
Hacıbəylinin, rus dilində isə Ş. Rüstəmbəylinin
redaktorluğu ilə nəşrini davam etdirib.
Qəzetdə C.Hacıbəyli
"C.Dağıstani" imzası ilə "Tarixi
gün" (Bakının qurtuluşuna həsr edilmiş)
adlı məqalə çap etdirmişdi.
1919-cu ilin dekabrın 28-də Azərbaycan hökuməti
Parlamentin Ağsaqqallar Şurası üzvlərinin
iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək
üçün nümayəndə heyətinin tərkibini
müəyyənləşdirdi və C.Hacıbəyli də
oraya daxil edildi.
"Azərbaycan"
qəzeti C.Hacıbəylinin redaktorluğu ilə sonuncu dəfə
1919-cu ilin yanvarın 15-də (88-ci sayı) çap edildi.
Bu, C.Hacıbəylinin Azərbaycanda son fəaliyyəti
oldu və o, bir daha vətənə qayıda bilmədi. Bu haqda isə sonradan 1951-ci ildə
mühacirətdə nəşr etdiyi "Azərbaycan"
jurnalında bu sözləri yazacaqdı: "Bundan 32 il əvvəl
idarə etdiyim milli "Azərbaycan" qəzetimizi istəkli
qardaşım Üzeyirə həvalə edərək yeni bir
vəzifə ilə Avropaya gəldik. Yeni təşkil
etdiyimiz Azərbaycan dövlətini başqa mədəni millətlər
və Sülh Konfransına toplanmış böyük
dövlətlər tərəfindən rəsmi surətdə
tanıtdırmışdıq. Misyonumuzun
üç ay sonunda bitəcəyini zənn edirdik".
C.Hacıbəylinin də daxil olduğu Azərbaycan
nümayəndə heyəti 1919-cu ilin əvvəllərində
böyük çətinliklə Parisə getdi. Onlar qısa müddət ərzində
Azərbaycanla bağlı 3 kitab və 12 informasiya bülleteni
çap edib Avropa
ictimaiyyətini məlumatlandırdılar.
1919-cu ilin sonlarında C.Hacıbəylinin fransız
dilində nəşr edilən "Revyü dyu Mond
Myuzulman" jurnalında "Birinci Müsəlman
Respublikası - Azərbaycan" məqaləsi çap olundu.
İki çap vərəqi həcmində olan bu məqalədə
yığcam, lakin çox məzmunlu formada Azərbaycanın
tarixi, coğrafiyası və inkişafı haqqında məlumat
verilmişdi.
1920-ci ilin yanvarın 11-də Azərbaycan de-fakto olaraq
dünya dövlətləri tərəfindən
tanındı.
Bu böyük hadisənin baş verməsində
C.Hacıbəylinin də böyük xidməti olmuşdur.
1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri
tərəfindən işğal edildikdən sonra nümayəndə
heyətinin digər üzvləri kimi C.Hacıbəylinin Azərbaycana
qayıtması mümkün olmadı. C.Hacıbəyli
Fransada qalıb Azərbaycanın Rusiya bolşeviklərindən
azad edilməsi uğrunda mübarizə apardı.
C.Hacıbəyli Azərbaycanın tarixi, mədəniyyəti,
ədəbiyyatı ilə bağlı məqalələr
yazıb Fransa ictimaiyyətini bilgiləndirirdi.
1920-ci illərdə
o, Ü.Hacıbəylinin "Arşın mal alan"
əsərini fransız dilinə tərcümə edib
tamaşaya qoydu. C.Hacıbəyli 1926-cı ildə "Azərbaycan
teatrı" adlı məqalə yazaraq "Revyü dyu Mond
Myuzulman" jurnalının 3-cü sayında çap etdirib
fransız oxucularına H.Cavid, C.Cabbarlı kimi məşhur
dramaturqların yaradıcılığı haqqında məlumatlar
verdi .
C.Hacıbəyli
1933-cü ildə "Aziatik" jurnalının yanvar-mart
ayındakı sayında "Qafqaz Azərbaycanının
Qarabağ dialekti" adlı elmi məqaləsini də
çap etdirdi.
Bundan əlavə, o, Almaniyanın Münhen şəhərində
Azərbaycan və rus dillərində nəşr olunan "Azərbaycan"
jurnalında müxtəlif yazılar da çap etdirdi.
C.Hacıbəyli mühacirətdə olduğu dövrdə
Qafqaz xalqlarının təmsiçiləri ilə də
tez-tez görüşür, müxtəlif tədbirlərdə
iştirak edirdi.
1936-cı ilin dekabrın 9-da Parisdə üç Qafqaz
Respublikası Şurasının Müstəqil Qafqaz Komitəsi
üzvlərinin iştirakı ilə keçirilən
iclasında C.Hacıbəyli də vardı. Həmin görüşdə
Azərbaycan adından Ə.M.Topçubaşov və
X.Sultanzadə (Sultanov), gürcülərdən A.Çxenkeli,
Ş.Amiredjibi, N.Ramişvili, Q.Qvazava, Dağlılardan H.Bammat
və A.Germoyev də iştirakçı idi.
Qeyd edək ki, C.Hacıbəyli 1920-ci ilin 27 aprelindən
- Azərbaycanın işğal edildiyi vaxtdan başlayaraq
bolşevik rejiminə qarşı kəskin siyasi mübarizə
aparırdı. Bununla əlaqədar olaraq mühacirətdə
yaradılan təşkilatların fəaliyyətində onun imzasına
tez-tez rast gəlmək mümkündür. Azərbaycan işğal edildikdən
sonra 1920-ci ilin 15 iyulunda Ə.Topçubaşov
Belçikanın Spa şəhərindən C.Hacıbəyliyə
göndərdiyi qeydində yazırdı: "Əzizim Ceyhun
bəy! Burda nə mümkün idisə etdik: nota verdik,
ayrı-ayrı müttəfiqlərin bir neçə katibləri
ilə, eləcə də İtaliyanın, Belçikanın,
Polşanın nazirləri ilə görüşdük. Bu gün ikinci notanı verdik və surətini
faydalanmağınız üçün göndərirəm
(Abbas bəydən götürün). Bu
gün Paderevski ilə (məşhur Polşa musiqiçisi və
Polşanın xarici işlər naziri - red.)
görüşdük. Görüşümüzdə
ətraflı danışaram. Hələlik
xanım Broşenin (Dabs-Broşe - İsveçrə
yazıçısı - N.Y.) bizim burda olmağımız
haqqındakı qeydlərini göndərirəm. Olsun ki, bu qeydləri SPA-dan məqalə kimi qəzetdə
çap edəsiniz.
Sabah Brüsselə gedirik və ümid edirəm ki, bazar
günü Parisdə görüşərik. Hamıya,
xüsusən Zöhrəyə salamlar, uşaqları
öpürəm. Salamat olun. Ə.M.Topçubaşov".
C.Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti
dövründə xaricdə təhsil almağa göndərilmiş
və Azərbaycan işğal edildiyinə görə maddi
köməkdən məhrum edilən tələbələrə
də qayğı göstərirdi.
Azərbaycan
Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət Arxivində saxlanılan 648 və
649 saylı fondlardan Ə.M.Topçubaşov və C.Hacıbəyli
arasında olan yazışma və qeydlərdən də
onların mühacirətdəki fəaliyyətini öyrənmək
mümkündür.
C.Hacıbəylinin Azərbaycanın tanınmış
dövlət xadimi M.Ə.Rəsulzadə ilə də
1920-1930-cu illərə aid yazışmaları mövcuddur. M.Ə.Rəsulzadənin
1932-ci ildə dekabrın 10-da Varşavadan C.Hacıbəyliyə
göndərdiyi bir məktubda "İstiqlal" qəzetinin
siqnal nüsxəsi üçün hazırlanmış bir
anketə diqqət göstərilməsinin vacibliyi qeyd
olunmuşdu. Həmin anketdə Qafqaz
Konfederasiyasının fəaliyyəti ilə bağlı
suallar qoyulmuşdu.
İkinci Dünya müharibəsi illərində
C.Hacıbəyli Almaniyada Azərbaycan Milli Birlik Məclisinin
yaradılmasında yaxından iştirak etdi və
Ə.Şeyxülislamovla, Ə.F.Düdənginski ilə
birlikdə həmin təşkilatın rəhbərlərindən
oldu.
İkinci Dünya müharibəsindən sonra C.Hacıbəyli
Azərbaycan mühacirlərinin fəallaşması istiqamətində
çalışdı. Onun 1945-1950-ci illərin əvvəllərində
tanınmış legioner və mühacir Ə.F.Düdənginski
ilə yazışmaları bu mənada faydalıdır.
C.Hacıbəyli Sovet rejiminə qarşı aparılan
"soyuq müharibə" dövründə də fəallıq
göstərdi. O,1951-ci ilin noyabrında
Almaniyanın Visbaden şəhərində keçirilən
konfransda Azərbaycanın təmsilçisi olaraq iştirak
etdi.
1952-ci ildə ABŞ dövləti Sovet rejiminə
qarşı təbliğat işini gücləndirmək məqsədi
ilə Münhen şəhərində SSRİ-ni Öyrənmə
İnstitutu yaratdı. Bu İnstitutun müxtəlif dillərdə
"Dərgi" jurnalı çap olunurdu. C.Hacıbəyli həmin İnstitutla sıx əməkdaşlıq
edirdi. Bunun nəticəsi idi ki, həmin
institut 1959-cu ildə C.Hacıbəylinin "Azərbaycanda
İslam əleyhinə təbliğat və onun vasitələri"
adlı kitabını rus dilində çap etdi.
C.Hacıbəyli qürbətdə olduğu 43 il müddətində həmişə Azərbaycan haqqında düşünmüşdür. Burada onun yaxın qohumları, dostları yaşayırdı. Bu mənada qardaşı Ü.Hacıbəylinin onunla yazışmaları çox təsirlidir. Ü.Hacıbəylinin Bakıdan Ceyhun bəyə yazdığı ilk məktub 1919-cu ilin 19 martına təsadüf edir. Bu məktubda maraqlı bir məlumat açıqlanıb. Ü.Hacıbəyli yazırdı: "... Səndən sonra Nəsib bəy mənimlə görüşüb dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al və Məmməd Əmin də (M.Ə.Rəsulzadə - N.Y.) sənin məvacibini alsın".
Ü.Hacıbəyli qardaşından və onun ailəsindən nigaranlıqla yazırdı: "Məni sizin əhvali-maddiyəniz çox fikirlərə salır, bilmirəm nə ilə dolanırsınız. Sənin bir işin varmı ki, ondan mədaxil ola, bəlkə ehtiyac içindəsiniz? Və bir də sizin buraya gəlməyiniz nə vaxt mümkün ola bilər? Sizi ordanmı buraxmırlar, yoxsa bura gəlməkdənmi ehtiyat edirsiniz?"
Bu məktublardan məlum olur ki, Ü.Hacıbəyli qardaşının Bakıya qayıtmasına çalışırdı.
Ü.Hacıbəylinin Ceyhun bəyə ünvanladığı son məktubu 1927-ci ilin 26 fevralına aiddir. Çox ehtimal ki, sovet dövləti sonradan onların yazışmalarını dayandırmışdı.
C.Hacıbəyli başqa mühacirlər kimi mühacirət həyatının ağır şərtləri altında yaşamağa məcbur olmuşdu.
1932-ci ildə təhsil haqqını ödəyə bilmədiyindən C.Hacıbəylinin oğlunu dərslərə buraxmırdılar. Bununla əlaqədar Ə.M.Topçubaşov da zəmanət məktubu ilə məktəbin direktoruna müraciət etmişdi.
C.Hacıbəyli 1962-ci ilin oktyabrın 23-də
Parisdə vəfat edib.
Nəsiman
YAQUBLU
tarix
elmləri doktoru
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.21.