Ocaqdakı günlər
İyirmi
beş il
öncə "Allaha
yaxın insanlar" adlı bir məqalə
yazmışdım. Bu məqalədə adətən
deyildiyi kimi, şair və yazıçıların yox,
məhz həkimlərin
Allaha yaxın adamlar olduqlarından bəhs etmişdim.
Amma indi deyirəm ki, həkimlər nəinki Allaha yaxın insanlardır, onlar insanın həyata qaytarılması
zamanı ölümlə
savaşanda elə Allahın sağ əli olurlar.
Sağlam bədəndə sağlam
ruh olur. Bu, həmən ruhdur ki, insan onun
sayəsində həyatın
gözəlliklərini görə
bilir. İnsanlara, təbiətə qarşı sevgi duya bilir. Bu ruhla böyük
əsərlər yaranır,
ixtiralar edilir. Bu
ruhun diktəsi ilə dünyanın sirrini öyrənməyə
can atır insan. Yarandığı andan onunla birgə doğulan sirrini bir kimsəyə verməyən insan əsrlərlə baş verən müharibələrə,
təbiətin gətirdiyi
zəlzələ, qasırğa
və s. fəlakətlətlərə
meydan oxuyaraq yaşamağa davam edir. Əslində, ölüm deyilən
yaşamağın davamı
kimi həyatın qanunudur. Amma yenə də
həyatın ölüm
adlı davamına gec çatmaq istəyirik.
Dünyanın "Korona" adlı virusun gücü çata bildiyi qədər insanı məhv etdiyi bir çağında yaşayırıq. İnsanların başına eyni
bəla gəlib, dinindən, dilindən, irqindən asılı olmayaraq, insanların başına eyni bəla gəlib. Sanki sizə xas
olanlar sizi başqalaşdırmır, hər
kəs fərqli hər kəs bərabərdir mesajı alırıq.
Əlac elmdədir. "Göydə
Allah, yerdə həkim"
deyirik bircə quru nəfəsə möhtac qalanda, boğulanda... Bəli, Allahın sağ
əlidir həkim.
Mən koronanın
ağır forması
ilə 18 gün "Yeni Klinika"da yatmalı oldum.
İstəməzdim insanların şəfa tapdıqları yer "Klinika", "Xəstəxana"
adlansın. Mən o yerlərə insanların
şəfa tapdığı
Ocaq kimi baxıram. Tarixən Şərqdə xəstəxanalara belə
də deyiblər - şəfaxanalar.
Havasızlıqdan boğulmağa başladığım
dəqiqələrdə "Yeni Klinika"nın
təcili yardım həkimi evə girdi. Oksigen balonunun üzümə
pərçimlənmiş maskası ilə nəfəs dərə-dərə
dənizkənarı yolla
Ocağa doğru getdim.
Ölüm lap yaxında idi.
Minlərlə can alan korona boğazımdan yapışmışdı,
məni boğmağa
çalışırdı. Ən maraqlısı bu idi ki, mən
çox sakit idim. Mən qətiyyən ölümdən
qorxmurdum. Doğuluşunu qəbul edən ölümünü xoş
qarşılamalıdır. "Ölüm yaşamağın
davamıdır", - deyə
düşünürdüm. Və məni xilas edən elə bu oldu. Ölümlə dalaşmaq istəməməyim.
Bircə...
Bircə qapıdan çıxanda nəvəm
Bəyazidin məni yola salan yaşlı
gözlərini xatırlayıb
"İstəsən, ona
görə yaşat məni", - deyə Yaradanla qısaca danışdım.
Çox geniş, səliqəli, müasir texniki avadanlıqlarla təchiz edilmiş otaq. Mən düz
on səkkiz gün bu otağın sakini oldum. Burda mənim qan doğmalarım yox idi, can doğmalarım vardı. Onlar həyatlarını riskə atan həkimlər, tibb bacıları, xəstə
baxıcıları idilər.
İlk gördüyüm həkim
hündürboylu gənc
həkim İbrahim Rufullayev oldu. "Yaxşı olacaqsınız",
- dedi. O qədər sakit, özünə arxayıncasına dedi ki... Əslində, sakit olan mən daha da
ruhlandım. Bəlkə də
bu sakitlik həkimlərə olan inamımdan irəli gəlirdi.
- Necəsiz, Almaz xanım?
Çox nikbin, qayğıkeş bir səs eşidib
dikəldim.
Bu, koronanın boğazından
yapışıb xəstələrini
boğmağa qoymayan həkimlərdən birinin
- Emil Qasımovun səsidir.
- Beş günə irəliləyişi hiss edəcəksiniz,
- dedi.
Bir neçə
gündən sonra palataya gəldi və məndə doğrudan da irəliləyiş vardı. Palatadakı boş
çarpayıda oturdu,
bir qədər söhbət etdik. Artıq çətinliklə olsa da, söhbət edə bilirdim. Dirilirdim...
Xəstələri inamı, istiqanlılığı
ilə ruhlandıran Ağayeva Pərvanə əsl fədakardır. Oğlu əsgərdir.
Oğlunun qayıtmasını səbirsizliklə gözləyir.
Gecələr tez-tez mənə
baş çəkib ehtiyacım olanda dərhal köməyimə
qaçdı. Səhərə kimi göz qırpmayan
xəstə baxıcıları
səslənən kimi
xəstələrin yanında
olurdular.
Asta yerişi,
sakit danışığı
ilə yadımda qalan Zaur həkim
də xatirimdədir.
Ora da döyüş meydanıdır. Amansız xəstəliklə
döyüşən baş
həkim Musa Abbasov və komandası məsuliyyətli, çox
yüklü bir işin öhdəsindən
gəlir. Sözün birbaşa
mənasında ölümlə
savaşırlar.
- Necəsiz, Almaz xanım? Mən xəstəxananın baş həkimiyəm.
Gülən gözləri, xoş səsi xəstəliyimi unutdurdu. Mən onda artıq
koronanın ağır
dönəmini geridə
qoymuşdum. Bunu
həkimlərin sevindiklərini
gördükcə daha
yaxşı hiss edirdim.
Xatirimdə qoruyucu mələklər kimi qalmış tibb bacıları Nəzakət, Sevinc, ən gözəl sözlərə layiqsiniz.
Pandemiyanın ilk günlərində "Sevgi
vaksini" adlı hekayəm çap edilmişdi. Əgər mən onu indi yazmış olsaydım, daha dolğun, daha gerçək tibb bacısı obrazı yaradardım. Məhz
Əhmədova Nərminə,
Əhmədova Sevinc, İsmayılova Nəzakət
kimi...
Bu ağır dönəmdə
bütün mənəvi
və fiziki gücünü dəhşətli
koronanın məhvinə
həsr etmiş həkimlər, siz qəhrəmansınız.
Xəstəxanadan çıxarkən məni
yola salan həkim Mirələmova Fərqanə özü kimi həkim həyat yoldaşını
səkkiz ay öncə
koronadan itirmişdi. Bu itkidən təsirlənmiş
həkim xəstələrə
qarşı son dərəcə
həssas idi.
Budur, mən
aylı bir gecədə evimdə oturub bu yazını
yazıram. Təbii ki, sizin sayənizdə. Ağ rəngli
qoruyucu geyimdə palataları dolaşan həkimlər, tibb bacıları və xəstə baxıcıları,
mən sizi heç vaxt unutmayacağam. Sizi mələklər
kimi bəyaz xatırlayacağam.
Bizim taleyimizə insanlığa qənim kəsilmiş iki düşmənlə mübarizə düşdü. Erməni və korona.
Ölkəmə, xalqıma, bütün
dünyaya sağlam ruhlu, sağlam nəfəsli
həyat sürmək arzusuyla sizi bağrıma basıram, fədakar həkimlər!
Almaz Ərgünəş BƏYAZİD
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.19.