Qılınc və qələm yurdunun elm
güzgüsü
AMEA
GƏNCƏ BÖLMƏSİNİN 40 YAŞI TAMAM OLUR
Gəncənin
lap mərkəzində yerləşən, klassik üslublu,
qarşısı sütunlu yaraşıqlı bina Nizami
yurdunun tanınan simvollarından biridir. O, həm də Gəncə
elinin bir ziya ocağıdır, desək, yanılmarıq. Bu əzəmətli
bina düz 40 ildir ki, respublikamızın ikinci şəhərinin,
eləcə də onu dörd bir tərəfdən əhatə
edən bölgələrin elm, inkişaf, və mədəni-maarifçilik mərkəzinə
çevrilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə
bölməsinin yerləşdiyi bu binanın
qarşısındakı abidələr də milli təfəkkür
və qüdrətimizin yüksəlişinə xidmətə
əbədi çağırış simvollarıdır. Dahi mütəfəkkirimiz
Nizamiylə yanaşı, bu binanın ön fasadını
adları dövlətçilik, elm və mədəniyyət tariximizə əbədi həkk
olunmuş görkəmli şəxsiyyətlərin heykəlləri
bəzəyir. İlk qadın şairimiz Məhsəti Gəncəvi, poetik üslubunun incəliyi
ilə Avropanı da fəth etmiş Mirzə Şəfi Vazeh,
orta əsrlər Gəncəsinin
memarlıq incilərini yaradan Şeyx Bəhaəddin
Amili, qüdrətli Səfəvilər
dövlətinin möhtəşəm hökmdarı və
incə qəlbli şair Şah İsmayıl Xətai,
dövrünü qabaqlayan ensiklopedik bilgili alim, dünyada ilk dəfə
olaraq göy cismlərini müşahidə etmək
üçün Marağa şəhərində rəsədxana
qurmuş Nəsirəddin Tusi
dünya poeziya və fəlsəfi fikrinin əlçatmaz zirvəsi,
bəşəri nizamçı Nizami ilə bir cərgədə
düzülüblər.
Tarixçə
Respublikanın
ikinci şəhərində Elmlər Akademiyasının
çoxşaxəli bölməsinin yaradılması
ideyası da Heydər Əliyevin hər an gələcəyi nəzərə
alan düşüncəsinin məhsuludur.
Azərbaycanınn bütün sahələrdə
inkişafının təmin olunmasının böyük
strateji, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və xeyir-duası ilə, elə onun respublikaya rəhbərliyinin
ilk illərində, ölkəmizin regionlarında iri elm
ocaqlarının yaradılması məsələsi gündəliyə
gətirilmişdi. Bu məqsədlə Azərbaycan SSR Elmlər
Akademiyası Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli 33 saylı sərəncamına əsasən,
Qərb regionu üzrə Kirovabad (Gəncə) şəhərində
Respublika Elmlər Akademiyasının nəzdində Kirovabad (Gəncə)
Elm Mərkəzinin yaradılması nəzərə tutulurdu.
Amma bu işlərin gerçəkləşməsi,
görünür, SSRİ-nin mərkəzi orqanlarının
"tələsməməsi" səbəbindən
yubanırdı. Müəyyən çətinliklərdən
sonra Respublika Nazirlər Kabinetinin 22 avqust 1980-ci il
91 saylı sərəncamı ilə Kirovabad (Gəncə) Elm
Mərkəzinə ayrıca bina ayrıldı.
Gəncədə
qurulacaq elmi mərkəzin təşkili və regionun
sosial-iqtisadi inkişafı naminə elmi tədqiqatların
istiqamətinin araşdırılması üçün Azərbaycan
SSR EA-nın Rəyasət Heyətinin 16 iyun 1980-ci il qərarı ilə görkəmli alimlərimizdən
ibarət işçi qrup yaradıldı. İşçi
qrupa Təbiət, texniki və humanitar elmlər üzrə
işlərin təşkili üçün akademiklər Musa Musayev, Maqsud
Əliyev, Həbib Şaxtaxtinski, Cəmil Quliyev, Məmmədcəfər
Cəfərov, İqrar Əliyev, Ziya Bünyadov daxil idilər.
1981-ci il may ayının 28-də Azərbaycan SSR Elmlər
Akademiyasının Rəyasət Heyətinin qərarı ilə
Qərb regionunun sosial-iqtisadi inkişafı, milli-mənəvi
dəyərlərin araşdırılması, Qərb
bölgəsində elmi tədqiqatların koordinasiyası və
elmi kadrların hazırlanması məqsədilə
yaradılmış Azərbaycan Elmlər Akademiyasının
Kirovabad (Gəncə) Elm Mərkəzi fəaliyyətə
başladı. Qeyd edək ki, ilk illər Gəncə
Elm Mərkəzi Azərbaycan SSR Elmlər Akademiyasının
Elmi-tədqiqat Aşqarlar Kimyası İnstitutunun kurasiyası
ilə formalaşdırılırdı. Bu
institutun o vaxtkı rəhbəri, akademik Əli Quliyev Gəncə
Elm Mərkəzinin formalaşdırılması və
işinin təşkilində müstəsna xidmətləri
olan elm xadimlərimizdəndir.
Gəncə Elm Mərkəzinin apardığı tədqiqatların
coğrafi əhatə dairəsinin genişliyinin təsdiqi
kimi, 1995-ci ilin aprelin 15-də Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin qərarı ilə Mərkəzin
bazası əsasında Gəncə Regional Elmi Mərkəz
yaradıldı.
Daha sonra
Mərkəz, respubikamızın bölgələrinin
dayanıqlı inkişafi məsələlərinin elmi əsaslarıının
geniş təminatı məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 19 dekabr 2012-ci il
tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər
Akademiyasının Gəncə Bölməsinə
çevrildi.
Müasir
tədqiqatların istiqamətləri
Həmin sərəncam müasir dövr
üçün ölkənin böyük bir regionunun elmi həyatıda
miqyaslı sıçrayış demək idi. Belə ki, AMEA Gəncə
Bölməsininnin nəzdində 7 elmi-tədqiqat ocağı
- Bioresurslar İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar
İnstitutu, Aqrar Problemlər İnstitutu, Humanitar Tədqiqatlar
İnstitutu, Diyarşünaslıq İnstitutu, eləcə də
Nizami Mərkəzi və Nəbatat Bağı
yaradıldı və fəaliyyətə başladı.
"Ulu
öndər Heydər Əliyev tərəfindən bu elm
ocağının yaranma ideyasının əsaslandırılması
və qırx il bundan qabaq, 1981-ci ilin may ayının 28-də
onun şəxsi iştirakı ilə açılması bu
Böyük Strateqin ölkəmizin, onun bölgələrinin
tərəqqisi naminə düşüncə və fəaliyyətinin
neçə-neçə tarixi nümunələrindən
biridir. Ümummilli liderin dövlətimiz və
xalqımız üçün
aydınlaşdırdığı inkişaf yolunu müasir
dövrümüzdə Prezidentimiz İlham Əliyev müvəffəqiyyətlə,
daha böyük yaradıcı enerji ilə davam etdirir. Ölkə rəhbərinin sərəncamı ilə
AMEA Gəncə Bölməsinin və onun institut və digər
elmi təsisatlarının yaradılması alim və mütəxəssislərimizin
qarşısında Respublikamızın inkişafına
töhfə vermək üçün daha böyük hədəflər
və məsuliyyət qoyub. Hazırda Gəncə
Bölməsinin tabeliyindəki institut və digər tədqiqat
ocaqlarında aktual elmi-texniki, iqtisadi, ekoloji məsələlərin
həllinə, mənəvi dünyamızın tərəqqisinə
xidmət edən işlər aparılır", deyə AMEA Gəncə
Bölməsinin sədri, akademik Fuad Əliyev rəhbərlik
etdiyi elm ocağının ümumi strateji məqsədlərini
ifadə edir.
AMEA Gəncə
Bölməsinin elmimizin ölkənin inkişaf perspektivlərinə
uyğun fundamental nəzəri və əməli istiqamətlər
strategiyası üzrə fəaliyyət göstərən tədqiqat
ocaqları öz işlərini "Azərbaycan
Respublikası iqtisadiyyatının əsas sektorları üzrə
Yol xəritəsi", "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinin
2021-2025-ci illər üzrə bərpası və
dayanıqlı inkişafı Dövlət Proqramı",
"Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin
qorunması və davamlı inkişafına dair Milli
Strategiya", "Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə üzrə Dövlət Proqramı", "Azərbaycan
Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi
inkişafa dair Milli proqram", "Ətraf mühit və təbii
ehtiyatlardan səmərəli istifadə üzrə Strateji Yol
Xəritəsi" və "AMEA-nın Strateji İnkişaf
proqramı" kimi vacib dövlət sənədlərinin
müddəalarına uyğun qrub.
Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin
yaradılması isə müasir
nizamişünaslığın inkişafında yeni bir mərhələyə
çevrilib.
Görkəmli nizamişünas alim, əməkdar elm xadimi,
professor Xəlil Yusiflinin rəhbərlik etdiyi Mərkəzin tədqiqatlarının
əsas istiqamətləri dahi Azərbaycan şairi və
mütəfəkri Nizami Gəncəvinin irsinin
araşdırılması, onun elmi-fəlsəfi fikirləri əsasında
ensiklopediyanın hazırlanması,
nizamişünaslığın aktual problemləri üzrə
beynəlxalq elmi əlaqələrin yaradılması,
şairin əsərlərinin müxtəlif dillərə tərcümə
olunması və digər bu kimi məsələləri əhatə
edir. Bu istiqamətdəki tədqiqatların nəticəsi
olaraq, Nizami irsinə dair onlarla kitab ərsəyə gətirilib.
Mərkəzin
böyük maraq doğuran orijinal araşdırmalarından
biri də Nizami
Gəncəvinin sələfləri və xələflərinin
həyat və yaradıcılığının tədqiqidir.
Bu xüsusda, Gəncənin Hacıkənd qəsəbəsində
"Nizaminin sələfləri və xələfləri"
adlı açıq səma altında muzeyin
yaradılmasını olduqca təqdirəlayiq hal kimi qiymətləndirmək
olar. Gəncə Bölməsinin əməkdaşları
tərəfindən Nizamidən əvvəl və sonra yaşamış 26
tarixi şəxsin obrazları hazırlanıb və bunun əsasında
həmin görkəmli söz adamlarının həyat və
yaradıcılıqlarını əks etdirən
kitabçalar Azərbaycan, fars və
ingilis dilərində nəşr edilib.
AMEA Gəncə
Bölməsi tərəfində dahi mütəfəkkirimizin
yaradıcılığına həsr olunan, o cümlədən,
ölkə başçısının 2021-ci ili
"Nizami Gəncəvi ili" elan etməsinin
işığında, neçə-neçə elmi forumlar təşkil
olunub.
Humanitar Tədqiqatlar
İnstitutunda isə maddi-mənəvi dəyərlərimizin
qorunmasına xidmət edən elmi araşdırmalar, o cümlədən,
müasir qloballaşma dövründə Azərbaycan dilinin
saflığının qorunub saxlanılması yönündə
işlər həyata keçirilir.
Diyarşünaslıq
İnstitutunun əsas fəaliyyət istiqamətləri isə
Qərb bölgəsində arxeoloji-etnoqrafik tədqiqatlar, həmçinin,
"Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası
və dayanıqlı inkişafı Dövlət
Proqramı"nın müddəalarına
uyğun olaraq, Qarabağ ərazisinin tarixinin tədqiqi istiqamətində
elmi araşdırmaları əhatə edir.
AMEA Gəncə Bölməsi özünün
dövrü elmi nəşr orqanına da malikdir. AMEA Rəyasət Heyətinin
29 iyun 1995-ci il tarixli Qərarı ilə
bölgədə ilk dəfə olaraq elmi xarakterli "Xəbərlər
Məcmuəsi" jurnalı nəşr olunmağa
başladı. Məcmuə Qərb bölgəsi
üzrə aparılan elmi-tədqiqat işlərinin
koordinatoru vəzifəsini yerinə yetirir.
Bölmənin daha bir dövrü elmi nəşri Nizami
irsini əhatə edir. Gəncə Şəhər
İcra Hakimiyyətinin tövsiyəsi və AMEA Rəyasət
Heyətinin qərarı ilə 2011-ci ildən "Nizamişünaslıq"
jurnal da nəşr edilir.
"Bizim
Fuad müəllim"
Qırx il əvvəl cəmi üç kimya
laboratoriyası ilə fəaliyyətə başlayan, indi
çoxprofilli tədqiqat qurumlarını özündə
birləşdirən bu elm ocağının nüfuzu, onun
yarandığı andan bu günədək dəyişməz
rəhbəri Fuad Əliyevin şəxsi keyfiyyətləri ilə
sıx bağlı olub. Gənc, perspektivli kimyaçı alim
kimi burada işə başlayan Fuad Əliyev Gəncədə
davamlı bir elm salnaməsinin əsasını qoyaraq, öz
bilik və istedadı ilə doğma şəhərinin bu elm
ocağını akademik bir səviyyəyə
qaldırmağa nail olub və özü də burada ən
yüksək elmi zirvəyə çatıb.
Fuad Yusif oğlu Əliyev 1950-ci ildə Gəncə
şəhərində, köklü Əlibəylilər nəslinə
mənsub ziyalı ailəsində doğulub. Onun Mehdi bəy
adlı ulu babalarından biri, Mirzə Şəfi Vazehin
qardaşıdır. Digər ulu babası
Kərbəlayi Sadıq isə memar olub. Onların
hər ikisi Gəncə xanı Cavad xanın sarayında mənsəb
Gənc Fuad 1972-ci ildə Azərbaycan Dövlət
Universitetinin kimya fakultəsini biririb. 1981-ci
ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin
qərarı ilə kimya elmləri namizədi, Bakıdakı
Aşqarlar Kimyası İstitutunun elmi işlər üzrə
direktor müavini Fuad Əliyev Kirovabad Elmi Mərkəzinə
rəhbər göndərilib.
O, 1991-ci
ildə doktorluq dissertasiyasını müdafiə edərək
kimya elmləri doktoru elmi dərəcəsi alıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasına müxbir üzv, 2014-cü ildə isə
AMEA-nın həqiqi üzvü (akademik) seçilib. O,
189 elmi əsərin, 17 elmi ixtiranın, 9 monoqrafiyanın
müəllifidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları
ilə Fuad Əliyev elmi və ictimai-siyasi fəaliyyətinə
görə 2005-ci ildə "Tərəqqi" medalı,
2006-cı ildə "Əməkdar elm xadimi" fəxri
adı, 2017-ci ildə 3-cü dərəcəli "Vətənə
xidmətə görə" ordeni və 2020-ci ildə
"Şöhrət" ordeni ilə təltif edilib.
Ən yüksək elmi və ictimai məqam sahibi olan bu şəxsi Gəncədə Vətən təəssübkeşi, onun şanlı tarixinin, milli-mənəvi dəyərlərinin sevdalısı kimi də tanıyır və sevirlər. Ona hər zaman, hər bir məsələdə güvənmək mümkün olduğundan, Gəncədə cavanlardan tutmuş ahıllaradək hamı onun adının əvvəlində xüsusi rəğbət əlaməti kimi, "bizim" ifadəsi işlədir. Razılaşın ki, indiki zəmanədə "bizim" olmaq hər kişinin işi deyil. Bu adı ən böyük sərvətə - səmimiyyət və sadəliyə malik olan və onu bütün ömrü boyu qoruya bilən nəcib insanlar qazanır.
Yazının sonunda əlavə edək ki, son dövrlərin Gəncəsinin şəhər simasının formalaşdıran bir sıra ictimai-mədəni obyektlərin, o cümlədən, Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, Gənsə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Mirzə Şəfi Vazeh muzeyi kimi möhtəşəm təsisatların qurulmasında və tərtibatında Fuad müəllimin rəhbərliyi ilə AMEA Gəncə Bölməsi əməkdaşlarının da böyük zəhməti var. Həmçinin, on yeddi il bundan qabaq Gəncə gerbinin hazırlanması məsələsi qaldırılarkən, bu məqsəd üçün qədim şəhərin Şah İsmayıl Xətai dövrünə gedib-çıxan simvolunun tövsiyə edilməsi və qəbul olunması da bu zəhmətin nəticəsidir.
Zakir MURADOV,
Gəncə
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.10;19.