Mız  

 

Esse

 

Mız qoymaq - yalnız nöqsan axtarmaq, bəyənməmək, belə el dili ilə desək, qəmiş qoymaqdır. Başqa dillərdə buna deyirlər bilmirəm, amma bizdə elə qəşəng ad veriblər - mız. Bu, həşəratlardan eşitdiyimiz "Vız" səsinə oxşayır təxminən elə bir şeydir. Həmin vızıltıyla uçan həşəratlardan biri - milçək haqqında da bir misal var ki, özü bir şey deyil, amma qəlb bulandırır. Necə ki, mız qoyanlar da bu işlə məşğuldurlar.

 

isə, bu mız deyilən bizim canımıza, qanımıza (fikir verin, elə "canımız", "qanımız"da da bir "mız" var) elə hopub ki, hətta illərdir bir qarışını belə azad edəcəyimizə şübhə ilə yanaşdığımız torpaqlar işğaldan azad olunanda da ona mız qoymağa çalışdıq. "Bircə dəfə Şuşaya ayağım dəysin, ondan sonra ölüm", yaxud "ondan sonra dərdim qalmaz" deyənlər indi başqa çıxışlar edirlər. İroniyalar, atmacalar bitmir...

 

Mızqoyanlar hər yerdə, hər sahədə var, addımbaşı ayağa dolaşır,  gündən-günə artıb-çoxalır öz "missiyalarını" çox böyük həvəslə yerinə yetirirlər. Tutaq ki, illərdir hansısa bir sahədə görülmür. Kimsə ayağa qalxır, qol çırmalayır, çökmüş, ölmüş bir işdə heç nədən nəsə yaratmağa çalışır. İlk cəhdini edir. Çatışmazlıqları özü bilir. Amma zəhmət çəkib o boşluqları dolduracam, ortaya bir çıxaracam deyə cəhdlərini davam etdirir. Alın təri ilə, gərgin zəhmət, yuxusuz gecələr hesabına ərsəyə gətirdiyi işə kimsə yaxşı tərəfdən yanaşmır, keçilən çətin yolları, tikanları, məftilləri, imkansızlıqları görmək istəmir dərhal mızıldamağa, lağ etməyə, qulp qoymağa çalışır. Həm bunu tək etmir, dərhal ətrafına da özü kimi qəlb bulandıranları toplayır. Vızıltı-mızıltıya qarışır. Əvvəl-əvvəl görən şəxs bunlara əhəmiyyət verməməyə çalışır. Lakin getdikcə bu səs onun başına düşür. Vəziyyəti izah etmək istəyir. Amma kimdir onu eşidən? təsəvvür edirsiniz, o mızqoyanların içində bir salamat adam olmur. Hamısı uğursuz, heç bir nailiyyəti, heç bir bəhrəli işi olmayan, görünməyənlərdir. bu həyatda onların məqsədi birdir. Hamını özləri kimi uğursuz görmək. Bəlkə bu da bir qəlb xəstəliyidir?! Paxıllıq, həsəd kimi, narsizm kimi... bəlkə bunu özləri bilmədən edirlər. Amma nəticənin olacağını düşünmürlər. Deyək ki, qarşı tərəfdəki şəxs güclüdür, özünə inamlıdır, bu "mız"lara məhəl qoymadan sonadək gedib özünü sübut edə, işini mükəmməlləşdirə bilir. Lakin bunu hamıya şamil etmək olmur axı. Hamı bu qədər dözümlü olmur ki. belə iyrənc atmacalar bəzilərini ruhdan salır, işdən soyudur, illərlə o mızqoyanların bir küncündən yapışmadığı işi o da tullayıb qaçır. Nəticədə yenə boşluq, yenə sükünət, yenə gerilik.

 

Bu nöqsan axtaranların bəziləri isə "mız"ı tənqidlə qarışdırırlar. Qadan alım, lüğəti bax. Mız qoymaq tamamilə ayrı ifadədir, tənqid ayrı. Bunların özünü qarışıq salan adam necə tənqid edə bilər ki? Hətta tənqid edəndə insafı əldən vermək olmaz. Tutaq ki, eyni ildə bir orta məktəbdən 15 nəfər, digər məktəbdən 5 nəfər ali təhsil müəssisəsinə qəbul olunub. Dərhal hamı hücum çəkir 5 nəfəri qəbul olunan məktəbin rəhbərliyinin üstünə. Amma heç kim müqayisə etmir ki, həmin məktəblərin neçə nəfər məzunu olub. Yəni əgər o 5 nəfər cəmi 10 məzunu olan bir kənd məktəbindəndirsə, həmin müəssisənin uğuru 60 məzunundan 15-i qəbul olunan şəhər məktəbinin uğurundan əlbəttə ki, böyükdür...

 

Bir sözlə, mız qoymazdan öncə görülən işin hansı şəraitdə, hansı vəziyyətdə, nələrdən keçərək ərsəyə gəldiyini düşünmək lazımdır.

 

İllər öncə evimizdə anam tez-tez kitablardan şeirlər oxuyar, atamla təhlil edər, fikir mübadiləsi aparardılar. Bir çox müəllifləri mənə tanıdan məhz onların bu kimi fikir bölüşmələri idi. O vaxt anam bir şeir oxumuşdu sonralar bunu tez-tez təkrar edirdi. Müəllifin adını xatırlamıram. Anam da unudub. Bəlkə misralarda azacıq fərq ola bilər. Amma şeir yadımda belə qalıb:

 

Heykəltəraş qumdan, gildən

Yaratdı br insanı

Qulpqoyanlar dedilər:

- Bunun nəfəsi hanı?

 

Bəli, bu qulpqoyanları, mız qoyanları heç inandıqları Allah da razı sala bilməz. Bunlar görmək, zəhmət çəkmək, qurub-yaratmaq üçün yox, işləyənləri ruhdan salmaq üçün yaşayırlar sanki. Şair Qismət Rüstəmovun bu günlərdə rastıma çıxan bir fikrində vurğulandığı kimi: "Bəlkə də, milyon cür insan tipi var, amma ikiyə qədər ixtisar etsək, belə alınar: görənlər və mız qoyanlar".

 

 

Məhsəti MUSA

 

525-ci qəzet.- 2021.- 15 dekabr.- S.18.