Flora Xəlilzadə:"Ən
zəif, kövrək yerim yurdum, yuvamdır"
"Ömrümün
elə vaxtıdır ki, gənclərə dayaq olmalı,
onlara yaşıl işıq yandırmalıyam"
-
Ömrünü qələmə sarılaraq keçirən
Flora Xəlilzadə üçün çətin gəlmirmi
bu peşə?
- Deməzdim...
Çünki gözümü açandan bəri
evimizdə kitab görmüşəm, bacım
kitabxanaçı olub və uşaqlıqdan kitaba, yazıb
oxumağa meylim olub. Söz dahilərinin
işığı olub evimizdə - şair Məmməd Araz
və tənqidçi Qulu Xəlilov. Mən
sözün içərisində böyümüşəm.
Uşaqlıqdan da
jurnalist olmaq istəmişəm. Abidələrlə
zəngin olan Qərbi
Zəngəzurun Qarakilsə rayonunun Urud kəndində
dünyaya göz açmışam. Hələ orta məktəbdə
ikən Azərbaycan mətbuatında, həmçinin, İrəvan
mətbuatında "Sovet Ermənistanı" qəzeti var
idi, o vaxt mən oraya yazılarımı verirdim və
aldığım məvacib həddindən artıq az idi, amma
buna baxmayaraq, çox sevinirdim. Çünki həmyaşıdlarım
arasında heç kimə məvacib ayrılmırdı, amma
mənə az-çox yazardılar. Uşaqlıqdan
bu sənətə o qədər böyük sevgim olub ki,
başqa sahədə özümü görmək belə istəməmişəm.
Söz mənim üçün bütün
varidatlardan yuxarıda dayanır.
-
Maraqlıdır ki, publisistikaya marağınız haradan
başladı?
- Ailədən
qaynaqlanır. Mənim Cahan adında bibim var idi
və o, həmişə bədahətən şeirlər,
qoşmalar deyən xanım olub. Hətta
bizim nəsildə hər kəsin bir şeir dəftəri
olardı. Çoxu üzə
çıxarmağa o qədər də cəsarət edə
bilmir. Bizim xan çinarımız Məmməd
Araz var. Sözə, sənətə maraq təbii ki, kökdən,
doğulduğun mühitdən, insanın dünya
görüşünü formalaşdıran amillərdən
gəlir. Hətta bir haşiyə
çıxım ki, orta məktəbdə oxuyanda mən
heç vaxt dərslərdə nağıl oxumamışam.
Nağılların hər birini anamdan
eşitdiyim üçün yadımda qalardı və o şəkildə
dərsə cavab verərdim. 4-cü sinifdə
ikən artıq Drayzeri, Viktor Hüqonu oxumuşdum. Yadımdadır, universitetin birinci kursunda ikən
xarici dillər ədəbiyyatından mövzular
danışanda müəllimlər məəttəl
qalırdı ki, mən bunları haradan bilirəm. Hətta
əksər vaxtlarda
dərslərin məzmununu mənə
danışmağı həvalə edərdilər ki, mən
məlumatlıyam. Qəribədir ki, hələ
orta məktəbdə oxuyandan bəri məndə müəyyən
fikirlər artıq formalaşmışdı. M.S.Ordubadinin bütün əsərlərini sevirdim,
ələxsus da "Qılınc və Qələm"ini.
Sonralar İlyas Əfəndiyevin, Ələviyyə
Babayevanın, Əzizə Cəfərzadənin... Bu yazıçılar mənim üçün
ideal idi.
- Mətbuatdan
televiziyaya...
- Jurnalistikada
oxuyanda qəzetçiliyi seçmişdim. O vaxtlar tez-tez həvəskar
jurnalist, həvəskar şair kimi televiziyaya gedərdim. Şeirlərim, yazılarım olardı və
televiziya kanalları dəvət edərdi. İxtisas bölünəndə qardaşımla məsləhətləşmişdim
ki, bəs televiziyanı seçim, yoxsa qəzet
jurnalistikasını? Qardaşım da mənə
"Hər gün boyalanıb efirə çıxacaqsan"
deyib məni qəzet sahəsinə yönləndirdi və mən
oraya getdim. Əvvəlcə "Azərbaycan
təbiəti" jurnalında çalışdım.
Bura mənim üçün ikinci ali məktəb
oldu deyərdim. Məmməd Araz, Məmməd Aslan və
baş redaktorumuz Həsən Əliyev... Mən
onların şinelindən çıxdım, necə deyərlər.
Orada ədəbi redaktəni öyrəndim,
mövzular üzərində necə işləyərlər
onlara bələd oldum. Sonra təyinatımı
"Azərbaycan müəllimi" qəzetinə aldım və
uzun müddət orada fəaliyyət göstərdim. Daha sonra "Azərbaycan" qəzetində
çalışdım. Bir ara
"Azərbaycan qadını" jurnalının redaktoru
oldum. Nəhayət, elə bir məqam yarandı ki... Xudu müəllimin bir müdrik ifadəsi
var: "Yarımçıq adam qulpsuz
qazan kimidir, bilmirsən ki, haradan yapışasan". Elə bir məqam
yarandı ki, mən artıq yoruldum, usandım və
düşündüm ki, televiziyaya getməliyəm. Qəzetdə yaratdığım "Yadigarlar"
rubrikasını başladım televiziyada davam etdirməyə
və onun televiziya variantını hazırladım. İctimai Televiziyada çalışdım və
orada mənə şərait yaratdılar və
televiziyanın bilmədiyim sirlərini də öyrəndim.
Oğlum Bəhruz Niftəliyev Azərbaycan
Televiziyasıında çalışırdı, mən isə İctimai
Televiziyada. Düşünürdüm ki, bir yerdə
çalışaq və dəvət aldım, gəldim. Birlikdə "Yadigarlar" verilişini başqa bir
formatda təqdim edirik. Buna görə
çox sevinirəm. Unudulan, unudulmayan sənətkarların
hər birini gündəmə gətirib yad edirik. Düşünürəm ki, sənətkarları,
Azərbaycan mühitində olan ədəbiyyat
adamlarını, söz adamlarını, möhürünü
vurmuş insanları xatırlatdıqca, onların da ruhu
şad olur. Həmçinin, mənim də
qəlbim bir sakitlik tapır, huzur tapır.
- Qəzetdən
televiziyaya gəldikdə problemlər
yaşadınızmı?
- Əslində qəzetdən televiziyaya gələnlərdə
hər zaman uğurlu alınır, çünki redaktə ilə
danışılır artıq, redaktə ilə hərəkət
edilir. Qəzet bu barədə jurnalistikaya başlayanlar
üçün deyərdim ki, əsas mərhələdir.
Amma televiziyadan qəzetə gedəndə qəzet
uduzur. Çünki televiziyada nə qədər
danışıq dilində uğur qazansalar da, yazı dilində
redaktəyə ehtiyac duyulur və bu da vaxt itkisinə gətirib
çıxarır. Amma qəzetdən
televiziyaya gedəndə televiziya qazanır daim. Məsələn, mən nə
danışıramsa, avtomatik olaraq redaktə ilə
danışıram.
-
Haqsızlıqla üzləşmisinizmi?
- Mən
heç vaxt işini itirən birinin arxasınca
danışmağı sevən biri deyiləm. 1997-ci il idi, mən "Azərbaycan
qadını" jurnalının redaktoru idim və işdə
olunan haqsızlığa görə açarı qoyub qələmimi
götürüb işdən ayrıldım və bir il
boyunca işsiz qaldım. Sonra "Azərbaycan"
qəzetinə işə qayıtmışdım, orada da
haqsızlığı görüncə istefa verdim. Mən haqsızlığı görəndə gedən
insanam. güləşməyi,
mübahisə etməyi sevmirəm və heç də
getdiyim üçün peşman deyiləm.
- Həm
qəzet, həm televiziya... maraqlıdır ki, Flora Xəlilzadə
özünü hansında daha çox tapdı?
- Öz yaratdığımda, öz yazdığımda. Əgər bu gün yazılarımı, yaratdıqlarımı efir həyatına gətirə bilirəmsə, qəlbən rahat oluram. Fərqi nədir ki, qəzetdə yazılarım çap olunurdu, televiziyada işıqlanır. Maraqlı bir haşiyə çıxım ki, Flora Kərimovanın qadağan olunduğu bir dövr var idi - 1990-cı illər. O vaxtlar onun haqqında yazmaq, danışmaq olmazdı. Amma onun barəsində Məmməd İsmayılın redaktorluğu ilə çıxan "Gənclik" jurnalı var idi. Az ömürlü olsa da, rəngli, bədii və tarixdə sözünü deyə bilən jurnal oldu. Orada bir yazım çıxmışdı və bir dəfə metroda gedərkən təsadüfən qarşımda iki xanım əyləşib bu jurnalı oxuyurdu və göz yetirəndə öz şəklimi və imzamı gördüm. Söhbətə qulaq müsafiri olanda duydum ki, xanımlardan biri digərinə "Heyif, yaxşı qələmi var idi, onu çox sevirdim, amma dünyasını dəyişib" dedi. Və digəri də məyus olub təsirləndi. Gördüm ikisi də təsirlənib və mən də bunlarla zarafat etmək istədim ki, bəs ölüb ölüb də, nə olar ki, həyatdı da (gülümsəyir)... Dönüb üzümə tərs-tərs baxıb "Özün öləsən, o, bizim ən sevdiyimiz müəllifdir, jurnalistdir" dedilər. Amma illər sonra mən İTV-də işləyəndə bir dəfə avtobusa minəndə balaca bir uşaq anasının ətəyini çəkdi ki, "Ana, ana, dur ayağa, televizorda gördüyümüz nənədi, dur yer ver, otursun". Buna görə deyərdim ki, televiziyanın tanıtma gücü daha çoxdur. Yaşın bu vaxtında hesab edirəm ki, burada çalışmaq daha yaxşıdır.
- Flora xanım, şeirlərinizdən danışaq: insan ruhu ilə daha çox bağlıdır yazılarınız...
- Mən qadınlar şeirlərini səsləndirəndə
acığım gəlir. O qədər zəif şeirləri
eşitdim ki, xanımların dilindən, artıq xoşum gəlmədi
səsləndirməkdən. Amma dilimin əzbəri olan bir şeir var:
Daş da
məndən vəfalı,
Quş da
məndən vəfalı,
İldə
bir yol Şuşada,
Qış da məndən vəfalı.
Bu
bayatı mənim içimin ağrısı idi və
şükürlər olsun ki, Şuşaya gedəndə Cıdır
düzündə qayanın başına
çıxıb "Daha biz vəfalıyıq,
Şuşam" dedim, daha o misraları səsləndirmərəm,
biz qayıtdıq Şuşam. Nə xoş ki, qayıtdıq. O, mənim ən
ağrılı, ən təsirli bayatım idi.
- Bu
gün Flora xanım bu mövqedə olması
üçün kimə borcludur?
- Uşaq ikən özfəaliyyət dərnəklərinin üzvü idim, yaradıcılığa meylim çox idi. Anamın adı Gözəl idi və mən həmişə ağacın başına çıxıb anama ərkiyanə deyərdim ki, bir evdə ki, səntək gözəl olmaya, o ev od tutub alışa gərək... Orta məktəbdə oxuduğum vaxtlar unuda bilmədiyim müəllimim var idi - Qasım Hacıyev. Əslində, o, fizika, riyaziyyat müəllimim idi. II Dünya müharibəsi vaxtı almanlara əsir düşəndə alman dilini öyrənmişdi və alman dili mütəxəssisi olmuşdu. O, bizə də paralel olaraq alman dili fənnindən dərs deyərdi. Üç il mənə alman dili dərsi dedi və siz təsəvvür edin ki, bu müddət ərzində öyrəndiyim alman dili ilə mən məktəbi də yüksək qiymətlə bitirmişəm, ali məktəbə də qəbul olub yüksək qiymətlər almışam. Bir neçə dəfə xarici ölkələrə - Almaniyaya, ABŞ-a yolum düşəndə alman dili ilə özümü idarə edə bilmişəm. Bu gün mən fizika mütəxəssisi deyiləm, ancaq Nyutonun qanunlarını əzbər bilirəm. O qədər gözəl insan, savadlı müəllim idi ki! Hətta onun çox gözəl rəsm əsərləri də vardı. Həm də özfəaliyyət dərnəklərində tar çalardı. Alman dilində "Arşın mal alan"ı tamaşaya qoymuşduq və orada alman dilində bilən oğlan olmadığı üçün mən kişi rolunda idim. Bu günədək də o rol yaddaşımdadır. Deməyim odur ki, müəllimin də insan həyatında rolu böyükdür. Həyatım boyu nə qədər müəllimlərim olub. Amma bu günədək mənimlə gələn Qasım Hacıyevdir ki, ona borcluyam.
- Müsahibələrinizin birində "Gözəl səsim var idi, kaş ki, müğənni olardım" deyə vurğulamışdınız. Nə oldu ki, birdən-birə bu qənaətə gəldiniz?
- Bir ara jurnalistikanın qəribə bir çöküşü oldu. Bu sahədən xəbəri olmayanların jurnalist kimi özünü qələmə verməsi məndə xoş təəssürat yaratmadı, əsl jurnalistlər qalmışdı kənarda. Mən də onu zarafatyana demişdim ki, müğənni olsam, hər şeyə nail olardım. Amma bu günümdən narazı deyiləm. Zəhmətim həm oxucular, həm də dövlət tərəfindən qiymətləndirilir. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamına beş dəfə adım düşüb və şəxsən özü mənim işlərimi qiymətləndirib, yaradıcılığım boyunca ona çox minnətdaram.
- Flora xanım, Azərbaycan Televiziyasının "Ədəbi dram və folklor" redaksiyasının baş redaktorusunuz. İşlərinizdə, fəaliyyətinizdə nə kimi yeniliklər var?
- Hələ tələbə vaxtından bu redaksiyanın xətti ilə buraya gəlmişəm və burada çox gözəl insanlar çalışıb. Mailə Muradxanlı bizim redaksiyanın baş redaktoru olub. İçimdə elə bir hiss var idi ki, Mailə xanımın yolunu davam etdirəcəm. Çox gözəl insanı münasibətlərimiz var idi və o, işinə o qədər bağlı insan idi ki, işdən çıxarıldığını öyrənəndə ürəyi tutdu və dünyasını dəyişdi. O qədər gözəl jurnalist, gözəl insan, işini bilən biri idi ki, insanlara da qayğı ilə yanaşardı və mən də həmişə o yolu davam elətdirmək niyyətində idim. Hətta verilişimizin birini də bütövlükdə Mailə Muradxanlıya həsr etdim. Azərbaycan Televiziyası bizim ana televiziyamızdır, bura məktəbdir. Mən bugünədək ancaq AzTV-nin xəbərlərinə baxıram. Mütləq "Həftə" analitik proqramını izləyirəm. Çünki ən düzgün, ən doğru xəbəri çatdırırlar. Bura mənim gəncliyimlə bağlıdır və mən buranı çox sevirəm. O vaxtlar Firudin Ağayev çalışardı. O, bizə o qədər qayğı göstərirdi ki, mən düşünürdüm ki, bu qayğını zamanla mən də ötürəcəm burada.
- Bir az öncə müasir jurnalistikaya da toxunduq. Bugünkü jurnalistika sizi qane edirmi?
- Vaxtilə mən bu sənəti ilahiləşdirərdim, yazımız varsa, bunu sənət qəbul edərdilər. indi belə deyil. Cahangir Məmmədli, Akif Rüstəmov, Allahverdi Məmmədli, Qərənfil Dünyaminqızı, Sima Rəhimova var ki, mən onları çox sevirəm və bir faktı vurğulamaq istəyərdim ki, orta məktəbdə oxuyanda hər kəs inşanı məndən köçürərdi. Bir dəfə mən məktəbə getmədim, təsadüfən həmin gün inşa yazılan gün idi və bir də baxdım, bütün sinif yoldaşlarım gəlib ki, dur gəl inşa yazırıq, biz heç nə edə bilməyəcəyik. Məqalələrim də çıxırdı qəzetdə o vaxtlar. Elə bilirdim ki, mənim üçün jurnalistika sahəsinin qapıları taybatay açılacaq. Gəldim və ilk imtahanı verəndə gördüm ki, sərbəst mövzu "Gündən günə abadlaşan Sovet kəndimiz"dir. Onu bildim ki, qiymətim 3 olub. Kafi qiymətlə də jurnalistika fakültəsinə qəbul olmaq mümkün deyildi və gəldim ki, sənədlərimi götürüb gedim. Onda Sima xanım sənədlərimi vermədi. Mən də dedim ki, ən yaxşı bildiyimdən - Yazılıdan 3 almışamsa, o birilərindən kəsiləcəm. Nə isə ki, ikinci imtahana buraxıldım və məndən öncəki oğlan adına görə kəsildi. Düşünün, adı Qaytaranov Maytaran idi. İmtahanı Bəxtiyar Vahabzadə götürürdü. Əsəbiləşdi ki, bu nə addır qoyulub sənə? Adını düzəlt, gələrsən. Düşündüm, mənə də xarici ad olduğundan qüsur tapacaq və bütün ümidlərimi üzmüşdüm. Bilet sualım Füzulinin lirikası, Mirzə Cəlilin hekayələri və cümlə təhlili idi. Gəldim və lirikanı danışanda Bəxtiyar müəllim məndən soruşdu ki, bunlar dərslikdə yoxdur, haradan öyrənmisən? Dedim, 1957-1961-ci illərin "Azərbaycan" jurnalından. Soruşdu o jurnalı hardan əldə etmisən? Dedim, bacım kitabxanaçıdır və mən o jurnalları oxuyuram hər dəfə. Bundan əlavə, heç bir dərsliyə salınmayan Səməd Vurğunun bir şeiri var idi, onu da əzbər bilirdim. Nəhayət, Bəxtiyar müəllim mənə Füzulinin şeirlərindən birini səsləndirməyimi istədi və "Məni candan usandırdı" demişdim ki, dedi, yox, qızım bu bütün kitablarda var. Mən də "Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni" demişdim ki, Bəxtiyar müəllim ayağa qalxdı və Kamil müəllim deyə çağırdı. Kamil müəllim gəldi və mən açığı çox qorxdum ki, nə isə səhv dedim yəqin. Bəxtiyar Vahabzadə digər sualları soruşmadan mənə birbaşa 5 yazdı. Kamil müəllim təəccübləndi və Bəxtiyar müəllim fərəhlə dedi ki, auditoriyanın qapısı belə gənclərə həmişə açıq olmaldır. Bu günədək bir çox yerdə oxudum, işlədim, iyirmidən artıq kitaba müəlliflik etdim hələ də o həyəcan canımdadır. Ömrüm boyu Bəxtiyar müəllimə təşəkkür edirəm və onunla da o gündən sonra ən yaxın dost oldum. Sovet dövründə hətta ondan bir yazı yazmışdım "Bəxtin yar mı, Bəxtiyar?" İndiyədək yadımdadır. O, həqiqətən də tamam başqa bir insan idi. O ki, qaldı bugünkü jurnalistikaya, yazanlar var, dana bilmərəm. Amma kopya edənlər də var, pirat, plagiat yazanlar da var. Ancaq ki, əzizim, bu həyat göyərçin və ilanlardan ibarətdir. O mükəmməllərin dəyərini bilmək üçün zəifləri də görməlisən. Hətta dostlarıma da deyirəm ki, pislə rastlaşırsansa, pisliklə cavab vermə, Allaha üzünü tut və qəlbini təmiz saxla. Pislikdən pis şey yoxdur. Sədi Şirazi demişkən, "Hətta pislərə də yaxşılıq eylə, itə də bir sümük atsan yaxşıdır". Yeganə bizim yaxşılıq etməyə haqqımız olmayan bir toplum var - erməni dığaları. Qarışqanı tapdalaya bilməyən insanam, kimisə öldürməyə də əlim gəlməz. Amma 44 günlük müharibədən sonra qazandığımız uğuru, qaytardığımız torpaqları görməyənləri öldürmək istərdim.
- Gənc nəsillər arasında yazıları xüsusi diqqətinizi çəkən yazarlar necə, olurmu? Bunları qiymətləndirirsinizmi?
- Bu yaxınlarda Mədəniyyət kanalının Nuranə Nur adında bir aparıcısı mənə yaxınlaşdı ki, Məmməd Arazın doğum günü yaxınlaşır, istəyirəm, onun haqqında danışasınız, süjet hazırlayacam. Sonra o süjetə baxıb bəyəndim və çağırdım ki, sənin gözəl qələmin var, gündə televiziyaya çıxmaqdansa, gəl ssenari yaz və özünü bu yolda inkişaf etdir. Gətirdim redaksiyamıza və ona veriliş verdim. Diqqətimi çəkən gənclərə də çalışıram ki, şərait yaradım. Qələm sevən insanam. İnsan qılınc və qələmi ilə seçilər. Bu ikisindən biri mütləq olmalıdır.
- Bu qədər güclü görünən Flora Xəlilzadənin zəif tərəfi nə ola bilər?
- Vətən! Doğulduğum torpaq və ruhumun vətəni Şuşa! Hətta mən bu haqda bir kitab da yazmışdım: "Ruhumun ünvanı Şuşa". Şuşa işğaldan azad olduğu gün mən səhhətimdə ciddi problemlər yaşadım. Sən demə, sevincdən də insan ölə bilərmiş. Bunu öyrəndim. Sevincdən insanın başına hava da gələ bilərmiş. O anı yaşadım. Xeyli vaxt sonra Şuşaya getdim. Çünki həqiqətən o sevincdən, o xoşbəxtlikdən ölə bilərdim. Və düşünün ki, mən hələ də inana bilmirəm. Mənim ən zəif, kövrək yerim yurdumdur, yuvamdır. Həqiqətən, biri doğma torpağım, digəri ailəm, övladlarım...
- Flora xanım, zəif yeriniz övladlarınız olduğunu vurğuladınız. Yeri gəlmişkən, övladlarınızın ikisi də sənət adamlarıdır: Bəhruz Niftəliyev və Elnur Niftəliyev. Özləri davamçınız olmaq istədilər, ya siz istədiniz bu sahədə olsunlar?
- Elnur Niftəliyev filologiya üzrə fəlsəfə doktorudur. Asan Xidmətdə çalışır və uzun illər televiziya ilə əməkdaşlıq edib. Onunla qürur duyuram. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı iki film hazırlamışdı ki, bənzərsiz idi. Bəhruz Niftəliyevin isə qələmi çox güclüdür, hətta yazılarımı o, redaktə edir bəzən. Yaradıcı insandır. Uşaq ikən "Üzünü görmədiyim nənəmə" adında təsirli bir məktub yazmışdı. O məktubda yazırdı ki, mən dədə-baba torpaqlarıma gedəcəm, görəcəm və sair. Bununla da yazısı seçilmişdi. Uşaq ikən hər kəs oyuncaqla oynayanda Bəhruz kitab-dəftərlə oynayardı. Mənə Əzizə Cəfərzadə bir dəfə demişdi ki, kitabla oynayan uşağın axırı yaxşı olur, narahat olma. Onunla təskinlik tapmışdım. Doğrudan da elə oldu. Düzü, heç vaxt davamçım olmalarını istəməzdim. Çünki çətin, eyni zamanda şərəfli bir peşədir. Amma tale belə gətirdi... Elnur "Tərəqqi" medalına, Bəhruz isə Prezident mükafatına layiq görülüb. Şükürlər olsun, ki, ikisi də əməyinin qiymətini alıb.
- Bu yolda rastlaşdığınız çətinliklərdən danışaq...
- Çətinlik görmədim, şükürlər olsun. Çünki ailəm də məni dəstəkləyib, böyüklərim də, həyat yoldaşım da, övladlarım da mənə dayaq olublar. Bircə çətinliyim var: doğulduğum torpağa gedə bilmirəm. Amma inanıram, cənab Prezidentimiz deyirsə ki, Zəngəzur dəhlizi olacaq, deməli, Zəngəzura gedəcəyik.
- Ən çox nəyi itirmək istəməzsiniz?
- İnamı... Xəyanət etmə, yalan danışma, mərd ol, dürüst ol. Və çalış bacardığın qədər arxa-dayaq ol kimlərəsə. Ömrümün elə vaxtıdır ki, kimlərəsə dayaq olmalıyam. Gənclərin əlindən tutmaq, onlara yaşıl işıq yandırmaq lazımdır. O yaşıl işığı mənə də yandırıblar vaxtı ikən, mən də yandırmalıyam ki, onların ruhu qarşısında boynubükük olmayım. Mən də buna çalışıram.
- Yazmaqdan yorulmusunuz heç?
- İllər öncə səhhətimlə əlaqəli olmuşdu, ağır əməliyyat keçirmişdim və yaza bilmirdim. Amma mənə rahatdır ki, qələmlə yazım. Qələm mənə daha rahatdır.
- Redaksiya olaraq hansı yenilikləri gözləmək olar?
- İnşallah, çoxdur planlar, "Yadigarlar" davam edəcək, yeni layihələr var. Kollektivim, yığdığım komandam da o qədər gözəldir ki, işlərimiz də keyfiyyətli olacaq. Əxlaq, peşəkarlıq və məsuliyyət olan yerdə işlər hər zaman keyfiyyətli olur.
- Hansı sualı eşitmək istəyirdiniz?
- "Uruda yolun düşsə, nə edərdin?"
Bizdə
bir qala var - qədim qala. Babək qalası deyirlər ona. O
qalanın başına çıxıb, uşaqcasına
sevinib "Biz qayıtdıq, ana kəndim, biz
qayıtdıq" demək istəyirəm... (kövrəlir)
"Ruhun şad olsun, anam" - deyərdim... Ağlamaq
istəmirəm, amma anamın, torpağımın adı gələndə
kövrəlməmək əlimdə deyil və Məmməd
Arazın bir kəlməsi gəlir ağlıma. "Narahat olma, Flora, kövrəklik olmayan yerdə
heyrət, heyrət olmayan yerdə kəşf yoxdur".
Anam dünyasını dəyişəndə mənə
vəsiyyət etmişdi ki, torpağımız alınanda qəbrim
üstə torpağımızdan gətir, olmasa
Şuşadan. Mən Şuşaya gedəndə
anamın bu arzusunu yerinə yetirdim. Natəvanın
dağılmış xanimanından daş götürüb
gətirdim və hər dəfə anamın qəbri
üstünə gedəndə düşünürəm ki,
onun ruhu şaddır.
Şəlalə CAMAL
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.16-17.