Ramiz Rövşən - 75
Rövşənin bu gün 75
yaşı tamam olur. Əvvəlki onilliklər boyu gerçəkdəkindən xeyli
yaşlı sanılan,
demək olar, heç vaxt "gənc şair" anlayışına uyğun
bilinməyən Ramiz Rövşənin, maraqlıdır
ki, indi bu yaşı - 75 illiyi də çoxlarına qəribə
gəlir, inandırıcı
görünmür. Çox
güman ki, səbəb onun şeirlərindədir: yaradıcılığının
əvvəlki dövrlərində
bəlli cəhətlərilə
öz müəllifindən
çox-çox yaşlı,
müdrik, "dünyanı
yormuş" birinin əsərlərini xatırladan,
son zamanlar isə məzmunundakı diriliyi, canlılığı ilə
daha gənc bir imzaya məxsusluq
ovqatı yaradan şeirlərində! Ancaq
faktın ən mühüm keyfiyyətlərindən
biri də qaçılmazlığıdır ki, həmin keyfiyyət Ramiz Rövşənin bu gün tamam olan 75 yaşına da aiddir. Həm
də özünün
bütün xalis halları, doğma rəngləri ilə: gah gəncliyə xas qaynarlığı, coşqunluğu, "dünyayla
dalaşmaq" çılğınlığı,
gah da "öz yerində durub" "dünyayla barışmaq" cəhdləri,
qocafəndi bir təmkin içində
"ömür tamamdı,
gördüm" pıçıldamağıyla...
Azərbaycanda təkcə ədəbiyyatın
yox, ümumən mədəniyyətin, incəsənətin,
ictimai həyatın da son 50 ilini Ramiz Rövşənin özü-sözü hesaba
qatılmadan düşünmək,
onsuz ölçüb-biçmək
son dərəcə çətindir.
Ötən yarım əsrdə poeziyamız da, nəsrimiz-esseistikamız
da, tərcümə sənətimiz də, kinodramaturgiyamız da, ictimai mühitimiz də, elə gündəlik yaşamımız
da Ramiz Rövşənin əngin
və parlaq istedadından bol-bol bəhrələr alıb,
hədsiz qiymətli töhfələr dadıb.
Əvvəllər "doğma oxucusunu
xeyli gec tapması"na dair ortaq bir rəy
mövcud olan Ramiz Rövşənin son
30 ilə yaxın müddətdə ən geniş, ən hazırlıqlı, ən
sabitqədəm oxucu auditoriyası ilə əhatə olunduğu barədə də yekdil qənaət var indi. Əslində
isə hər iki hal bənzərsiz
istedaddan, orijinal yaradıcılıqdan, ali əyarlı sənətkarlıqdan qaynaqlandığı
üçün qətiyyən
bir-birindən ayrı,
bir-birinə zidd deyil, bütövlük, kamillik göstəricisidir.
Ramiz Rövşənlə
"525-ci qəzet"i xeyli
narahat, təlatümlü,
təzadlı bir zamanın, mürəkkəb
dövrün qəliz
sınaqlarından uğurla
keçən sıx tellər, yaradıcı əlaqələr, eləcə
də güclü dostluq münasibətləri
bağlayır. Şair son üç onillik
boyu "525"in həm
təəssübkeş oxucusu,
həm sadiq, sevimli müəllifi, həm də fəal, etibarlı məsləhətçisi olub.
Bu doğmalıq indi də qalmaqda,
bu bağlılıq öz bəhrələrilə
yenə də həm bizi, həm oxucularımızı
vaxtaşırı sevindirməkdədir.
Yaxşı ki, o bəhrələrdən məhz
bu günə - Şairin 75 illiyinə düşənlər də
var. Bu möhtəşəm yubiley münasibətilə
əzizimiz Ramiz Rövşənə ürəkdən
gələn təbriklərimizi,
ən xoş arzularımızı ünvanlayır,
oxuculara isə Şairin bir neçə şeirini təqdim edirik.
İlk dəfə "Köhnə
qorxular" kitabında
yer almış bu şeirlərə Ramiz Rövşən özü belə bir maraqlı tanıtım-təqdimat yazıb:
"Bu günə qədər heç bir kitabımda çap olunmayan bir çox
şeirlərin toplandığı
"Köhnə qorxular"
adlı yeni kitabımda, əslində,
mənim 75 illik ömrümün bütöv
mənzərəsi var. Burdakı
(kitabdakı - red.) ən "qocaman"
şeiri 58 il bundan əvvəl - 17 yaşımda, ən "cavan" şeiri isə keçən il - 74 yaşımda yazmışam. Cavanlıq şeirlərimin gənc oxucularımın ürəyindən xəbər
verəcəyinə, yaşlı
oxucularımın isə
qocalıq şeirlərimdən
təskinlik tapacağına
inanıram".
“525”
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.14.