BİZ
SEVGİDƏN DOĞULANLAR DEYİLİK
Deyirlər ki, hər adam
oxunmamış kitabdı...
Əgər adamları kitablar kimi
yığa bilsəydik rəflərə -
qadınlar ayrı, kişilər ayrı;
xalalı, bibili, əmili, dayılı.
Babalar, nənələr
cildi sökülmüş,
varaqları yarpaq-yarpaq tökülmüş
kitablar kimi.
Balalar, nəvələr
üstünə qəşəng
şəkillər çəkilmiş
kitablar kimi.
Arabir götürüb varaqlasaydıq
hansınısa əvvəlindən sonuna,
hansınısa sonundan əvvəlinə -
Görərdik, hamısı necə oxşayır
bir-birinə.
Hamısının
əvvəli də eyni, sonu da eyni, -
ortası qarmaqarışıq.
Bilmək olmur
kim kimə düşməndi,
kim kimə aşiq?
Görərdik ki, ömür boyu sən demə
nənəmiz babamızı sevməyib,
babamız nənəmizi.
Amma dünyaya bir qoşun
colma-cocuq
gətiriblər;
içində də bizi.
Biz sevgidən doğulanlar deyilik,
Onunçün də, pis oğlanlar
deyilik.
Quzu kimi fağırıq,
bizim hay-küyümüz
yox.
Bizim dəcəlliyimiz,
ərköyünlüyümüz yox.
Quzu kimi duza gedənlərdənik,
Lap bıçağın altına
da
özü gedənlərdənik.
Beləcə, gedəcəyik
dərimiz soyulanacan.
Cildi qopmuş köhnə bir kitab kimi
rəfə qoyulanacan...
1967
ŞƏHƏRLƏRƏ OXŞAYIR
ADAMLAR
Şəhərlərə oxşayır adamlar.
İllah
ki, axşamlar,
işıqlar
keçəndə.
Xatirələr küçə-küçə oyanır içində.
Tramvaylar,
maşınlar
keçir
o küçələrdən.
Tanış üzlər boylanır
sənə pəncərələrdən.
Hamısı gedir, itir
küçənin
lap uzaq bir döngəsində.
Küçənin o başındakı
ağacın
kölgəsində
bir qızla bir oğlan öpüşür indi.
Amma ağac özü yoxdu,
ağac
özü kəsilib neçə ildi...
Şəhərlərə oxşayır adamlar;
qocalar,
cavanlar.
Kimisi Gəncə kimi köhnə,
Kimisi Sumqayıt
kimi təzə.
Kimisi kürəyini dağa söykəyib,
Kimisi ayaqlarını
sallayıb dənizə.
Bir ucdan tikiləni də var,
bir
ucdan söküləni
də.
Mən şəhər deyiləm
hələ,
Bir balaca qəsəbəyəm.
Bəlkə də buna görə
Hirsliyəm, əsəbiyəm.
Qəsəbə də deyiləm, yox, bapbalaca bir evəm.
Yox, heç ev
də deyiləm,
xırda bir akvariumam bir evdə,
ya da akvariumda lap xırdaca bir balıq...
Qoy xətrinə dəyməsin
Kürün də, Xəzərin
də.
Üzmək istəyirəm, üzmək,
dünya
dənizlərində.
Sonra ayaq açıb
dünyanı
gəzmək istəyirəm.
Daha nələr
istəyirəm, nələr?
...Şəhərlərə oxşayır adamlar...
Mən də şəhər olmaq istəyirəm, şəhər.
Bakıdan daha böyük,
Parisdən daha gözəl...
1967
ÖMRÜN İKİ
TƏRƏFİ
İki tərəfi var hər ömrün, iki;
göründüyün
tərəf, gördüyün
tərəf.
Hansına düşəcək, nə biləsən ki,
ömrün
axırında öldüyün
tərəf?
Bəlkə də, -
səni
bu tərəfdə asdıracaqlar,
sonra
o tərəfdə basdıracaqlar.
Bir qız sevəcəksən
sən bu tərəfdə,
ona
deyəcəksən:
- Dünyada təksən!
Sonra o tərəfdə bir pinti evdə
bir
qadınla ömür
çürüdəcəksən.
Nə qəlbin yanacaq hicran odunda,
nə
də sevdiyin qız yadın olacaq.
Çünki elə o qız
da, o qadın da,
hər
ikisi eyni adam olacaq.
İki tərəfi var hər ömrün, iki...
Hər iki tərəfdə
yeri olmayan,
Nəfəsi gəlsə də,
diri olmayan
sənin
kimiləri o qədərdi
ki.
Sən
o fərsizlərin sırasındasan;
nə
fərqi, beşinci, ya onuncusan.
Xorda oxuyanlar arasındasan;
ən
arxa cərgədə
ən sonuncusan.
Nədir oxuduğun? Bilmirsən... heyif!..
Bir də ki, heç sizi dinləyənmi var?
Nə çoxdu o xorda
bir söz deməyib
Yalandan ağzını
açıb-yumanlar.
Nə fərqi, başdasan, yoxsa axırda,
Hamıdan birisən sən də o xorda.
Hamıdan birisən, -
nə pis, nə yaxşı,
Amma yox, naşükür olmağa
dəyməz.
Şükür, hər şeyin
var -
evin-eşiyin,
arvad-uşağın,
bir də ki, içində gizlədiyin səs.
Bu illər uzunu bu cür, gizlicə
Necə
saxlamısan o səsi
-
necə?
O səs nə saf qalıb sənin içində!
Saf qalıb -
bu
qədər hirsin, acığın,
ağrının, acının,
qəmin içində;
zili içindədi, bəmi içində.
O səsdi hamıdan gizlədiyin sirr,
o səsdən qiymətli axı nəyin var?
Arvaddan,
uşaqdan xəlvət,
arabir
o səslə zümzümə
eləməyin var:
- Əzizim, ulu dağlar,
Çeşməli,
sulu dağlar,
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar...
1977
ÜMİD YERİ
Qulaq eşitmirsə ağız
deyəni,
necə
danışasan, eşidiləsən?
Nə yaxşı, heç kəsin xəbəri yoxdu,
heç
kəs də bilmir ki, sağsan
hələ sən.
Dünən dörd yanını
kəsənlər belə
indi
elə bilir, sən daha yoxsan.
Dünən səndən qorxub
əsənlər belə
indi
elə bilir, sən daha yoxsan.
Amma nə yaxşı ki, sən hələ
varsan,
sən
hələ dirisən
bu yer üzündə.
Ümidin
hər yerdən üzüləndə də,
bir
ümid yerisən bu yer üzündə.
Dünyadan sən necə bezəsən axı,
hələ
yazılmayan varaqların
var.
Bir qoca ağaca bənzərsən axı,
hələ
bar gətirən budaqların
var.
Görmüsən, güvənib yarpaqlarına
kölgəndə
uzanıb yatanları da.
Sonra da oyanıb, budaqlarına
yerdən
daş götürüb
atanları da.
Amma bar verməkdən bezmirsən
yenə,
Heç kəsdən inciyib-küsmürsən
yenə.
Adam, barmağına tikan batanda,
çiçəkdən
küsürmü, sən
də küsəsən?
Ağac,
budağından yarpaq
qopanda,
küləkdən
küsürmü, sən
də küsəsən?
Sən bir ağac kimi
budaq-budaqsan,
Kiminə
açılan yaşıl
qucaqsan,
Kiminin evində yanan ocaqsan,
Fərqi
yox -
lap əli baltalı olsun, -
Kim səndən nə qırıb aparacaqsa,
qoy
elə bu başdan halalı olsun...
2012
HUŞSUZLUQ
Bu sənin çıxdığın
sonuncu qapı,
arxanca boylanan son pəncərədi.
Sənin
oxuduğun o son kitabın,
yadında qalıbmı,
adı necədi?
Hər şey unudulub, çıxıbdı yaddan,
hər şeyi toz basıb... illərin tozu.
Sənin
yaddaşın da qalıb toz altda;
illər huşsuzusan,
illər huşsuzu.
Çoxdan bir-birinə qarışıb,
itib
köhnə hadisələr,
köhnə sifətlər.
Ağlını başından alan sevgilər,
içini yandıran
o köhnə dərdlər.
Ömür tüstü kimi
uçub, əriyib,
bir az gözlərində qalıb
acısı.
Ayları,
illəri kəsib doğrayıb,
atıb zibilliyə vaxtın qayçısı.
Barış bu halınla... incimə vaxtdan...
Bəlkə huşsuzluqdu ömrün şənliyi.
Əl çək yaddaşını
qurdalamaqdan,
burax zibillikdə eşələnməyi.
Daha yaddaş
sənin nəyinə
gərək?
Baxma ötən
ömrə tamarzı
kimi.
Hər köhnə sevgidən qalan xatirə
yeyilmiş konfetin kağızı kimi.
Yeyilib, yaşanıb, boşalıb
ömür,
Kim bilir, nə qalıb ömrün dibində?
Bəlkə ömrün sonu
elə bu gündür,
çıx, gəz,
avaralan əlin cibində.
Qoy heç nə ummasın bir kimsə səndən,
Sən də elə buna sevin
ki, sağsan.
Hansı sınıqları calayacaqsan?!
Hansı yırtıqları yamayacaqsan?!
Kiminsə yükünü çəkməyə sənin
nə heyin, nə gücün, nə tabın qalıb.
Bu cındır dünyanı tikməyə sənin
nə daşın, kərpicin, nə sapın qalıb.
Hər nəğmən -
qəlbində yatan sirr idi,
Açdığın sirlərlə doluydu ömrün.
Bənnaydın? Dərziydin? Ya şair idin?
Bir usta ömrüydü sənin bu ömrün.
Bu ömrün sonuna çatırsan, nə qəm,
son dəfə əl elə göydə aya da.
Çoxdan köhnəlibdi cənnət, cəhənnəm,
bir usta lazımdı o dünyaya da.
2017
Ramiz RÖVŞƏN
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.14-15