Təlim və tərbiyədə Nizami meyarları

 

 

"Oğlum Məhəmmədə nəsihət"də sıralanan misilsiz kəlamlar

 

 

Nizami yaradıcılığı bitib-tükənməyən bir xəzinədir. Bu xəzinənin qapısından daxil ola bilən hər bir kəs böyük bir əxlaq məktəbinə daxil olur. Dahi Nizami əsrlərdən bəridir yetişən nəslin tərbiyəsində əvəzsiz örnəkdir. Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığında təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda, Qərb antik ədəbi-mədəni dəyərləri öz əksini tapıb. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə də Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, "Bütün Azərbaycan Nizami Gəncəvi ilə fəxr edir. Onun yaradıcılığı qədər insanlığın tərbiyəsinə, əxlaqına təsir edən müstəsna güc yoxdur". Bu il də Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sərəncam imzaladı: "Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram: 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilsin".

 

İslam dini yarandığı vaxtdan insanları əxlaqa, mənəviyyata, kamilliyə çağırır. İslam tərbiyəsinin ən gözəl nümunələrindən olan Məhəmməd Peyğəmbər (s) insanın kamilləşmə prosesini üç mərhələyə ayırmışdı: övlad öz həyatının birinci 7 ilində şah, ikinci 7 ilində (7-14 yaş) nökər, üçüncü 7 ilində (14-21 yaş) məsləhətçi, məsul şəxs hesab olunur. Peyğəmbərimiz bu üç dövr üçün tərbiyəçilərin vəzifələrini belə ümumiləşdirir: "Qoy sənin övladın yeddi il oynasın, sonrakı yeddi ili də ədəb öyrənib, tərbiyə alsın. Sonra onu öz müşavirin və yoldaşın hesab et".

 

Qədim yunan filosofu Aristotel insanlığın tarixi təcrübəsini ümumiləşdirərək pedaqogika tarixində ilk dəfə olaraq 21 yaşa qədər olan insanları hər biri yeddi il olmaqla üç yaş dövrünə bölmüşdür: Aristotel 0-7 yaş aralığını bitki dövrü adlandırır və qeyd edir ki, bitkiyə qulluq lazım olduğu kimi, insana da bu dövrdə qulluq, qayğı lazımdır. 7-14 yaş aralığını heyvani dövr adlandıran Aristotel bu yaş dövründə uşaqlara nəfs və iradə tərbiyəsi verilməli olduğunu vurğulayır. 14-21 yaş aralığını isə o, insani dövr adlandırır. Bu dövr isə insanın kamilləşmə dövrü, ağlın və əqlin inkişaf etdirilməsi dövrüdür.

 

Xalqımızın yüksək insanpərvərliyini göstərən milli-mənəvi dəyərlərimizdən biri də ata-anaya məhəbbət, övladlara qayğıdır. Bu məhəbbətin simvolunu dahi Azərbaycan şairi, filosofu və pedaqoqu Nizami Gəncəvinin oğlu Məhəmmədə yazdığı nəsihətamiz şeirlərdə görürük. Nizami bu şeirləri həmin yaş bölgülərini bəyəndiyi üçün oğlunun 7, 14 və 21 yaşlarında yazmışdır. Onun oğluna nəsihətini bütün yetişən gənc nəsillər üçün öyüd, nəsihət kimi qəbul etmək olar.

 

Dahi Nizami kamil bir pedaqoq kimi bilirdi ki, tərbiyə işində valideynin uşaqla səmimi ünsiyyətdə olması çox mühümdür. Onun övladı ilə səmimi ünsiyyətə, səmimi təmasa girmək mədəniyyətini oğlu Məhəmmədin 7 yaşında yazdığı "Xosrov və Şirin" əsərindəki "Oğlum Məhəmmədə nəsihət" şeirinin elə ilk misralarından görə bilərik:

 

Yeddi yaşlı balam, gözümün nuru!

Dilimin əzbəri, qəlbim süruru.

 

Nizaminin əxlaq sistemi çox genişdir. O, özündə yaradana münasibəti də ehtiva edir. Nizami məntiqi deyir ki, naşükürlük insanı məhvə, xoş niyyət isə qurtuluşa aparır. Elə buna görə də şair peyğəmbərimizin adını qoyduğu oğluna erkən yaşlarından Allah sevgisini aşılamağa çalışır:

 

Ruzi verdi sənə o pərvərdigar,

Üstündə mənim yox, onun adı var.

 

Şair 7 yaşlı uşağı hilala, yeni doğulmuş aya bənzədir. Bu dövrdə övladına qəmdən uzaq olub, əylənməsini nəsihət edir. Bədrlənmiş hilalın göyü nura qərq elədiyi kimi,  oğlunun da böyüyəndə bəşəriyyətə xeyirli olacağına ümid edir. Bununla o,  oğlunda özünə inam və həyata qarşı  müsbət fikir yaratmağa çalışır:

 

Bu hilal dövründə gül, eyləmə qəm,

Bir neçə gün elə mən də gülmüşəm.

Bədr olan zamanda gözəl hilalın,

Nur saçacaq göyə sənin camalın.

 

Məlumdur ki, şəxsiyyətin formalaşmasında 3 əsas amil - irsiyyət, mühit və tərbiyə qeyd olunur. Dahi Nizami bu amilləri vəhdət halında daha effektiv hesab edir və öz əsərlərində bu 3 amilin rolu ilə bağlı fikirlər irəli sürüb. Orta əsrlərdə şəxsiyyətin formalaşmasından bəhs edən filosofların, alimlərin böyük qismi irsiyyət amilinə üstünlük verirdilər. Lakin Nizami həm də elmə, təhsilə, təlim-tərbiyəyə, yəni pedaqoji prosesə böyük önəm vermiş, hətta şair biliyi dünya ilə bərabərləşdirmişdi. Şair oğlunu boş sözlərdən qaçmağa və ilahi elmləri öyrənməyə çağırır. Nizami oğluna Əsmanı, yəni Allahın 99 adını oxumağı nəsihət edir. Çünki Allahın adlarını bilmədən biz Allahı tanıya və dərk edə bilmərik.

 

Bilik kəsb etməklə dünyanı qazan,

Əsmanı oxu ki, məna alasan.

Qaç o sözlərdən ki, mənasız, boşdur,

İlahi elmlər öyrənmək xoşdur.

 

Böyük müəllim-tərbiyəçi namus məsələsinə də xüsusi diqqət yetirir və oğluna onun adını öz namuslu hərəkətləri ilə qaldırmağa çalışmasını tapşırır:

 

Elə namuslu ol, desin hər görən:

"Ağıllı oğluna, Nizami, əhsən!"

 

Nizaminin "Leyli və Məcnun" poemasında 14 yaşlı oğluna yazdığı nəsihəti isə belə başlayır:

 

Sən ey on dörd yaşlım, hər elmə yetkin!

Gözündə əksi var iki aləmin.

 

Bu misralarda şair artıq oğlunun elm öyrənməyə qabil olduğunu vurğulayır. Və onu qəflət yuxusundan oyanmağa, uğur və müvəffəqiyyət qazanmağa çalışmağa səsləyir:

 

Qəflətdə oynama, qeyrət vaxtıdır,

İndi hünər vaxtı, şöhrət vaxtıdır.

 

Nizami öz oğlunu sayılıb-seçilən, kamil bir şəxsiyyət kimi görmək istəyir. Bunu da belə nəsihət edir:

 

Ucalmaq istəsən, bir kamala çat,

Kamala ehtiram göstərər həyat.

 

Şair aşılamağa çalışır ki, hər insan artıq boya-başa çatdıqdan sonra öz əməyilə, öz zəhmətilə yaşamağa çalışmalı, atasının nüfuzuna və var-dövlətinə göz dikməməlidir:

 

Elə ki, böyüdün, belədir qayda,

Atanın adından sənə nə fayda?

Sən, aslanlar kimi, keç cəbhələrdən,

Yalnız hünərinin balası ol sən!

 

Həmçinin, şair təkcə elmə deyil, hər hansı bir peşəni öyrəndikdə belə ona dərindən yiyələnməyi tövsiyə edir. Peşələrin sirlərini dərindən bilməyin vacibliyi ilə bağlı şair öz nəsihətini belə açıqlayır:

 

Fəqih olsan əgər, itaətkar ol                 

Hiylədən, riyadan daim kənar ol.         

 

İsa mərifətli həkim ol, amma                                                                                              

İnsanı öldürən bir həkim olma.

 

Bir elmi öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

 

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

       

Dahi Nizami özünütərbiyəni və özünütəhsili yüksək qiymətləndirir. O, 21 yaşında olan oğluna "Yeddi gözəl" poemasında yazdığı hissədə həyatdan dərs almağı, sirləri açmaq üçün isə elmə yiyələnməyi məsləhət görür:

 

Kim ki, ibrət dərsi alıb dünyadan

Sözün lövhəsini öyrənən zaman

Eləmiş sənəti elmə xəznadar,

Dünyanın müşkülü belə açılar.

 

Mühit amilləri içərisində ictimai mühitin əhəmiyyətini daha yüksək qiymətləndirən şair-pedaqoq insanın mənəvi keyfiyyətlərinin formalaşmasında onun ətrafındakı şəxslərin əvəzsiz rolunu belə qeyd edir:

 

Yaxşı ad qazanmış gözəl dost ara

Ondan yetişərsən günə, vara.

 

Bir dostun da olsa, eyibli əgər,

Yüzünün adına ləkə yetirər.

 

Böyük şair oğluna həmişə səbirli olmağı, bir sıxıntıya düşdükdə yalnızca Allaha sığınmağı məsləhət görür:

 

Ciyər yırtansa da, qəmin peykanı,

Bununçun yaranmış səbrin qalxanı.

Bağla öz əhdini pərvərdigara,

Başqa duyğulardan çəkil kənara.

Tanrının əmrinə sən əməl eylə,

Bil, üstün gələrsən hər bir müşkülə.

 

Şairin irsiyyət amilinin şəxsiyyətin formalaşmasındakı rolu ilə bağlı fikirlərinə baxaq:

 

Zatı pis uzatsa yaxşılıq əli

"İtirməz əslini kimsə" məsəli

Yadından çıxmasın, görsən bədgövhər

Əqrəbi öldür ki, yetirər zəhər.

 

Şair oğlunu fasiləsiz elm öyrənməyə, tənbəllikdən uzaq olmağa çağırır. Bunu da belə qələmə alır:

 

Çox iti zehinlər yatan oldular

Axırda saxsı qab satan oldular.

 

Həmçinin, şair özünün yaşlı halını qurumuş söyüdə bənzədərək, oğlunu nə qədər ki gəncdir, qüvvətlidir, bunu fürsət bilib, daha çox çalışmağa səsləyir:

 

Dünyada keçməsin boş cavan çağın,

Yol get ki, güclüdür indi ayağınm.

 

Bax, mənim söyüdüm, quru budaqdır,

Laləm sapsarıdır, bənövşəm ağdır.

 

Dahi şair-pedaqoq öz oğlunda ancaq yaxşı keyfiyyətləri görmək istəyir, yaxşı əməlləri ilə əvvəlcə öz adını, daha sonra atasının adını ucaltmasını istəyir. Şair oğlunu həm elmli, çalışqan, həm də yaxşı insan kimi görmək istəyir. Nəhayət, uca zirvələrdə görmək istədiyi oğlunu başqalarına möhtac olmamağı, əl açmamağı, yaltaqlıqdan uzaq olmağı nəsihət edir:

 

Ağalıq layiqdir mənə dünyada,

Baş əyə bilmərəm mən əsla yada...

Yaltaq zəncirini şir qırdı, atdı,

Odur böyüklüyə dünyada çatdı.

 

Nizami irsi çox zəngindir. Onun yaradıcılığı təlim-tərbiyə məsələləri ilə yaxından əlaqəli olub, bütün valideynlərə və müəllimlərə təlim-tərbiyənin səmərəsinin yüksəldilməsi işində kömək edir. Şair "Oğlum Məhəmmədə nəsihət"lərində övladın tərbiyəsində əsas olan keyfiyyətləri və onları aşılamağın üsul və vasitələrini bizlərə poetik dillə göstərir. Onun nəsihətləri həm uşaqların, həm yeniyetmələrin, həm də gənc nəslin tərbiyəsində böyük bir məktəbdir.

 

 

Səyyarə QURBANLI

BDU-nun magistrantı

 

525-ci qəzet.- 2021.- 16 dekabr.- S.15.