"Torpaq sənin qələbənlə
Vətən olur!"
"Uzun
ayrılıqdan sonra yurduna qayıtmaq hissi tam başqadır. Bu gün o torpaqlar, dağlar, daşlar bizdən çox sevinir. Düşmən tapdağında yaşamaq,
nəfəs almaq, anlaşılmayan kobud dili dinləmək, yağı hirsinin, qəzəbinin əzabına
tab gətirmək," doğrudan
da, çətindən
çətin idi.
Lap zülm-zillət idi.
Tanınmış şair-publisist, tərcüməçi,
"Qapı", "Qarabağ
rüzgarları", "Gecə
xəyalları", "Su üzərində bahar"
və digər şeir kitablarının,
ədəbi antologiyaların,
həm də nəsr nümunələrinin
müəllifi, əslən
qarabağlı olan söz adamı Rəfail Tağızadənin
Qarabağ mövzusunda
esseləri barədə
mülahizələrimə onun öz fikirləri
ilə başlamağım
təsadüfi deyil. Qəlbində uzun illər
yurd nisgili gəzdirən, doğma şəhəri, "ilk addım
atdığı, yeridiyi,
yüyürdüyü" Ağdama qovuşa bilmədiyi "dövrü
yarımçıq yaşayan"
qələm dostumuzun haqqında söz açdığım esseləri
nə vaxtsa ucu-bucağı görünməyən
Qarabağ kədərimiz,
indi isə möhtəşəm Zəfərimizlə
bağlı mükəmməl
örnəklərdir. Müəllif özü haqqında vaxtilə belə yazmışdı:
"Rəfail Tağızadə,
hər şeydən əvvəl, bir Azərbaycan vətəndaşıdır.
Qarabağ itkisini içində
yaşadan bir vətəndaş. Dağları küskün, çaylarının
suyu qurudulmuş, yollarını kol-kos basmış, hər uşaqlıq şəklinin
üstündə bir közərən giliz yatan viranə yurdun keçmiş sakini".
Son dövr əsərlərində
isə yazır:
"Biz torpaqsızlıq dərdini
çəkirdik, torpaqsa
sahibsizlik dərdini. Sənsiz yaşamağın acısını,
həsrətini gördük,
bu günü gözlədik", deyir Rəfail Tağızadə.
Gavurların əsarətindən qurtulmuş yurd yerlərimizə xitabən
söylənmiş bu
fikirlərdə müəllifin
həyəcanını, köksünə
darlıq edən duyğularını, Sərkərdəmizin
müdrikliyi, əsgər
və zabitlərimizin
hünəri ilə qazanılmış Qələbənin
doğurduğu qürur
hissini sezməmək mümkünsüzdür. Müəllifin təbirincə desək,
"Vətən, sən
ona qədəm basanda Vətən olur. Yurda qovuşmaq qədər
böyük xoşbəxtlik
yoxdur".
Mütləq həqiqətdən süzülüb
gələn, Haqqa söykənən, onun yaratdığını gözəl
görən, düzlüyə
tapınmağa, kamil olmağa səsləyən
Mövlanə Cəlaləddin
Ruminin söylədiyi
müdrik kəlamlar bütün zamanlarda öz təsdiqini tapıb. Yana-yana çatdırılan bu deyimlər elə alışa-alışa ürəkləri
titrədib, yatmışları
oyadıb. Həqiqət
aşiqi Ruminin kəlamlarını az qala əzbər
bilən və bu deyimlərdən bəhrələnən qələm
dostumuz Rəfail Tağızadənin poetik
nümunələri kimi,
publisistik əsərləri
də gerçəyin
özü, saflığın,
dürüstlüyün inikasıdır.
Dünya hərb tarixində haqq-ədalət savaşı
kimi daim xatırlanacaq 44 günlük
Vətən müharibəmiz
belə bir həqiqəti də bəyan etdi ki, biz artıq məğlub məmləkətin
vətəndaşı deyilik,
başımızı dik
tutacağıq.
Bu da bir həqiqətdir ki, yaradıcılıq qələm
sahibinin özüylə
mükaliməsi, fikir
və duyğularını
incələməsidir. Söz adamının
ruhunun tərcümanı,
qəlbinin nidası olan publisistika da bu baxımdan
istisna deyil. R.Tağızadə 30 ildən bəri
üzləşdiyimiz ağrı-acılı
həyat həqiqətlərini
əks etdirmək üçün poeziya ilə yanaşı, ədəbi yaradıcılığın
xüsusi növü olan publisistikaya da üz tutub.
Axı, mübariz, səfərbəredici
janr olan publisistikanın insanları
gözəl, nəcib
əməllərə səsləmək,
sövq etmək missiyası var. "Erməninin
xislətini bildiyimizdən
dağıdılmış evlərimiz üçün
heyfsilənmirik. Bizimçün vacib olan torpaqdır.
Biz qurub-yaradanıq, daha
gözəlini quracağıq...
Təkcə keçmişlə yaşamaq olmaz. İnkişaf etmək istəyirsənsə,
irəliyə baxmalısan".
Göründüyü kimi, yaradıcılığından
söz açdığım
yazarın duyğuları,
düşüncələri, sevgisi, vətəndaşlığı
onun qanı-canı bahasına yaratdığı
bu qəbildən olan əsərlərindədir. Müəllifin gerçək faktların
danılmaz gücünə
söykənən publisistikası
oxucunun diqqətini özünə cəlb edir. "Hisslər"
adlı essedə olduğu kimi: "İnsanlarımız da, yurdumuz da ruhuyla
didərgindi... Tək qoyub
gəldiyimiz torpağı
izimiz, baxışlarımız
isidəcək. İçdən
ah çəkib illərin
ağrısından yüngülləşəcəyik...
Daha hamı kimiyik, sıxıntısız. Yurd var,
yurd olacaq. Biz də biz olacağıq.
Tamlaşacağıq. Bütövləşəcəyik". Həmin bədii-publisistik mətnin təlqin etdiyi hisslər oxucunu yazarın mövqeyində durmağa,
onunla həmfikir olmağa səsləyir.
Bugünümüzün gerçəkliyinin doğurduğu
olaylarla həmahəng
"hərəkət etmək"
Rəfail Tağızadənin
mübariz ruhlu publisistikasının səciyyəvi
xüsusiyyətidir və
bu cəhətinə görə, onun esseləri yaradıcılığında
mühüm yer tutur.
"Adını
bilmədiyim doğmalar"
adlı essedə də ürək titrədən, düşündürən
məqamlar az
deyil. Yazını oxuduqca əldə etdiyimiz möhtəşəm
Zəfərin məhz
bir yumruqtək birləşib həmrəyliyə
qovuşan xalqımızın
qətiyyətinin, dönməz
iradəsinin təsdiqi
olmasına bir daha inanırıq: "Savaşda sən kürəyini yanındakı
dostuna, döyüş
yoldaşına söykəyib,
məni qoru deyirsən. Tanımadığın
yaralını, şəhidini
kürəyinə alıb
onu döyüş meydanından çıxarırsan...
Düşüncəndəki Azərbaycan döyüşçüsüdür.
Demək,
doğmandan doğmadır
sənə".
R.Tağızadəyə görə, Vətən, torpaq, dövlət məsələsində millət
olmur, vətəndaş
olur. Azərbaycan fərqli
dillərdə danışıb,
eyni düşünənlərin
birlik çələngidir,
elə ona görə də gözəldir. "Vətən müharibəsi
bir daha göstərdi ki, Azərbycanda milli-etnik
problem yoxdur. Hamı torpağını,
Vətənini, dövlətini
sevir. Ona görə də heç kim
bizim birliyimizi poza bilmir. Biz
birliyimizlə güclüyük!"
"Ağdam, varlığın
yoxluq səhnəsi"
adlı esseni isə müəllif artıq işğaldan azad edilmiş doğma şəhərinə
səfər edəndən
sonra qələmə
alıb. "Doğmasının ölümündən yazmaq
kimidi indi Ağdamdan yazmaq", deyir R.Tağızadə.
Yurd yerinin əsarətdən qurtulmasından
doğan sevinci Ağdamın büsbütün
dağıdılmasının yaratdığı kədər
hissi üstələyir:
"Öpdüyüm torpaqdan
həsrətin qoxusu ilə bərabər qan qoxusu da
gəlir. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Bu torpaqda
bitən lalələrin
qara xalları ləçəkləri boydadı...
Ağdamda 10 ballıq erməni
zəlzələsi olub.
Dünyanın indiyədək görmədiyi,
Rixter şkalası ilə ölçüyəgəlməz
erməni zəlzələsi.
Ağdamda bir tikili qalmayıb. Nə vardısa, hamısı
yerlə-yeksandı, Ağdam
varlığın yoxluq
səhnəsidi".
"Yoxluqda var olan
şəhərim"də isə müəllifin düşmənə olan nifrəti daha kəskin ifadə olunub: "Bu şəhərdən
erməni keçib. Başdaşlarını sındırıb aparan, qəbirləri söküb-dağıdan, özününkü
olmayana yağı təfəkkürü ilə
yanaşan goreşən
sürüsü!" Publisistin fikrincə, bunlar yaramaz qonşunun düşmənçiliyinin ölçüyəgəlməz
qisas göstəricisidir.
Bu esselərdə milli
ruh və kolorit güclüdür. Düşüncələr,
emosiyalar, hisslər və içdən gələn duyğuların
müəllifin rəvan,
axıcı dili ilə gözəl, səmimi ifadəsi diqqəti çəkir.
Reallığa üstünlük verməklə nəql edilən hadisələrin
çoxqatlı və
qəliz cümlələrlə
təsvirinə, müəllifin
özünütəkrarına rast gəlmirik. Bütün bu məziyyətlərinə
görə, haqqında
bəhs etdiyimiz publisistik əsərlərin
daim inkişaf edən ədəbi prosesdə özünəməxsus
yeri var.
Vətən müharibəmizin davam etdiyi günlərdə tanınmış yurd aydınlarımızın, söz, sənət adamlarının, ön cəbhədə döyüşən oğullara arxa-dayaq olan məktublarını oxuyurduq. Yeri gəlmişkən, bu sətirlərin müəllifi də döyüşçülərimizə bir ana məktubu ünvanlamışdı. Birinci Qarabağ savaşında Milli Ordumuzun zabiti kimi xidmət etmiş R.Tağızadənin "Əsgərə məktub"unda isə deyilirdi: "Sən bu gün bir millətin, dövlətin tarixini yazırsan. Şərəf tarixini. Torpaq sənin qələbənlə Vətən olur. Yurd yurd olur. Sən Vətəninin qoruyucususan! Sən güclüsən, rəşadətlisən! Sən düşmənə kim olduğunu döyüş meydanında göstərdin. Aranızda yəqin ki, mənim əsgərlərimin övladları da var. Sizi ona görə ikiqat sevirəm. Siz qalibsiniz.
Zəfərin mübarək, Azərbaycan əsgəri!"
Zemfira
MƏHƏRRƏMLİ
Yazıçı-publisist
525-ci qəzet.- 2021.- 16 dekabr.- S.14.