Sözün dəyərini ucaldan
misralar
Hüseyn Bağıroğlunun
"Nə yaxşı göydədi hələ göy
üzü" şeirlər toplusu barədə qeydlər
Çoxəsrlik Azərbaycan poeziyasının inkişaf tarixi barədə söz açanda Naxçıvan ədəbi mühitinin ədəbiyyatımıza verdiyi töhfələr barədə danışmaq zəruridir. Həm məzmun, həm forma cəhətdən istər ötən əsrlərdə, istərsə də çağdaş dövrümüzdə Naxçıvan ədiblərinin qələmə aldıqları bədii nümunələr, sözün yaxşı mənasında, ədəbi mühiti, oxucuları təəccübləndirib. Çağdaş Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələrindən biri də şair, publisist Hüseyn Bağıroğludur. Hüseyn Bağıroğlunun müxtəlif illərdə "Adam kölgəsinə səsləmə məni", "Mən çiynimdən yerə qoydum dünyanı", "Başımda qar olur, ayağımda yaz" adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb, onun şeirlərinə mahnılar bəstələnib. Bu il Hüseyn Bağıroğlunun "Nə yaxşı göydədi hələ göy üzü" adlı şeirlər kitabı nəfis tərtibatda oxuculara təqdim olunub.
Şeirləri oxuduqca hiss olunur ki, şair hər bir misrasını ürəyinin odu, duyğularının şəhdi ilə qələmə alıb. Ədəbi qanunauyğunluqların dəqiq gözlənildiyi bu şeirlər əsas verir ki, oxucu mütaliə zamanı müəllifin kamil bədii portretini öz təxəyyülündə canlandırsın.
Şeirlərin mövzu müxtəlifliyi kitabı daha da oxunaqlı edir, oxucunu yormur. Əsas məsələlərdən biri də müəllifin leksik bazasıdır. İnsanlar kimi sözlərin də müxtəlif xarakterləri mövcuddur. Elə söz var ki, kəskin, alovlu fikrin ifadəsində namünasibdir və yaxud tamam əksinə. Hüseyn Bağıroğlu fikirlərinin ab-havasına uyğun sözlər seçərək məzmun və forma cəhətdən uzlaşan bədii nümunələr yaradır.
Hüseyn Bağıroğlunun poeziyasında aparıcı mövzulardan biri də vətən-yurd motivləridir. Şair "Vətən" şeirinin ilk misralarında ana yurdun dəqiq bədii tərifini verir, Vətəni bəzən ən təlatümlü, bəzən də ən zərif duyğuların timsalında təqdim edir:
Dağlarda düşmənə göz dağı - səngər,
Düzlərdə bir zərif çiçəkdi Vətən.
Və yaxud,
Qızara-qızara bayrağa dönən,
Bir şəhid əynində köynəkdi Vətən.
Şairin 2015-ci ildə qələmə aldığı "Bir gün dönəcəyik biz o yurdlara" şeirində işaran ümidlərin gur ziyasını Zəfərdən sonra qələmə alınan "Qarabağ əbədi Azərbaycandır" şeirində görürük:
Əldə qılınc süvar
olub atlara,
Bir gün dönəcəyik
biz o yurdlara -
deyən şair
arzularının gerçəkləşdiyindən
yenidən şövqə
gəlir:
Azərbaycan can içində bir
candır,
Qarabağ əbədi Azərbaycandır.
Hüseyn Bağıroğlunun bir sıra şeirləri onun fəlsəfi düşüncələrinin təzahürüdür. "Mən
dünyadan qabaqdayam"
deyib sözün qüdrətini, aktuallığını
zaman, məkan anlayışının fövqündə
görən şair elə sözün özü ilə qürrələnir:
Nə məkanda, nə vaxtdayam,
Nəğmə kimi dodaqdayam...
Mən dünyadan qabaqdayam,
Dünya gəlib çatdı mənə.
Müəllifin eşqə yanaşması da fərqli, bir o qədər də maraqlıdır. Təsəvvüf ədəbiyyatının çalarları Hüseyn Bağıroğlunun şeirlərində aydın sezilir. "İlahi, sən bizə sevməyi öyrət" şeirində insan varlığının eşqdən asılı olduğunu göstərir. "Tanrı da sevgisiz bədəni sevməz" adlı şeirində bu fikirləri daha da gücləndirərək Tanrı dərgahına ucalmağın yolunu sevgidə görür.
Eyni zamanda, kitabda şairin sözlərinə bəstələnmiş mahnıların mətnləri, "Zərrələr" adlandırdığı kiçik şeir parçaları, "Düyünü açılmış fikirlər" - müəllifin böyük həyat təcrübəsinin nəticəsində gəldiyi qənaətlər, aforizm təsiri bağışlayan fikirləri yer alıb.
Kitabın adı ilk dəfədən beynimin içində var-gəl edirdi: "Nə yaxşı göydədi hələ göy üzü..." Mütaliə zamanı eyni adlı şeiri oxuyanda hər şey mənə gün kimi aydın oldu. Bu şeir həyat həqiqətlərinin bədii inikasıdır. Elə bu şeirdə əks olunan fikirlərə görə, müəllifi xoşbəxt insan adlandırmaq olar. Ən böyük xoşbəxtlik dünyanın gərdişinin dərk eləməkdən doğur ki, şair "fanidə fanidən fani" olduğunu anlayır:
Həvəsim yox özgələri ötməyə,
Mən yenə özümü qabaqlayıram.
Fanidə
fanidən fani olsam da,
Əbədi olanı soraqlayıram.
Nə yaxşı göydədi
hələ göy üzü,
Nə yaxşı
udmayıb gecə gündüzü.
Səhərtək açılır qəlbimin
gözü,
Nəfsimin gözünü torpaqlayıram.
Sözün dəyərini ucaldan
misraların müəllifinə
- Hüseyn Bağıroğluya
cansağlığı və
yeni yaradıcılıq
uğurları arzulayırıq.
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 16 dekabr.- S.11.