Ehtiyat dərsliklər praktikası: yeni
dövrün çağırışına cavab
Respublikası Təhsil İnstitutu tərəfindən
ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə
monitorinq həyata keçirilir. Monitorinqlərin keçirilməsində
məqsəd 3-cü və 4-cü siniflərdə Azərbaycan
dili, riyaziyyat, ingilis dili və 5-ci sinifdə təbiət fənni
üzrə yeni hazırlanan dərsliklərin tətbiqi
zamanı ortaya çıxan çətinliklərin
araşdırılması, pilot siniflərin müəllimlərinin
yeni dərsliklərin məzmunu ilə bağlı irad və
təkliflərinin öyrənilməsi, şagirdlərin dərslikdəki
mövzuları nə dərəcədə mənimsədiklərini
yoxlamaqdır. Sonda monitorinqin nəticələri
ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə
təhlil olunacaq.
Monitorinqlər
Bakı, Abşeron, Sumqayıt, Salyan, Biləsuvar, Cəlilabad,
Masallı, Lənkəran, Astara, Şamaxı,
İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala,
Balakən, Xaçmaz (Xudat), Quba, Qusar, İmişli, Beyləqan,
Füzuli, Ağcabədi, Bərdə, Tərtər, Ağdam,
Goranboy, Gəncə, Göygöl şəhər və
rayonlarının seçilmiş məktəblərində
keçirilir.
İbtidai siniflər üçün Azərbaycan dili və
riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən
həyata keçirilir. Bu dərsliklərin mahiyyəti ilə bağlı sərəncamın
icrasına başlandığı ilk gündən
anlaşılmazlıq hiss olunmaqdaydı. "Ehtiyat"
olması bu dərsliklərin istifadədə olan dərsliklərlə
yanaşı istifadə olunacağı fikrini yaradırdı
ki, bu da çaşqınlığa səbəb olurdu. Hansı dərsliyin hansı şəraitdə, nə
vaxt istifadə ediləcəyi ilə bağlı çoxlu
suallar yaranırdı. Artıq məsələ
aydınlaşıb. Təhsil İnstitutu
tərəfindən hazırlanan bu dərsliklər dilin və
riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə
və müasir təlim texnologiyalarına əsaslanır və
hazırda istifadədə olan ənənəvi dərsliklərdən
məzmun və metodologiya baxımından fərqlənir.
Ancaq geniş elmi-pedaqoji araşdırmalar nəticəsində
ərsəyə gələn müasir dərsliklər
hazırki dərslikləri inkar etmir.
Yeni dərsliklərin fərqli cəhətləri
oxunaqlılığı, görünüş və
dizaynı ilə şagirdin motivasiyasını
qaldırması ilə də ortaya çıxır.
Ehtiyat dərsliklərin hazırlanması prinsipləri dərsliklərin
ənənəvi hazırlanması prinsiplərindən ciddi
surətdə fərqlənir. Ehtiyat dərsliklərin
yazılması işinin təşkili üçün Təhsil
İnstitutunda Tədris Resursları Mərkəzi
yaradılıb. Dərslik hazırlığına ali məktəb və universitetlərdə
çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir
çox beynəlxalq məktəblərdə
görüşlər keçirilib, onların təcrübələri
öyrənilib. Həmin məktəblərdə
çalışan müəllimlər müsabiqəyə dəvət
olunub. Daha sonra ehtiyat dərsliklərin
konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib.
Dil və riyaziyyatın tədrisində dünyada qəbul
olunmuş müasir yanaşmalar təhlil edildikdən sonra
qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və
təlimin pedaqoji prinsipləri öyrənilib. Nəticədə,
yaradılan ehtiyat dərsliklərin strukturu, təlim
metodikası, müasir metodoloji yanaşmalar və digər
konseptual prinsiplər ümumiləşdirilərək xüsusi sənəd
formasında hazırlanıb. Bunun nəticəsidir
ki, yeni dərsliklərdə beynəlxalq qiymətləndirmələrdə
nəzərə alınan bacarıqların inkişaf etdirilməsinə
nisbətən daha çox yer verilib.
ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə
tədqiqatları şöbəsinin mütəxəssisi
İzzət Babayeva deyir ki, gənc nəslin təlim və tərbiyəsində
əsas bilik mənbəyi olan dərsliklər, demək olar
ki, bütün dövrlərdə təhsil sisteminin
inkişafı üçün həyati əhəmiyyət
daşıyıb. Ölkədə dərslik siyasəti
dünya təcrübəsinə əsaslanaraq təkmilləşdirilib
və müasirləşdirilib. Buna
baxmayaraq, dərsliklərin hazırlanması prosesində hələ
də bəzi çatışmazlıqlar mövcuddur. Bu çatışmazlıqların bəziləri
keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarının
nəticələrinə əsasən aşkar olunub. Müəyyən olunan
çatışmazlıqları aradan qaldırmaq və təhsilimizi
beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə
"Ehtiyat dərslik" ideyası gündəmə gətirilib.
Məqalədə ehtiyat dərslik komplektlərinin
hazırlanması, onların tətbiqi və effektivliyinin qiymətləndirilmə
prosesi əks olunur. Ehtiyat dərsliklərin tətbiq
edildiyi birinci sinif şagirdlərinin qiymətləndirmə tədqiqatındakı
göstəricilərinin yüksək olması həmin dərsliklərin
kütləvi istifadəsinə zəmin yaradıb:
"Dünya inkişaf etdikcə yüksək təfəkkür
mədəniyyəti formalaşdırmaq məsələsi
bütün cəmiyyətlərdə prioritet sahəyə
çevrildiyi üçün təhsil müasir dövrdə
insan həyatının ən önəmli mərhələsi
hesab olunur. Müasir dünyanın tələblərini
nəzərə alaraq, şagirdlərin idrak fəallığının
inkişaf etdirilməsi üçün təhsilin ən
aşağı pillələrindən başlayaraq sistemli tədbirlər
həyata keçirilməlidir. Bu tədbirlərin
ən əhəmiyyətli hissələrindən biri də dərslik
siyasətidir. Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra dünya təcrübəsinə
əsaslanaraq təhsilin məzmununda sistemli islahatlar həyata
keçirildi. 2008-2009-cu dərs ilindən
I siniflərdə yeni təhsil proqramlarına uyğun
hazırlanan dərslik komplektlərinin tətbiqi həmin
istiqamətdə aparılan islahatlardan biridir. Keçirilən islahatlara baxmayaraq, dərsliklərlə
bağlı hələ də bəzi problemlər öz
aktuallığını saxlayır. Bunlardan
biri təhsil proqramları ilə dərsliklər arasında
uyğunsuzluğun olmasıdır. Yəni
dərsliklər nə qədər təkmilləşdirilsə
də, hələ təhsil proqramını tam əhatə
etmir. Bu da təhsilin öz məqsədlərinə
çatmasına maneə törədir. Dərsliklərlə
bağlı meydana çıxan bu çətinliklər isə
ardıcıl olaraq digər problemlərə səbəb olur.
Dərslik təhsil proqramlarının məzmununu
ehtiva edən əsas vasitə hesab olunduğu
üçün cəmiyyət şagirdlərin bütün
nailiyyətlərini və uğursuzluqlarını birbaşa
dərsliklərlə əlaqələndirir. Lakin nəzərə almaq lazımdır ki, təhsilə
təsir edən tək amil dərslik deyil. Şagirdlərin nəticələrinə yalnız
dərsliklər deyil, eyni zamanda müəllimlər, valideynlər,
məktəb mühiti, sosial-psixoloji amillər də təsir
edə bilər. Şagirdlərin təhsil
nailiyyətlərinə təsir edən amillər çoxdur,
lakin bu məqalədə dərsliklərin effektivliyi barədə
danışıldığı üçün dərslik
amili əsas götürülür. Digər
məsələ isə dərsliklərin hazırlandıqdan
sonra sınaqdan keçirilməməsidir. Təhsil Nazirliyi tərəfindən dərsliklərin
xüsusi meyarlar əsasında qiymətləndirilməsinə
baxmayaraq onların sinif mühitində də sınaqdan
keçirilməsi vacib hesab olunur. Çünki
bu halda istifadə zamanı yarana biləcək problemlər
üzə çıxır".
Onun
sözlərinə görə, ehtiyat dərsliklər 3 mərhələli
müsabiqə əsasında seçilmiş müəllim və
müəllif heyəti tərəfindən hazırlanıb və
sınaqdan keçirilib: "Aydındır ki, tədris
resurslarının istifadəsindən əvvəl onların
sınaqdan keçirilməsi təlim materiallarının
keyfiyyətini artırmaq üçün mühüm mərhələdir.
Ona görə də ölkəmizdə ehtiyat dərsliklərin
effektivliyinin qiymətləndirilməsi prosesi həyata
keçirilib. Ehtiyat dərslik vəsaitləri
hazır olduqdan sonra ölkə üzrə təsadüfi
yolla seçilmiş məktəblərdə sınaq təşkil
edilib. Dərsliklərin effektivliyini qiymətləndirmək
məqsədilə tədqiqatın aparılması
üçün eyni məktəbin ənənəvi və
ehtiyat dərsliklərin tədris olunduğu siniflərində
eksperiment aparılıb. Sınaqda
iştirak edən şagirdlər ölkənin bütün
şagird kateqoriyalarını əhatə etməklə
reprezentativ seçim əsasında müəyyən olunub.
Ümumillikdə, ölkəmizin müxtəlif şəhər,
rayon və kəndlərini əhatə etməklə 97 məktəbin
123 birinci sinfində 3244 şagirdin təhsili ehtiyat dərslik
komplekti əsasında təşkil edilib. Sınaq
zamanı müxtəlif monitorinqlər keçirilmiş,
müəllimlərin dərs müddətində rəyləri
öyrənilib və nəticələrə əsasən dərslik
vəsaitinə müvafiq düzəlişlər olunub. Tədris ilinin sonunda ehtiyat dərsliklərin
effektivliyinin qiymətləndirilməsi üçün tədqiqat
aparılıb. Ölkə üzrə təsadüfi
seçimlə müəyyən edilən 97 məktəbdən
51-də ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi
təşkil olunub. Tədqiqatda eyni məktəbin
həm ehtiyat dərslik, həm də ənənəvi dərslik
istifadə etmiş şagirdləri iştirak edib. Bu məqsədlə şagirdlər kontrol və
eksperiment qrupları üzrə bölünmüşdür.
Kontrol qrupa ənənəvi, eksperiment qrupa isə
ehtiyat dərslik əsasında təhsil almış
şagirdlər daxil edilib. Tədqiqatda ehtiyat dərslikdən
istifadə üzrə 53 faizi oğlan olmaqla ümumilikdə
1266, ənənəvi dərslikdən istifadə üzrə
isə yenə də eyni nisbətdə 1272 şagird
iştirak edib.Tədqiqat məktəbin bütün siniflərində
deyil, təsadüfi seçilən konkret siniflərində həyata
keçirilib. Sınaq prosesində məlumatların
toplanması üçün Azərbaycan dili və
riyaziyyatın müəyyən edilmiş məzmun xətləri
üzrə müvafiq kitabçalar hazırlanıb. Azərbaycan dili fənni üzrə 2 kitabça və
riyaziyyat fənni üzrə 5 kitabça paylanıb.
Riyaziyyat fənninə aid beşinci kitabça yalnız
ehtiyat dərslik üzrə təhsil alan
şagirdlərə təqdim olunmuşdur. Hazırlanan
6 kitabçada şagirdlərin cavablandırılması
üçün 15 sual qeyd olunmuş və hər bir
sualın növündən asılı olaraq maksimum ballar
müəyyən edilib. Riyaziyyat üzrə
beşinci sual kitabçası üçün isə 11 sual
hazırlanıb".
İzzət
Babayeva bildirib
ki, aparılan tədqiqat göstərir ki, ehtiyat dərsliklərdən
istifadə etmiş şagirdlərin riyaziyyat və Azərbaycan
dili fənləri üzrə topladıqları orta bal göstəricisi
ənənəvi dərsliklərdən istifadə etmiş
şagirdlərin topladıqları orta bal göstəricisindən
yüksəkdir: "Ehtiyat dərsliklərin effektivliyini qiymətləndirmək
üçün həyata keçirilən tədqiqatın nəticələrindən
məlum olur ki, qeyd olunan dərsliklərdən istifadə edən
şagirdlərin mənimsəmə göstəriciləri
daha yüksəkdir. Bu isə həmin komplektlərin
kütləvi istifadəsinə şərait yaradır. Lakin sınaq zamanı məzmun standartları üzrə
nəticələrdəki fərq bütün suallar üzrə
statistik cəhətdən əhəmiyyətli deyil. Bu,
yalnız dərslik komplektinin məzmunu ilə deyil, həmçinin
tədris prosesində müəllimlərin qarşılaşdıqları
çətinliklərlə və şagirdlərin
sosial-iqtisadi vəziyyəti ilə əlaqəli ola bilir. Həmin istiqamətdə
müvafiq tədbirlər görülməsi də ehtiyat dərslik
komplektinin tətbiqi zamanı qarşıya qoyulan məqsədə
çatılması prosesini sürətləndirəcək.
Beləliklə, ölkəmizdə dərslik
siyasəti ilə bağlı atılan bu yeni addım təhsil
sistemi qarşıya qoyulan məqsədlərə
çatmaqda və bu sahədə yaranmış vacib problemlərin
həll olunmasında mühüm addım hesab oluna bilər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 16 dekabr.- S.10.