Şairin doğumu və
ölümü
"NİZAMİ
GƏNCƏVİ HAQQINDA OÇERKLƏR"DƏN
Bu günlərdə yazıçı-ədəbiyyatşünas,
fəlsəfə doktoru Allahverdi
Eminovun və pedaqoq, dosent Polad Mədədovun
birgə işi olan
"Nizami Gəncəvi haqqında
oçerklər" kitabı "Elm və
Təhsil" nəşriyyatında, professor
Nadir Məmmədlinin redaktorluğu
ilə çap olunub.
Dahi Nizami
yaradıcılığına aid növbəti
nəşr olan bu kitabda müəlliflər fərdi
üslublarına xas təhkiyə ilə öz fikir və
mülahizələrini bölüşüblər. Maraqlı
olacağını düşünərək, kitabdan bir hissəni oxuculara təqdim edirik.
Doğum və Ölüm danışıqsız həqiqətdir, yeganə doğruluqdur. Doğum və Ölüm labüddür, ilkini sevinc gətirir, sonu kədər. Amma hər ikisi bir-birini tamamlayır. Doğum və Ölüm ömrün qoşa qanadıdır. Ədəbiyyatda və əbədiyyətdə kəsişirlər.
İllər ötür, doğulan cocuq böyüyür, cəmiyyətdə yerini tutur, ya məşhurlaşır, mənsəb sahibi olur, yaxud adi bir insan, layiq haqqından məhrum vətəndaş. İllər, zaman tələsir, yaradıcılıq fəhmi onun qismətinə düşmüşsə, yazıb-yaradır, böyük əsərlər hasilə gətirir. İllər keçir, nəhayət yorulur, bir insanı yaşatmaq üçün taqəti, hövsələsi çatmır, vidalaşmaq istəyir, məqam axtarır və tapır.
Bir gün şair (yaxud rəssam, musiqiçi) doğulduğu, gəzib-dolandığı yerləri bir daha görmək istəyirdi, dizində taqəti qalmışdı, gözlərində işığı, ürəyində sözləri...
Hava açıqdı, qıvrım ağ buludlar günəşin şəfəqlərinə tab gətirməyib sulanırdı. Külək buludları parçalayır, üzü cənuba aparırdı. Biçənəklərdə çalınmamış otların nazik yarpaqlarının üstündə açıq yaşıl ləkələr parıldayırdı. Xeyli uzaqda çırpılardan, qurumuş budaqlarından tonqal qalamışdılar. Yanmış yarpaqların qoxusu yayılırdı. Diqqətlə baxanda firəng toyuqlarının qızılı gözü kimi köz düşmüşdü. Şair tonqala yaxınlaşdı, əlini uzatdı, canına istilik keçmədi, üşüdü. Nəydi bu? Bəlkə kədərli qadın mərhəmətinin uzaqda qalan əks-sədası idi? Ağır və azğın nəvazişlərin yoxluğu idi?
Şairlər xəyalpərəst olurlar, xatirələrdən üzülmürlər.
... Qadın əyilib üstündə gülləri solmamış budaqcığı götürüb burnuna apardı, yaylığı çiyinlərindən asılmışdı, asta meh yellədirdi. Parlaq qara saçları görünürdü. Şal kölgə saçlarında qara zolaq açmışdı. Ətrafına boylandı. Hüznlü ağacların yarpaqlarını günəş şüası qarsıtmışdı, qurumuş torpağı çatladıb çıxan tikan kollarına toxunub krujeva toxuyurdu. Asta-asta yeriyir, donunun ətəyi xışıldayırdı.
Şair sanki yatmışdı, silkələndi, tonqal sönməkdə idi, od-alov saçan kösövlər parçalanmışdı, istiliyi ona çatmırdı. Bu halətə hirslənmədi, gülümsəməklə cavab verdi. Yaddaşında bir-birinə dolaşan misralar onu ağrıdır, ürəyinə toxunub sızladırdı. Donub qalmışdı, sehrlənmişdi. Yaddaşında bir şey oyanmışdı, səslənmək istəyirdi. Şairin bədəni uçundu, gözlərini qapadı: O idi, Şərq bədiiyyatına səs salan, neçə şairin yuxusunu - xəyalını pəjmürdə qoyan Şirin idi! Şair neçə illər qəlbinə sıxdığı bu türk qızına əlini uzatdı, o isə əlini özünə çəkdi. Xatırladı ki, pəhləvan cüssəli, nazik ürəkli, sevən Fərhad Şirinə söz vermiş ki, Büsutun dağını onun eşqilə parçalayıb yol açır: Fərhad ülvi eşqilə Şirinin qəlbinə hakim kəsiləcəkmi? Könlünü ilk məhəbbətinə, bu eşqin yaratdığı ideal hissə təslim edəcəkdimi? Bunu bacaracaqmı? Bəlkə Şirin mənəvi - ruhi təzadla üz-üzə dayanıb Xosrova əlini uzadacaqmı?
Şair kəsilmiş ağac kötüyünün üstündə könülsüz oturdu, uşaqlığında bu ağacın budaqlarını çox qırmış, at kimi minib çapmışdı. Bəlkə həmin qırılmış budaqlarının - övladlarının xiffətindən qurumuşdur, əzablarına son qoymaq üçün kəsmisdir canıyanan kimsə.
Şair qərarını vermişdi: Şirinin Xosrova olan ilk məhəbbəti hökmdarı çirkablardan təmizləyəcəkdi, eşqin ucalığını sübuta yetirəcəkdi. Elə də hərəkət edir, tədricən özünə qayıdır, özünü dərk edir, yüksək əxlaqi keyfiyyətlər qazanır, axı o, daxili hisslərini çirkab suyunda çimizdirib Şirinlə bir yatağa baş qoya bilməzdi. Xosrov hünərilə psixoloji durumunu təmizləyir...
Şair ayağa qalxdı, Şirin gözləyirdi şair
nə vaxt öz iş otağına qayıdacaq, onun taleyini qələmə
alacaq. İstərdi nəinki həmvətənləri,
şərqli oxucular bu
poetik dastanla
tanış olsunlar, Fərhadın nakam məhəbbətinə, hansı ki zülmətlə işığın
arasında qalan bir gəncin
taleyini yaddaşlarına
köçürsünlər. Elə də oldu,
Şirindən səkkiz əsr - 800 il sonra bir azərbaycanlı-türk
qadını Azadə Rüstəmova yazacaqdı: "Fərhad
günəş hərarətli idi. Fərhad
eşqi Eşqin ideal dərəcəsi idi.
Günəş və işıq. Hər kəsi özünə
cəlb edir: Qaranlıqda işıq axtarmaq - hünər bax
burdadır. Zülmətə nur çiləmək
böyük hünər tələb edir. Nizami "Xosrov və Şirin" əsərini
işlərkən bədii amalını həll etmək istəmiş
və dahiyanə surətdə onun öhdəsindən
gəlmişdir". Bu xanım - alim bəlkə də Şirinin
törəyən nəslindəndir - belə həssaslığa
Şirin-Xosrov dastanına qiymət vermişdi...
525-ci qəzet.- 2021.- 17 dekabr.- S.16.