Distant təhsil diplomları: əsaslı
dəyişiklik zərurətə çevrilib
Artıq
uzun illərdir ki, dünyanın aparıcı ali
təhsil müəssisələrində
distant təhsil sistemi
tətbiq olunur. Bu gün distant təhsilə,
onlayn tədrisə maraq göstərənlərin
sayı kifayət qədərdir və bu say gündən-günə
artmaqdadır. İstədiyi universiteti seçən və əyani şəkildə dərslərdə
iştirak etməyən
tələbə telekommunikasiya
vasitəsilə onlayn
dərslərə qoşulur.
Müəllimlər tərəfindən tələbələrə tapşırıqlar,
testlər və sair elektron formada
təqdim olunur. İmtahanlar da onlayn şəkildə
təşkil edilir.
Distant təhsilin əsas üstünlüklərindən
biri vaxta qənaət və müasir texnologiyadan istifadə etmə bacarığının inkişaf
etməsidir. Distant təhsil
alan tələbədə
elektron dərsliklərdən
- kitab, video materiallardan,
yaddaş kartlarında
olan dərs vəsaitlərindən istifadə
vərdişi formalaşır.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində distant təhsil
növünün geniş
tətbiq olunmasına
baxmayaraq, Azərbaycanda
təhsilin bu növünə üstünlük
verilmir. Hətta xaricdə distant formada təhsil alan
şəxslərin diplomu
ölkəmizdə tanınmır.
Tanınmayan diplomlar arasında Türkiyə,
MDB ölkələrinin - Rusiya,
Ukrayna və Gürcüstanın təhsil
müəssisələri tərəfindən
verilən ali
təhsil haqqında sənədlər üstünlük
təşkil edir.
Xarici ölkələrdə
alınan diplomların
Azərbaycanda tanınması
prosesinə Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət
Təminatı Agentliyi
nəzarət edir. Agentlikdən
bildirilir ki, bu
təhsilalma forması
üzrə tədrisin
təşkili və qiymətləndirilməsi Azərbaycan
qanunvericiliyində nəzərdə
tutulmayıb. Bu səbəbdən də
distant formada alınan
təhsilin diplomları
Azərbaycanda tanınmır.
Təhsil
eksperti Nadir İsrafilov
deyir ki, ölkəmizdə onlayn təhsil formasının rəsmi yaranma tarixi "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununun
təsdiq edildiyi 19 iyun 2009-cu il hesab olunur. Həmin qanunun
13-cü maddəsinə əsasən
Azərbaycanda əyani,
qiyabi, sərbəst (eksternat) təhsil formaları ilə yanaşı distant (məsafədən)
təhsil də mövcuddur. Sadəcə olaraq distant təhsil informasiya texnologiyaları və multimedia sistemlərinin
köməyi ilə əyani, qiyabi və axşam təhsil formalarının
əsas elementlərini
uzlaşdıran bir vasitədir.
"Pedaqoji prosesdə distant təhsildə
hər iki tərəf arasında əlaqəni telekommunikasiya
və kompüter şəbəkələri vasitəsi
ilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında,
uzaq məsafədən
həyata keçirilir.
Distant təhsilin xarakterik xüsusiyyətlərinə
müəllimin yeni rolu, tədrisin keyfiyyətinə nəzarət,
təlimdə fərqli
vasitə və texnologiyalardan istifadə
aid edilir. Prezidentin
vurğuladığı kimi:
"İndi biz XXI əsrdə
yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir.
Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə
öz maraqlarını
təmin edəcəkdir".
Əgər nəzərə alsaq
ki, distant təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr
əsasında təşkil
olunduğu formasıdır,
öyrədən və
öyrənən arasında
əlaqəni telekommunikasiya
və kompüter şəbəkələri vasitəsi
ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata
keçirir, distant təhsildə
informasiyalar öyrənənlərə
çap, materiallar, elektron dərslik və sair formalarda
təqdim edilir, deməli, bu göründüyü kimi
sadə və asan həyata keçirilən iş deyil. Bu baxımdan
bəzi problemlərin
qısa müddətdə
aradan qaldırılması
o qədər də
real görünmür. Digər bir məsələ,
distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün
inkişafının təmin
edilməsi vacib bir hal alıb.
Təhsilin distant forması müəyyən
səbəblər üzündən
təhsilini artırmaq
imkanı olmayan və yeni ixtisas
almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil
imkanları yaradır.
Bu təhsil forması
ənənəvi təhsil
formalarına nisbətən
öyrənənlərin müstəqilliyini,
fəallığını, şüurluğunu, yaradıcılığını
optimal şəkildə inkişaf
etdirir".
Distant təhsilin üstünlüklərindən
danışan N.İsrafilov
bildirib ki, müasir zamanın tələblərinə uyğun
distant təhsilin geniş
tətbiqi daha çox insanın təhsilə cəlb olunmasına imkan verir. Distant təhsil sayəsində ucqar kəndlərdə yaşayanlar,
əlilliyi olanlar, müəyyən səbəblərə
görə təhsilini
davam etdirə bilməyənlər də
rahat təhsil alır. Son onillikdə
distant təhsilə ehtiyac
duymadığımızdan bu müasir təhsilalma formasına elə də lazımi
diqqət yetirməmişik.
Halbuki, bu müddət ərzində
distant təhsilin vacibliyi
və zəruriliyi barədə müəyyən
çağırışlar da olub: "Fikrimcə, Azərbaycan universitetlərində də
distant təhsilin tətbiqi
vaxtı çatıb.
Həmçinin xaricdə
distant formada təhsil
alan şəxslərin
diplomunun tanınması
məsələsinə də
baxılmalıdır. Distant formada alınan diplomları tanımaqla
biz gün xaricdə
distant təhsil alan onlarla gəncə yaşıl işıq yandırmış
olarıq".
Azərbaycan Gənc Alim,
Aspirant və Magistrlər
Cəmiyyətinin sədri,
fəlsəfə doktoru
İlqar Orucovun sözlərinə görə,
Türkiyədə elə
ali təhsil
müəssisələri var
ki, orada minlərlə tələbə
təhsil alır. Onların müəyyən
qismi məhz distant təhsil alan
tələbələrdir: "Hesab edirəm ki, artıq Azərbaycanda da distant təhsilin tətbiqinin zamanı çatıb. Ali məktəb əmək
bazarı üçün
kadr hazırlayırsa,
mütləq yenilikləri
tətbiq etməlidir.
Eyni zamanda distant təhsili də. Bu yolla
onlar xaricdən də xeyli tələbə
cəlb edərək gəlirlərini artıra
bilərlər. Artıq ölkəmizdə
də distant təhsil
diplomlarının tanınması
istiqamətində işə
başlanmalıdır. Distant ali təhsil
sürətlə artır,
insanlar zaman və məkan anlayışını xeyli
qabaqlayaraq təhsil almaq imkanlarını gerçəkləşdirirlər. Beləliklə də, "Ali təhsil
haqqında" qanun layihəsində distant təhsilin
əks olunması bu gün ən
vacib istiqamətlərdən
biridir. Əlbəttə ki, biz gənclərimiz
üçün təhsilalma
imkanlarının və
formalarının qanunda
yer almasına, bunun qanunla tənzimlənməsinə
mütləq şəkildə
baxılmalıdır. Distant diplomların taınması
qanunla təsdiq olunduğu təqdirdə
ABŞ-ın istənilən
ali təhsil
müəssisəsində distant təhsil alan gənclərimizin diplomlarının
tanınmasında problem olmayacaq.
Əlbəttə, burada
da yenə sui-istifadə halları olacaq, amma məsələ
ondan ibarətdir ki, növbəti mərhələdə bu diplomların tanınmasına
onsuz da Təhsil Nazirliyinin Təhsildə keyfiyyət
Təminatı Agentliyi
yenidən baxacaq, hansı diplomlar tanınacaq, hansı tanınmayacaq, bu qurum qərar verəcək. Ona görə də,
düşünürəm ki, təkmilləşdirilən
qanun layihəsində
distant ali təhsil diplomlarının tanınmasını
əks etdirməliyik".
Cəmiyyət sədrinin dediyinə
görə, gənclərə
təhsil almaları üçün bütün
mümkün şərait
yaradılmalıdır: "Növbəti illərdə
distant təhsil alanların
sayı daha da artacaq, ona
görə də bunun qanunla tənzimlənməsi
mütləqdir. Distant təhsilin
ali təhsil
sistemində oturuşmasının
və getdikcə
distant təhsilə marağın
artdığının şahidi
olacağıq. Qanun hazırlanarkən
vacib məqam ondan ibarətdir ki, bizim insanlarımız
qanundan yararlansınlar.
Eyni zamanda qanun insanların
fəaliyyətini tənzimləsin,
hüquqi bir sənəd kimi meydana çıxsın.
Bizim xeyli sayda insanlarımız
var, diplomları əllərində qalıb,
onlar bu diplomlardan istifadə edə bilmirlər. Bunu nəzərə almalıyıq.
Bir şəxs nüfuzlu bir ali təhsil
müəssisəsində distant oxuyub diplom alıbsa,
ona heç kəs irad bildirə
bilməz".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda distant təhsil ali
təhsilin formalarından
biri kimi qəbul edilməsi nəzərdə tutulub. Millət vəkilinin sözlərinə
görə, bu
"Ali təhsil haqqında"
qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Layihəyə əsasən, ali
təhsil səviyyələrində təhsilalma formalarına
əyani təhsil, qiyabi təhsil, distant, sərbəst təhsil daxil
olacaq. Distant təhsil
təhsilin rezidentura və doktorantura
səviyyəsindən başqa bütün pillələrində mümkün olacaq: "Qeyd edim ki,
"Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında distant təhsilin
ali təhsil formalarından biri kimi qəbul
edilməsi təklif edilib. Bu məsələ öz növbəsində bir neçə mövzunun həllinə də
diqqət çəkir. Bu mövzulardan demək
olar ki, ən
başlıcası isə xarici universitetlərdə distant təhsil
alan
şəxslərin
diplomlarının ölkəmizdə tanınmamasıdır.
Qanunvericilikdə distant təhsil rəsmi
olaraq
təhsilin bir forması
kimi qəbul ediləcəyi təqdirdə düşünürəm ki, bu, xarici universitetləri distant şəkildə bitirən
məzunların
diplomlarının
tanınması məsələsi
öz həllini tapacaq.
Bu gün
bir çox xarici ölkələrdə
sırf distant təhsil verən universitetlər var.
Bu səbəbdən də
ölkədə distant formada
təhsil alıb diplom əldə edən şəxslərin
ali təhsil
haqqında sənədinin
tanınması istiqamətində
müvafiq addımlar atılmalıdır. Hesab edirəm ki, bu mövzuda sırf qanun yaxud Təhsil Nazirliyinə bağlı olmayan məsələlər də mövcuddur. Yəni hər hansı bir tələbə
xaricdə
distant təhsil alırsa, təhsil aldığı ölkənin dilini mütləq şəkildə bilməlidir".
C.Məmmədov vurğulayıb ki,
qanunvericilikdə
distant təhsil ilə bağlı məsələlər öz əksini artıq tapır: "Hesab edirəm ki, növbəti mərhələdə ümumi olaraq diplomların təsdiqi məsələsinə öz töhfəsini verəcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 17 dekabr.- S.15.