Ömrünü nur qaynağına çevirən şəxsiyyət

 

 

Dekabrın 18-də görkəmli kitabxanaşünas alim, tarix üzrə fəlsəfə doktoru Aşur Əliyevin cismani yoxluğundan 40 gün ötür. Bakı Dövlət Universitetinin "Kitabxanaçılıq-İnformasiya" fakültəsi "Kitabxana resursları informasiya axtarış sistemləri" kafedrasının dosenti Aşur Əliyevin Respublikada kitabxanaşünaslıq elminin inkişafında, eləcə yüzlərlə kitabxanaçı kadrın hazırlanmasında böyük əməyi olub.

Aşur Müseyib oğlu Əliyev 1946-cı il iyunun 1-də Zəngilan rayonunun Baharlı kəndində dünyaya gəlib. 30 ilə yaxın idi ki, Zəngilanın işğal altında inləməsi Aşur müəllimi göyüm-göyüm göynədirdi. Sözünün əvvəli Zəngilan idi, axırı da. Hər dəfə söhbət düşəndə o yerlərin gözəlliklərindən: Bəsitçay, Oxçucay, Süsən meşə, Miyan dərə, Cəvizli, Şükrataz buranın digər səfalı, axarlı-baharlı güşərindən, sərin meşələrindən, bum-buz bulaqlarından ağız dolusu danışardı. Xiffətini çox çəkirdi o yerlərin... o yerlərə təkrar ayaq basmaq nəsib olmasa da, yaxşı ki, Zəngilanın işğaldan azad olunmasını görmək qismətinə düşdü Aşur müəllimin.

Onun uşaqlıq dövrü Zəngilanda keçmişdi. 1953-1957-ci illərdə Baharlı kənd ibtidai məktəbində oxuyan Aşur Əliyev ilk təhsilini Aslan Vəliyev kimi mahir pedaqoqdan almışdı. Daha sonra 1958-1965-ci illərdə 8 illik Mincivan kənd onbirillik Mincivan dəmiryolu məktəbində təhsilini davam etdirmişdi. Bu yerdə qeyd edim ki, Aşur müəllimin atası da tanınmış dəmiryolçu olub. Müseyib Əliyev ömrünün 40 ilini Ordubad dəmiryolu idarəsində çalışıb uşaqlarını halal zəhmətlə, min bir əziyyətlə böyüdüb.

1969-cu ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirən Aşur Əliyev hərbi xidmətə yola düşür. Ordu sıralarında 1 illik xidmətdən sonra Abşeron rayonu Şurabad kənd Mədəniyyət evinin müdiri vəzifəsində ilk əmək fəaliyyətinə başlayır. 1974-1977-ci illərdə "Kitabxanaçılıq" fakültəsinin aspirantı olur. Dissertasiya işi çox mühüm maraqlı bir mövzuya - "Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixinin öyrənilməsi"nə həsr olunmuşdu. Maraqlısı budur ki, bu mövzu o dövrə qədər tədqiqat obyekti olmayıb. Bu, ilk təşəbbüs idi. Odur ki, belə bir mövzunu elmi dövriyyəyə daxil etmək böyük zəhmət, hünər əzmkarlıq tələb edirdi. A.Əliyev uzun müddət Azərbaycan Naxçıvan Muxtar Respublikalarının arxivlərində, Mərkəzi Kitabxanalarında əlaqədar təşkilatlarında fundamental elmi araşdırmalar aparıb. Bunların nəticəsidir ki, qədim diyarımız olan Naxçıvan Muxtar Respublikasında 1920-1985-ci illərdə kitabxana quruculuğu sahəsində əldə edilən nailiyyətlər haqqında elmi ictimaiyyətimiz dəqiq məlumatlar əldə etmişdi. Bu, ölkəmizdə, o cümlədən, Naxçıvan Muxtar Respublikasında kitabxana işinin öyrənilməsinə bəxş edilən böyük töhfə idi. İllərdir tələbələr, aspirantlar, gənc alimlər, bir sözlə bu sahənin tədqiqatçıları bu mənbədən minnətdarlıqla bəhrələnirlər.

 

Beləliklə, Aşur Əliyev 1991-ci ilin martın 31-də Bakı Dövlət Universitetinin Tarix fakültəsinin İxtisaslaşdırılmış birdəfəlik Şurasında uzun illərin gərgin zəhmətinin, yorulmaz araşdırmalarının yuxusuz gecələrinin bəhrəsi olan "Naxçıvan MSSR- kitabxana işi (1920-1985-ci illər)" adlı dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü. 1992-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi dərəcəsi təqdim edildi.

Onun müəllifi ya həmmüəllifi olduğu elmi məqalələr, tədris-metodik vəsaitlər, proqramlar milli kitabxanaşünaslıq irsinə daim töhfə verib. "Təbiətşünaslığa dair ədəbiyyatın təsviri, təsnifləşdirilməsi metodikası", "Ədəbiyyatın KBT cədvəlləri üzrə sistemləşdirilməsi", "Çap əsərlərinin biblioqrafik təsviri qaydaları" sair metodik göstərişləri kitabxanaşünaslıq sahəsi üzrə ədəbiyyat sistemində qiymətli mənbələrdən sayılır.  Müstəqil Azərbaycanda kitabxanaşünaslıq elmimizin ən böyük nailiyyətlərindən biri "Kitabxana resursları informasiya axtarış sistemləri" kafedrasının professor-müəllim heyətinin böyük zəhməti hesabına ərsəyə gələn "Kitabxanaşünaslıq: kitabxana kataloqları" adlı dərs vəsaitidir. Aşur müəllimin həmmüəllifi olduğu "Kitabxanaşünaslıq: kitabxana kataloqları" dərs vəsaiti isə bu sahə ilə məşğul olanların stolüstü kitabına çevrilib.

40 ilə yaxın məhsuldar elmi pedaqoji fəaliyyətlə məşğul olan dosent Aşur Əliyevin ictimai fəaliyyətini qeyd etməmək olmaz. O, bir sıra ixtisaslaşdırılmış müdafiə şuralarının, 1992-ci ildən isə Fakültə Elmi Şurasının, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq informasiyaya dair elmi-nəzəri, metodik təcrübi jurnalların, eləcə , bəzi qəzet redaksiya heyətlərinin üzvü idi.

 

Mahir pedaqoq A.Əliyev ömrünü Bakı Dövlət Universitetinə, doğma "Kitabxanaçılıq" fakültəsinə bağlamışdı. 1973-cü ildə baş laborantlıqdan başlayan bu yolda müəllim, baş müəllim vəzifələrinə qədər şərəfli yol keçmişdi. Cavan ikən fakültədə dekan müavini işlədiyi müddətdə isə işinin öhdəsindən layiqincə gələrək, həm fakültədə, həm universitetdə müəllim-tələbə heyətinin böyük rəğbətini qazana bilmişdi.

 

Yuxarıda qeyd etdiklərim Aşur müəllimin elmi-pedaqoji məziyyətləri haqqında bildiklərim idi. Bir qədər onunla qohumluq tellərindən söz açmaq istərdim. 1995-ci ildə Azərbaycan Televiziya Radio Verilişləri Komitəsində (o vaxtlar belə adlanırdı) əmək fəaliyyətimə başladım. Elə o vaxtdan həyatımı bu ocağla bağladım. Radionun səs operatoru vəzifəsindən səs rejissoru, rejissor vəzifələrinə qədər pillə-pillə yüksəldim. Bu dönəm taleyimin ən mürəkkəb, itkili, yaralı, lakin yaradıcılıq baxımdan ən gözəl illəri oldu. İndiki bir sıra uğurlarıma görə mən bu sehirli ocağa borcluyam. Elə gələcək ömür-gün yoldaşımla - Aşur müəllimin qızı ilə orada tanış olmuşdum.

 

O dövrdə atam neçə illik xəstəlikdən sonra dünyasını dəyişmişdi. Anam da atamdan sonra infarkt keçirərək yataq rejimində idi. İlk dəfə söhbəti evdə açanda mənə: "Kimlərdəndir?" sualını verdilər. Mən: "Universitetdəki Aşur müəllimin qızıdır", deyəndə, ocağlarında böyüdüyüm, BDU-nun dosenti olan xalam Mələk Qasımzadə , onun ömür-gün yoldaşı, "İstiqlal" ordenli akademik Fuad Qasımzadə (bu xəbərə çox sevinmişdilər, ruhları şad olsun): "Aşur müəllim bizim dostumuzdur. Yaxşı kişidir", demişdilər. Sən demə, Fuad müəllim aspirantura illərində Aşur müəllimin müəllimi olubmuş. Bəlkə elə bu səbəbdən elçiliyə gedəndə Aşur müəllim: "Bu evə bu günə qədər çox elçi gəlib. Hər birinə "yox" demişik. Amma bu gün bu evə xalqımızın fəxri, mənim əziz sevimli müəllimim Fuad Qasımzadə gəlib. Allah mübarək eləsin", deyə xeyir-dua vermişdi...

Beləliklə, 2004-cü ilin noyabrından bu ailə ilə qohum olduq. O gündən bu ailə ilə bir evli kimi qaynayıb-qarışdıq. Arada fövqəladə bir mehribançılıq, hörmət-izzət yaranmışdı. Fuad müəllim ən əlamətdar günlərdə dəvətə ilk olaraq Aşur müəllimdən başlayardı. Yerini süfrənin başında, öz yanında saxlayardı. Hər görüşdə elm-tədrisdən danışılardı, zarafat da edilərdi, nəğmə oxunardı... Amma təəssüflər olsun ki, hər iki ailənin belə unudulmaz, şən günləri çox sürmədi. 2006-cı ilin 22 dekabrında anam dünyadan köç etdi. 2010-cu ilin 3 avqustunda Fuad müəllim dünyaya əbədilik "əlvida" dedi. Ondan sonra davam edən 1 il 4 aylıq əzablı ömründə isə Mələk xanımı artıq heç nəylə ovutmaq olmadı...

 

Bəli, Aşur müəllim onu tanıdığımız ilk gündən özünə qarşı belə yüksək hörmət qazanmışdı. Çünki o, səmimi, qayğıkeş, humanistorijinal ünsiyyətcil insan idi. Bu səbəbdən onunla edilən söhbət də səmimi alınırdı. Onunla hər mövzuda söhbət edə bilərdin. Həm təmkinlə dinləməyi bacarır, həm də yeri gələndə məsləhətini əsirgəmirdi. İşdən evə gələndə də ilk bizə zəng edər, hal-əhval tutardı və bu artıq bir ənənə halını almışdı.

 

Biz vaxtaşırı görüşlərimizdə elm, təhsil və tədrislə bağlı fikir mübadiləsi aparırdıq. Qazanılan uğurlarla, qarşıda duran müəyyən problemlərlə bağlı təəssüratlarımızı bölüşürdük. Bəzən (xüsusən, gərgin anlarda) söhbətimiz duzlu-məzəli istiqamət də alırdı. Bizi bir yerdə söhbətləşən, dərdləşən görənlər bəzən hətta qibtə etdiklərini də gizlətmirdilər.

Mən hər görüşümüzdə bu insanı daha da yaxından tanıdıqca vaxtilə Fuad müəllimin, Mələk xanımın "Yaxşı kişidir" kəlmələri düşüncəmdə bir daha təsdiqini tapırdı. Bu təsdiqin başqa bir təzahürü isə Aşur müəllimlə həm də yaxın dost olmağım idi. Bəli, aramızda olan bu qədər yaş fərqinə, balalarımın babası olmasına baxmayaraq, biz həm də dost idik. Bəlkə də bir kimsəyə deyə bilmədiyi sözünü bir-birinə ərklə, kişiyanə deyə biləcək dost. Aşur müəllim dost kimi bir qohum, qohum kimi dost idi. Çünki Aşur müəllim qəlbi təmiz insan idi. o, təkcə mənim dostum deyildi. Tanıyan hər kəs Aşur müəllimi özünə yaxın dost, sirdaş bilirdi...

Ruhu şad olsun!

 

Anar MƏMMƏDOV,

BDU-nun dosenti, şair-publisist

 

525-ci qəzet.- 2021.- 17 dekabr.- S.14.