Sal Qaya kimi...  

 

 

O vaxtlar "Qaya"nın səsinin, ifalarının avazı sanki Azərbaycanın hər yerində havanın canına hopmuşdu və  biz  nəfəs aldıqca hava da elə bil "Qaya"nın avazı ilə bir yerdə ciyərlərimizə axır, oradan da  ruhumuza qarışırdı - biz göz görəsi saflaşırdıq, hisslərimiz, duyğularımız durulaşırdı...

"Qaya"nın mahnıları qızğın səhrada qəfildən hardansa əsən sərin meh, susuzluqdan ciyəri yanan adamın birnəfəsə başına çəkdiyi sərin bulaq suyu, hər şeyi eyni - boz rəngdə göstərən toranlığı yaran işıq, qapı, pəncərələri bağlı otaqdakı durğun, nəfəsi tıncıxdıran havanı öz-özündən utandıran xoş, təmiz bir bahar nəsimi kimi idi...

Bu nə sirr idi görəsən? Biz nə üçün "Qaya" bu qədər sevirdik?

İndi aradan illər keçəndən sonra "Qaya"nın o vaxtkı uğurlarını, populyarlığını müxtəlif amillərlə əlaqələndirmək, müxtəlif yozum müstəvilərində şərh etmək olar - Azərbaycan caz-estrada musiqisinin beşiyi başında dayanmış Rauf Hacıyev, Tofiq Quliyev kimi korifeylərin diqqəti, qayğısı, habelə Emin Sabitoğlunun, Oqtay Kazımovun, Xəyyam Mirzəzadənin, Vasif Adıgözəlovun... mahnı janrında yaratdıqları şedevrlər, kvartetin imicini formalaşdıran yeni geyim dəbi,  səhnə jestləri... Bəli, "Qaya"nın uğurlarının  təməlində bunların hamısından nə isə vardı. Amma "Qaya" Azərbaycan estradasının sal qayasına çevirən yalnız bunlar deyildi: iş burasında idi ki, "Qaya" o təməlin üzərində tamam yeni quruluşlu, necə deyərlər, interyeri də, ekseryeri də eyni dərəcədə qəfil, gözlənilməz olan bir imarət ucaltdı, milli estrada-vokal ifaçılığı sənətinə yeni oxu tərzi gətirdi, onun səs palitrasına o vaxta qədər görmədiyimiz təkrarsız boyalar, çalarlar qatdı...

 

Dünyada heç nəyin yüzə-yüz təkrarı olmur və tam əminliklə deyə bilərəm ki, həmin o  4 səs də tembrinə, tonallığına görə qətiyyən bir-birini təkrarlamırdı. Amma bu 4 gənc 4 səsin bir-birinə hörülüb, bir-birinin içində əriyib ayrı keyfiyyətdə yenidən doğulmasının, lazım gələndə isə parçalanaraq işıq kimi spekrlərə bölünməsinin elə bir nümunəsini kəşf etmişdi ki, indi - aradan illər keçəndən sonra da  bu jestin orijinallığına heyran qalmaya bilmirsən.

Yadınıza salın əvvəlcə bir-birinə qovuşub bütövə, tama çevrilən, bir-birinin içində "ölən" səslərin qəfildən "dirilib" müxtəlif registrlərdə, tonallıqlarda səslənməsini! O vaxt nəinki Azərbaycan, bütün məsuliyyətini üzərimə götürüb deyirəm ki, İttifaq, bəlkə də dünya estradasında bunun analoqu yox idi.

 

İndi - kompüter texnologiyasının köməyi ilə səsi mum kimi istənilən formaya salmağın, hətta süni səs yaratmağın su içmək kimi asan bir məşğuliyyətə, əyləncəyə çevrildiyi çağımızda "Qaya"nın səs fəlsəfəsinin bu xüsusiyyətləri haqqında heyranlıqla danışmaq sadəlövhlük kimi görünə bilər. Amma yox! Səslərin bir-birinə qovuşub sonra bir-birindən uzaqlaşması, sonda yenidən bir fokusa yığılaraq bütövləşməsi sıradan bir jest deyildi, Azərbaycanın səslər xəzinəsinə bir töhfə idi. "Qaya" əslində yoxdan var yaratmış, yeni ifa, oxu tərzi kəşf etmişdi.

 

Kvartetin çıxışlarında diqqəti cəlb edən 2-ci cəhət ifa olunan mahnını məkan ölçülərinə salmaq, yəni onu görünən obrazlara çevirmək bacarığı idi. Yaşlı nəslin yadına gələr - ötən əsrin 60-70-ci illərində (lap sonralar da) müğənnilərin ifa manerası üçün xüsusi qəliblər, şablonlar vardı - süni akademizm, bir yerdə dayanıb mümkün qədər əl-qol hərəkətləri etməmək və s. bu kimi  tələblər hələ "aktuallığını" saxlayırdı. "Qaya" 60-cı illərin 2-ci yarısından başlayaraq bu məhdudiyyətlərə dirəniş göstərib sərbəst, mahnının obrazlarından irəli gələn ifadəli oxu manerasını gündəliyə gətirən kollektiv kimi diqqəti çəkirdi, yəni novatorluq təkcə kvartetin ifa manerasına yox, həm də səhnə davranışı etiketinə nüfuz  etmişdi. Kvartetin solistləri ifa olunan mahnıların təkcə səs obrazlarını yaratmaqla kifayətlənmir, həm də o ifaların ovqatını, ab-havasını gözönü, vizual biçimə salmağa çalışır və buna nail olurdular. Bu isə kvartetin yaradıcılığında yeni - 3-cü mühüm bur keyfiyyətə - musiqili klip ənənələrinin yaranması və formalaşması yönündə məhsuldar çalışmalara rəvac verirdi. Müxtəlif film-konsertlərdən "Qaya"nın ifasında "Sən danışanda", "Telefon avtomatlar", "Toy mahnısı", "Həyat, sən nə qəribəsən"  mahnılarının ifalarını yada salın - kvartet bu mahnıları sadəcə oxumurdu, həm də onları süjetli bir olay, hekayət kimi yaradırdı.

 

 

 

Ardınca "Qaya"nın yaradıcılığında növbəti, amma çox mühüm bir mərhələ başladı və onun haqqında ayrıca danışmaq lazımdır. Söhbət xalq mahnılarına, xalq musiqisi intonasiyalarına müraciətdən, bu inciləri estrada musiqisi ilə sintez edib yeni, orijinal qiyafədə təqdim etməkdən gedir.

Əlbəttə, bu jesti bütünlüklə "Qaya"nın ayağına yazmaq düzgün olmaz. Ondan əvvəl Ü. Hacıbəyov, F. Əmirov, Niyazi kimi nəhənglər xalq musiqisi örnəklərini simfonik dildə danışdırmaqla tilsimi qırmışdılar. F. Əmirov "Evləri var xana-xana", "Ay qadası", Niyazi "Edim nə çarə", "Qaragilə", "Xumar oldum" mahnılarını simfonik musiqi kəhkəşanına elə qovuşdurmuşdular ki, bu mahnıların ruhu nəinki inciməmişdi, əksinə xoşhal olmuşdu. "Qaya"nın xidməti isə  ənənəni estrada musiqisinə transfer edərək yeni formatda dirçəldib milli xalq rəqsləri elementləri ilə bəzəməsində, bu ifaları az qala xoreoqrafik etüd səviyyəsinə qaldırmasında idi. Mən bu yaxınlarda kvaretin ifasında "Almanı atdım xarala" xalq mahnısının estrada işləməsinin videolentinə baxdım və düzü, təkcə eşitdiklərimin yox, həm də gördüklərimin təsirindən sözün yaxşı mənasında sarsıldım. Bu gün adına folk-musiqi    deyilən janrın ən mükəmməl nümunəsini "Qaya" 45 il əvvəl yaratmışdı. Vokalçıların milli koloritlə cilalanmış xoreoqrafik jestləri bir yana, ifanın şirin yerində tütəyin dil açıb estrada alətlərinə meydan oxuması nəyə desən dəyərdi!

 

Maraqlıdır, gərgin axtarışların, məşqlərin nəticəsi kimi meydana gələn bu ifaların nə konkret aranjemançısı vardı, nə də ki, səhnə mizanlarını fikirləşən rejissoru, səhnə tərtibatçısı. Kollektivin bədii rəhbəri (və solisti!) Teymur Mirzəyevin rəhbərliyi altında bütün bu işlərin hamısını kvartetin vokalçıları özləri görürdü və təkcə  elə buna görə də onların hamısına beşqat və "yağlı" bir sağ ol düşür.

 

Üzümü gənc musiqişünaslara tuturam: "Qaya"nın bəzi ifaları  Azərbaycan musiqi ifaçılığı sənətində mahnının rəqs edilə-edilə oxunmasına əsaslanan (və mənim şərti olaraq "xoreoqrafik-vokal" üslubu adlandırdığım) ifa manerasının incəliklərinə varmaq, onun tarixi əhəmiyyətini üzə çıxarmaq yönündə zəngin material və yaxşı fürsət verir. Bəli, "Qaya" Azərbaycanda mahnıları rəqs elementləri ilə ("Çal, oyna", "Sən danışanda", "Telefon avtomatlar"), bəzən isə rəqs edə-edə oxuyan ilk (və bəlkə də yeganə) musiqi kollektividir. Doğrudanmı, bu fakt sizi cəlb etmir, elmi axtarışlara, tədqiqatlara ruhlandırmır? Bu incəlikləri, nüansları Marsdanmı gəlib araşdırmalıdırlar?

 

Yaradıcılığının qızıl dövründə "Qaya" vokal kvarteti Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi simalarla yanaşı Azərbaycan estradasının vizit kartlarından birinə çevrilmişdi. Onu nəinki keçmiş ittifaqda, hətta onun sərhədlərindən uzaqlarda da tanıyır və sevirdilər. Çünki kvartet yalnız milli auditoriya üçün oxumurdu, həm də Azərbaycan ifaçılıq sənətinin nailiyyətlərini dünyaya bəyan etmək yönündə çarpışırdı, dünyanın başa düşəcəyi və qəbul edəcəyi bir dildə oxuyurdu.

 

Estrada sənətimizdə ilk vokaliz nümunələrinin, ilk vokal-caz kompozisiyalarının yaranmasında da Qayanın xidmətləri əvəzsizdir.

 

Kinorejissor Arif Babayevin quruluş verdiyi "Gün keçdi" filmində zahirən süjet xətti ilə heç bir əlaqəsi olmayan, əgər belə demək mümkünsə, təsadüfi" bir epizod var: filmin baş qəhrəmanı Oqtay səhər tezdən yaşadığı binadan küçəyə çıxır  onu yeni iş gününün başlanğıcında kim qarşılayıb "salamlasa" yaxşıdır?  - geniş prospektin tən ortasında, aşağı-yuxarı şütüyən avtomobillərin əhatəsində  "Almanı atdım xarala" mahnısını ifa edən (təbii ki, vokal-xoreoqrafik etüd kimi) "Qaya"! Deyilənə görə, Arif müəllim bu epizodun ifadəli alınması üçün xüsusi səy göstərirmiş və ondan bu həssaslığın səbəbini, ümumiyyətlə, bu epizodun filmdəki rolu barədə soruşanda deyibmiş ki, filmdə əsas obrazlardan biri də Bakının obrazıdır. Özünüz fikirləşin, Bakını "Qaya"sız təsəvvür etmək olarmı?

 

Hörmətli rejissorun fikirlərinə kiçik bir əlavə etmək istərdim :"Qaya nəinki Bakının, ümumiyyətlə, Azərbaycanın səs obrazının əvəzolunmaz elementlərindən biri idi.

 

Lakin bu dünyada hər şeyin əvvəli olduğu kimi sonu da olur və fikrimcə, "Qaya"nın sonunun başlanğıcı onun öz formatını dəyişməsi - kvartetdən vokal-instrumental ansambla çevrilməsi ilə başladı.

 

Bəlkə də mən səhv edirəm, hissə qapılıram, amma düşünürəm ki, kvartetin heyətinin genişləndirilməsi, ora qadın səslərinin əlavə olunması, repertuar siyasətindəki bəzi dəyişikliklər nəinki kvartetin illər ərzində formalaşmış imicini yaxşılığa doğru dəyişdi, bəlkə də əksinə, onun bizə doğma olan ifa manerasında bir qədər "sola" sapmaya səbəb oldu. Şəxsən mənə görə, bu gecikmiş "islahata" gərək yox idi - "Qaya" bunsuz da sevilirdi...

 

Beləcə, bir vaxtlar estrada sənətimizdə tədricən parlaya-parlaya göz qamaşdıran ulduza çevrilən "Qaya"nın öz ulduzu da 80 -ci illərin sonlarına doğru vaxtın, dəyişən dəblərin basqısı altında yavaş-yavaş sönməyə başladı. Neçə illər əvvəl musiqi texnikumunun boş siniflərində, dost-tanışların evlərində məşq edə -edə formalaşan və nəticədə estrada sənətimizin simasını dəyişən həmin o 4 gənc oğlan da artıq yaşlaşıb ahıl kişilərə çevrildilər...

 

Əvvəlcə kvartetin ən uzunboy solisti Lev Yelisovetski ABŞ-a köçdü...

 

90-cı illərin sonlarında kollektivin ən gödəkboy üzvü Arif Hacıyev vəfat etdi...

 

Pandemiya başlayandan az sonra Rauf Babayev dünyasını dəyişdi...

 

Bu ilin sentyabrında isə kvartetin bədii rəhbəri və solisti olmuş Teymur Mirzəyev bizi həmişəlik tərk etdi...

 

Xatırlayırsınızsa, Rauf Babayev hələ canının sulu vaxtında  əvvəllər solisti olduğu kvartetin ənənələrinin diri qalması üçün istedadlı uşaqlardan ibarət "Bəri bax" qrupu yaratmışdı. Sonralar o uşaqlar böyüyüb 2-ci "Qaya"nı formalaşdırdılar. Lakin bu dünyada hər şeyin 100, lap 1000 gözəl surəti də olsa, əslini əvəz edə bilməz - necə ki, 2-ci "Qaya"nın da ən yaxşı halda gücü əsl "Qaya"nı təkrar etməyə çatdı...

 

Əfsanəyə çevrilən əsl "Qaya" isə bizim ruhumuzda yaşayır - rüzgarın gücü çatmayan sal Qaya kimi!

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 17 dekabr.- S.13.