Milli yaddaş
daşıyıcısı
Ramiz Orsərin
professor Şirməmməd Hüseynova həsr etdiyi "Haqqın
səsi" kitabı haqqında qeydlər
Azərbaycan
jurnalistikasının patriarxı, görkəmli mətbuat
araşdırmaçısı, parlaq publisist, böyük
alim və pedaqoq Şirməmməd Hüseynov haqqında
çox yazırlar. Bu yazıların əksəriyyəti
böyük elm adamına,
vicdanlı bir alimə və milli yaddaşın təmsilçisi olan bir şəxsiyyətə
səmimi sevginin ifadəsidir. Şirməmməd müəllim bizdən
uzaqlaşdıqca onun
böyüklüyünü, şəxsiyyətinin miqyasını,
tarixə fərqli baxışını, milli
məfkurə sahəsində
gördüyü işlərin
əhəmiyyətini, daşıdığı
dəyərlərin mahiyyətini
daha aydın dərk edirik.
Türkiyədə nəşr olunan
"Təmrin" məcmuəsi
son buraxılışlarından birini professor Şirməmməd
Hüseynova həsr edib. "Azərbaycan qəzetçiliyinin duayeni"
adı altında çap olunmuş məcmuədə Ş.Hüseynovun
həyat və fəaliyyəti, elmi araşdırmaları və
publisistika yaradıcılığı haqqında
maraqlı yazılar dərc edilib. Bu faktın özü
Şirməmməd müəllimin
milli düşüncə
tariximizdəki yerini müəyyənləşdirməklə yanaşı, onun elmi əsərləri və mətbu fəaliyyətinin təkcə
Azərbaycan üçün
deyil, həm də bütün türk dünyası üçün ciddi əhəmiyyət daşıdığını
təsdiq edir. Yazılanlardan belə məlum
olur ki, bir tarixçi və mətbuat tədqiqatçısı kimi
Ş.Hüseynovun əsərlərini
daha çox cazibədar edən araşdırmalarında milli
yaddaşa geniş yer verilməsidir. Onun fikrincə, istənilən xalqın milli mənəvi
bütövlüyü məhz
enerji və qüdrət mənbəyi
sayılan milli yaddaşdan keçir və bu yaddaşı
olmayan, yaxud ondan uzaq düşmüş
unutqan toplum məhvə məhkumdur.
Adı çəkilən
məcmuədə yazısı
dərc olunan müəlliflərdən biri
də Azərbaycan Dövlət Pedaqoji universiteti Şəki filialının müəllimi,
Şirməmməd Hüseynov
yaradıcılığının davamlı və ən səmimi tədqiqatçılarından biri olan Ramiz
Orsərdir. Tarix və filologiyaya
dair araşdırmaları,
bu mövzuda sanballı kitabları ilə tanınan Ramiz bəy həm də bədii yaradıcılıqla
məşğuldur, bir
neçə şeir kitabının müəllifidir.
Poetik silsilələdən olan sonuncu əsəri Şirməmməd Hüseynovun
vəfatına həsr
etdiyi "Ağlayan xəbər" adlı poemasıdır. Bu poema haqqında yəqin ki, ədəbiyyat adamları
öz sözlərini
deyəcəklər. Amma
mən R.Orsərin iki il bundan əvvəl çap olunmuş, amma pandemiya səbəbindən təqdimatına
imkan etmədiyimiz
"Haqqın səsi"
kitabı barəsində
danışmaq istəyirəm.
Bu kitab bütün ömrünü həmin milli yaddaşın bərpasına həsr etmiş, hadisələr romanı sayılan tarixdən millətin bugünü və sabahı üçün
gərəkli ideyaların
gün işığına
çıxarılması üçün
çalışmış, öz fədakar fəaliyyətilə keçmişlə
bu gün arasında mənəvi körpü qurmuş böyük tədqiqatçı
alim, professor Şirməmməd
Hüseynovun elmi və publisistik yaradıcılığı haqqındadır.
Belə qiymətli kitabın üzə çıxması təkcə
ensiklopedik zəka sahibi olan böyük
bir tarixçi alimin, peşəkar mətnşünasın, qüdrətli
publisistin yaradıcılığı
haqqında danışmaq
deyil, həm də XX əsr tariximizin həyəcanlı
anlarından, milli haqq və ədalət
uğrunda mübarizədən,
ideya toqquşmalarından,
çiyinlərini həmin
mübarizələrin ağırlığı
altına vermiş millət fədailərindən
söz açmaq deməkdir.
Ölkədə hamı Şirməmməd
müəllimi görkəmli
pedaqoq, publisist, mətnşünas alim, milli mətbuat tarixinin peşəkar tədqiqatçısı kimi
tanıyır. Ziyalılar arasında da,
müxtəlif zövqlü
oxucular arasında Şirməmməd müəllimin
öz yeri, öz çəkisi vardır. Tarixi yaddaş, Cümhuriyyət
tarixi, M.Ə.Rəsulzadə,
Ü.Hacibəyli və
s. mövzularla bağlı
Şirməmməd müəllim
ictimaiyyətin güvən
yeridir. Çünki onun həm elmi-pedaqoji,
həm publisist fəaliyyəti millət,
xalq, vətən və azadlıq sevgisinə dayanır. Ona görə də Ş.Hüseynovun parlaq şəxsiyyəti,
nəsillərə nümunə
ola biləcək
həyatı, məslək
mübarizələri, qiymətli
araşdırmaları haqqında
indiyədək çox
yazılıb, barəsində
sənədli film çəkilib,
biblioqrafiyası nəşr
olunub. Ona "İstiqlal işığında"
(2014) adlı xüsusi
məqalələr toplusu
həsr edilib. Professor Rəfael Hüseynov
"Millət yaddaşının
keşikçisi" (2018) kitabı ilə Şirməmməd müəllimə
bir mənəvi abidə ucaldıb. Amma bunlarla yanaşı Ramiz Orsərin oxuculara təqdim etdiyi bu monoqrafik
əsərin ayrı bir özəlliyi vardır. Həmin özəllik kitabda ilk dəfə Ş.Hüseynovun
elmi-publisistik yaradıcılığının,
xüsusən onun Azərbaycan elmi ictimaiyyətində ciddi rəğbət doğurmuş
son tarixi araşdırmalarının
sistemli şəkildə tədqiqata
cəlb olunması ilə bağlıdır.
Kitabın müəllifi Ramiz Orsər pedaqoqdur, millət müəllimi Şirməmməd Hüseynov
şəxsiyyətinin və
yaradıcılığının vurğunudur. Bu amil, eləcə də xtisasca filoloq olması və elmi-tədqiqat işindəki
səriştəliliyi ona
"Haqqın səsi"ni dolğun notlar və zəngin fikir qaynaqları ilə çatdırmasına imkan
vermişdir. Özünün
yazdığı kimi
sözdən və qələmdən umduğu
niyyətlərinin ciddiliyi,
publisist düşüncənin
vüsət və dərinliyi, məhz publisistikada ifadə olunan ictimai amal və vicdanın,
fərdi əxlaqın
ülviliyi sayəsində
milli jurnalistika və publisistikamızın
simvolu olan Şirməmməd Hüseynov
yaradıcılığını müxtəlif rakurslarda, həm də bir dəyər kimi təqdim etmişdir.
Kitabı
vərəqlədikcə oxucu
ötən əsrin əvvəllərindən bu
yana Azərbaycan milli düşüncəsində
yer almış ideya burulğanları ilə, milli qayə və məfkurə fırtınaları
ilə üzləşəcək,
milli kimlik diskussiyalarından keçəcək,
Azərbaycan Cümhuriyyətini
tarix səhnəsinə
gətirən siyasi qasırğaladan, qırmızı
terrorlardan keçəcək,
millətin imzasını
tarixlərə daşıyan
istiqlal aşiqlərinin
həyatını öyrənəcək,
bu gündən keçmişə rahatlıqla
baxa biləcəkdir.
Bu işdə oxucuya milli qürur və fəxarət mənbəyimiz olan Məhəmməd Əmin
Rəsulzadə, Üzeyir
bəy Hacıbəyli,
Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ömər
Faiq Nemanzadə kimi mütəfəkkirlərin
düşüncələrindən süzülüb gələn
əsərlərin enerjisi
yardımçı olacaqdır.
Çünki professor Ş.Hüseynov zaman-zaman bu fikir nəhənglərinin
əsərlərini publisist-vətəndaş
idealı, mənəvi
intibah, milli qürur və bəşəri vicdan təcəssümü kontekstində
çatdırmışdır.
Kitab müəllifinin ustalığı
ondadır ki, parlaq ideya qaynaqlarını,
Ş.Hüseynovun bir-biri
ilə sıx bağlı olan elmi araşdırmalarını
və publisist yaradıcılığını aydın struktur üzrə məharətlə
sistemləşdirə bilmiş,
ustad alimin qələmindən çıxmış
qiymətli əsərləri
milli məfkurə və yaddaş işığında təqdim
etmişdir. Buna görə də Ramiz Orsərin bu kitabı bütövlükdə həm
professor Şirməmməd Hüseynov yaradıcılığının
ruhunu, həm də bu çoxşaxəli
yaradıcılığın miqyasını və çalarlarını dolğunluqla
əks etdirir.
***
Tarixin yaddaşı təkcə
dramatik hadisələrdən, maraq davalarından, xatirələr və təəssüratlar
xəzinəsindən ibarət deyil, tarixi yaddaş daha çox mahiyyətdir.
Belə olmasaydı bəşəriyyət tarixi yaddaşı zamanın yeganə
meyarı hesab etməz, xalqlar
öz talelərinə bu
yaddaşın işığından baxmazdılar. Çünki tarixin
bağrından süzülüb gələn
mahiyyət təkcə millətin gedəcəyi yolu deyil, həm də mövcudluq uğrunda
çarpışan toplumun düşüncəsini, onun milli
yaddaşını və milli məfkurəsini
müəyyənləşdirir. Bu mənada professor Şirməmməd
Hüseynov bizlər üçün
tarix və millət yaddaşının
salnaməçisidir, onun
yaradıcılığı və həyatının qayəsi
milli yaddaşa ehtiram nümunəsidir. Ustad
Şirməmməd müəllimə tükənməz sevginin mənbəyi də məhz milli yaddaşa olan sevgi və ehtiramdan qaynaqlanır.
Qulu
MƏHƏRRƏMLİ
Professor
525-ci qəzet.- 2021.- 17 dekabr.- S.11.