Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Qadınların
tarixdəki nisbi xoşbəxtliyi
Dünyada xoşbəxt qadınlar da çoxdur və
onlar həyatdan həzz almaqla ömürlərini
yaşayırlar. Lakin burada böyük fransız
yazıçısı Stendalın sözlərini bir qədər
dəyişib, demək istəyirsən ki, əlbəttə,
dünyada xoşbəxtlik mühitində yaşayan
qadınlar vardır, lakin xoşbəxt olmaqla yanaşı,
onların arasında hələ də bədbəxtlikdən əziyyət
çəkənlərin də az
olmadığı qənaətinə gəlirsən. Stendal demişdi ki, məşuqu olmayan
qadınların olmasına mən şübhə ilə
baxmıram. Lakin yalnız bircə məşuqu
olan qadının da mövcudluğuna inanmıram.
Xoşbəxtliyin şirin dadından məst olmuş
qadınların ömrünə bəzən bədbəxtlik
hücum çəkir və həzz aldığı xoşbəxtliyi
də onun yadından çıxartdırır. Xoşbəxt
güman edilən qadınların əksəriyyətinin bədbəxtliyi
özgə baxışlardan gizlədildiyindən, bundan
çoxlarının xəbəri olmur və bədbəxtlik
pərdə arxasında qaldığından, onlara yaxından
bələd olmayanlar, bu bəxtəvər saydıqlarına həsəd
aparırlar.
İngiltərə kral sarayında əvvəlcə
xoşbəxtliyi ilə öyünən, sonra bədbəxtliyin
həmləsi ilə özünə yazığı gələn
qadınlar çox olmuşdur.
Kral IV Eduardın arvadı xoşbəxt idi, lakin kral
öldükdən sonra iki oğlu da müəmmalı qaydada
həlak oldu və qaynı, ərinin doğma kiçik
qardaşı, uşaqlarının qətlində ittiham edilən
III Riçard taxt-taca yiyələndi. Beləliklə, əvvəlcə
xoşbəxt kraliça olan və kralın anası olan bir
qadın, bədbəxt insana çevrildi, çünki sevimli
ərini və övladlarını itirmişdi. III Riçard da 1485-ci ildə Bosvort
döyüşündə həlak oldu.
İspan
şahzadəsi Katerina Araqonlu, o, kral Ferdinandın və
kraliça İzabellanın qızı idi, İngiltərə
şahzadəsi Artura ərə gəlmişdi, toylarından
bir müddət sonra əri öldü və o, ərinin
özündən və Katerinadan kiçik olan qardaşı,
yeni kral VIII Henriyə ərə getdi. Onlar
xoşbəxt idilər. Lakin o, krala varis
kimi oğul doğa bilmədiyindən, əvvəlki sevgi yoxa
çıxdı və kral öz məşuqəsinin
böyük bacısı Anna Boleynə vuruldu. Kral Anna ilə evləndi və arvadı ona gələcək
məşhur kraliça I Elizabeti doğdu. Lakin
üç il sonra Anna əxlaqsızlıqda,
nikaha xəyanətdə ittiham edilib, edam edildi, həmin
1536-cı ildə bundan dörd ay əvvəl Katerina Araqonlu da
vəfat etmişdi. Sonra kralın yeni arvadı
Ceyn Seymur ona oğul doğsa da, bu uşaq gələcəkdə
ölən atasından sonra taxt-taca yiyələnəcəkdi,
lakin yeni kraliça doğuşdan iki həftə sonra
öldü. Yeni nikah kral üçün
uğursuz oldu və beşinci dəfə cavan bir qıza evləndi
və özünü xoşbəxt hesab edirdi. Lakin
arvadının yeniyetməliyində əxlaq pozğunluğu
ilə məşğul olduğu aşkar edildikdə, kral
cavan xanımı Katerina Houardı da edam etdirdi, sonda
ölümünə yaxın evləndiyi qadın kral öləndən
sonra sevdiyi adama, yeniyetmə kral VI Eduardın dayısına ərə
gedib, ona bir qız doğduqdan sonra öldü.
Göründüyü
kimi, xoşbəxt hesab edilən ingilis kralının altı
kraliçasından beşi bədbəxtlik dənizində də
üzməli olmuş, onlardan ikisi edam
edilmiş, biri ölmüş, ikisi isə
boşanmışdı.
Yaxud,
Qanlı Mariya kimi tanınan Mariya Tüdor kiçik
qardaşı öldükdən sonra, 1553-cü ildə
taxt-taca yiyələnmiş, beş il ərzində
ölkəni idarə etmişdi. O, İspaniya şahzadəsi,
gələcək İspaniya kralı II Filippə ərə
getmişdi. O, çox istəyirdi ki, doğsun,
uşağı olsun. Elan etdi ki, hamilədir,
mamaçalar ona ciddi nəzarət edirdilər, lakin gözlənilən
uşaq dünyaya gəlmirdi, nəhayət, Mariya özü də
bezib, hamilə olmadığını bildirdi, o, sadəcə
olaraq qarnındakı şişi hamiləlik kimi qəbul edibmiş
və bir qədər sonra öldü.
1558-ci ildə,
Mariyanın taxt-tacda olduğu vaxt daim edam
olunmaq təhlükəsi altında olan, xəyanətdə
iştirakı iddia edilən I Elizabet kraliça oldu. Katoliklərlə protestantlardan ibarət iki hissəyə
parçalanmış ölkəni idarə etmək asan məsələ
deyildi, İspaniya kralı və Roma Papası onu hakimiyyətdən
uzaqlaşdırmaq üçün çox sayda vasitələrə
əl atırdılar. Yaxın qohumu, İngiltərə
taxt-tacına iddialı olan Mariya Styuart da Şotlandiyadan
qaçdıqdan sonra İngiltərədə həbsdə
olarkən, ona sui-qəsd təşkil edilməsinə
razılıq vermiş, qəsdin üstü
açıldıqda Mariya Styuart edam
edilmişdi.
Roma Papası dərc etdiyi bulla ilə ingilisləri, əslində,
kraliça Elizabeti qətlə yetirməyə
çağırmışdı. Mariya Styuartın edamından bir il
sonra, 1588-ci ildə İspaniyanın Məğlubedilməz
Armadası İngiltərəni işğal etmək, Elizabetin
hökmranlığına son qoymaq üçün ölkənin
sahillərinə yaxınlaşanda, ingilis donanmasının
müqaviməti və tufanın köməkliyi ilə məhv
edildi və bu qələbədən sonra İngiltərə
dünya dəniz dövlətinə çevrildi.
Lakin Elizabet şəxsi həyatında xoşbəxt
deyildi. Bakirə adlansa da, onun məşuqları var idi.
Çox sevdiyi Robert Dadli - Lester hersoqu ona xəyanət
etmiş, onun saray ledisi olan qızla yaxınlıq etmiş və
qız ondan uşaq doğmuşdu. O, İspaniya və
Fransa kralları ailəsindən olanlara ərə getməkdən
imtina etmişdi, axıra qədər ailə
qurmadığından, 1603-cü ildə öləndə,
öz rəqibi və edam etdirdiyi Mariya Styuartın oğlu,
Şotlandiya kralı VI Ceyms, I Ceyms adı altında İngiltərə
kralı oldu.
Styuartlardan sonra taxt-taca gələn Uilyam Oranc və
arvadı Mariyanın övladı olmadığından,
Mariyanın bacısı Anna kraliça oldu və o da
1714-cü ildə vəfat etdikdə, Almaniyadan İngiltərə
taxt-tacına gətirilən I Corc (Georq) Hannover sülaləsinin
əsasını qoydu.
1837-ci ildə hökmranlıq edən IV Vilhelmin
(Uilyamın) varisi olmadığından təsadüf nəticəsində
onun qohumu, gənc Viktoriya kraliça oldu və sonralar Hindistan
imperatriçəsi olmaqla yanaşı, 1901-ci ilə qədər
taxt-tacda oldu.
Lakin o da çox sevdiyi alman mənşəli
Arturla 1840-cı ildə evləndiyi halda, 1861-ci ildə əri
tifə yoluxub öldü və Viktoriya uzun müddət yas
saxlaması əlaməti kimi ölkənin idarə edilməsindən
uzaqlaşdı.
Fransa şahzadəsi, gələcək kral XVI Lui 1770-ci
ildə Avstriya kraliçası Mariya Tereziyanın
qızı, şahzadə Mariya Antuanettaya evlənmişdi. Əri
1774-cü ildə taxt-taca çıxdı. Lakin nikahda
Mariya Antuanetta heç də xoşbəxt deyildi, yeddi il ərzində onun doğma əri ilə intim
yaxınlığı olmamışdı. Yalnız
ərinin uşaq əmələ gətirmə orqanında cərrahiyyə
əməliyyatı aparıldıqdan, daha doğrusu, ona
sünnət edildikdən sonra onlar əsl ər-arvad
münasibətlərində oldular. Lakin
1789-cu ildə Fransa inqilabı kralı devirdi, fransızlar
kraliçaya isə nifrət bəsləyirdilər, onun əxlaqını
biabır edən karikaturlar Parisdə əl-əl
dolaşırdı. 1791-ci ilin yayının
ilk günündə onlar gizli şəkildə Parisdən
çıxıb, ölkəni tərk etmək istəyəndə,
Varennada saxlandılar. 1793-cü ildə isə
əvvəlcə kral XVI Lui, 9 ay sonra isə Mariya-Antuanetta
gilyotina edildi. Edam əvvəllər kralın öz
adını daşıyan meydanda baş verdi,
indi ora Konkord ("Razılıq") meydanı adlanır.
Rusiya çarı II Nikolayın arvadı Aleksandra
Fyodorovna çara 4 qız doğduqdan sonra onların Aleksey
adlandırdıqları oğlu olmuşdu. Lakin
uşağın hemofiliya xəstəliyi var idi, bir yeri
qanadıqda, laxtalanmadığından qanın axması kəsilmir,
çoxlu qan itkisi baş verirdi. Şarlatan
Qriqori Rasputin uşağa psixiki təsir göstərərək,
onun xəstəlik tutmalarını dayandıra bilirdi. Ona görə də onun çar ailəsində
nüfuzu böyük idi və siyasətə də
qatışıb, I Dünya müharibəsi dövründə
çara məsləhətlər verirdi.
Fevral
1917-ci il inqilabından sonra çarı
arvadı və uşaqları ilə birlikdə Sibirə
sürgün etdilər, sonra onlar Yekaterinburqa gətirildilər
və 1918-ci ildə bolşevik rəhbərliyinin göstərişi
ilə keçmiş çar, arvadı və beş
uşağın hamısı güllələndi.
Lenin öləndən sonra faktiki olaraq hakimiyyəti ələ
keçirən İosif Stalin 1919-cu ildə özündən
xeyli cavan olan Nadejda Alilluyevaya evlənmişdi. 1932-ci ildə
Oktyabr inqilabının ildönümünə həsr
olunmuş Kremldəki ziyafətdə Stalin arvadı ilə
kobud davrandığından, Nadejda oradakı mənzillərinə
gəlib, tapança gülləsi ilə özünü
öldürmüşdü.
Rusiya prezidenti Vladimir Putin Peterburqda Kalininqraddan olan
stüardessa ilə ailə qurmuş, onların iki qızı
olmuşdu. Lakin gözlənilmədən onlar ayrıldılar.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu vəzifəyə
gəlməmişdən əvvəl iki arvadını
boşamış və özündən çox cavan olan
Melaniyaya evlənmişdi. Onun hər üç
arvadı slavyan qızları olmuşdu, hər biri ona
övlad doğmuşdu. Qızı
İvanka yəhudiyə ərə gedib, iudaizm dinini qəbul
etmişdi. Argentinanın keçmiş
prezidenti Karlos Menemin arvadı hətta vəzifəsini icra edən
ərinin kabinetinə gəlib, ona əl qaldırırdı.
Vaxtilə, Fransa imperatoru III Napoleonun gözəl arvadı
Yevgeniya da ərini döyməsə də,
qısqanclığı ilə onu cana
doydururdu. İndiki Kanada Baş naziri Castin Tryudonun anası,
vaxtilə Baş nazir işləmiş əri Pyer Tryudodan 39
yaş cavan idi, 7 il sonra ərindən
boşanmışdı, əxlaqı barədə də bəzi
xoşagəlməz şayiələr dolaşır...
Şərqdə qadınlar daha çox hökumət rəhbərliyinə
gəlmişdilər. Şri Lankanın, Filippinin və
Türkiyənin baş nazirləri XX əsrin ikinci
yarısında qadınlar olmuşdu. Hindistanın
və Pakistanın Baş nazirliyinə yüksəlmiş
İndira Qandi və Benazir Bhutto qətlə yetirilmişdilər.
Benazirin atası, Baş nazir Zulfüqar Əli
Bhutto, dövlət çevrilişi ilə hakimiyyətə gələn
general Ziya ül-Haqq tərəfindən 1979-cu ildə dar
ağacından asdırılmışdı. İndira Qandinin oğlu, sonralar Baş nazir olmuş
Raciv Qandi də qətlə yetirilmişdi.
Filippinin Baş naziri Ferdinand Markosun arvadı İmelda
Markos həm də paytaxt Manilanın qubernatoru idi. Lakin
korrupsiyaya görə təqib edildiyindən, əri məhkəmələrə
verildikdən və ölkədən qaçdıqdan sonra
İmelda böyük var-dövləti ilə yanaşı, məhkəmələrdə
ittihamlara cavab verməkdən taqətdən
düşmüşdü.
Bu misallar onu göstərir ki, hətta taxt-tac da
qadınlara axıradək xoşbəxtlik bəxş etmir,
çox hallarda onlar bədbəxt insan ömrünü də
yaşamağa məcbur olurlar. Çox hallarda hətta
ailə xoşbəxtliyi də uzun sürmür və
kralın və ya dövlət rəhbərlərinin
arvadlarına da bu, qismət olur. Dünənə qədər
hamının köks ötürdüyü bu qadınlar tərk
olunmuşlara çevrilir və ya edam
kötüyünün və ya gilyotinanın
qarşısında dayanmalı olurlar.
Yaradıcı şəxsiyyət kimi məşhurluq
qazanan qadınlar da xoşbəxtliklərini davam etdirmək
üçün bir neçə ərdə olduqları halda
taleyin döngələri ilə üzləşməli
olurlar.
Fransız yazçısı Jorj Sand (Avrora Düpen)
böyük polyak bəstəkarı Frederik Şopenə ərə
getmişdi, onlar bir müddət yazıçı
xanımın vətəni Nantda yaşadılar. Lakin o, ərinin
xasiyyətindən narazı idi və bir neçə ildən
sonra ayrıldılar. Şopen Fransada
öldü, orada dəfn olundu, sonra onun ürəyi Polşaya
aparılıb, Varşavada dəfn edildi.
Amerikan rəqqasəsi Aysodora Dunkan müasir rəqsin və
rəqs plastikasının banisi hesab olunur, o, yalın ayaqla, qədim
yunan xitonunda rəqs edirdi. ABŞ-dakı qeyri-bərabərliyə
etiraz əlaməti olaraq vətəni ilə
vidalaşmış, Rusiyaya gəldikdən sonra özündən
18 yaş kiçik olan rus şairi Sergey Yeseninə ərə
getmişdi və onların nikahı iki il
sürmüşdü. 1913-cü ildə isə
onun başına fəlakət gəlmişdi, qızı və
oğlu avtomobil qəzasında həlak olmuşdu. Özü də 1927-ci ildə faciəli qaydada həlak
oldu, kabriolet avtomobildə getdiyi vaxt boynundakı uzun şarf təkərə
dolaşıb, onu maşından yerə çırpdı,
boynu qırılmışdı və tezliklə öldü.
Oğlu və qızı həlak olanda
Aysadoranın uşaqları ilə oturduğu avtomobil Parisdə
Senaya düşdü və üçü də çayda
boğulurdu. Rəqqasə xilas olsa da,
uşaqlarını xilas etmək mümkün olmadı.
Aysadora Dunkan "azad məhəbbət" tərəfdarı
olduğundan bir neçə dəfə ərə
getmişdi.
İki dəfə Nobel mükafatı laureatı, fizik və kimyaçı Mariya Küri-Skladovskayanın əri, Nobel mükafatı laureatı Pyer Küri 1906-cı ildə küçəni keçərkən, avtomobil onu vurub öldürmüşdü. Mariya sonra özündən xeyli cavan oğlanla eşq macərası yaşayanda onun haqqında Nobel mükafatı komitəsinə çirkin məktublar yazılırdı. O, çəkinməyib şəxsi həyatın elmi işə qarışdırılmasına etirazını bildirdi və ikinci dəfə mükafatı almağa müvəffəq oldu. O, həmçinin, öz vətənin adına qoyduğu poloniy və radiy elementlərini kəşf etmişdi. Ailədən daha iki nəfər - onların qızı İren və onun əri Frederik Jolio-Küri də Nobel mükafatı laureatı olmuşdu.
Bəzi qadınlar isə bir ərlə kifayətlənməyib, məşuqu da daxil olmaqla bir evdə iki ərlə yaşamaqdan da çəkinməmişlər. Fransız aktrisası PolinaViardo əri olduğu halda, məşuqu, rus yazıçısı İ.S.Turgenev də onlarla bir mənzildə yaşayırdı. Yaxud, 1920-ci illərdə cəmiyyətdə dişi şir kimi tanınan Liliya Brik Moskvadakı evində əri Osip Briklə və məşuqu şair Vladimir Mayakovski ilə bir mənzildə yaşayırdı.
Nepalda və Butanda isə beş qardaşın bir arvadı olur və onlar mehriban yaşayırlar, doğulan uşağın atası məlum olmadığından, o, böyük qardaşın övladı hesab olunur. Son vaxtlar iki qardaşın bir arvadı olması daha çox yayılmışdır. Bu qayda həmin ölkələrdə torpağın olduqca qıtlığı ilə əlaqədardır, qardaşlar arasında torpağı bölmək mümkün olmur.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 18 dekabr.- S.22.