"Əllərimə ağlama,
ağlama, qızcığaz..."
QƏFƏS BÜLBÜLÜ
...Pulum olmasaydı,
ala bilərdimmi
bu qəfəs bülbülünü?
Düz bir il əvvəl
itiribmiş
çəmənini, gülünü.
Bir mahir ovçunun
şikarı
bülbül!
El içində sevdalı eşqinin
aşkarı bülbül!
Uç,
uç!
Aldım
bu qəfəsi,
açdım bu qəfəsi,
Açdım və buraxdım səni.
Uç,
uç!
Geniş ormanlar yaxşıdır.
Baxma ki, pələngi, aslanı
var.
Uç,
uç!
Ormanlar bir yaşıl nağılın
yağışıdır.
Pulum çatdı
bu biricik qəfəs azadlığına.
Və əgər,
İşdi-şayəd,
pulum daha çox olarsa,
onda açıb buraxacam
dünyadakı
bütün
haqsız
qəfəs düçarlarını!
1979
ÜRƏYİMİ EŞİT,
DÜNYA
Dünya
çiyinlərimdə,
çiynim dünyadan
ağır,
endirdim başımı
çiynimin üstə,
gördüm qollarım
yoxdur.
İki qolum - iki budaq.
İki qolum ikisi də
dirəndilər göy
üzünə...
Baxdım,
bədən torpaq üstə,
iki qolum ikisi də
üzür keçir
göy üzündən.
Ürəyimi eşit, dünya!
Qollarım hövl eyləmiş,
Torpaq iki haçadır,
Körpu
heyrət içində,
Məftillər qocalıbdır.
Gör haçandır
iki yol arasında
qollar naçar qalıbdır!
Dünya!
Mənə həyan ol,
Göyləri səksəndirmə,
qollarım yol gedəsidir,
Onu həsrət uçurub,
qollarıma ana ol,
qollarım yorulubdur,
qollarımı ovundur!
Dünya,
mənə yiyə dur!
O sahilə... baxınca
ürəyim suya dönür,
Bədən qolsuz çırpınır,
yerə-göyə sığınmır,
Dağlar
boy vermir mənə,
barı allah göyündə
qollarıma yol eylə!
Dünya,
özün cavab ver!
Mənim
bədənsiz qollarım
gül-çiçək çələngini
görən necə
tutacaq?
Dönüb bir cüt quş olunca
ağarıb göy üzündə
bədənsiz necə
uçacaq?
Ömrü darda, başı
qalda,
o təklənən torpağımı...
görən, havax, hansı üzlə
hansı təşviş
içində...
necə, nə cür qucacaq?!.
1990
GƏL BİRLİKDƏ UNUDAQ
Əllərimin içinə ağlama,
ağlama qızcığaz,
ağlama, canım,
həyanım!
Bilirəm,
yox məndən qeyri kimsəyə gümanın.
Sənə verəcəyim -
Hələlik bunlardır:
Çörək, su, yataq...
Anan da ola bilərəm.
Amma nə dadını, nə qoxusunu
verə bilərəm ananın
heç cürə.
İllərdir, mən özüm
gəzirəm
itirdiyim o tamı, o duyğunu.
Gəl razılaşaq.
Gəl,
körpə qızcığaz!
Gəl,
gəl, çətin
olsa da,
Gəl birlikdə unudaq
o ana qoxulu, -
o rəngbərəng,
o "yalqızlıq" qorxulu
-
O buludunda, selində boğulduğumuz,
O sapsarı rüzgarında
solduğumuz
O səmum yelli yuxularımızı, qız!..
...Çırpıldım qayaya,
çırpıldım dağa
həyan olmadı.
Nə dəniz eşitdi, nə çay eşitdi,
duyan olmadı.
Qıvrım telli qızcığaz!
Əllərimin içindəki qıvrım
telli başını
qaldır,
Kədərini anlayıram.
Sənin dərdin öz dərdimə uyğundur.
Əllərimə ağlama, ağlama,
qızcığaz, ağlama,
Ovuclarım onsuz da yaş əlindən yorğundur...
Gəl razılaşaq!
Gəl, gəl,
qıvrım telli qızcığaz.
1983
MƏNDƏN SONRA OLACAQ...
Bilirəm, məndən sonra
olacaq olacaqlar!
Bəlkə də şamsız
qalacaq
bəzi ocaqlar.
Demirəm çox, bircə gün.
Göz yaşı axıdacaq evimdəki
künc-bucaqlar.
Demirəm çox, bircə gün.
Künclərin birindən
müqəddəs həzrəti-Məryəm
kədərli baxışlarını
yerə dikəcək.
Künclərin birindən anamın
şəkli diksinəcək
cavan, nakam anamın!
Qızımın -
gözəl-göyçək
bircə qızımın
qara gözlərindən
damla-damla
yaş dolaşacaq.
Evim-eşiyim
sarı günəş
tellərinə bulaşacaq.
Sonra hər şey adiləşəcək.
İyirminci əsr
Başımız üstündən əsir!
Ölənin dalınca ölməyəcəklər
sürət əsrində,
Ölkənin niskilini bölməyəcəklər
sürət əsrində
hardasa ağa,
hardasa qul insanlar,
məşğul insanlar...
Olsun ki, bir gün,
bir səhər
Yazıları birtəhər
Ya
par-par zər
Üzü qara, ya qırmızı
Bir kitabım çıxar,
Məndən
sonra, inşallah!
Ya məni həyata bağlar,
Ya özü öz içindən ağlar
Məndən
sonra, inşallah!
ÇƏRXİ-DÖVRAN
Əl üzmüşəm ruzulardan,
nemətlərdən,
Atdım
ehtiyac daşımı
sənin o daş
bərəndən.
Asılı deyiləm səndən,
asılı deyiləm
daha
sənin məhbəs
çörəyindən.
Dərviş eylədin sən
məni
hayıf çıxdın
kürəyimdən,
hayıf çıxdın,
mənim vətən yataqlı
yaralı ürəyimdən;
Tifağımı dağıtdın,
kölgəmi marıtladın,
yorulmadın məzəndən.
Dövran,
belin qırılsın,
qırdın belimi ikiyə...
sarı... saman... çöpündən...
həsir çarıq
da geydirdin,
atdın daşlı
düzlərinə, saldın
məni məzənnədən!
Barışa bilmirəm sənlə,
Mənim
gülüstanımda gül
əkib, tikan bitirdin,
bu torpağın üstündə sən biganələr yetirdin!
Çərxinə bax, çərxinə!
Əhmədi-biqəmlər imiş, kef içində hərlənirmiş!
Yoxmuş,
yoxmuş! Bu torpağın
nə yiyəsi, nə haqq səsi,
Yüz ildir deşir beynimi eyni qə
fəs zənguləsi!
Bu dərədə bu dərdə dərman, əlac, "həkim"
yoxmuş,
Yoxmuş,
yoxmuş! Heç kim yoxmuş
bu torpaqda.
Üzülmüşəm, əl üzmüşəm, evimdən-eşiyimdən,
Tənha
qalıb yurdum-yuvam!...
Nə açarlar əlimdədi,
nə qıfılı
məndədi,
Nə
soy-köküm, nə
də tayfam olmuş mənim,
Nə adam, nə
də otam, guya daşdan yaranmışam,
Məni
ana doğmayıbmış!
Nə bədən, nə də başam,
nə işarar, nə yaşaram, nə də ki, mən şairəm!
Nə ürəyim, nə də köksüm varmış mənim,
Köksüm elə partlamaqçın
yaranıbmış!
Bir heçəmmiş bu torpaqda;
nə nağılım
varmış mənim,
nə nağıllı
nəfəsim...
nə də nağıllarımın... bir
çiçəklik töhfəsi!..
Qədri
yoxmuş əllərimin
-
Ölüb axan ulduzları
daha oxşamayacam,
bu da bir ehtiyacmış -
yaş içində əllərimi
alıb havalı başımdan, özünə
bağışlayacam!
Yoxmuş, yoxmuş! Çəkim yoxmuş bu torpaqda.
Üzülmüşəm, əl üzmüşəm yerdən, göydən...
Keç günahımdan, allahım,
Əl üzmüşəm dərgahından, bütün səcdəgahlardan.
Rüsum istəyirmişlər torpağa...
üzüqaraymış əllərim, yerim yox imiş durmağa!
Canımı ölü eylədi
yaratdığın ölü canlar!
Can içində cansız bədən olmuşam,
Sərsəm baxıram hər
şeyə,
əşyalar tərsinə
durur, itirmişəm dünyamı!
Səsimi
axtarıram, gözümü
axtarıram,
Axtarıram özümü, heç cür tapa bilmirəm.
Nə solum, nə də sağım, ortada can tələsi!
Bu tələ köhnə tələ! Gör necə də dözürmüşəm!
Açdım heyvanı buraxam,
gördüm orda özümmüşəm!
Bundan rəzil heç nə yoxdu mənimçin!
Yoxmuş,
yoxmuş! Qanun yoxmuş şifahi həbslərə,
Qərar
yoxmuş, qəlbi qəfəs edənlərə!
Fırlanır aləm başıma,
daha heç nə tanımıram,
Yoxdu, yoxdu! Nə yer üzü, nə zəmilər, nə sünbüllər...
Sünbüllər səhər yelində
daha o cür yellənmirlər...
Doğma
deyildir əsən meh! Daha heç
nəyi duymuram,
Rəng
də, ahəng də eyni, həvəng
də, cəng də eyni!
Artıq
mənçin nə əkin, nə də biçin,
nə kətmən, nə oraq var,
İndən belə könlüm
üçün nə
iman, nə bayraq var!
Yoxmuş,
yoxmuş! Hakim yoxmuş bu torpaqda.
Yoxmuş,
yoxmuş, kimsə yoxmuş bu göylərin qatında,
Yuvam uçmuş, tayfam köçmüş!..
Boş tələymiş ...
Torpaq yoxmuş ayağımın altında!
1983
Nurəngiz GÜN
525-ci qəzet.- 2021.- 18 dekabr.- S.20.