Qədim Gəncə qalası "zibil əjdahası" ilə ölüm-dirim savaşında

 

Orta əsrlərə aid abidələr yerlə-yeksan olmaqdadır

 

 

Son günlər bir sıra elektron nəşrlərdə, televiziya kanallarında və əlbəttə ki, sosial şəbəkələrdə Gəncə ərazisindəki orta əsrlərə aid  qala, körpü və digər tarixi tikililərə uzun illərdir ki, hər cür mədəniyyət və mərifətdən kənar, vecsiz münasibətin rüsvayçı nəticəsi -  həmin tarixi abidələrin zibillik altında batması məsələsindən narahatlıqla söhbət açılır. Bəli, müasir Gəncənin mərkəzi hissəsindən şimal-şərq istiqamətində 5 kilometrlik məsafədə, Gəncəçay sahilində  yerləşən,  Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə daxil olan (?!), Qədim Gəncə qalasının uzaq keçmişdən əsrimizəcən gəlib-çıxan qalıqları və onun ətrafındakı digər tarixi yadigarlar bu əraziyə əsasən son üç oniliik ərzində insafsız və fasiləsiz olaraq atılmış məişət və tikinti tullantıları ilə bəzi yerlərdə on metrlərlə hündürlüyündə qalaqlanaraq əmələ gəlmiş "yeriyən zibil təpələri" tərəfindən "hopp edilib, udulmaqdadır".

 

O da var  ki, bu "zibil əjdahası"nı düşüncəsizliyimiz və cılız təmənnalara aludəliyimiz səbəbindən necə deyərlər, öz əllərimizlə, illərdir bəsləyib-böyütmüşük. İndi bu "monstr"ın qabağında acizliyimizdə hamımızın - Gəncənin mərkəzini gözəlləşdirərkən, irimiqyaslı tikinti aparmaq üçün elə irimiqyaslı söküntülərə rəvac verib, 18-ci,19-cu, 20-ci əsrlərdə inşa edilmiş binaların (hətta bəziləri tarixi əhəmiyyət kəsb etsə belə) dağıdılması zamanı çıxan yüz tonlarla  "stroymusor"un atılması üçün qoruq ərazisini "xəlvətxana" bilib, onu zibil poliqonuna döndərən tikinti qurumlarının və onları "ruhlandıran" yüksək səviyyəi məmurların, şəhərdə və ondan kənarda "dəqiqəbaşı", ehtiyac oldu-olmadı ev, villa, otel, kotej və digər yeni adlı obyektlər tikdirmək və ya onları mütəmadi, "rəngi qurumamış" yenidən qurub-təmir etdirmək şakəri olan pullu adamların,  həm övladlarının gələcəyi, həm də qonşudan geri qalmamaq üçün, kreditlərlə də olsa evini, həyətini abıra salan kasıbın, onların tikinti tullantılarını benzinə qənaət üçün şəhər hüdudlarında olan həmən qoruq-poliqona daşımaqla ailəsini dolandıran yük maşını sürücülərinin, sözügedən ərazidə plansız salınmış evlərdən ibarət "Natəvan-2" qəsəbəsinin, eləcə də Gəncənin digər yerlərinin bəzi biganə sakinlərinin,  on illər ərzində əlini ağdan-qaraya vurmağa tənbəllik edən əlaqədar qurumların və nəhayət, bu məsələni yalnız  30 ildən sonra yada salmış Gəncə ziyalılarının - günah payı var. Yəni elə gəncəlilər demişkən, "heç kim çırt-pırt etməsin", suç hamınındır!

 

Tarixi ekskurs

 

Məlumdur ki, müxtəlif tarixi təlatümlər ilə bağlı olaraq dünya coğrafiyasında bir sıra şəhərlər, xüsusən də başı çox bəlalar çəkən Şərqin iri yaşayış məntəqələri öz yerlərini bir neçə dəfə dəyişiblər. Gəncənin hazırda yerləşdiyi ərazi də onun ilkin deyil, üçüncü, hətta bəzi mənbələrə görə, dördüncü coğrafi mövqeyidir. Gəncə 1606-cı ildə onu fəth etmiş Səfəvi hökmdarı Şah Abbasın istəyi ilə indiki əraziyə köçürülüb. O, özündən  18 il əvvəl, 1588-ci ildə Gəncəni tutmuş  Osmanlı sərkərdəsi Fərhad paşanın şəhərin hüdudlarından bir qədər (təxminən 7 kilometr - o vaxtki şəhər miqyasları üçün bu, kifayət qədər böyük məsafə idi) kənarda tikdiyi "Qızıl Arslan qalası" adlı müdafiə istehkamını yeni şəhərin mərkəzi nöqtəsi halına gətirir və məhz həmin qala ətrafında məscid, karvansara tikdirib, meydan saldırır. Gəncəlilər də məhəllə-məhəllə yeni əraziyə köç edir   özləri ilə məhəllələrinin adını da bura köçürürlər. "Qızıl Arslan" qalasının kiçik fraqmenti hazırda "Xan bağı" deyilən istirahət guşəsinin kənarında qalmaqdadır.

 

Amma haqqında danışdığımız,  zibil basmış qala Şah Abbasın fəthinə qədərki  on əsrlik bir dövrdə mövcud olmuş, böyük Nizaminin də qoynunda yaşamış olduğu qədim Gəncənin ərazisininə aid tikilidir.

 

 

 

Haqqında söhbət gedən Gəncə qalasının tikilmə tarixi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun sənədlərində  11-12-ci əsrlərə aid edilir (hərçənd dövrün xüsusiyyətləri qala-şəhər birgə anlayışını zəruri edirdi -  şəhər isə bu ərazidə 7-ci əsrdə formalaşıb). Orta əsrlərdə  monqollar tərəfindən dağıdılana kimi (1235-ci il)  bu qala-şəhər ön Şərqin ən böyük ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri hesab edilib. Bu minvalla neçə-neçə tarixi burulğanlardan sonra şəhər özünü dirçəldib və ümumən 7-ci əsrdən 17-ci əsrədək bu ərzidə mövcudiyyətini saxlayıb.

1938-1940-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı müəyyən edilib ki, Qədim Gəncə qalası daha əvvəlki əsrlərdə yaşayış yeri olmuş ərazidə inşa olunub.  Bunu qala altında 1 metrdən artıq qalınlığa malik mədəni təbəqənin üzə çıxarılması sübut edir. Həmin tədqiqatların rəhbəri İsaq Cəfərzadənin 1949-cu ildə çap edilən "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" kitabında qala daxilində mədəni təbəqənin qalınlığının isə 4 metrə yaxın olduğu, ümumilikdə qədim Gəncə qalası və ətrafdakı şəhər məhəllələrinin təxminən 10 kvadrat kilometri ərazini əhatə etdiyi bildirilərək, qeyd edilir ki, qədim şəhərin iki qat qala divarları ilə əhatə olunması, dördbucaqlı sitadeli, mühüm tikililər üçün xarakterik böyük ölçülü kərpiclərin istifadə olunması, 4 kilometr uzunluğa malik sahil sədləri, üç monumental tağlı körpüsü və müxtəlif dini ayinlərin icrasının müşahidə edildiyi qədim nekropolların (dəfn məkanları)  olması onu deməyə əsas verir ki, istər 1139-cu ildə baş verən güclü zəlzələ, istər də 1235-ci ildə qalanın monqollar tərəfindən dağıdılmasın hadisələrindən sonra belə qədim Gəncə ərazisi onun sakinləri tərəfindən tərk edilməyib.

Son dəfə bu ərazidə geniş arxeoloji tədqiqatlar ötən əsrin 80-ci illərinin sonunda aparılıb. Azərbaycan SSRİ EA arxeoloji ekspedisiyası burada orta əsrlərə aid yaşayış və digər təyinatlı tikililərin, o cümlədən hamamın qalıqları, böyük dəyirman daşı,məişət və bəzək əşyaları və digər qiymətli artefaktlar aşkarlayıb.

 

Ərazinin elmi-tarixi əhəmiyyəti nəzərə alınaraq, 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib. Bir qədər sonra isə, 1989-cu ilin yanvarından  Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu  fəaliyyətə başlayıb. Qoruğun hüdudları ümumən  1482 hektarlıq qədim Gəncə ərazisini əhatə edir.

 

Günümüzün "ekskursiyaları"nın məziyyətləri

 

Bu gün Qoruq ərazisindəki qala divarları, bürc, üç körpü və digər tarixi yadigarların qalıqlarını seyr etmək istəyənlər, bunun əvəzinə Gəncənin "bir qərinəlik zibilliyinin tarixi"nə ekskursiyaya düşmüş  olurlar desək, yanılmarıq. Həqiqətən də burdakı zibil-torpaq qalaqlarının arasından çıxan - Sovetin son dövrlərinə aid  bəzi limonad, pivə, araq-çaxır markalarının şüşələri, indi heç kimə lazım olmayan kasetli maqnitofon qırıqları, dəbdən düşmüş ev-məişət əşyaları parçaları və digər bu kimi "kökü kəsilmiş nadir nüsxələr" addımbaşı insanın ayağına ilişir. Amma "zibil muzeyi"nin ən nəhəng "eksponatları" son on ildə şəhərdəki irimiqyaslı tikinti-söküntü dövrünün "yan təzahürü" olaraq yaranmış,  Misir piramidalarını xatırladan, amma sayca onları da üstələyən, inşaat tullantılarından ibarət yüzlərlə təpələrdir.

 

Gəncədə bir neçə ay bundan qabaq bir qrup ziyalının təşəbbüsü ilə yaradılmış, amalı şəhərdə aparılan müsbət işlərə dəstək vermək olan və bu yöndə təşəbbüslər göstərən  Gəncə İctimai İştirakçılıq Məclisinin üzvləri ötən ay sözügedən ərazidə vəziyyəti dəyərləndirmək və məsələni ictimailəşdirmək məqsədilə monitorinq keçiriblər. Monitorinqin nəticəsi kimi vurğulanır ki, "...Qoruq anlayışı üçün xarakterik olan zəruri tələblər təmin olunmamış qalıb: onun sərhədləri  işarələnmədiyi və ərazisi hasarlanmadığı üçün mühafizəsini normal şəkildə təşkil etmək mümkün olmayıb. Digər yandan, Qoruq ərazisində uzun illər ərzində onlarla sənədsiz evlər tikilib, tarixi abidələrin çoxu sökülüb və nəzarətsizlikdən dağıdılıb və bu təzahür indi də davam etməkdədir. Həmçinin, qoruq  ərazisinə çirkab suları axıdılıb və indi də axıdılmaqdadır. Əraziyə, nəzarətsiz şəkildə, yüzlərlə-minlərlə yük maşını həcmində tullantı, yəni on minlərlə ton məişət, sənaye və tikinti tullantıları tökülüb və bu,  əfsus ki, bir çox tarixi abidənin faktiki olaraq məhvinə gətirib çıxarıb..."

 

İctimai İştirakçılıq Məclisinin üzvü,  Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev şahidi olduğu acınacaqlı vəziyyəti mənəvi əzab kimi qiymətləndirir.

 

"Mən bir maarifçi kimi, gənclər ilə tez-tez apardığım görüşləri, elm və ədəbiyyat tədbirlərini bir qayda olaraq, dahi Nizaminin dünyasına baş vurmaqla, onun adı və sözü ilə başlayıram. Bərbad hala düşmüş bu tarixi yerlər məhz Nizaminin yaşadığı şəhərin qalıqlarıdır. Bəlkə elə bu divarlara, daşlara Şeyx Nizaminin əli dəyib. Biz hansı üzlə uşaqlara, eləcə də Nizaminin irsini tədqiq etmiş dünya alimlərinə bu yerləri göstərə bilərik ki, baxın, bəşəriyyətin böyük söz adamı burda yaşayıb", - deyə o, hisslərini bölüşür.

 

"Buradakı acınacaqlı, əsl ağlamalı vəziyyət "qoruq" anlayışı ilə daban-dabana ziddir. Başa düşmək olmur, bu tarixi ərazi dövlət tərəfindən qorunan bir yerdirsə, necə olub ki, uzun illər ərzində bura istənilən adam, istənilən yük maşını maneəsiz girə və tullantılar ata bilir. Bunu təcili dayandırmaq, ən qəti tədbirlər görmək lazımdır", - deyə Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov bildirir.

 

O qeyd edir ki, sözügedən tarixi yadigarların xilası və ərazinin kağız üzərində deyil, həqiqətən qoruq tələblərinə cavab verə biləcək hala gətirilməsi üçün məclis tərəfindən təkliflərdən ibarət müraciət hazırlanıb   əlaqədar ünvanlara göndərilib.

 

Müraciətdə vəziyyətdən çıxış yolları üçün təkliflər sırasında sözügedən ərazinin giriş və çıxışının ciddi nəzarətə götürməsi, qoruq ərazisini zibilləyən və kənar məqsədlər üçün istifadə edənlərin ciddi cəzalandırılması, ərazinin mütəxəssislərin nəzarəti altında təmizlənməsi, abadlaşdırılması, ilkin mərhələdə nisbətən salamat qalmış tarixi yadigarların  mühafizə edilməsi, eləcə də vaxtilə arxeoloji ekspedisiyalar tərəfindən aşkarlanmış, dünya əhəmiyyətli tapıntılar kimi təsdiq olunmuş, hazırda zir-zibil və torpaq qatları altında qalaraq itib-batmış qiymətli tarixi obyekt və artefaktların yerlərinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun sxem və xəritələrinə əsasən dəqiqləşdirilməsi və onların yenidən üzə çıxarılması,  konservasiya və qorunması üçün mütəxəssislərin iştirakı ilə xüsusi tədbirlər görülməsi, zəruri tədbirlərin operativ həlli və birgə işin səmərəli təşkili üçün Gəncə şəhər İcra Hakimiyyəti yanında müvafiq qurumların və ictimaiyyətin nümayəndələrindən ibarət Operativ Koordinasiya Mərkəzinin yaradılması kimi məsələlər yer alıb.

 

Bu arada, daha bir narahatlıq doğuran soraqlar gəlməyə başladı. Bir neçə gün əvvəl, bir qrup ictimai fəal sözügedən əraziyə təkrar baş çəkərkən, o qədər də aydın olmayan vəziyyətin şahidi olublar. Qala fraqmentlərindən birinin arxasındakı yerin səviyyəsi, bu sahələrə təzəlikcə gətirilib töküldüyü hiss olunan torpaq kütləsinin texnika vasitəsilə verilməsi və hamarlanması ilə qaldırılmaqdadır.

 

"Biz monitorinqi oktyabrın 14-də keçirmişdik. O vaxt bu fraqmentin arxa cinahında bu səviyyədə torpaq yox idi. Bu, artıq təmiz torpaqdır, hiss olunur ki, bunu neçə-neçə maşınlarla gətirib, bura boşaldıblar və onun səviyyəsini hamarlayıblar. Bu işlərin hansı məqsədlə aparıldığını da heç kim bilmir. Belə getsə, qalanın bu fraqmenti də torpaq altında qalacaq", - deyə İctimai İştirakçılıq Məclisinin üzvü İlqar Zeynalov narahatlığını bildirir.

 

"Bakı desantı"nın dəstəyi

 

Bu yaxınlarda baş tutan "Birinci Gəncə Kitab Sərgisi"nin qonaqları sırasında bu şəhərə gələn, ölkənin tərəqqipərvər mediasının tanınmış nümayəndələrindən olan Qulu Məhərrəmli, Arif Əliyev və Elçin Şıxlı gəncəli dostları ilə birlikdə həmin qorunmayan qoruğun ərazisini gəzib, oradakı ürəkbulandıran mənzərələri, eləcə də ürəyi dağlı sakinlərin harayını dinləyib, bu haqda çalışdıqları informasiya qurumlarında və sosial şəbəkələrdə dəyərli və təsirli fikirlərini izhar ediblər.

 

"İçində yaşadığımız "Nizami ili"ndə bunu mütləq deməliyik: qədim Gəncənin ərazisi 1988-ci ildən dövlət qoruğu elan edilsə də, burada heç bir arxeoloji-bərpa  işləri aparılmır, əksinə,sanki qədimliyin izi itirilir. Tarixə olan bu biganəlik, hətta düşmənçilik münasibəti barədə ictimaiyyəti məlumatlandırmağı özümüzə borc bildik", - deyə  özünün feysbuk hesabında fikirlərini bölüşən Qulu Məhərəmli Nazirlər Kabineti və Mədəniyyət Nazirliyinə məsələ barədə məlumatlı olmaq üçün həmkarı Arif Əliyevin məqaləsini oxumağı tövsiyə edir.

 

Arif Əliyev isə "pressklub.az" saytında verdiyi iki - "Tarixi Gəncə zibil altında basdırılır!" və "Vandalizm" yazıları ilə  məsələnin bir mənəvi tragikomediya halına gəldiyini ictimaiyyətə və ağır eşidən qulaqlara  çatdırmaq istəyir:

 

"...Ağır yük maşınları, bir tərəfdən, çay qırağından çınqıl daşıyır. Arxeoloqların fırça ilə işləməli olduğu yerlərdə ekskavator guruldayır. O biri tərəfdən, maşınlar yeni Gəncənin məişət tullantıları, torpaq və lazımsız tikinti materialları ilə sahil yamaclarını doldurur. Nəhəng zibilxana artıq qədim qala divarlarına, bugünədək daşqınlara davam gətirmiş sahil bəndlərinə dirənib. Amma bəzi yerlərdə onları da altda qoyub, keçmişin mədəni laylarının üstündən müasir "qeyri-mədəni təbəqə" yaradıb. Minillik kərpic qırıqları şəhərdən daşınan tikinti materiallarının tullantılarına qarışıb..."

 

"...Adətən, gözdən iraq yerdə bir naqisliklə üzləşəndə, insanlar ümidlərini ona bağlayırlar ki, hökumətin xəbəri yoxdur: bilsə, əncam çəkər. Təəssüf ki, Gəncədə buna da ümid azdır. Yerli hökumətin sayıq nümayəndəsi - ərazinin sahə müvəkkili hər şeyi nəzarət altında saxlayır. Çay qırağında qabağımıza çıxmış çoban elə ondan şikayətlənirdi: "Həftə səkkiz - mən doqquz, gəlib, otardığım qoyunlara sənəd istəyir. Bilirəm, qarnının ağrısı nədir. Düz Prezidentə yazacam: Qoruğu su yoluna döndərmiş yük maşınlarını saymır, mənim quzularımı sayır..."

 

"...ermənilərin dağıtdığı abidələrə göz yaşı tökürük, dünyanı bu vandalizmə şahid çağırırıq, özümüz isə Qədim Gəncənin orta əsrlərə aid unikal tarixi abidəsini torpaq altında basdırırıq!.."

 

 

 

"...Gəncə qoruğunda gördüyümüz vəziyyət o dərəcədə acınacaqlıdır ki, problemin həllinə ən yüksək səviyyədə müdaxilə olmadan faciənin qarşını almaq mümkünsüzdür. Azərbaycan dünya mədəni irsinin qorunmasına töhfələr verir. Versal sarayının, Luvr muzeyi qalereyasının restavrasiyası, Strasburqda orta əsrlərə aid kilsənin, Roma katakombalarının bərpası... Çox gözəl, amma əcaba, bu sırada Azərbaycanın özündə məhv olmaq təhlükəsi qarşısında qalmış Qədim Gəncə xarabalıqlarına yer tapılmayacaqmı?.."

 

Elçin Şıxlı isə  öz "Ayna"sında "İnsanın zəfəri - yıxıldığı zaman ayağa qalxmasıdır" adlandırdığı qeydlərində ötən ilin oktyabrında Gəncənin dönük ermənilər tərəfindən raket hücumundan dərhal sonra bu şəhərə gedib o ağır anların yükündən sarsılıb yıxılmasından, amma qalxdıqdan sonra ölümlə "ciling-ağac oyununda" qalib çıxmış bir gəncəlinin qürurlu davranışı ilə öz ağrılarını unutduğundan bəhs etdikdən sonra, bu günlərdə Gəncədə ikinci dəfə, həmin çayğırağı qədim istehkamın halətindən pəjmürdə olaraq, yıxılıb elə qalanın dibinə yuvarlanmasından söhbət açıb, ibrətli paralellər aparır:

 

"...Atların dırnağı və ölüm-dirim davasında süpürləşən yüzlərlə və bəlkə də minlərlə döyüşçünün ayaqlarının altından qalxan toz-dumanın içinə düşmüşdüm... TORPAQ sanki yaddaşındakıları bu yolla mənə ötürmək istəyirdi. Deyirdi ki, amanın bir günüdür o kişiləri və nə üçün qan tökdüklərini UNUTMA!!! Birinci dəfə cismən də, mənən də yerdən qalxmaq çətin olmadı, çünki erməni bombardmanından sonra ev-eşiyi yerlə-yeksan olmuş gəncəlilərə baxıb görmüşdüm ki, QAYA kimi möhkəmdirlər və yağı-düşmən onların gözünü qorxuda bilməz. Amma bu dəfəki yıxılmağım bir başqadı. Cismən ayaqda olsam da, mənən hələ də O QALA DİVARLARININ dibindəyəm. Qalxa biləcəmmi?.. Bilmirəm, çünki bu dəfə özümüz-özümüzə DÜŞMƏN kəsilmişik..."

 

Rəsmi soraqlar

 

Məsələnin ictimailəşməsinin miqyası böyüdükcə, rəsmi qurumlardan müsbət sayıla biləcək münasibətlər müşahidə olunmaqdadır. Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi,  nazirlik yanında Tarixi abidələrin Qorunması, İnkişafı  və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi, eləcə də Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu necə deyərlər, məsələni diqqətə alıb və ərazidə monitorinqlər keçirib vəziyyəti öyrəniblər. Məsələ barədə danışan, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Vüsal Alıyev qeyd edib ki, onlar Tarixi abidələrin Qorunması, İnkişafı  və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi ilə birgə bir neçə dəfə əraziyə baxış keçirib və iki dəfə müvafiq akt tərtib edib sözügedən Dövlət Xidmətinə göndəriblər.

 

Müsahib, həmçinin, Gəncə şəhər rəhbərliyinin göstərilən problemə diqqət artırdığını da vurğulayıb.

 

"Dekabrın 11-də şəhər rəhbəri Niyazi Bayramov başda olmaqla İcra Hakimiyyətinin, eləcə də müvafiq qurumların məsul şəxsləri ərazidə olmuşlar. Şəhərin başçısı ərazidə təmizləmə işləri aparmaq üçün müvafiq qurumlara tapşırıqlar vermişdir. Ümid edirik ki, yaxın vaxtlarda ərazi təmizlənəcək. Bu ərazi çox böyük olduğundan bu işi təkbaşına yerinə yetirmək idarəmizin gücü xaricindədir. Odur ki, aidiyyəti qurumlardan bu işdə kömək edilməsini xahiş edirik".

 

V.Alıyev, həmçinin, idarə tərəfindən hər ay iki dəfə monitorinq keçirildiyini (?!) də qeyd etdi.  O, ilkin zəruri tədbir kimi, bu andan bura zibil tökülməsinin qarşısının alınması və bu qaydanı pozanlara qarşı ciddi cəza tədbirləri tətbiq olunmasının vacibliyini vurğuladı.

 

İlf və Petrovun məşhur qəhrəmanı Ostap Bender demişkən, "Bu ədalətli fikir heç bir etiraz doğurmur". Amma Amerikada yeni proqressiv cəmiyyətin qurucusu Avraam Linkoln da gözəl deyib ha: "İzah olunmuş şeyləri izah edən izahlardan qorxuram!"

 

Bu görkəmli əcnəbinin bizdə çətin başa düşüləsi sözləri ilə də 30 ildən çoxdur ki, qanuni qoruq elan olunmuş ərazini  necə qorumağın yolları məsələsinin 21-ci əsrin 21-ci ilində də tapılmaması əhvalatı barədə yazımızı xətm etmək olar.

 

 

Zakir MURADOV

 

525-ci qəzet.- 2021.- 18 dekabr.- S.18-19.