12 illik təhsilə keçid: təklif və müzakirələr
nə vəd edir?
Bir müddət
əvvəl təhsil
naziri Emin Əmrullayev ümumi təhsil sistemində 12 illik tədrisə keçidlə bağlı
fikirlər səsləndirib. Nazir bildirib ki, bir
çox inkişaf etmiş ölkələrdə
orta məktəblərdə
12 illik tədris tətbiq edilir və Azərbaycanda da bu istiqamətdə
işlərə başlanılmalıdır:
"Bir çox inkişaf etmiş ölkələrdə 12 illik
tədris tətbiq edilir. Orada dərs saatlarının
Azərbaycandan 20-30 faiz
çox olduğunu görürük. Biz artıq bu istiqamətlərdə
işlərə başlamalıyıq
ki, aradakı bu fərqi qısa
zamanda və yüksək keyfiyyətlə
qət edək. Burada təhsilin bəzi sahələrinə diqqət
edilməlidir". Nazirin bu açıqlamasından
sonra uzun illərdir ki, müzakirə olunan bu məsələ yenidən gündəmə
gəlib.
Qeyd edək
ki, 12 illik təhsilə keçid cəmiyyətdə müəyyən
müzakirələr doğuran
məsələdir. Ekspertlər hesab
edirlər ki, 12 illik təhsilə keçid şagirdlərin
tədris yükünün
azaldılmasına xidmət
edəcək. Təhsil sahəsinin
inkişafına və
təmayülləşmə prosesinin uğurla həyata keçirilməsinə
şərait yaradacaq.
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə,
12 illik təhsil modeli artıq 170-dən çox ölkədə uzun müddətdir ki, tətbiq olunur. Hətta Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti
14, Almaniya, Böyük
Britaniya, İsveç,
Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya,
Cənubi Koreya, Polşa və bir sıra digər
ölkələrdə isə
ümumi təhsilin müddəti 12 ildir.
Bir sözlə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Çox az sayda
ölkədə təhsilin
müddəti 11 ildir.
Azərbaycan da bu ölkələr sırasındadır: "2016-cı ildə Təhsil Nazirliyində təşkil
olunan "dəyirmi masa"da 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması
yolları barədə
müzakirələr aparılıb,
12 illik ümumi təhsilə keçiddə
məktəbə hazırlıq
mərhələsi də
nəzərə alınmaqla,
ümumi təhsilin mümkün modelləri,
tam orta təhsil səviyyəsində təhsilin
təmayüllər üzrə
ayrı-ayrı məktəblərdə
təşkili, proses üçün hazırlıq
işlərinin aparılması
və pilot mərhələnin
tətbiqi barədə
təkliflər səsləndirilmişdi.
Ən başlıcası
isə, "Azərbaycan
2020: Gələcəyə baxış" İnkişaf
Konsepsiyasında Azərbaycanda
2020-ci ilədək 12 illik
təhsil sisteminə keçid nəzərdə
tutulmuşdu. Ölkə
başçısının 2013-cü il oktyabrın 24-də imzaladığı "Azərbaycan
Respublikasında Təhsilin
İnkişafı üzrə
Dövlət Strategiyası"na
əsasən isə, Azərbaycanda onillik ümumi orta təhsil və ikillik tam orta təhsil modelinə mərhələli şəkildə
keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanıb: "Bildiyim
qədər o vaxtlar bu məqsədlə Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı
ilə keçirilən
konfransda Azərbaycanın
12 illik təhsil sisteminə dair müzakirələr də
aparılıb. 12 illk
təhsilə keçidin
zəruriliyi hər
şeydən əvvəl
Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində
bu, bir daha
öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi
təhsili tətbiq edən ölkələrin
dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən hesab edilir ki,12 illik
təhsilə keçid
uşaqların tədris
yükünün, eləcə
də fənlər üzrə təlim yükünün hansısa
mərhələdə yüngülləşməsinə
xidmət edəcək.
Digər
tərəfdən strategiyanın
müəyyən etdiyi
istiqamətlərə əsasən
təhsilin peşəkar
inkişafı, məzmunca
yeniləşməsi, təmayülləşmə
və ixtisaslaşmanın
həyata keçirilməsi,
təhsil proqramlarının
həddən artıq
yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli
də qaçılmazdır".
Ekspertin
sözlərinə əsasən,
ləngimədə problem ondan
ibarət olub ki, bunun qəbul
sisteminə təsiri,
yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə
ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması,
təhsil pillələrinin
4+6+2 və yaxud 5+5+2 və ya digər
hansısa sxem əsasında qurulması
və s. kimi məsələlərin həlli
tələb olunub. 12 illik təhsil
sisteminə bütün
ölkə üzrə
birdəfəlik, yaxud
tədricən keçilib-keçilməyəcəyi
barədə də hələ ki, konkret qənaətə gəlinməyib. O zamankı
müzakirələrdə 7 varianta hazırlanan həmin təkliflərin
I variantında 1 il məktəbəhazırlığa,
4 il ibtidai təhsilə, 5 il ümumi, 2 il isə tam orta təhsilə verilməsi nəzərdə tutulurdu.
Sonrakı variantlarda müxtəlif sxemlər təklif olunurdu: "Əgər I varianta istisna etsək, 2019-cu ildə qəbul olunan "Ümumi təhsil haqqında" qanuna görə biz artıq iki ildir ki, 12 illik
təhsilə keçid
etmişik. Həmin qanunun 13-cü maddəsində
"Ümumi təhsilin
təşkili" bölməsində
13.3 maddədə qeyd
olunur ki, Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai,
ümumi orta və tam orta təhsil səviyyələrini
əhatə edir. Qanun maddəsində qeyd edildiyi kimi,
əgər məktəbəhazırlıq
ümumi təhsil pilləsinin ilkin mərhələsi hesab edilirsə, deməli, ölkəmizdə uşaqların
məktəbə ilk addımı
5 yaşdan başlayır
və bununla da biz 12 illik təhsilə artıq keçid etmiş hesab olunuruq. Deməli, iki yoldan birini
seçməliyik. Ya, məktəbəhazırlığa
da təhsilin bir səviyyəsi kimi baxaraq bütün
məktəblərdə belə
qrupların açılmasını
təmin etməliyik, ya da təmayül siniflərini 11-12-ci siniflərdə
davam etdirməklə əlavə olunacaq 1 ili təhsilin tam orta təhsil pilləsinə əlavə etməliyik. Gedişatı zaman göstərəcək.
Bir də ki, təhsilin
keyfiyyətini yüksəltmək
üçün onun müddətinin artırılmasına
bel bağlayıb buna ümid etməklə arxayınlaşmaq
olmaz. 12 illik təhsilə keçid xatirinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün
keçiləcək. ölkədə vaxtilə yeni kurikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə
hazırlamadıq. Nəticədə bu gün bir
çox problemlərlə
rastlaşırıq. Hər halda müzakirələr davam etdirilməlidir, özü də ki, daha geniş
tərkibdə".
N.İsrafilov vurğulayıb ki, 12 təhsilə mərhələli şəkildə keçilməlidir: "Qazaxıstan kimi bir ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. İlkin olaraq bunu 8 məktəbdə eksperiment kimi həyata keçiriblər. Daha sonra məktəblərin sayını 45-ə çatdırıblar. Bütün ölkə üzrə bu proses mərhələli şəkildə tətbiq olunur. Keçidin tam başa çatdırılması 2021-ci ilin sonuna nəzərdə tutulub. Demək, proses üçün illərlə vaxt lazım olub. Hətta keçiddən imtina olunması barədə təkliflər və təşəbbüslər də qaldırılıb".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, 12 illik təhsilə keçidlə bağlı düşünülmüş addımlar atılmalıdır: "On ildən çoxdur ki, ölkədə 12 illik təhsilə keçid məsələsi müzakirə olunur. Ekspertlər, ictimayyət nümayəndələri tərəfindən bununla bağlı müxtəlif fikirlər səsləndirilir. 12 illik təhsilin tətbiqi üçün bir neçə vacib şərt və tələblər yerinə yetirilməlidir: Birincisi, Azərbaycanda hazırda 12-ci sinifdə şagirdlərə tədris olunacaq tədris vəsaitləri varmı? 12-ci təhsil ilində lazım olacaq auditoriyalar hazırdırmı? Ən əsası 12-ci sinifdə oxuyacaq şagirdlərə daha dərin dərs tədris etmək üçün müəllimlər varmı və ya hazırlanırmı? 12 illik təhsil dövründə xüsusi müəllimlər olmalıdır. Mütləq şəkildə qeyd olunan siniflərdə təhsil alacaq şagirdlərə fənləri tədris edəcək kadrlar hazırlanmalıdır. Bütün işlər planlı şəkildə həyata keçirilməlidir ki, sonradan hər hansı bir problemlə qarşılaşılmasın. Bütün bu tələblər yerinə yetirilərsə, onda rahatlıqla bu modelə keçilə bilər".
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, 12 illik təhsilə keçid üçün ilk öncə baza formalaşdırılmalıdır: "Şagirdləri təhsilə, daha artıq təhsil almağa cəlb etmək fikri çox yaxşıdır. 12-ci siniflərin olması fikri çox əladır. Bütün bunlar şagirdlərə daha çox hazırlaşmaq imkanları yaradacaq, onlar daha çox təhsillə əhatə olunacaqlar. Ən əsas isə dərs yükü azalacaq. Ancaq hazırkı vəziyyətdə nə təhsil müəssisələri, nə pedaqoji heyət, nə də dərsliklər buna hazırdı. Azərbaycanda 12 illik təhsil üçün tam baza formalaşmayıb. Buna görə 12 illik təhsilə keçidə ciddi şəkildə hazırlaşmaq lazımdır. Tam hazır olandan sonra bu sistemə keçmək daha məqsədə uyğun olar və uğurlu alınar".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 18 dekabr.- S.17.