Dərman bazarında
başlı-başınalıq
Baha və keyfiyyətsiz dərman problemi ilə
üz-üzə
Bu gün dövlətin ən çox diqqət və
maliyyə ayırdığı sahələrdən biri də
səhiyyə sahəsidir. Təqribən son on ildə Azərbaycanın
səhiyyə sistemində bir çox islahatlar aparılıb
- bir sıra dövlət proqramları qəbul edilib, tibbi xidmətlərin
səviyyəsi müasir standartlara çatdırılıb,
maddi-texniki baza möhkəmləndirilib, yeni klinikalar istifadəyə
verilib və s. Bu proseslərin hər biri haqqında ayrıca
danışa bilərik.
Lakin bu qədər maliyyə dəstəyi və
birbaşa dövlət diqqəti sınıxmış səhiyyə
sistemimizi dirçəldə bilmir ki, bilmir. Loru dildə desək, yolu xəstəxanalara
düşən hər beş nəfərdən
birinin tibb sahəsinin onlara xeyirindən çox
ziyanının dəyməsindən danışmasına
şahid oluruq. Təbii ki, istisnalar var və həmişə
də olacaq. Heç şübhəsiz ki, bu sahədə də
kifayət qədər savadlı kadrlar, tibb müəssisələri
var. Amma təəssüflər olsun ki, səhiyyə
sistemimizdəki ammalar daha çoxdur. Bu
ammalardan biri, elə deyək ki, birincisi, dərmanlarla
bağlı problemlərdir. İş o həddə
çatıb ki, ölkənin dərman bazarında baş
alıb gedən başlı-başınalıq insanları nəinki
özündən asılı vəziyyətə salıb, hətta
onları udmaq üzrədir.
Əczaçlıq bazarında hökm sürən bu
absurd mənzərə vətəndaşların seçim
imkanlarını da azaldır. Dərman
preparatlarının keyfiyyətsiz və həddən artıq
baha olması insanları çıxılmaz vəziyyətdə
qoyur. Adam ya gərək xəstəliklərə
yoluxmamağın bir yolunu tapsın, ya da Fatmanisə
qarının bir çimdik sarımsaq kökünü
eşşək südündə qaynatma reseptinə ümid
olsun.
Yəqin ki, son iki ildə ümumbəşəri problem
olan koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda
ölkəmizdə dərmanlarla bağlı xaosu çoxumuz
xatırlayırıq. Tapılmayan dərmanlar, yaxud vəziyyətdən
sui-istifadə edərək qiymətlərin dəfələrlə
şişirdilməsi, apteklərin piştaxtası altından
"gizlin" satılan "arbidol"lar, "favipravir"lər, peşə
vicdanını cibi ilə dəyişən "həkimlərin"
firmalarla əlbir olub insanlara lazım gəldi-gəlmədi
yazılan dərmanlar və s. Bəli, biz son iki ildə təkcə
koronavirus pandemiyasından qorunmaq, sağalmaq üçün
mübarizə aparmırdıq. Biz eyni zamanda dərman
bazarını başına götürmüş bu
özbaşınalığa qarşı da mübarizə
aparmaq, daha doğrusu, bunun qurbanına çevrilməmək
üçün də mübarizə aparmalı oluruq.
Çox istərdim, bütün bu neqativ halların
koronavirus pandemiyası ilə əlaqədər qısa zaman kəsiyində
baş verib bitəcəyini deyəm. Lakin təəssüf
ki, dərmanların satışı ilə bağlı bir
sıra problemlər hər zaman aktuallığını
qoruyur və bizə nikbin düşünmək imkanı
vermir. Xüsusilə, eyni preparatların
qonşu ölkələrlə nisbətdə dəfələrlə
baha və keyfiyyət baxımından aşağı
olması ciddi narazılıq yaradır. Elə
xəstəliklər var ki, onların dərman vasitələrinin
qəbulu gecikdirilə bilməz. Yəni
birbaşa dərmandan asılı olan xroniki xəstəliklər
var ki, bunlardan ölkəmizdə ən çox yayılan
onkoloji, diabetik, allergik, hipertoniya və psixoloji xəstəlikləri
qeyd edə bilərik.
Bir
faktı da qeyd edək ki, hələ 2015-ci ildə Nazirlər
Kabineti "Dövlət qeydiyyatına alınmış dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi və
həmin qiymətlərə nəzarətin həyata
keçirilməsi qaydası"nı təsdiqləyib.
Bu sənəd Azərbaycanda dərman vasitələrinin
qiymətlərinin tənzimlənməsini və onlara nəzarətin
həyata keçirilməsi qaydalarını müəyyənləşdirir.
Səhiyyə Nazirliyi tərəfindən dövlət
qeydiyyatına alınaraq "dərman vasitələrinin
Reyestri"nə daxil edilmiş dərman vasitələrinin
qiymətləri Tarif (qiymət) Şurası tərəfindən
tənzimlənir.
Yuxarıda sadaladığımız xəstəliklərin
müalicəsində istifadə edilən elə dərmanlar
var ki, vətəndaş onu ya apteklərdən tapa bilmir, ya da
o qədər baha qiymətə satılır ki, almağa
gücü çatmır. Bu kateqoriyadan olan dərman
istifadəçilərinin dediyinə görə, elə dərmanlar
var ki, tələbat çoxdur. Onu səhər
saatlarında tapdınsa, aldın, yoxsa günlərlə
gözləməli olacaqsan.
Bəs digər qonşu dövlətlərlə
müqayisədə dərman preparatlarının qiymətləri
necə fərqlənir? Sadəcə bir neçə dərmanın
qardaş Türkiyədəki satış qiymətinin
müqayisəsini apardıq. Doğrudur,
hazırda Türkiyə lirəsinin kəskin enməsi ilə
dərman qiymətlərində fərq uçurum kimi
görünə bilər. Bu səbəbdən
müqayisəni 2020-ci ildə qüvvədə olan
satış qiymətləri ilə aparmaq qərarına gəldik.
Bir neçə dərmanın qiymətinə nəzər
yetirək:
Elocom (Dəri
xəstəlikləri üçün) - Azərbaycanda - 8-12
AZN, Türkiyədə 28 TL (3.04 AZN)
Janumed
(Diabet xəstəlikləri üçün) - Azərbaycanda
68 AZN, Türkiyədə
137 TL (14.88 AZN)
Decapeptyl
(Onkoloji xəstəliklər üçün) - Azərbaycanda
114-233 AZN, Türkiyədə 388 TL (42.14 AZN)
Femara
(Onkoloji xəstəliklər üçün) - Azərbaycanda
95 AZN, Türkiyə 165 TL (17.92 AZN)
Yəqin
ki, dəfələrlə şişirdilən və
birbaşa xəstə insanların məcburiyyəti üzərindən
qazanılan pullar dərman biznesi ilə məşğul olan
ayrı-ayrı iş adamlarını da razı salır. Bəs kəmiyyət və keyfiyyət
arasındakı uçurum, bizi hansı nöqtəyə
aparır?
Müstəqil tibbi ekspert, həkim Abdulla Şıxlinski
məsələyə çoxşaxəli yanaşır. Ekspert bildirir ki, hələ
sovetlər dönəmində dərman preparatları bir
neçə respublikadan - Belarusdan, Ukraynadan, hissəvi olaraq
Qazaxıstandan gətirilirdi. SSRİ
dağılandan sonra postsovet respublikalarının bir
çoxunda dərman istehsalı yox idi. Bir
vaxtar Bakıda əczaçılıq zavodları vardı.
Ancaq onlar ciddi dərman preparatı buraxmaq gücündə
deyildi: "Azərbaycan müstəqillik əldə edəndən
sonra da dərman istehsalı ilə məşğul
olmayıb. Ola bilər ki, dərman
istehsalı iş adamlarına maraqlı deyil və s. Hesab edirəm
ki, burada ən böyük problem Azərbaycanda ümumiyyətlə
əczaçı kadrların olmamasıdır. Bizdə yalnız belə kadrları apteklərdə
görə bilərik. Tibb Universitetində müvafiq
fakültə olsa da, kadrlar yox dərəcəsindədir,
mürəkkəb dərman preparatları hazırlamağı bacaran
mütəxəssislər yoxdur. Dərman
preparatları hazırlamaq olduqca məsuliyyətli işdir.
Onların tərkibi, təmizlənmə
texnologiyası mürəkkəbdir. Bütün
dərman problemimizin kökündə elə bu məsələ
durur. Özümüzdə istehsal
olmadığından məcburuq ki, dərmanları kənardan
alaq.
Bilirsiniz ki, heç bir sahə dövlətin
monopoliyasında deyil, biz kapitalizm şəraitində
yaşayırıq. Bunu edən isə ayrı-ayrı iş
adamlarıdır, hansı ki, onlar dərmanların gətirilməsi
ilə məşğuldurlar. Ona görə də,
o adamlar prosesi özlərinə sərf edən məcraya
yönəldirlər. Burada hər şey gəlir
baxımından qiymətləndirilir. Onkoloji,
allergik, diabet, psixotrop xəstəliklərində istifadə
edilən preparatlar strukturuna görə mürəkkəblik
baxımından ilk sıralardadır. Psixatrop
dərmanlar da bura aiddir. Həmin preparatlar
istehsal olunduqları yerlərdə də bahadır. Xüsusən Qərb ölkələri, Rusiya,
Ukraynada. Dərmanların gətirilməsində
də üzərinə pul qoyulur və çox baha başa gəlir.
Bu bizneslə məşğul olan iş adamları öz
maraqları üçün qiyməti qaldıranda, bir az da
apteklər üstünə əlavə edəndə dərman
on dəfəyədək bahalaşır".
Ekspert onu
qeyd edib ki, Azərbaycanda dərmanların qiymətinin süni
qaldırılması prosesi var və bunun arxasında da firmalar
dayanır:
"Bu firmalar ölkə daxilindən idarə edilmir, Qərb
dövlətlərinin xüsusi strukturu tərəfindən
idarə edilir.
Ölkəmizdəki firmalar da onların yerli
filiallarıdır. Bəzən qiymətlər
o dərəcədə bahalaşır ki, insanlar onu ala bilmirlər. Xüsusən
psixoterapiyada istifadə edilən dərmanların qiyməti
bahalaşıb. Düşünün ki,
bu xəstələr ömürlərinin axırına qədər
həmin dərmanları istifadə etməlidirlər.
Onda görün proses nə qədər çətinləşir.
Bu məsələnin yeganə həlli Azərbaycanda
dərman preparatlarının istehsalının təşkilidir.
Dərmanların keyfiyyətinin aşağı
olması məsələsinə gələk. Preparatları
xaricdən gətirən adamlar maraqlıdır ki, onları
ucuz qiymətə alsınlar. Ucuz qiymətə
alınan dərmanların isə keyfiyyəti aşağı
olur. Heç vaxt keyfiyyəti yüksək
istehsal edilən dərmanlar ucuz qiymətə satılmaz.
Tutaq ki, qan təzyiqini salan dərman
preparatıdır. İnsan onu qəbul
edir, amma təzyiq stabilləşmir. Baxmayaraq
ki, tərkib olaraq dərman güclü göstərilib.
Təsir edir, amma çox aşağı səviyyədə.
Çünki farmakoloji standartlara cavab vermir.
Ona görə də, vətəndaşlarımız
xarici ölkədən dərmanlar alırlar.
Ümumiyyətlə, ölkəyə gətirilən dərman
preparatlarının keyfiyyətinə cavabdeh qurumlar
olmalıdır. Bizdə Səhiyyə Nazirliyinin tərkibində
bu işə nəzarət edən qurum var. Lakin
görünür, nəzarət müsbət deyil.
O ki
qaldı həkimlərin firmalarla əlbir işləməsinə,
bu, bir biznesdir. Hər bir firma ayaqda qalmaq
üçün pul qazanmalıdır. Ona
görə də öz dərmanlarını satmaldırlar.
Bunu isə həkimlərin əli ilə həyata
keçirirlər".
Həkim,
fitoterapevt Elnur Eldaroğlu firmalarla işləyən həkimlərin
bəzən xəstəyə əlavə dərmanlar təyin
etdiyini bildirib:
"Bəzi xəstəliklər kəskin, bəziləri xroniki olur. Kəskin xəstəliklər zamanı dərmanlara ehtiyac olur. Xroniki xəstəliklərdə isə uzun müddət içiləcək dərmanlar və hətta o dərmanların da yan təsirlərinin qarşısını almaq üçün dərmanlar yazılır. Məsələn, infeksion xəstəliklər zamanı antibiotiklər təyin olunmalıdır. Bu, həm böyüklər, həm də uşaqlar üçün keçərlidir. Ancaq bəzən həkimlər tərəfindən uşaqlara eyni vaxtda bir qrupdan olan müxəlif antibiotiklər təyin olunur. Halbuki uşaq onlardan çox yüngül dərəcəli biri ilə müalicə olunub xəstəliyi dəf edə bilər. Nəyə görə uşaqlara bu qədər dərman təyin olunur? Onların hər birinin tərkibində bəzi tefalasforinlər qrupu, elə maddələr var ki, uşaqlarda allergiya, hətta şok belə yarada bilir. Məsələn, həkimlər qızdırması olan, boğazı ağrıyana istənilən xəstəyə antibiotik yazırlar. Normalda isə antibiotik necə yazılmalıdır? Əvvəla, problemin haradan qaynaqlandığını tapmaq lazımdır. Əgər sidiklə bağlı bakterial problem varsa, sidik əkilməlidir, boğaz və ya burunda problem varsa, yaxma götürərək hansı bakteriyanın olduğunu müəyyən edib sırf onun üçün davamlı və həssas olan antibiotiklər nəzərə alınmalıdır. Həssas olanları istifadə etmək olar, davamlı olanları isə olmaz. Uşaqları müalicə zamanı xüsusilə bir sıra antibiotiklər geniş istifadə olunur. Bunun təbii ki, yan təsirləri də var. Məsələn, uzun müddət istifadə edilən bir sıra dərmanlardan sonra öd kisəsində palçıq yaranır, qaraciyər və böyrəklərin funksiyasına təsir edir, ishal baş verir və s. Ona görə də əvvəlcə diaqnoz qoyulması çox önəmlidir.
Firma dərmanlarına gəldikdə isə indi tanıdığımız aspirinlər belə hər hansı firma tərəfindən istehsal olunur. Firma da onu həkimlərə çatdırır. Dünyada müxtəlif tibbi mövzulu beynəlxalq konfranslar keçirilir, hər hansı bir şirkət bu konfransları təşkil edir. Misal üçün, aspirin qrupu olan şirkətlər, xolestrini aşağı salan maddələr tərkibli dərman firmaları. O demək deyil ki, bunlar firma dərmanlarıdır və pisdir. Hər bir dərman preparatı təyinatı üzrə düzgün təyin edilməlidir.
Qiymət və keyfiyyət barədə danışanda, əbəttə ki, fərqlər var. Adi istifadə etdiyimiz "Voltaren" məlhəmi Türkiyədə daha keyfiyyətlidir. Hətta qiyməti də aşağıdır. Eynilə digər bir çox dərmanlar var ki, Türkiyə, Gürcüstan, Rusiyada qat-qat ucuz, amma keyfiyyətlidir".
Yaşamaq insanın təbii hüquqları
içində birincisidir. Dövlət isə vətəndaşlarının
bu hüququnu təmin etmək üçün digər vəzifələrlə
birlikdə, onun səhiyyə xidmətlərinə
ehtiyacını və əlçatanlığını təmin
etməlidir. Bütün bu proses dövlət orqanları və
səhiyyə ilə bağlı səlahiyyətli qurumlar tərəfindən
tənzimlənməlidir. Təəssüf ki, Səhiyyə
Nazirliyi hələ ki vətəndaşlarda bu inamı yarada
bilmir. O ki qaldı dərmanlara,
əvvəlcə işə heç olmasa keyfiyyətli dərmanların
insanlar üçün əlçatan olmasını təmin
etməkdən başlaya bilərik. Bunun üçünsə
dərman bazarındakı
başlı-başınalığa son qoymaq lazımdır.
Afaq Rza
525-ci qəzet.- 2021.- 18 dekabr.- S.16.