Ağacoyma xəttatlığının ustadı  

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

Qədim tarixə və böyük ənənələrə malik Azərbaycan nəqqaşlıq - xəttatlıq sənəti Gəmiqaya və Qobustan qayaüstü rəsmlərindən başlanır. Qayaüstü rəsmlərdəki piktoqramlar və damğalar xəttatlıq sənətinin daşlaşmış abidələridir. Yazının əmələ gəlməsi və inkişaf etməsi ilə xəttatlıq sənəti yeni mərhələyə qədəm qoymuşdur. Geniş mənada Şərqdə, türk-müsəlman dünyasında, o cümlədən, Azərbaycanda xəttin bir çox növləri yaranmış və hüsnxətt qədim sənətlərdən birinə çevrilmişdir. Əksər hallarda xəttatlıq sənəti yazının bir növü olduğu üçün, əsasən, kağız üzərindəki ifadəsi ilə daha da təkmilləşib inkişaf etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Seyfəddin Məsim oğlu Məmmədvəliyev ağacoyma üzərində xəttatlıq sənətinin yeni inkişaf mərhələsinin yaradıcısıdır. O, Azərbaycan ağacoyma xəttatlığı sənətini sadə xəttatlıq peşəsindən bədii ağacoyma xəttatlığı səviyyəsinə çatdırmışdır. Məhz Seyfəddin Məmmədvəliyevin yaradıcı xidməti sayəsində ağacoyma xəttatlığı dekorativ tətbiqi sənətin  xüsusi bir növünə çevrilmişdir. Seyfəddin Məmmədvəliyev qədim ağacoyma sənətini ağacdan fiqurlar, alətlər hazırlamaqdan ağacoyma xəttatlığı sənəti miqyasına çıxarmışdır. Seyfəddin Məmmədvəliyev bu sənəti dairəvi ağac lövhələr üzərində xətlərin ifadə etdiyi mətləbə uyğun şəkildə rəmzi təsvirlərlə üzvi surətdə, vahid süjet xətti ətrafında birləşdirməklə orijinal tablolar yaratmağa müvəffəq olmuşdur. Beləliklə, Seyfəddin Məmmədvəliyev xəttatlıqla rəssamlığı eyni məcrada birləşdirmişdir. O, həm də rəssamlıq qabiliyyətinə malik nadir xəttatlardan biridir. Seyfəddin Məmmədvəliyevin dairəvi ağac lövhədə xətt yazısı ilə simvolik rəsmlərin sintezi əsasında yaratdığı mənzərə sözün əsl mənasında dekorativ tətbiqi təsviri sənət əsəridir. O, ağacoyma xəttatlığı sənətinin mahir ustadı kimi xətlərlə rəsmlərin sintezi, harmoniyası ilə müraciət etdiyi mövzunun əsas mahiyyətini canlandırmağı bacarmışdır. Onun üçün dairəvi ağac lövhə sanki şəkil kağızı, buradakı müxtəlif xətt növləri vasitəsi ilə mənalandırılmış, ümumiləşdirilmiş mətn - əsərin mövzusu, dairənin kənarlarındakı çevrədə əks olunmuş yazılar və təsvirlər isə süjeti ifadə edir. Seyfəddin Məmmədvəliyev böyük bir bədii əsərdə və ya ayrılıqda götürülmüş hər hansı bir sənətkarın həyat və yaradıcılığını əks etdirən monoqrafik tədqiqatda ifadə olunmuş mətləbləri dairəvi ağacın bir üzündə həkk olunmuş xətlər - hərflər və çəkilmiş rəsmlərlə mənalandırmaq qabiliyyətini nümayiş etdirir.

 

Müstəqil Azərbaycan dövlətçiliyi mövzusu Seyfəddin Məmmədvəliyevin yaradıcılığında xüsusi yer tutur. Azərbaycan xəritəsinin fonunda dairəvi çevrənin iç səthinin kənarlarında yazılmış "Müstəqilliyimiz əbədidir" sözləri ilə əhatə olunan Ümummilli lider Heydər Əliyevin parlaq obrazı müstəqil dövlətçiliyin simvolu mənasını daşıyır. Dairənin eşik səthinin kənarlarında Azərbaycan Respublikasının gerbinin konturlarının təsvir edilməsi ağacoyma tablosunda ifadə olunan dövlətçilik ideyasını bir daha tamamlayır. Dairəvi portretin dərinə salınmış iç səthi ilə kənar çevrəsi arasındakı boşluqla əks olunmuş parlaq xətlər günəş şüaları mənasını bildirib, Heydər Əliyev ideallarının əbədiyaşarlığı və xalqımızın yollarına daim işıq salacağı mənasını ifadə edir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portretinin böyük məharətlə ağacdan işlənmiş dövlət gerbinin içərisində verilməsi dövlət rəhbərimizin simasında müstəqil dövlətçiliyimizin bundan sonra daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin tam zəmanət qazanması qənaətini mənalandırır. Ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram" sözlərinin dairəvi səthin iç kənarında həkk olunması ölkə rəhbərinə bəslənən ümumxalq etimadı fikrini daha da möhkəmləndirir. Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətçilik rəmzləri və buta ornamentlərinin əhatəsində yerləşdirilmiş portreti, onun müstəqil dövlətimizin inkişafına göstərdiyi etibarlı dəstəyini və xoşməramlı missiyasını əks etdirir.

 

Seyfəddin Məmmədvəliyevin ayrıca hazırladığı "Müstəqilliyimiz əbədidir" xəttatlıq nümunəsi onun dövlətçilik silsiləsini uğurla tamamlayır. Beləliklə, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin, ölkəmizin Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın portretləri ağacoyma sənətində ilk dəfə Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyev tərəfindən yaradılmışdır.

 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün bədii obrazı Seyfəddin Məmmədvəliyev tərəfindən qardaş ölkənin dövlət rəmzləri ilə vəhdətdə canlandırılmışdır.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyevin portretində dövlətçiliklə elmi fəaliyyətin vəhdəti məharətlə ümumiləşdirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun portretinin Naxçıvan torpağındakı Haçadağın fonunda canlandırılması obrazın xarakteri ilə yanaşı, həm də bu diyarın düşmən sərhədində alınmaz qalaya çevrilməsi fikrini ifadə edir.

 

Seyfəddin Məmmədvəliyevin sənətində Azərbaycan ədəbiyyatı və mədəniyyəti mövzusu, görkəmli klassik sənətkarların portretlərinin yaradılması həmişə aparıcılıq təşkil edir. "Kitabi-Dədə Qorqud" əsərində dastanın boylarından hər birinin qəhrəmanının şəkli ağac lövhənin dairəvi kənarlarındakı 12 medalyonun içərisində yerləşdirilmişdir. Ağac lövhənin səthində yazılmış "Kitabi-Dədə Qorqud" sözlərinin ortasında çəkilmiş qopuz musiqi aləti dastan boylarındakı ideyanı və mətləbi aydın surətdə təqdim etməyə xidmət göstərir.

 

"Nizami Gəncəvi" ağacoymasında dahi şairin adını və təxəllüsünü ifadə edən sözlərin yuxarı hissəsində sənətkarın portretinin aşağı hissədə açılmış kitabın ortasındakı qələmlə birləşdirilməsi obrazın möhtəşəmliyinin ifadəsidir. "Kitabi-Dədə Qorqud" dastanına həsr edilmiş oymada dairəvi səthin üzərində çəkilmiş medalyonların "Nizami Gəncəvi" əsərində ətraf çevrənin üzərində kəsilib dərinə salınması və bu oymada "Xəmsə"dəki hər əsərə dair ən səciyyəvi təsvirlərin həkk edilməsi mövzunu tamamlamışdır. Burada medalyonların oyularaq çevrənin bətninə yerləşdirilməsi Nizami Gəncəvi sənətinin dərinliyini əks etdirir. Xaqani Şirvani oymasında əzəmət, Məhsəti Gəncəvi tablosunda zəriflik və lirizm, İmadəddin Nəsimi təsvirində hürufizmə məxsus hərflərin harmoniyası qabarıq şəkildə həkk olunmuşdur. Əcəmi Naxçıvaninin obrazı Möminə xatın məqbərəsindəki kufi xətlərin naxışları və kümbəzin simvolik işarəsi vasitəsilə canlandırılmışdır.

 

Beləliklə, Seyfəddin Məmmədvəliyevin əsərlərində hər ədəbi-tarixi şəxsiyyət üçün xarakterik olan, açar funksiyasını yerinə yetirən detallardan yaradıcı şəkildə istifadə olunmaqla obrazın mahiyyətinin açılmasına və onun xidmətlərinin daha qabarıq ifadə olunmasına xüsusi diqqət yetirilir. "Kitabi-Dədə Qorqud"da qopuz, "Nizami Gəncəvi"lərdə açıq kitab, qələm və günəş, "Məhsəti Gəncəvi"də ud musiqi aləti, "Əcəmi Naxçıvani"də Möminə xatın məqbərəsindəki gümbəz, "Nəsirəddin Tusi"də düsturlar, "İmadəddin Nəsimi"də hürufiliyin rəmzi olan hərflər, "Soltan Məhəmməd Təbrizi"də çevrədəki miniatürlər, "Qurbani"də saz, "Məhəmməd Füzuli"də "Şəbi-hicran" şairinin alovun içərisində canlandırılan portreti, "Şah İsmayıl Xətai"də qılınc və qələm, "Şeyxülislam Axund Ağa Əlizadə"də "Quran"dan seçilmiş kəlam həmin portretlərin ümumiləşdirilmiş təqdimatını qabarıq şəkildə ifadə edən rəmzi vasitələrdir. Eyni zamanda, oyma üsulundan müxtəlif səpkidə istifadə etmək, xətt yazısını və rəsmləri dairəvi iç səthdə və ya kənar çevrədə yerləşdirməklə də Seyfəddin Məmmədvəliyev mövzunun dərinliyini və genişliyini önə çıxarmışdır. "Mirzə Cəlil" oyma xəttatlıq nümunəsində o, Əcəmi Naxçıvani memarlıq sənəti üçün səciyyəvi olan naxışları mətnə əlavə etməklə, sənətkarı mühiti ilə birlikdə təqdim etməyə nail olmuşdur.

 

Bundan başqa, Seyfəddin Məmmədvəliyev müxtəlif əsrlərdə yaşayıb-yaratmış görkəmli sənətkarların obrazını yaradarkən çevrədə və ya səthdə həmin dahi şəxsiyyətlərin əsərlərindən seçilmiş süjetləri təsvir etməklə yaradıcı şəxsiyyətin tam və ümumiləşmiş obrazını yaratmağa müvəffəq olur. Seyfəddinin ağacoyma üzərindəki rəsmlərinin əsasən miniatürlərdən ibarət olması, butalarda və medalyonların içərisində yerləşdirilməsi çətin olduğu qədər də mənalıdır. Ağacoyma xəttatlığında xüsusi məharət göstərən Seyfəddin Məmmədvəliyev süjetli miniatür rəsmlərində də yüksək istedadını nümayiş etdirə bilir. O, xəttatlıq ağırlıqlı rəssam kimi hər iki cəbhədə fəaliyyətini uğurla davam etdirir. Bütün bunlar üçün xəttatdan istedad və bacarıqla yanaşı, həm də savad və bilik tələb edir. Yarım əsrdən çox Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışmaqda davam etməsi, əlyazmalar üzərində apardığı araşdırmalar və mütaliəyə böyük marağı onun elmlə sənətin vəhdətindən yoğrulmuş əsərlər meydana gətirməsinə imkan yaratmışdır. Seyfəddin Məmmədvəliyevin əsərlərində yalnız təsvirlərin deyil, həm də müəyyən mətləbin, fikrin ifadə olunması çalışdığı elmi-akademik mühitin ona bəxş etdiyi keyfiyyətdədir. Buna görə də Seyfəddinin rəsmlərində bədii təxəyyüllə elmi idrakın vəhdəti onun fərqli ağacoyma xəttatlığı nümunələri yaratmasına səbəb olmuşdur. Elmi şəkildə desək, bu əsərlərdə elm və sənət qoşa qanad kimi iştirak edərək, biri digərini tamamlayır. Necə deyərlər: Fizika və lirika! Məsələnin bu cəhəti Seyfəddin Məmmədvəliyevin ağacoyma sənətindəki özünəməxsus fərdi üslubunu müəyyən edir.

 

Seyfəddin Məmmədvəliyev adlı-sanlı elmyönlü ağacoyma xəttatı və rəssamdır. Elmə xüsusi önəm verən Seyfəddin Məmmədvəliyevin ağacoyma sənətində görkəmli elm adamlarının obrazlarını yaratması təbii görünür və əsl sənət nümunəsi kimi alınır. Ədəbiyyat motivləri əsasında hazırlanmış əsərlərində olduğu kimi, elmə aid oyma xəttalıq nümunələrində də o, obrazını yaratdığı alimlərdən hər birinin ən xarakterik cəhətini müəyyən edərək, ağac üzərində məharətlə canlandırmağı bacarmışdır.

 

Fikrimizcə, hər oyma xəttatlıq əsəri böyük istedad və zəhmətlə çəkilmiş mükəmməl sənət nümunəsi olmaqla bərabər, Məhəmməd Füzuliyə həsr edilmiş oymalar silsiləsi Seyfəddin Məmmədvəliyevin yaradıcılığında xüsusi yer tutur. "Şəbi-hicran" adlandırdığı Füzuli portreti Seyfəddin Məmmədvəliyevin şah əsəridir.

 

Son zamanlar Seyfəddin Məmmədvəliyevin əsərlərində fotoşəkillərdən də istifadə olunur. Bu məqamlarda o, ustad xəttat kimi kompozisiyaya daxil etdiyi fotoşəkillə təqdim etdiyi portretin və ya ona aid detalların harmoniyasını yaratmağa nail ola bilir. Fotoşəkildən istifadə onun tarixilik üstündə köklənmiş sənətinə müasirlik ruhu gətirir.

Tanınmış ağacoyma xəttatı və rəssamın əsərləri artıq Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda dəfələrlə yüksək səviyyəli sərgilərdə nümayiş etdirilərək, böyük rəğbət qazanmışdır. Ağacoyma xəttatlığı sənətindəki çoxillik və səmərəli yaradıcı fəaliyyətinə görə o, dövlətimiz tərəfindən 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

 

"Ağac üzərində sənət möcüzəsi" kitabı Seyfəddin Məmmədvəliyevin hərəsi bir kitab qədər əhəmiyyətli olan ağacoyma xəttatlığı nümunələrinin ümumiləşdirilmiş külliyyatıdır.

 

Şəxsiyyətinə, mükəmməl və bənzərsiz sənətinə dərin rəğbət bəslədiyimiz Seyfəddin Məmmədvəliyevə yaradıcılıq yollarında daha böyük uğurlar arzulayırıq.

 

21 noyabr 2021-ci i

 

 

İsa Həbibbəyli

 

525-ci qəzet.- 2021.- 18 dekabr.- S.15;23.