Təranə
Paşayeva : "Ən
dəyərli sərvət insanların inamıdır"
Müsahibimiz "Loqos"
psixoloji və nitq mərkəzinin rəhbəri Təranə
xanım Paşayevadır
- Təranə
xanım, ömürdən daha bir il
ötür, qarşıdan yeni il gəlir, necədir ruhunuz?
- Təşəkkür
edirəm, psixoloq ruh mütəxəssisidir,
başqalarının psixoloji problemlərini təhlil edib,
çarə tapan, insanlara psixoloji yardım göstərən
şəxs gərək vaxtlı-vaxtında öz
ovqatını, fərdi psixoloq ruhunu nizamlaya bilsin. Hələ ki, öhdəsindən gəlirik.
- Sizcə,
2021-ci il "Loqos" Psixoloji və Nitq Mərkəzinin
timsalında, yəni sizin təşkilatın fəaliyyəti
və əldə olunmuş yekunlar baxımından necə dəyərləndirilə
bilər?
- Bəli,
ünvanımız, adımız bəllidir: "Loqos"
Psixoloji və Nitq Mərkəzi... Amma biz, təvazökarlıqdan
uzaq düşməmək şərti ilə deyirəm, 7 il ərzində və əlbəttə ki, dəyərli
psixoloq mütəxəssislərimizin gərgin əməyi,
yüksək səviyyəli psixoloji yardımların
icrası sayəsində Respublika miqyaslı mərkəz
olaraq tanınırıq. Bu, çox xoşdur,
həm də böyük məsuliyyət yaradır. Yəni bu o deməkdir ki, fəaliyyətimiz
bütün parametrlər üzrə ölkəmizin həyat
ritminə qovuşmuş haldadır. Deməli,
Azərbaycan üçün, əhalimizin nəzərincə
zaman və sosial-ictimai-mədəni dinamika necə
olmuşdursa, bizim Mərkəz mövcud gerçəkliyi
bütün dolğunluğu ilə hiss etmişdir.
Misal deyirəm, bilirsiniz, artıq iki ildən çoxdur
ki, dünya, dünyanın bir parçası olan Vətənimiz
Covid-19 pandemiyasından əziyyət çəkir. İnsan kapitalını ən
böyük sərvət elan edən, insanların sosial
durumunun daimi qaydada və dolğun ödənilməsi
üçün tədbirlər görən dövlətimiz
milli idarəetmə strategiyasına uyğun olaraq dünya
ölkələri arasında kütləvi şəkildə
yayılan, müalicəsi, necə deyərlər, ehtimal əsasda
aparılan bu xəstəliyə qarşı ən qəti
şəkildə və ən birinci müharibə elan edən
ölkələr sırasında olmuşdur, indi də var.
Dünya Sağlamlıq Təşkilatı da bu faktı
dönə-dönə beynəlxalq tribunalardan təqdir
etmişdir. Görülən tədbirlərə
baxmayaraq, məlum obyektiv səbəbdən xəstəliyə
yoluxmalar da olur, həyatını itirənlər də.
Əsas odur ki, Azərbaycanda insanların əziyyət
və ağrılarının, ölüm hallarının minimuma
endirilməsi üçün bütün lazımi tədbirlər
görülür, vaxtında zəruri addımlar
atılır. Şükür ki, indi bizdə
vaksin təminatı yetərincədir, ciddi maarifləndirilmə
işləri aparılır, insanlar imkanları səfərbər
edərək pandemiya şəraitinin davranış tələblərinə
əməl edirlər. Bir sözlə,
mütəxəssislərin qeyd etdiyi kimi, xəstəliklə
bağlı tibbi-sağlamlıq şəraiti idarə olunur.
Pandemiya həyatın ritmini təmin edən bütün
təşkilatları xüsusi rejimdə
çalışmağa vadar etmişdir. Niyə belə
deyirəm? Çünki infeksiya ilə
bağlı sərt karantin tədbirləri görülür.
Xəstəliyin yayıldığı ilk mərhələdə
biz də qaydalara ciddi əməl edərək aylarla minimum
miqyasda çalışmışdıq. Bəlkə
heç buna çalışmaq da demək olmazdı. Dövlətimiz sağ olsun, həmin çətin
vaxtlarda digər xidmət sahələri, QHT təşkilatları
ilə bir sırada bizim də işçilərimizin əmək
haqqının ödənməsinə yardım göstərmişdi.
Bütün bunlarla yanaşı, elə müəssisələr,
elə infrastruktur sahələri var ki, onlar hansı yolla
olur-olsun, insanların xidmətində durmağa fürsət
tapa bilməlidirlər. Biz bunu fədakar həkimlərimizin
timsalında gördük. Ərzaq təminatı
sahəsində fəaliyyət mürəkkəb vəziyyətdə
düzgün, təmkinli işlədi. Təhsildə
onlayn sistem işə düşdü. Son
iki ilin yaratdığı psixoloji ovqat bizi də hətta məhdud
səviyyədə olsa da fəaliyyət göstərmək tələbi
ilə üz-üzə qoydu.
- Belə
bir şəraitdə əhaliyə psixoloji yardım göstərmənin
səciyyəvi cəhətləri nələrdən ibarət
idi?
- Bu cəhətlər
həm ümumi, həm də spesifikdir. Məsələn,
biz tam bir məsuliyyətlə karantin qaydalarına əməl
etməyi ön plana çəkdik. İşçilərimizə
izah edildi ki, biz hər gün insanlarla təmasda oluruq. Psixoloji yardım almaq məqsədi ilə gələn
hər kəsə nümunə göstərmək borcumuz və
vəzifəmizdir. Ona görə də
bütün filiallarımız sanitar epidemioloji qaydalar
baxımından yenidən, ən yüksək səviyyədə
quruldu. Onu da deyim ki, 7 il ərzində
fəaliyyətimizdə üstün tutduğumuz tələblərdən
biri səliqə-səhman, tibbi-sanitar təmizlik olmuşdu. Yeni şəraitdə isə biz hər kəs
üçün məcburi olan qaydalara riayət
olunmasını tam və fasiləsiz nəzarətdə
saxladıq. Bura iş yerində əllərin sabunla dəfələrlə,
daha doğrusu, zərurət yarandıqca yuyulması, spirtli
vasitələrlə təmizlik, maska taxılması, toy, yas, toplantı və digər mərasimlərdən
çəkinmə və s. daxildir.
Xəstəliyin
həm fizioloji, həm də psixoloji gərginlik
yaratdığı iki il ərzində
qısa müddətli məcburi qapanmaları çıxmaq
şərti ilə demək olar ki, fasiləsiz fəaliyyət
göstərməyə nail olduq. Biz çətinlikdən
birlikdə, yardım etdiyimiz insanlarla bərabər
çıxmağı öyrəndik. Mən
burada Bakı şəhəri və regionlar üzrə
mütəxəssislərimiz tərəfindən təşkil
edilən vebinarların təsir gücünü xüsusi qeyd
etmək istərdim. Texnoloji təmas alətlərindən
istifadə fasiləsiz və daha kütləvi maarifləndirmə
prosesinə qoşulmağa imkan yaratdı.
- Siz
pasiyentlərlə sıx əlaqənin səmərəli
olduğuna işarə etdiniz. Məncə,
ekstremal vəziyyətlərdə bütün cəmiyyətin
həmrəyliyinə ehtiyac yaranır. Konkret
misallar əsasında bu məsələyə nəzər
sala bilərikmi?
- Niyə
də yox, iş olan yerdə deməyə
söz, göstərməyə nümunələr də olur.
"Loqos" PNM, eləcə də tərəfimizdən
yaradılan və uğurlu addımlar atan PXTM İctimai Birliyi
digər dövlət və QHT təşkilatları ilə
sıx əməkdaşlıq şəraitində
çalışmağa üstünlük vermişdir. Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurası, Respublika Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
birgə keçirdiyi "Regionlarda ailə dəyərlərinin
təbliği və gənc ailələrə psixoloji
yardım göstərilməsi" layihəsinin icrasında
kollektivimiz, psixoloq mütəxəssislərimiz yaxından
iştirak etmiş, Bakı, Lənkəran, Gəncə, Bərdə,
Xaçmaz rayonlarında müraciət edən vətəndaşlar
üçün yaş məhdudiyyəti qoyulmadan ödənişsiz
psixoloji konsultasiyalar təşkil olunmuşdur.
Karantin müddəti və karantin sonrası dövrdə
insanların psixoloji sağlamlığının qorunması
vacib amillər sırasındadır. Sözügedən mərhələlərdə
gənclərin psixoloji durumuna, düşüncə və
şəxsi inkişafına yardımçı olmaq, habelə
Azərbaycan dilində psixoloji podkast platformanın
yaradılması məqsədi ilə ASAN
Könüllülük məktəbinin təşkil etdiyi
layihəyə biz də qoşulduq. ASAN
Radionun media dəstəyi ilə əhatə olunan bu tədbir
cəmiyyətimiz tərəfindən böyük maraqla
qarşılandı.
İkinci
Qarabağ savaşı zamanı, şanlı qələbəmizdən
sonrakı dövrlərdə daim dövlətimizin, ordumuzun,
Müzəffər Ali Baş Komandanın yanında olmaq,
psixoloji yardımlar zamanı şəhidlik, qazilik amillərini
nəzərə almaq kollektivimiz tərəfindən bir vətəndaş
borcu sayılmışdır. Mən bu barədə
məxsusi məqalələr yazıb, çap etdirmişəm.
Ona görə də hərbi-siyasi məsələlər
fonunda ölkəmizin həyatında baş verən proseslərə,
daha doğrusu, xüsusi şəraitlərdə daim
insanların yanında olaraq "Loqos"un verdiyi adekvat
münasibətə, göstərilən təmənnasız
humanitar fəaliyyətə görə Fəxri Fərmanlara
layiq görüldüyümüzü qeyd etməklə kifayətlənirəm!
-
Uğurlar üstünlük verilən, əsas
götürülən hədəflərin düzgün
seçilməsi ilə reallaşa bilir. "Loqos"un fəaliyyətinin ilkin mənbəyi gündəlik
iş, psixoloji yardımların göstərilməsi ilə
bağlıdırsa, məncə, növbəti faktor layihələrin
icrasından qaynaqlanır. Bu mənada hansı
istiqamətləri sıralaya bilərik?
- İlk olaraq “Psytech” proqramında
iştirakımızı fərqləndirə bilərik. Proqram
dünyada tanınır. Bu, dünya üzrə
20 milyon insanın yararlandığı psixometrik qiymətləndirmə
testidir. Psixometrik qiymətləndirmə testləri
hazırlayan “Psytech İnternational”ın bir parçası -
Azərbaycan tərəfdaşı olaraq
gücümüzü sınayır, şirkətlərin
iş hədəflərini təmin etmək üçün
yüksək köklü həllər təqdim edirik. Belə novator fəaliyyəti Avropa Psixoloqlar Birliyi
Federasiyası və Britaniya Psixologiya Birliyi ilə əməkdaşlıq
çərçivəsində aparırıq.
Sürətli dünya inkişaf prosesində bir sıra
qədim və yeni neqativləri də "dirçəldir". "Loqos"
PNM mütəxəssislərinin yeni nəsil insanlarda kəkələmə
problemi ilə üzləşmələri bizi
düşündürür və hərəkətə
keçməyə əsas verir. Düzdü,
biz valideynlərə, müraciət edənlərə izah edərək
deyirik ki, kəkələmə xəstəlik deyil, psixoloji
durumdur. Hər halda bu vəziyyət
insanlarda narahatlıq yaradır. Bunu nəzərə
alaraq mənim şəxsən təqdim etdiyim layihə əsas
da 4 dildə (Azərbaycan, türk, rus, ingilis) "Kəkələmə"
adlı kitabın birinci və ikinci nəşrini təqdim
etdik. Bununla kifayətlənmədik, kəkələmə
qüsurunu aradan qaldıran virtual məkan yaratdıq. Mərkəzlərimizə bu problemlə müraciət
edən hər bir kəs www.kekeleme.az platformasından faydalana
bilər. Məqsədimiz hər bir Azərbaycan
vətəndaşının səlis, rəvan
danışmağına yardımçı olmaqdır.
Kəkələmə probleminin aradan qalxmasına kömək
edən iş dəftərləri də əlimizin
altındadır.
- Məsuliyyətli,
məqsədyönlü fəaliyyətin
qarşılığında uğurların olması təbiidir.
2021-ci ildə qazanılmış hansı
yekunlardan danışmaq olar?
- Əməyə, işə verilən qiymət ədalət
meyarıdır. Uğurlarımızın müəllifi
bütün komandamız, "Loqos" ailəsidir. Dəyərli olan budur ki, ölkəmizdə fəaliyyət
göstərən ciddi QHT-lərin hər biri kimi, biz də
daim dövlətimizin dəstəyini hiss edir,
görürük. Əməkdaşlıq
etdiyimiz dövlət strukturlarındakı mütəxəssislər
işimizi bəyənirlər, dəyər verirlər.
Digər yandan, bu da çox əhəmiyyətlidir,
kollektivimiz müəyyən bir çevrədə
insanların inamını qazanıb, yəni bizə ümidlə,
inanaraq üz tuturlar. Onlar bilirlər ki, "Loqos"un ən
böyük uğuru insanların mənəvi
rahatlığı, psixoloji sabitliyidir.
- "Loqos" PNM-nin beynəlxalq əməkdaşlıq
sahəsində də yeniliklər var yəqin. Axi siz hər
zaman yüksək nəticələr qazanmaqda dünyanın
psixoloji yardım təcrübəsinin öyrənilməsini,
bu təcrübənin tətbiqini mühüm amil hesab
edirsiniz.
-
Doğru qeyd edirsiniz, yenilik ondan ibarətdir ki, biz yenə ənənəmizə
sadiq qalıb öz sahəmiz üzrə beynəlxalq
mühitin bir parçası olmağa can atırıq. Obyektiv sıxıntılara baxmayaraq, psixoloqlarla
yanaşı, həkimlərin, universitet tələbələrinin,
müəllimlərin də faydalana biləcəyi, Rusiya və
Türkiyənin ən güclü mütəxəssis-alimləri
tərəfindən aparılan mühazirə və treninqləri
davam etdirmişik.
"Şema
terapiyası", "Qəzəb və stressin idarə
olunması", "Yeniyetməlik dövründə depressiya
və dağıdıcı davranış pozuntusu",
"Filial terapiya", "Evlilik, ailə, boşanma
terapiyasının əsasları" kimi vacib mövzularda təlimlər
dünyada tanınan psixoloqlar - Pavel Kosyanik, Cem Özüak,
Obengül Ejder, Elif Macit, Gökhan Göksu tərəfindən
idarə olunmuşdur.
Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, Üsküdar Universiteti, Fundamental Təhsil Universiteti, V.M.Bexterev adına Sankt-Peterburq Milli-Tibbi Neyropsixoloji Psixiatriya Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Lomonosov adına Moskva Dövlət Universiteti və beynəlxalq psixoloji informasiya mərkəzləri, redaksiyalar ilə əlaqələrimiz 2022-ci ildə də davam etdiriləcəkdir.
- Proqnozlara görə, 2022-ci və qarşıdakı illərdə hansı psixoloji-mənəvi faktorlara, proses və olaylara diqqət yetirmək lazım gələcək?
- Ümumi psixoloji məzmunlu müraciətlərin artımının müşahidə olunacağını düşünürəm. Təəssüf ki, boşanmaların sayı artmaqdadır, təəssüf ki, dəhşətli intihar halları, narkomaniyanın fəsadları, qadına şiddət epizodları kütləvi informasiya vasitələrində izlənilməkdədir. Bütün bu neqativlərin əsasında psixoloji əsasların olduğu hər kəsə bəllidir. Çalışacağıq ki, ən xırda psixoloji problemlərdən tutmuş, geniş miqyaslı humanist proseslərə qədər hər bir zəruri məqamda insanların yanında olaq, cəmiyyətimizin həyatı daha rahat, daha mənalı bir axarda davam etsin. Unutmayaq ki, psixoloji sabitlik ictimai yekunların, maddi, mənəvi sərvətlərin artımında zəruri şərtlərdən biridir.
- Yeni il ərəfəsində maraqlı söhbət üçün sizə sağ olun deyirik. İnanırıq ki, "Loqos"un uğurları, ən əsası insanların sizə inamı və sevgisi ildən ilə artacaq.
Söhbəti yazdı: GÜLGÜN
525-ci qəzet.- 2021.- 18 dekabr.- S.14;23.