Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?
(Əvvəli
ötən şənbə sayımızda)
Söhbətimiz sakit, amma nisbətən gərgin ovqatda
keçdi. Macar nazir Ramil Səfərovun yalnız cəzasının
qalan hissəsini Azərbaycanda çəkmək şərti
ilə ekstradisiya edildiyini xüsusi vurğuladı. Onun dərhal
əfvinin gündəlikdə dayanmadığını, bu
addımı atmaqla
Macarıstanı pis vəziyyətdə
qoyduğumuzu dedi. Təkcə Ermənistanla
deyil, Avropa Birliyi ilə münasibətlərinin gərginləşdiyini,
daxildə vətəndaş cəmiyyəti ilə
üz-üz qaldıqlarını xatırlatdı. Bir sözlə, bizi əhdə vəfasızlıqda
günahlandırdı.
Mən
iyunun sonunda Bakıdakı yüksək səviyyəli
danışıqların bəzi detallarını açıqlamalı oldum. Azərbaycan
Prezidentinin ekstradisiyanın ilkin şərti kimi məhbus
zabitin əfvi məsələsini qəti şəkildə irəli
sürdüyünü yada saldım. Zamanında macar məhkəməsinin
Ramil Səfərova
qeyri-adekvat şəkildə ağır cəza verdiyini, indiki
gecikmiş qərarla əslində buraxılan səhvin
düzəldildiyini dedim. Ehtiyac yaranarsa, müəyyən
audio materialları təqdim etməyə hazır olduğumuzu
bildirdim.
Ermənistan
rəhbərliyinin yaxın keçmişdə
çoxsaylı insan tələfatı ilə nəticələnmiş
terror aktı törədənləri Yerevanda qəhrəman
kimi qarşıladığını, dərhal əfv
etdiyini, vətəndaşlıq verdiyini, hətta erməni
dövlət və hökumət başçılarnın
utanıb-qızarmadan qatı cinayətkarla
görüşdüyünü, bunu KİV vasitəsi ilə
yaydıqlarını vurğuladım. Dediklərimə
sübut kimi Parisin Orli hava limanında 8 nəfəri qəddarlıqla
qətlə yetirən, cəzasının cüzi hissəsini
çəkəndən sonra Fransadan Ermənistana ekstradisiya
edilən terrorçu və qatil Varujan Qarabedyanın nümunəsini
yada saldım. Cinayətlərinin müqabilində layiq
olduğu cəzanı
işğalçı kimi gəldiyi Qarabağda,
Azərbaycan əsgərindən alan
başqa bir terrorçunu - adı ətrafında əzabkeş
aurası yaradılan, kultlaşdırılan Monte Melkonyanı
xatırlatdım.
Ermənilərin
istər Osmanlı imperiyasında, istərsə də Azərbaycanda
milli zəmində qanlı cinayətlər törətmiş
daşnak liderlərini,
müharibə canilərini dünyaya tarixi ədalət
uğrunda mübarizə aparan əzabkeş qəhrəmanlar kimi
tanıtdıqlarını, Soqomon Seyranyan və Misak Torlakyan
kimi siyasi qatilləri cəngavər, fədai ranqına
yüksəltdiklərini diqqətə çatdırdım.
Bu soyuqqanlı insan cəlladları ilə müqayisədə
Ramil Səfərovun təbii ki, əsla məqbul
saymadığımız hərəkətinin sıradan bir qətl,
daha çox hisslərinə hakim kəsilə bilməməyin
acı nəticəsi kimi meydana
çıxdığını sözlərimə əlavə
etdim. Monoetnik Ermənistandan fərqli olaraq münaqişə
başlayana qədər ölkəmizdə yüz minlərlə
erməninin yaşadığını (və müəyyən
qisminin indi də
yaşadığını!), azərbaycanlıların
dünyanın tolerant
xalqlarından biri kimi tanındığını, heç
vaxt etnik və dini zəmində heç kimlə düşmənçilik
aparmadığımızı bildirdim.
Jolt
Nemetin beynəlxalq birliyin Macarıstana təzyiqləri ilə
bağlı dediklərinin müqabilində dost ölkəni və
onun hökumətini çətin vəziyyətdə
qoymağımız fikri ilə müəyyən qədər
razılaşdım. Amma macar rəsmisinin diqqətinə
çatdırdım ki, belə bir riskin mövcudluğu ilə
bağlı hələ ehtimallar ilk gündən mövcud
olmuşdu. Yəni
atılan addımın riskliliyi, beynəlxalq miqyasda
doğuracağı əks-səda
hər iki tərəfə əvvəldən bəlli idi.
Bütün təzyiqlərə rəğmən, macar
hökumətinin belə bir qərar qəbul etməsini
yüksək qiymətləndiririk. Digər tərəfdən,
hətta Azərbaycan Prezidenti Ramil Səfərovu əfv etməsəydi
belə, Yerevan yenə eyni hay-küyü salacaqdı. Avropa Birliyinin ölkələrimizə,
ilk növbədə də işğala məruz qalmış
Azərbaycana ikili
standartla yanaşdığını xatırlatmağı da
unutmadım.
Təbii ki, istənilən qədər mübahisə
etmək, əks arqumentlər gətirmək mümkün idi. Amma sonda yenə
hərə öz mövqeyində qalacaqdı. Kiminsə fikri dəyişməyəcəkdi. Mən onsuz da xoş olmayan söhbətin
açıq mübahisə, söz güləşdirmə
müstəvisinə keçməsini istəmirdim. Ona
görə də yumşaq bir şəkildə macar həmkarlarımı
vəziyyətlə
barışmağa, əsla
peşmançılıq hissi keçirmədən atdıqları
nəcib, humanist addımı sona qədər müdafiə
etməyə çağırdım. Ajiotajın
tezliklə səngiyəcəyini, bu gün meydan
sulayanların sakitləşəcəyini, ortada isə
yalnız Macarıstanın humanizm, ədalət bəhrəsi
olan və heç vaxt yaddan çıxmayacaq bir xeyirxahlıq
örnəyi qalacağını bildirdim.
Təbii
ki, söhbətin sonunda əvvəldən
hazırlanmış etiraz notası təqdim edildi. Elə oradaca gözdən keçirərkən ifadələrin
düşündüyüm qədər sərt
olmadığının fərqinə vardım. Jolt
Nemetin məni qapıya qədər ötürməsi və
qapının önündə əlini çiynimə qoyaraq
məsələyə anlayışla
yanaşmağımızı xahiş etməsi də
çox şeydən xəbər verirdi. Deyəsən, formal
prosedurun icrası ilə onun da üstündən ağır
yük götürülmüşdü. Hər halda,
söhbət başa çatanda sifətinin ifadəsi
görüşün əvvəlindəki kimi sərt deyildi...
Vidalaşarkən "Sir, I am in your disposal in any time"
("Ser, hər vaxt sərəncamınızdayam") deməsi
də "incikliyin"
arxada qalmasından xəbər verirdi...
Bir neçə saatdan sonra Azərbaycan səfirinin bazar
günü Macarıstan Xarici İşlər nazirliyinə
çağırılması və ona etiraz notası verilməsi
dünya informasiya agentliklərinin aparıcı xəbərləri
sırasında yer almışdı.
Nazirlikdən birbaşa Səfirliyə gəldim. Görüş
və danışıqlar barəsində dövlət
başçısını məlumatlandırdım. Prezident bütün detallarla maraqlanırdı.
Məsələni daim diqqətdə saxladığı hiss
olunurdu. Sonra söhbət yazısı
hazırlayıb Administrasiyaya və XİN-ə göndərdim.
Gün ərzində Bakıdan çoxlu zənglər
oldu. Telefon açıb təbrik bildirənlərin,
xoş söz söyləyənlərin, razılıq və mənəvi dəstək
ifadə edənlərin
arasında
tanımadığım
xeyli adam vardı. Amma təəccübümə
rəğmən, birincilər sırasında zəng vurub
sevincini bölüşməli, minnətdarlığını
bildirməli olan şəxsdən - Sahib Səfərovdan səs-səda
eşidilmirdi. İndi çox həyəcanlı
anlar yaşadığını düşünüb
günün sonunda özüm zəng vurdum,
gözaydınlığı verdim.
Ertəsi gün Piter Siyyarto ilə söhbətimiz oldu. Təşəbbüs
macar rəsmisi tərəfindən gəlmişdi. Əvvəlcə elə düşündüm ki, cənab
Siyyarto də protokol görüşü keçirir; rəsmi
şəkildə narazılığını,
narahatlığını bildirəcək, sonra da bu barədə
mətbuata məlumat ötürəcək. Amma düşündüyümün əksi oldu.
Piter ilk növbədə birlikdə gördüyümüz işin uğurla
nəticələnməsi münasibəti ilə dövlət
başçısına hökuməti adından təbriklərini
çatdırmağı xahiş etdi. Son üç gündə
istər daxildən, istərsə də Avropa qurumlarından
eşidilən tənqidlərə rəğmən, Baş
nazir Orbanın verdiyi qərarın düzgünlüyü ilə
bağlı qətiyyən tərəddüd hissi keçirmədiyini
dedi. Daha sərt tənqidlərin, etiraz
aksiyalarının, nümayişlərin hələ irəlidə
olacağını və bütün bunlara təmkinlə,
emosiyasız və soyuqqanlı yanaşmaq lazım gəldiyini
vurğuladı. Atacağımız
addımları qarşılıqlı şəkildə əlaqələndirməyin
zəruriliyindən danışdı.
Piter Siyyarto görüş zamanı hər iki ölkənin
rəsmi və hökumətə yaxın mətbuatında
mövzunu birdəfəlik qapatmağın zəruriliyini diqqətə
çatdırdı. Həm də təklifin Baş nazirdən
gəldiyini gizlətmədi. Qarşıya
qoyulan vəzifə yerinə yetirilmişdi. İstəyimizə çatmışdıq.
Bundan sonra keçmiş məhbusun qatil, yoxsa qəhrəman
olması ətrafında mübahisə açmağa, mənasız
yerə kimləri isə qıcıqlandırmağa lüzum
qalmamışdı. Onun nə demək istədiyi
mənə aydın idi. Bir günün içərisində
dünənki Budapeşt məhbusunun baş leytenantlıqdan
mayor rütbəsinə yüksəlməsi, mənzillə təmin edilməsi,
səkkiz il yarım ərzində
toplanan maaşının ödənilməsi, ən əsası
isə bütün bu addımların geniş reklam edilməsi daxili işimiz olsa da, macar mətbuatında ekstradisiyaya
razılıq vermiş hökumət
başçısını ələ salmaq kimi dəyərləndirilirdi.
Müxalif qəzet və saytlar xüsusi fəallıq
göstərirdilər.
Təbii
ki, Prezident sərəncamı ilə əfv olunan Ramil Səfərov
Azərbaycan vətəndaşı
kimi işlə, mənzillə təmin olunmalı idi. Üzləşdiyi məhrumiyyətlərlə də
bunları haq etmişdi. Lakin göstərilən
yaxşılığı, yaxud halal haqqının
özünə qaytarılmasını şouya çevirməyə,
mətbuata və televiziyaya çıxarmağa, geniş
informasiya yaymağa
nə ehtiyac vardı?
Hər şeyi daha sakit şəkildə
etmək olmazdımı? Bəlkə də
çoxlarının bilmədiyi bir məsələ də
vardı: Prezident zərbələri üzərinə
götürüb keçmiş məhbusu əfv edənə
qədər indi səxavət kisəsinin ağzını
açıb dövlət vəsaiti hesabına mənzil, maaş, rütbə paylayanlar ümumiyyətlə
dustaq zabitin taleyi ilə nə qədər
maraqlanmışdılar?
Macarıstandakı
ilk səfirimiz Həsən Həsənovun təşəbbüsü və
təkidi ilə Müdafiə Nazirliyi Ramilin həbsxanadakı
xərclərini qarşılamaq üçün əslində
qurumun maliyyə imkanları ilə
müqayisədə son dərəcə simvolik bir təqaüd
ayırmışdı. Bu məbləğ onun heç telefon
danışıqlarının yarısına
çatmırdı. Amma həmin pulu almaq
özü də müşkülə çevrilmişdi.
Məsələn, 2012-ci il üçün nəzərdə
tutulan məbləğin yarısını yalnız iyul ayında göndərmişdilər.
Özü də mənim keçmiş müdafiə naziri Səfər
Əbiyevə təkidli telefon zənglərimdən sonra!
Halbuki elə həmin iyul ayına qədər məhbusun Azərbaycana
qaytarılacağı heç kimin ağlına da gəlmirdi,
deməli, onun
maddi təminatı haqqında daha ciddi
düşünməyə ehtiyac vardı.
Bir incə
nüansı da qeyd edim: əvvəllər Həsən müəllim,
sonra isə mən keçmiş həmkar kimi müdafiə
nazirinə ərklə telefon aça bilirdik. Ən
azı Səfər Əbiyev bir vaxtlar aramızda olan salam-kəlamı
nəzərə alıb zənglərimizə cavab verirdi.
Bəs Macarıstanda nazirin şəxsən
tanımadığı başqa, deyək ki, cavan bir diplomat
çalışsaydı, vəziyyət necə şəkil
alacaqdı? Əgər hər hansı bir vəsait ayrılmışdısa, onun
vaxtında göndərilməsini təmin etmək
olmazdımı? Lazımi məqamda dara düşmüş həmkarına
adi diqqəti göstərməyən adamların Prezident sərəncamından
sonra 180 dərəcə dəyişmələri ən
azı qəribə idi və xeyirxahlıqdan daha çox
özünü reklam etmək, yaxud "yuxarıların"
xoşuna gəlmək təsiri
bağışlayırdı.
Həbsxanada saxlandığı illər ərzində
Ramil Səfərovun zəruri tələbatı əsasən
Səfirlik tərəfindən ödənilmişdi. Ayda üç dəfə
verdiyi siyahı əsasında əməkdaşlar (konsul və
sürücü)
bazarlıq edib həbsxanaya aparırdılar. Ödəniş əsasən Səfirliyin xüsusi
xərclər smetasından edilirdi. Siyahıdakı
bütün ərzaq çeşidləri əvvəlcədən
həbsxananın müvafiq xidməti ilə
razılaşdırılırdı. Əsas şərtlərdən biri hər
şeyin fabrikdə qablaşdırılmış şəkildə
olması idi. Yadımdadır, 2011-ci ilin Novruz bayramında həyat
yoldaşımın - Şəhla xanımın təşəbbüsü ilə
Səfirlik əməkdaşları ona bayram xonçası -
plov və Azərbaycan şirniyyatı aparmaq istəyirdilər.
Həbsxana rəhbərliyinə müraciət
etdik. Hər şeyin ev şəraitində
hazırlanması ilə bağlı ciddi təminat verməyimizə,
səfirin şəxsən məsuliyyət
daşımasına və gətirdiyimiz bütün dəlil-sübutlara baxmayaraq, sovqat
qəbulundan qəti boyun qaçırıldı. Macar tərəfin
ehtiyatlılığını başa düşür və
yüksək qiymətləndirirdik. Bu, ilk
növbədə ermənilərin əli ilə mümkün
zəhərlənmə ehtimalının
qarşısını almaq məqsədi güdürdü.
Müxtəlif vaxtlarda Budapeştə yolu
düşən və həbsxanada məşhur dustağa
baş çəkən bəzi həmvətənlərimiz də
müəyyən ianələr edirdilər. Məsələn,
yadımdadır ki, YAP icra katibi Əli Əhmədov
Budapeştdə olarkən partiya adından MN-nin bir illik təqaüdü həcmində
yardım göstərmişdi.
Aydın məsələdir ki, istər Müdafiə
Nazirliyindən, istərsə də ayrı-ayrı şəxslərdən
daxil olan vəsait Səfirlikdə toplanır, nəyə və
hansı məqsədlə xərclənməsinin dəqiq hesabatı
aparılırdı. MN-nin tələbi ilə hər ilin
sonunda göndərdikləri məbləğlə bağlı ayrıca
arayış hazırlanıb təqdim edilirdi. Ekstradisiyadan sonra isə
qalan vəsait son sentinə qədər
aktlaşdırılıb müşavir Anar İmanov vasitəsi
ilə Bakıda Ramil Səfərovun özünə
çatdırılmışdı.
Və
bütün bu işlər müəyyən məxfilik şəraitində,
Səfirliyin daxili işi kimi həyata keçirilmişdi. Diplomatik missiya heç vaxt məhbus zabitə
göstərilən diqqət və qayğını gündəmə
gətirməmişdi. Kimdənsə əlavə vəsait
və s. tələb edilməmişdi. Yəni
biz sadəcə vəzifəmizi yerinə yetirirdik.
Öz işini görən adamın isə bundan qürrələnməsi
ən azı qeyri-ciddi və gülməli görünərdi...
***
Ramil Səfərovun Azərbaycana qaytarılması və
əfvi əvvəldən də gözlənildiyi kimi, beynəlxalq
miqyasda geniş əks-səda doğurdu. Təyyarə
Bakı hava limanına enəndən bir neçə saat sonra
ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi
nümayəndəsi Tommi Vaytor Ağ evin mətbuat katibliyi
adından rəsmi açıqlama yaydı. Burada ekstradisiya və əfvin prezident Obamanı
"ciddi şəkildə
qayğılandırdığı" vurğulanır,
atılan addımın "regionda gərginliyi azaltmaq və
barışığa gəlmək istiqamətində göstərilən
səylərlə" daban-dabana zidd olduğu göstərilirdi.
ABŞ rəsmisi eyni zamanda qarşı tərəfi
də hədələyərək "Ramil Səfərovu Azərbaycana
verməsi ilə bağlı Macarıstandan da izahat tələb
ediləcəyini" xüsusi nəzərə
çarpdırmışdı.
Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının Baş katibi Nikolay
Bordyuja isə sırf ermənipərəst mövqedən
çıxış edərək Azərbaycan hakimiyyətinin
Səfərovun əfvi barəsindəki qərarının
beynəlxalq hüquq normaları ilə daban-dabana zidd və
onun prinsiplərinə meydan oxumaq olduğunu bildirmişdi. Rusiya rəsmisinin fikrincə, "atılan addım
açıq-aşkar konyuktur siyasi maraqlara xidmət edir və
bunlara heç bir vəchlə haqq qazandırıla bilməz".
Özünün bir sıra digər həmkarları kimi Bordyuja da
"regional sabitliyə ciddi təhlükə
yaranacağından" əməlli-başlı əndişəyə
düşmüşdü! Amma
təbii ki, bəyanat müəlliflərinin heç biri erməni
silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edəndə, etnik təmizləmə
siyasəti aparanda, kütləvi qətl və
qırğınlar törədəndə, bütöv kənd
və şəhərləri yer üzündən siləndə
"regional təhlükəsizliyə" heç bir təhlükə
görməmişdilər.
Sentyabrın 3-də RF Xarici İşlər Nazirliyi
"Ramil Səfərov məsələsi" ilə
bağlı ayrıca bəyanat yaymışdı. Nazirlik belə
bir sənədin meydana çıxma zərurətini
Rusiyanın ATƏT Minsk qrupunun həmsədrlərindən
biri olması, ekstradisiya və əfv fərmanını
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
təhlükə sayması ilə əsaslandırmışdı.
Təbii ki, Fransa da "yarışdan" geri
qalmamışdı. On illlər boyu sadəcə
seyrçi mövqeyində dayanan, Ermənistanın
işğal və terror siyasətinə göz yuman hər
üç həmsədrin birdən-birə belə
qayğılanmasının səbəbini başa düşmək
çətin deyildi. Azərbaycanın öz vətəndaşının
taleyi ilə bağlı qətiyyəti bir
sıra dünya paytaxtları
kimi Moskva, Vaşinqton və Parisdə əməlli-başlı
çaşqınlıq yaratmışdı. Bəlkə də
hələ o zaman
bunun bir başlanğıc olduğunu
anlamışdılar.
Avropa
Birliyi xarici işlər naziri Ketrin Eştonun mətbuat katibi
Maya Kotinyançiç, Avropa
Şurasının Baş katibi Turbyorn Yaqland, eyni qurumun insan
haqları üzrə komissarı Nil Muyjnieks, Avropa Parlamentinin
sədri Martin Şults, Avropa Şurası Parlament
Assambleyasının sədri Jan Klod Minyon, AB-nin daimi nümayəndəsi
Herman van Pompey, NATO Baş katibi Anders Foq Rasmussen, BMT-nin insan
haqları üzrə ali baş komissarı Navanatay Pillay və
başqa rəsmilər də ümumi xora qoşularaq
"narahatlıqlarını" dilə gətirdilər, Azərbaycan
rəhbərliyinin qəbul etdiyi qərarın xalqlar
arasındakı etimad mühitini pozduğunu, insan haqlarına
hədə və risklər yaratdığını (!?-V.Q.) vurğuladılar. Təkrar
da olsa yada salmağa ehtiyac var: Azərbaycanda yüz minlərlə
insanın elementar haqları işğalçı Ermənistan
tərəfdən kobud şəkildə pozulanda, ötən əsrin
ən dəhşətli faciələrindən sayılan
Xocalı soyqırımı baş verəndə bu
qurumların o zamankı rəhbərlərinin necə susqun,
laqeyd münasibət sərgiləmələri heç kimə
olmasa da, ölkəmizin hər
vətəndaşına yaxşı məlumdur.
Sentyabrın 13-də Avropa Parlamenti, noyabrın 18-də
isə AŞPA müvafiq surətdə 2012/2785 (RSP) və 2022
(2014) saylı qətnamələr qəbul etdi. Hər iki sənəddə
bütünlükdə ekstradisiya aktı, xüsusən də
əfv fərmanı pislənir, hətta keçmiş məhbusa
edilən güzəştlərin (maaş,
mənzil və rütbə ilə bağlı) ləğvi
tövsiyə olunurdu. Əksəriyyəti ermənipərəst
mövqedən çıxış edən
avroparlamentarların birtərəfli və yersiz "məsləhətləri"
yalnız müstəqil dövlətin daxili işlərinə
qarışmaq kimi dəyərləndirilə bilərdi.
Təbii ki, Bakıda heç kim onları
icra etməyi düşünmürdü.
Azərbaycan
dövlətinin başçısı İlham Əliyev
çıxışlarının birində 2012-ci ilin
sentyabrından başlayaraq ölkəmizə qarşı
çevrilən bütün bu birtərəfli, ədalətsiz,
qeyri-obyektiv basqılara, ağa qara demək cəhdlərinə
qətiyyətlə cavab verərək demişdi:
"Ramil Səfərovu vətənə geri qaytarandan
sonra Azərbaycana qarşı xeyli təzyiqlər oldu. Mən təzyiqləri gözləyirdim,
amma doğrusu, bu dərəcədə olacağını
gözləmirdim. Çünki bu təzyiqlərin
heç bir əsası yoxdur. Azərbaycan
öz zabitini vətənə qaytarıb. Vəssalam! Kim
nə deyir desin, məni maraqlandırmır. Biz
bunu etmişik, düz də etmişik. İkincisinə
qalan yerdə heç bir qanunu pozmamışıq. Hər şeyi ədalətli qaydada etmişik. Ramil Səfərov vətənə qaytarıldı
və mən onu dərhal əfv etdim. Bu, mənim
konstitutsion hüququmdur. Ona görə burada
ittihamlara, təzyiqlərə yer qalmır. Üçüncüsü, Ramil Səfərov
özü işğaldan əziyyət çəkmiş,
yaxınlarını itirmiş bir insandır. Onun doğulduğu şəhər işğal
altındadır və 8 ildən çox cəza çəkmişdi.
Hər şey ədalətli idi, o,
qayıtdı və Azərbaycanda yaşayır və orduda
xidmət edir".
***
Sentyabrın 3-də Səfirliyin elektron poçtuna ilk hədə
məktubu daxil oldu. Kompüter mütəxəssisimiz
Vüqar Əliyev çətinlik çəkmədən
İP ünvanına görə onun İrlandiyadan göndərildiyini
müəyyən etdi. Anadolu türkcəsi ilə,
şablon nümunə əsasında tərtib olunmuş məktubun
müəllifi (yaxud müəllifləri) özünü
"ASALA-Fighters" ("ASALA Döyüşçüləri")
adlandıran hansısa gerçək, yaxud uydurma qurum idi. "Ramil Safarov
adlı bir katili serbest birakarak Ermenilere karşi zafer
kazandiqinizi zannediyorsanız, yanılıyorsunuz" - cümləsi
ilə başlanan təhdid "Çok yakında
bütün Azeri konsolosluq elemanları bu güne kadar uyqulamadığımız bir yöntemle
öldürülecektir!" - sözləri
ilə bitirdi. Ardınca da "xüsusi qəddarlıqla"
öldürülmələri nəzərdə tutulan əməkdaşların
ad və soyadları gəlirdi.
Əslində hər sətrindən məlumatsızlıq
sezilən, qorxu və xof yaratmaq cəhdi duyulan bu sənədi
elektron xuliqanlıq nümunəsi sayıb ciddiyə almamaq
olardı. Və çox güman ki, elə belə idi. Əvvəla, Budapeştdəki Azərbaycan nümayəndəliyi
"konsolosluq" yox, Səfirlik idi. Əməkdaşların
siyahısını aydın məsələdir ki, bizim
internet saytından götürmüşdülər. Həmin ərəfədə mən internet səhifəmizin
istifadəçilərinə yeni müraciət mətni
hazırladığımdan adımın, vəzifəmin, tərcümeyi-halımın
əks olunduğu səhifə saytdan müvəqqəti
çıxarılmışdı. Amma hədə
məktubunun müəllifi, yaxud müəllifləri bunun fərqinə
varmamışdılar. Sadəcə,
qarşılarına çıxan adları vəzifə
ierarxiyasına əhəmiyyət vermədən sadalamaqla
kifayətlənmişdilər. Nəticədə
belə alınırdı ki, Səfirliyin sürücü,
yaxud mühasibi ekstradisiya məsələsində daha önəmli
rol oynayıb. Ona görə
də şiddətli cəza missiya başçısından
daha çox onlara şamil ediləcək...
Əlbəttə, belə mülahizələri nəzərə
alıb hədə məktubunu sakitcə bir kənara atmaq da
olardı.
Lakin şərait ən xırda nüanslara da son dərəcə
sayıqlıqla yanaşmağı tələb edirdi. Hər cür hədə və riskə hazır
olmalı idik. Çünki
ünvanımıza gələn hədələr yalnız
anonim xarakter daşımırdı. Bir gün əvvəl
Dağlıq Qarabağ
separatçılarının əski liderlərindən biri,
bədnam "Krunk" hərəkatının rəhbəri
İqor Muradyan (yeri gəlmişkən, həmin günlərdə
o, etika və insanlıq həddini aşıb macarları
"aradüzəldən, fahişə və ofisiantlardan ibarət
millət" adlandırmışdı) erməni
saytlarına müsahibəsində
hər hansı şəkildə ekstradisiya məsələsinə
qatılan Azərbaycan və Macarıstan rəsmilərinə sərt şəkildə "dərs verməyin"
zamanı çatdığını bildirmişdi.
Türklərə
barışmaz
düşmən, ermənilərə əbədi
dost olduğunu göstərmək üçün yeni
fürsət tapan siyasi təlxək Vladimir Jirinovski isə məkrli
fitnəkarlıqla daşnak terrorçularına köhnə ənənələri
dirçəldib yenidən "diplomat ovuna"
çıxmağı məsləhət
görmüşdü. Nəhayət, Ermənistan prezidenti
Serj Sarqsyanın avqustun 31-də, Təhlükəsizlik
Şurasının təcili iclasında milli təhlükəsizlik
xidmətinin şefinə iclasdan sonra mühüm
tapşırıqla bağlı bir dəqiqəlik yanına gəlməsini
çoxmənalı şəkildə bildirməsi və həmin
məqamın televiziya proqramlarında xüsusi
vurğulanması da
diqqətdən yayınmamışdı. Bu gülünc "əzələ nümayişlərinin"
vəziyyətin çıxılmazlığından irəli
gəldiyini, çarəsiz vurnuxmadan başqa bir şey
olmadığını başa düşmək
üçün xüsusi ağıla ehtiyac yox idi. Amma istənilən halda
düşmən düşmənliyində qalırdı...
Ona
görə də Azərbaycan və Macarıstan xüsusi xidmət
orqanlarına "ASALA döyüşçülərindən"
aldığımız
hədə məktubu barəsində dərhal xəbər
verdik. Həmin gün Səfirlik əməkdaşlarının
toplantısını keçirdim. Kiminsə
həyatını təhlükədə
saydığından həmişəlik Bakıya dönmək,
yaxud vəziyyət düzələnə qədər məzuniyyətə
çıxmaq niyyətində olub-olmadığı ilə
maraqlandım. Bu istəyə tam
anlayışla yanaşılacağını bildirdim. Əməkdaşlar bir səslə, birmənalı
şəkildə qətiyyən belə fikrə düşmədiklərini,
hamının sona qədər bir yerdə olmaq niyyətini
açıqladılar. Həmin
anda iki ildən bəri birlikdə çalışdığımız gənclərlə həqiqətən
də qürur duydum.
Kiçik yaşlı uşaqları olan iki qadın əməkdaşımızın yaxın iki-üç həftə ərzində işə yalnız zərurət yarandığı zaman gəlmələrini tapşırdım. Digər işçilərə də ehtiyatlı olmağı, çalışıb günün işıqlı vaxtı evə qayıtmağı, qaranlıq saatlarda və arxa küçələrlə gəzməməyi, naməlum şəxslərlə ünsiyyətə girməməyi, daim sayıqlıq hissini qorumağı tövsiyə etdim. Bir-birləri ilə əvvəlki vaxtlarla müqayisədə daha çox əlaqə saxlamağı tapşırdım. Hamı dalğın idi. Kiçik kollektiv ilk dəfə belə çətin sınaqla qarşılaşırdı. Amma həyəcanlarını bacardıqları qədər gizlətməyə çalışırdılar.
Həmin gün başqa bir narahatlıq doğuran xəbər də aldıq. Macarıstandakı erməni milli azlığının nümayəndələri Səfirlik qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırdılar. Təbii ki, dinc aksiyaya hər hansı iradımız ola bilməzdi. Narahatlığa səbəb gözlənilməz təxribat hallarının baş vermə ehtimalı idi. Günortadan sonra binanı qoruyan macar polislərinin sayı nəzərəçarpacaq dərəcədə artırıldı. Təxminən yarım saatdan sonra isə onlar gəldikləri mütəşəkkilliklə də dağılışmağa başladılar. Səbəbini soruşanda aksiyanın başqa bir vaxta təxirə salındığını bildirdilər. Sonra binanın mühafizəsinə məsul macar polis zabiti yaxınlıqdakı Oktoqon meydanında cəmi 10-12 nəfərin toplandığını, amma onların da belə cüzi qüvvə ilə Səfirliyin qarşısına gəlməyi məqsədəuyğun saymayıb fikirlərindən daşındığını dedi.
Ertəsi gün isə Parlamentin qarşısındakı tarixi Layoş Koşut meydanında həqiqətən izdihamlı mitinq keçirildi. Macar saytlarının yazdığına görə, iştirakçıların sayı 3000 nəfərdən az deyildi. Həmin axşam səfirliyin maliyyə attaşesi Gülnarə Məmmədovanın qızı Sənubərin ad gününü qeyd etməyi planlaşdırmışdıq. Üstəlik, bir neçə gündən sonra birinci sinfə getməli idi. Ona görə də valideynləri əvvəlcədən bu tarixin yaddaqalan olmasının qayğısına qalmışdılar. Bir həftə əvvəl Parlament meydanından bir qədər aralıda, Dunay sahilindəki kiçik restoranda masa sifariş verilmişdi. İndi ermənilərin mitinq keçirdiyinə görə qərarımızı dəyişsəydik, səbəbini bu günü səbirsizliklə gözləyən 7 yaşlı uşağa izah etmək çox çətin olacaqdı.
(Davamı var)
Vilayət
Quliyev
525-ci qəzet.- 2021.- 18 dekabr.- S.10-11