Neft kapitalını insan kapitalına çevirən Ali Məktəb

 

Bakı Ali Neft Məktəbinin yaradılmasının 10 ili tamam olur

 

Düz 10 il əvvəl Azərbaycan təhsil məkanında yeni, tam fərqli və müasir tələblərə cavab verən bir ali məktəbin təməli qoyuldu. Bu ali təhsil ocağı inkişaf etdi, böyüdü, ölkənin iqtisadiyyatı və sənayesinə peşəkar, ingilisdilli, beynəlxalq səviyyəli mütəxəssislər bəxş etdi. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Bakı Ali Neft Məktəbinin (BANM) 10 illik yubileyidir. Dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi bu 10 ildə böyük nailiyyətlərə imza atıb. Ötən 10 il ərzində BANM ölkənin ən nüfuzlu ali təhsil müəssisəsinə çevrilib, böyük etibar qazanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin etimadını doğruldub, vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarıb.

 

Bakı Ali Neft Məktəbi 10 il əvvəl zamanın tələbi ilə yaradılmışdı. Azərbaycanda müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilisdilli, yüksəkixtisaslı mühəndis kadrlar yetişdirən müəssisəyə ciddi ehtiyac var idi. Bu müəssisə fəaliyyətini genişləndirərək qlobal şirkətə çevrilən SOCAR-ın, həmçinin ölkənin digər sənaye müəssisələrinin peşəkar ingilisdilli mühəndis kadr ehtiyaclarını ödəməli idi. Sevindirici haldır ki, Bakı Ali Neft Məktəbi 10 il ərzində yaranma məqsədlərinə yüksək səviyyədə nail ola bilib. Bu gün Ali Məktəbin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəbləri və nəhəng şirkətlərində Azərbaycanı layiqincə təmsil edirlər.

 

Bakı Ali Neft Məktəbi müasir tələblərə cavab verən təhsil infrastrukturu, tədris prosesinə yüksəkixtisaslı professor-müəllim heyətinin cəlb olunması, zəngin kitabxana-informasiya fondu, çoxfunksiyalı laboratoriyaları ilə fərqlənir. Bakı Ali Neft Məktəbinin kampusu Qafqaz regionunun zəngin maddi-texniki bazaya malik ən böyük kampuslarından biridir. Ali Məktəbimizin kampusunda SOCAR, ABB, “Avandsis Group”, “Emerson Process Management”, “Huawei” kimi nüfuzlu şirkətlərin dəstəyi ilə yaradılan laboratoriyalar, müasir standartlara cavab verən tələbə şəhərciyi, yeməkxana kompleksi, iki idman zalı və hovuz fəaliyyət göstərir. Bu kampusun açılışı 2017-ci il may ayının 1-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilib. Dövlət başçımız yeni kampusun açılışındakı çıxışında demişdir: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışını qeyd edirik. Bu şəhərcik ən yüksək standartlara cavab verir. Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində Ali Məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir. Bu gün Ali Məktəb yeni şəhərciyə, yeni binaya köçür. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur. Bütün binalar çox gözəl, zövqlə tikilib, burada ən müasir laboratoriyalar fəaliyyət göstərir və bu  gün mənə təqdimat da edildi. Burada təhsilin səviyyəsi ən yüksək standartlara cavab verəcək”.

 

Böyük qürur və fəxarətlə bildirirəm ki, Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş innovativ təhsil müəssisəsi olaraq inkişaf edib, yüksək nüfuz qazanıb. İlk gündən Azərbaycan ali təhsil müəssisələrinin reytinq cədvəlində öz liderliyini saxlayan, orta bal üzrə Respublika birincisi olan, ilk qəbul aparılan ildən Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanının nəticələrinə görə tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşən BANM 10 il ərzində ixtisaslarının sayını artırıb. 2012/2013-cü tədris ilində iki ixtisas - Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi üzrə tələbə qəbulu həyata keçirən Bakı Ali Neft Məktəbi hazırda bu iki ixtisasla yanaşı, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi və Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarə edilməsi (MBA) ixtisaslarında magistr pilləsi üzrə qəbul həyata keçirir. Ali Məktəbimizdə doktorantura (PhD) pilləsi, həmçinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil almaq istəyənlər üçün də tədris aparılır. 2021/2022-ci tədris ili üçün Ali Məktəbimiz ilk dəfə II ixtisas qrupu üzrə də tələbə qəbulu keçirdi və böyük qürur hissi ilə vurğulayıram ki, bu ixtisas üzrə qəbul olunanların 11 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bu, Bakı Ali Neft Məktəbinin qazandığı nüfuzun, əldə etdiyi etibarın daha bir sübutudur.

 

 

 

Bakı Ali Neft Məktəbi beynəlxalq səviyyəli tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti, yerli və xarici şirkətlərlə əməkdaşlıq, peşəkar mütəxəssislər tərəfindən təlim və müzakirələrin təşkili və bu kimi digər nailiyyətləri ilə  ölkə gənclərinin rəğbətini qazanıb. Bu rəğbətin nəticəsidir ki, ölkənin ən savadlı, intellektli, bacarıqlı gəncləri bizim Ali Məktəbi seçirlər. Ali Məktəbimizdə təhsil alan Prezident təqaüdçülərinin sayı ilbəil artır. Əgər 10 il öncə BANM-ə ilk qəbul həyata keçirilərkən Prezident təqaüdünə layiq görülən tələbələrimizin sayı 11 nəfər idisə, 2021/2022-ci tədris ilində isə Prezident təqaüdçülərimizin sayı 33 nəfərə yüksəlib. Onu da qeyd edim ki, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin ümumi sayı 102 nəfər olub. Ölkə üzrə 102 Prezident təqaüdçüsündən üçdə birinin bir ali təhsil müəssisəsinin tələbəsi olması Azərbaycanın təhsil tarixində ilkdir. Bununla BANM rekorda imza atıb. Bu il də qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplamış tələbə BANM-i seçib. İlk dəfə qəbul apardığımız II ixtisas qrupu üzrə ən yüksək bal toplamış abituriyentin seçimi də Bakı Ali Neft Məktəbi olub. Hazırda Ali Məktəbimizin Prezident təqaüdçülərinin sayı 205 nəfərə çatıb. Bütün bunlar  cəmi 10 illik tarixə malik ali təhsil müəssisəsi üçün böyük uğurdur.

 

 

 

Bakı Ali Neft Məktəbinə ortalama qəbul balı 650 və ondan yuxarıdır ki, bu da Azərbaycanda ən yüksək göstəricidir. Ali Məktəbimiz 700 bal toplamış tələbələrin sayına görə də fərqlənir. İndiyədək 700 bal toplamış 27 tələbənin seçimi Bakı Ali Neft Məktəbi olub.

 

 

 

BANM-in sənaye sahələri ilə sıx əlaqələri mövcuddur. Ali Məktəb həm milli, həm də beynəlxalq miqyasda işçi qüvvəsinin inkişafında əhəmiyyətli təcrübəyə malikdir. Ali Məktəbimizdə tədris prosesi istehsalatla sıx əlaqədə həyata keçirilir. Tədris proqramlarının, nəzəri predmetlərin daha dərindən mənimsənilməsi məqsədilə tələbələr SOCAR-ın müvafiq profilli istehsalat müəssisələrində, eləcə də  bp, Equinor, Total, Schlumberger, ABB, Halliburton, Atenau Ltd, Schneider Electric, Microsoft, Baker Hughes, Emerson Process Management, Avandsis Group, Maire Tecnimont, Nəzarət Ölçü Cihazları və Avtomatika MMC, SOCAR-ın Tükiyədəki Petkim Neft-Kimya Kompleksi və STAR Neft Emalı Zavodu kimi qurumlarda Yay və İstehsalat təcrübəsi keçir, hesabatlar hazırlayır və müdafiə edirlər. Bu amil tələbələrin sənayenin qabaqcıl mütəxəssisləri ilə effektiv münasibət qurmasına, beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə, işlə təminatına və uğurlu karyeranın əsasını qoymağa böyük imkanlar yaradır.

 

Bakı Ali Neft Məktəbi cənab Prezidentin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsidir və bu devizə uyğun olaraq, tələbələrə yüksək keyfiyyətli təhsil verilməklə yanaşı, onların işlə təminatına da xüsusi əhəmiyyət verilir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2017-ci ildə Ali Məktəbdə ilk məzun buraxılışı keçirilən vaxtdan bugünədək bütün məzunlar işlə təmin olunublar. BANM bu xüsusiyyətinə görə ölkə ali məktəbləri arasında  fərqlənir. Ali Məktəbimiz artıq 5-ci məzun buraxılışı keçirib. Bu gün Ali Məktəbimizin məzunları SOCAR və onun “Azneft” İB, “Azərikimya” İB, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ), “SOCAR Ümid” və “SOCAR Polymer” şirkətləri, eləcə də “SOCAR Türkiyə”nin “Petkim” Neft-Kimya Kompleksi və STAR Neft Emalı Zavodunda çalışırlar. BANM məzunları təkcə SOCAR-da deyil, BP, “Schlumberger”, “Halliburton”, “Maire Tecnimont” və s. kimi iri transmilli şirkətlərdə də işə cəlb olunublar. Ötən 10 il ərzində Bakı Ali Neft Məktəbinin beynəlxalq standartlara cavab verən kadr hazırlığı, tələbələrinin peşəkarlıq səviyyəsinin yüksək olmasının nəticəsidir ki, bir çox tələbəmiz məzun olmadan iş təklifi alır. Bu isə Ali Məktəbin “Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını təsdiq edir. Hazırda əmək fəaliyyətinə başlamayan məzunlarımız isə Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura və doktorantura pilləsində təhsillərini davam etdirirlər.

 

Bakı Ali Neft Məktəbi Azərbaycanın tam ingilisdilli yeganə texniki Ali Məktəbidir. Bakı Ali Neft Məktəbi ilk vaxtlardan beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verib. Ali Məktəbimiz ilk illərdən Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığa başlayıb. 2012-ci il may ayının 26-da Heriot-Vatt Universiteti ilə birgə mütəxəssis hazırlığının təşkilinin əsas prinsiplərini özündə əks etdirən müqavilə, 2013-cü il yanvar ayının 31-də 2013-2017-ci illər ərzində iki ixtisas üzrə ikili diplom layihəsi çərçivəsində mütəxəssis hazırlığı üçün əməkdaşlıq haqqında razılaşma imzalanıb və uğurlu əməkdaşlığın əsası qoyulub. BANM beynəlxalq əməkdaşlığını artırmaqda davam edir, dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, həmin universitetlərlə tələbə və müəllim mübadilə proqramlarını həyata keçirir. Birləşmiş Krallıq, Bolqarıstan, İsveçrə, Türkiyə, Estoniya, Polşa, Koreya, ABŞ, Norveç, Slovakiya, Fransa, Rusiya, Yunanıstan, İtaliya, Almaniya və bir çox başqa ölkələrin 50-dən artıq universitetləri ilə mütəxəssis hazırlığında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. BANM Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN), Avrasiya Universitetləri Birliyi (EURAS) və Dünya Neft Universitetləri Şəbəkəsinin (WEUN) üzvüdür. Son illər ərzində Ali Məktəb “Erasmus+” layihəsi çərçivəsində tələbələrini Yunanıstan, Bolqarıstan, İspaniya, Almaniya kimi ölkələrə təhsil almağa göndərib, həmçinin Rumıniyadan tələbələr qəbul edib.

 

2016-cı ildən BANM, bp və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin Böyük Britaniyanın “TwentyEighty Strategy Exercution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən, ABŞ-ın Corc Vaşinqton Magistr sertifikatı ilə təmin edən təlim proqramı – Layihələrin İdarəedilməsi Məktəbi BANM və STRATEX şirkətinin birgə əməkdaşlığı ilə uğurla davam edir. 2021-ci ildə BANM, Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti və Dyuk Universiteti ilə birgə Layihələrin İdarəedilməsi Məktəbinin yeni mərhələsinə başlanılıb.

 

BANM Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.

 

Bakı Ali Neft Məktəbi ötən müddət ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti formalaşdıra bilib, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirib.

 

Bakı Ali Neft Məktəbi yüksəkixtisaslı, ingilisdilli kadrlar yetişdirməklə yanaşı, layiqli vətəndaş hazırlamaq missiyasını da şərəflə, qürurla yerinə yetirir. Ali Məktəbimiz hədəf və məqsədlərinə uyğun olaraq, elm və təhsilin istehsalatla inteqrasiyasının təmin edilməsi, tələbələrin yaradıcılıq imkanlarının genişləndirilməsi, sosiallaşması, intellektual səviyyəsinin yüksəldilməsi, xüsusi istedadlıların müəyyən edilməsi, bilik və bacarıqlarının effektli reallaşdırılmasına təkan verməklə yanaşı, tələbə gənclərdə ölkəmizin qloballaşan dünyaya inteqrasiyası kontekstində milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ideologiyasının təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində də fəal iş aparır. Ölkəmizin intellektual əsgərləri olaraq onlar Azərbaycanı dünyanın müxtəlif ölkələrində, beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. BANM tələbələri NASA-nın 2022-ci ildə keçirəcəyi "Human Exploration Rover Challenge" müsabiqəsində dünyanın müxtəlif orta və ali məktəblərindən 91 komanda arasında Azərbaycanı tarixində ilk dəfə olaraq təmsil etmək imkanı qazanıblar. BANM-in İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alan Hüseyn Qəmbərov "WorldSkills Asia" tərəfindən təşkil edilmiş beynəlxalq yarışda Azərbaycanı kibertəhlükəsizlik sahəsi üzrə təmsil edərək böyük uğura imza atıb. O, Azərbaycanın ilk dəfə qatıldığı bu nüfuzlu yarışda 26 ölkədən 122 nümayəndə arasında ümumi reytinqdə 707 bal ilə IV yeri qazanaraq Azərbaycanın adını Cənubi Koreya və Rusiyadan sonra 3-cü yerə yüksəldib “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib. Bütün bunlar həm Ali Məktəbimiz, həm də ölkəmiz adına böyük qürurdur.

 

Fəxrlə qeyd edirəm ki, 10 yaşını tamamlayan BANM ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilə bilib və Azərbaycanda peşəkar mühəndis kadrlarının hazırlanmasında liderdir. Ali Məktəbimiz əmək bazarında hər zaman tələb olunan ixtisaslarda tədris aparmaqla, yüksək peşəkarlığa malik kadr hazırlamaqla işəgötürənlərin ehtiyaclarını uğurla qarşılayır. İrəlidəki hədəflərimiz, məqsədlərimiz də böyükdür. Hədəflərimizdən biri də dünya reytinqinə daxil olmaq və ilk sıralarda yer almaqdır. Bu yolda irəliləyərkən bundan sonra da beynəlxalq səviyyəli, yüksək peşəkarlığa malik kadr hazırlamaq istiqamətində fəaliyyətimizi böyük səylə davam etdirəcək, ölkəmizə, xalqımıza faydalı intellektual əsgərlər yetişdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 

Dərin hörmətlə,

Elmar Qasımov

Bakı Ali Neft Məktəbinin rektoru

 

525-ci qəzet.- 2021.- 18 dekabr.- S.8-9.