"...Torpağı daddırdı bizə
palçıqlı gölməçələr"
Elvin İntiqamoğlunun "İkinci Qarabağ"
şeirlər silsiləsi haqqında düşündüklərim
Bəzən ədəbi prosesə nəzər salıb ideal ədəbi güc axtarışına çıxanda
müxtəlif çək-çevirə
məruz qalırıq. Çünki
tamlığı ilə
dərk edilməyən
zərurəti çox
vaxt hətta sonu belə görünən ədəbi
komponent kimi tədqiq edir, nəticədə formal əhatə
yaradırıq... Zənnimizcə, ideal fövqə qalxmaq üçün ciddi-cəhdə
ehtiyac yoxdur. Bu günün ədəbiyyatını
(da) hər dövrdə olduğu kimi xarakterizə etmək daha məqsədəuyğundur...
Yeni ədəbi
nəsil müəyyən
mənada poeziyaya başqa prizmadan yanaşır. Bu yazıda biz bəsit "hoqqa çıxardanlar"dan deyil,
sadə, lakin düşüncəmizdə poetik
tərz qura bilən bir şairdən, yeni ədəbi nəslin barmaqları qabarlı təəssübkeşlərindən biri - içi Vətən alovu ilə bərkimiş, Vətən müharibəsinin
könüllü döyüşçüsü,
istedadı ilə diqqətimizdə özünə
əhatə qurmağı
bacarmış Elvin İntiqamoğlundan
bəhs edirik. Məlumat üçün
deyək ki, Elvinin şeirləri ilə "Ədəbiyyat
qəzeti"nin 14 avqust 2021-ci il tarixli sayında tanış olduq. Onun poetik ruhundakı çırpıntılar, "İkinci Qarabağ" şeirlər silsiləsində
özünə yer tapmış bu şeirlərin canındakı
Vətən tərpənişi
Elvinin üzərində
gəzdiyi torpağa məhəbbəti kimi xarakterizə edilə bilər.
Bu silsilədə hansı təpər rəng tapır, qısaca şərh edək:
"Mühasirə" başlıqlı şeirdə
ədəbi qayə xof və sarsıntı
içində çabalamaq,
hadisələrə ayıq
baxışdır.
Məsələn:
...Ölüm qorxusu deyil,
əsir düşmək
qorxusudur
qorxusuz müharibənin
dərd tərəfi...
***
Rabitə
xətlərindən
asılı qalıb
komandir:
Kömək edin, cənab polkovnik-leytenant,
kömək göndərin
bizə...
Etibarsız çıxdı rabitə
daşı...
Təki
Vətən sağ olsun,
çıxarın daraqları
-
İçindən hərə bir güllə götürsün
atsın cibə...
...Mən onda bildim
güllənin tərifini
-
Bir dəqiqəlik sükut,
bir ömürlük
göz yaşı...
Hər iki parçada həyatın bir anı və
bu səksəkədə
həyəcan doğuran
son iztirab, son ümid ləngər vurur. Diqqətlə nəzər yetirdikdə görürük ki, Elvinin "...Çıxarın
daraqları - İçindən
hərə bir güllə götürsün,
atsın cibə..."
təlatümü "Əsir
düşmək qorxusu"
qədər yaxıcıdır.
Bu zərrəvi boşluqda ömür insana daha fəlsəfə
kimi deyil, mənasız vadi kimi görünür.
Elvin bu çətin
ehtivaya qaynar hislərlə düyün
vurub, oxucuda - bəşər övladında
(qısa bir an üçün) aşkar
bir anlayış yaratmaq istəyir. Onun "...Mən onda bildim güllənin
tərifini - Bir dəqiqəlik sükut, bir ömürlük göz yaşı..." fikri insanı qaça biləcəyi
son nöqtəyə qədər
izləyir...
"Yağış suyu" şeirində də biz eyni poetik-ictimai komponentə şahidlik edirik:
İlahi,
bizi Sən qorudun,
yenə qoru - qoyma suya uduzaq,
əlinlə sıx,
suyunu çıxart buludun...
Bu zahiri məqsəd də yuxarıdakı fikrin başqa bir ictimai tərzidir;
yəni ömür Allahın əlində, güllə insana nəfəs qədər yaxın, bu proses ani də
baş verə bilər, gec də, əsas odur ki, Yaradan
insanı hifz etsin. Elvinin qənaəti budur ki, Allah asi
düşənə də
rəhm edir, imanlıya da, sadəcə, ömür hansı məqamda son tapır, buna Allah hökmrandır.
Axır
düşmənin qanı
Vətənin can yerinə -
Yerdən
narahat olma,
sən su tök göydən yerə
qan yerinə...
Bu ricət (bu müraciət) əslində,
çox poetik, çox fəlsəfidir; gənc şair ruhunda çırpınan
arzulara dəmir zireh geyindirir, yerin məsuliyyətinə
cavabdehlik daşıyır. Və bu simmetrik gerçəyin
ilıq ovqatında həsrət çalarları
da diqqət çəkir:
Həsrətində olduğumuz torpağı
daddırdı bizə
palçıqlı gölməçələr...
Qoyma, yağış dayansın,
Qarabağ suyunu içənə
qədər...
Uzun illərin ayrılığı
son verəndə, dil də, dodaq da hər şeyə
təşnə halda çat verir. Elvin "palçıqlı gölməçələr"dən
aldığı rahatlığı
o çat yerlərinə
məlhəm edir.
"Qaya 11" şeirinin ədəbi zərurəti
(isə) fövqəltəbiidir:
burada atanın arzusu övladının döyüşdən salamaq
qayıtmasıdır, torpağın
arzusu bütöv olmaqdır. Bu iki
istiqamətli yolun tən ortasında kimin duası (kimin qurbanı) hasil olur, bunu
ancaq zaman bildirir. Övladı qayıtmırsa, ata, bütöv olmursa, torpaq ağı deyir. Burada mahiyyət "qurban" ziddiyyətindədir. Elvinin
demək istədiyi odur ki, ata
oğlunun şəhid
olmasına (haradasa)
tab gətirir, torpağın
tapdaq altda qalmasına dözmür...
"Şəhid anası" şeirinin iç qatındakı sərbəstlik
diqqətimizi fərqli
səmtlərə çəkir:
Çətindi övlad qəmi,
solğunlaşıb görkəmi
-
Nəyin
qarşılığıydı bu,
göyə neyləmişdi
ana?
Elvin (şübhəsiz) istiqanlı, vətənsevər
şairdir, onun söz boxçasında çırpınan duyğular
nə qədər yavaş surətə malikdirsə, bir o qədər iti yerişlidir. Belə deyək, (onun)
ən sadə sözünün belə çətin anlaşılan
görkəmləri var. Yuxarıdakı
parçada oğlu şəhid olmuş ananın naləsində bir sakitlik də
təpər tapır.
Bu o anlama gəlir
ki, ana üçün
övlad nə qədər əzizdirsə,
Vətən daha vacibdir. Gənc şair hətta acı çəkən ananın gileyində titrəyiş tapan ahı bir qədər
ilıq surətə bükür, ona göz yaşını qurutmaq gücü verir...
Səmimi deyək ki, bəhs etdiyimiz şeir silsiləsində
Elvin İntiqamoğlunun ötkəm
ruhu, pərişan ovqatverici təsirləri aşkar sezilir. Buradakı məyusluq
və giley oxucunu düşündürür,
onu obrazlarla dialoq qurmağa məcbur edir. Oxucu sanki müəllifi tam anlayır, islandığı
halda üşümək
istəməyən duyğulara
aludə olur.
Bir tərəfdən,
bu şeirlərin bəzilərində obrazlar
hələ vəcdin nə olduğunu bilməyən mexaniki tərpənmələrə təşnədir
və bu duyğu qatındakı ruhsallıq könül aynalarının gözlə
güclə görünən
cizgiləri kimi xarakterizə edir.
Bu şeirlərdəki hər
bir ədəbi lövhədə duyğu
ilə ünsiyyətin,
baxışla görmək
əzminin, adi hisslə qavramaq gücünün qabarıq
istiqamətləri var. Bu məqam
"Şəhid qızı"
şeirindən də
yan keçmir:
Anan yalan danışır:
Atan evə qayıdanda oyuncaq almayacaq -
Anan gündə bir oyuncaq gətirəcək,
deyəcək atan alıb:
Atan ancaq almayacaq...
Anan yalan danışır:
Yalanlar da atan kimi
bir gün yoxa çıxacaq -
Sinif yoldaşların sənə
"Şəhid qızı"
deyəcək...
Bu zəruri səbəbi
Elvin doğru məcrada
açır, fəqət
onun şeirdəki
"anan yalan danışır" ifadəsi
yetim qalmağın nə olduğunu bilməyən uşağa
təskinlikdir. Bu "yalan"
da bir gün
son tapacaq və uşaq atasızlığı
dərk edəndə ananın "yalanlarına"
haqq qazandıracaq.
Şübhəsiz, belə poetik-fəlsəfi
qata çıxmağı
bacarmaq Elvinin ədəbi uğurudur.
"İtkin əsgər anası"nda da ananın Vətən sızıltıları dürüst
məna tapır:
- Şəkillərini sildiyim
əllərimi
açıram sənə,
Allah:
Mən oğlumu bayrağa,
Oğlum
məni torpağa
verməmiş öldürmə
məni -
Ölüsünü, dirisini
görməmiş öldürmə
məni...
"Pəncərə" şeirində
də "İtkin əsgər anası"ndakı
kimi həyatı sabit qılan müntəzir hisslər cəmdir:
Bəlkə, uzaq dəhlizlərdən
görünmür
Laçın pəncərələri -
Havası
çatmır Vətənin,
boğulur,
açın pəncərələri...
Elvinin, bədii sanbalı frazeoloji aftmosferdə də təfərrüata çevirə bilməsi maraq doğurur. "Havası çatmır Vətənin, boğulur, açın pəncərələri..." eyhamında metaforik zərurət frazeoloji tərzlə uyğun mənzərə qurur.
Ümumiyyətlə, (bəzən) ithaf xarakterli şeirlər zəif, ya da duyğusuz olur. Elvinin silsilə tərtibatındakı təzəlik, yenilik bizə təəccüb yaşadır. Onun şeir dili, qəlbi, təfərrüatı, heç şübhəsiz, Allahdan gəldiyi üçün bizə bu qədər yaxın düşə bilir.
Elvinin Vətən çırpıntılı bu silsiləsində (başlıca olaraq) insan varlığı fərqli izharla təcəssüm tapır. O, burada insanın maddi obyektində hansı ucalıqların qərar tutduğunu əxz edir, oxucuda bu pünhan əhatəyə maraq oyadır. Məhz bəhs olunan şeirlərdəki fövqəllik bu parıltıda bərq vurur.
Nəhayət, belə anlayırıq ki, yüksək istək və arzularda yekun, cəm kimi görünən bütün sadəliklər Elvin İntiqamoğlunun vətəndaşlıq məsləkində çoxdan bərqərardır.
Yolun işıqlı olsun, Elvin İntiqamoğlu!
Hikmət MƏLİKZADƏ
525-ci qəzet.- 2021.- 21 dekabr.- S.15.