"Dərdnamə": dərdlərə
etirazın bədii dərki
Şeir
ruhun pıçıltısıdı...
Hər şeir ruhun pıçıltısına dönə
bilmir, buna qüdrəti çatmır.
Yaxşı şeir oxucunu
həm düşündürür,
həm də onun duyğularının ahənrübasına dönür.
Onda şeir şairlə oxucu arasında poetik mükalimələşmə
vasitəsi olur; oxunduqca yaddaşa hopan şeirlərdə yaşanılanlar unudulmur.
Bu, poeziyanın, şeiriyyətin qüdrətidir.
Tanınmış şair-publisist
Şöhlət Əfşarın
"Dərdnamə" kitabı
belə şeirlərin
kitabıdır...
Klassik ədəbiyyatımızdan üzü
bu yana
"namə"lər biçimində
əsərlər, kitablar
oxumuşuq. Son illərin
şeir "tünlüyündə"
yeni biçimli "namə" görüncə
içimdə incə
bir tərpəniş
hiss etdim. Sələf-xələf vəfasına görə,
tarixi keçmişə
sayğıya görə,
ustadlara şeiriyyət
hesabatı vermə istəyinə görə.
Dərd ifadəsi könül qubarının səs ortağıdı. Şöhlət Əfşarın "Dərdnamə"sində dərdin
rəngi dərdlərin
rənginə bənzəmir.
Hər dərdin öz rəngi olduğuna görə. Nadir şah Əfşarın şəcərəsinə layiq
şair Şöhlət
Əfşarın bu kitabında da tarixdə əfşarların
və əfşarların
tarixinin izini də görmək istədim. O iz var. O izi şeirləri ürəyinin gözü
ilə oxuyanlar görə bilər. Kitabı oxudum və qət etdim ki,
Mehr-ülfət, ülfətli nur
hər ocağın közündədi.
Tarixə
düşən iz ki, var,
"Dərdnamə"nin özündədi...
"Dərdnamə"nin tanıtdığı dərdlər
hamımıza tanış
dərdlərdi. Yaşamışıq, görmüşük, duymuşuq,
onların ömürə,
yaşantılara zərbəsini
nədən hiss etməmişik?
Nədən hiss edəndə
dinməmişik? Bizi təkcə
əsr deyil (M.Ə.Sabir), dərd də dindirirdi axı. Nə onda, nə də
onda dinməmək özünə yağılıq
kimi rişələnib,
şübhəsiz...
"Dərdnamə"də giley,
şikayət seziləndir,
hiss ediləndir, görünəndir.
Bu gileylər şairin (Şöhlət
Əfşar) şair-lə
(Barat Vüsal) söhbəti
formatında təqdim
edildiyindən poetik mükalimələşmə kimi
oxunur.
Söz qədri bilən Şöhlət Əfşarın
Söz ağladan adamı fələk güldürə
bilməz,
Söz var ruhu öldürər,
silah öldürə
bilməz, -
beyti kəlam kimi oxunur. "Qılınc yarası gedər, söz yarası getməz" atalar sözü var və Şöhlət
folklorumuza böyük
sədaqətlə bu
fikri kifayət qədər yaddaqalan səviyyədə ədəbiyyata
gətirib. Bu beyt sözün qüdrətinə inamın
beytidir, bu beyt Sözə sədaqətin beytidir.
Və iki şairin mükalimələşməsi də Sözün araçılığıyla yaşanılır.
Şöhlət Əfşar da,
Barat Vüsal da, "Dərdnamə"də deyildiyi
kimi, adını sözlə gələcəyə
yazır.
"Yalanın, alçaqlığın
həyat tərzi olmasına görə, yaltaqlığın millətin
evini yıxmasına görə", nağıllarda
deyildiyi kimi, dəmir çarıq geyinən şair (vətəndaş) ədaləti
axtara-axtara qalıb. İnsan axtardığını
tapa bilməyəndə
asılanır (Dədə
Qorquddan gələn ifadədi), gileylənir.
Şöhlət Əfşarın "Dərdnamə"sini poetik
asılanma adlandırardım;
şair hər yerdə (və hər kəsdə!)
Vətənə sevgi görmək
istəyir, milli-mənəvi
dəyərlərimizin vətəndaşlıq
sevgisi ilə yaşadıldığını görmək istəyir.
"Dərdnamə"də boyu görünən dərdin ən böyüyü Vətən
dərdidir, işğal
dərdidir. Torpaqlarımızın işğalda qalması
şairin ruhunu titrədir, varlığının
sunamisinə dönür.
Bu halı yaşayanların
hamısının əvəzindən
yazır ki,
Bülbüllər gecələr gizli
ağlayır,
Susublar düşmənin
güllələrindən.
Bu sıxıntı zamanın
sıxıntısı gücündə
təqdim edilib. Bu sıxıntı həm də ədəbi çağırışdı. Bu çağırış tarixi diksindirməyə qadir olan çağırışlar
sırasındadı. Şöhlət Əfşara görə
(və gerçəkliyə
görə!) söz dünyanın axarını
dəyişməyə də
qadirdir. Çünki min illərdi, "kim nə miqdar olubsa, əhlini o miqdar edib" Söz (Füzuli).
Nə vaxt haqqın əlləri haqsızlığı boğacaq?
- sorğusunu illərlə
erməni işğalından
əziyyət çəkən
bütün məmləkət
yaşayıb. Şairlər daha duyğusallıqla yaşayıb. Şairlər də bilirdi ki, haqqın əlləri Azərbaycan ordusudur. Ali Baş
Komandanın döyüş
əmri ilə işğalın, haqsızlığın
gözü töküləcək,
boğazı üzüləcək.
Torpaqlarımız işğaldan azad
ediləcək. Həmin günə
ruhun qələbəsi
deyəcəyik, azərbaycançılığın
erməniliyi zəbun etdiyi gün deyəcəyik.
"Dərdnamə" kitabı 2020-ci ilin avqustunda nəşr olunub. Bir ay sonra Ermənistan
silahlı birləşmələri
yeni ərazilər işğal etmək niyyəti ilə işğal etdiyi ərazilərdən torpaqlarımıza
hücum etdi. Ordu hissələrimiz hücumun
qarşısını aldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş
əmri ilə əks-hücum əməliyyatı
başladı. Bu, Vətən müharibəsi
idi. Vətəni
ülvi məhəbbətlə
sevən Şöhlət
Əfşar məhz bu günün tezləşməsi üçün
deyirdi ki:
Nə qədər
ürəyindən ayrı
yaşasın bədən?
Noyabrın 8-də Şuşa
işğaldan azad edildi. Bu Qələbə
"Mən azərbaycanlıyam!"
deyənlərin hamısının,
həm də şair olaraq Şöhlət Əfşarın
intizarının sonu oldu; poetik əndişə
tarixdə qaldı.
Bu misranın davamının
Zəfərdən sonra
yazılacaq misraların,
şeirlərin süsləyəcəyinin
zəmanəti elə
"Dərdnamə"nin
özüdür...
Ermənistan havadarlarının siyasi və hərbi köməyindən bəhrələnməklə
Azərbaycanın ərazisinin
20 faizini işğal etmişdi. Beynəlxalq təşkilatlar bu işğala qarşı etirazını
bildirsə də qətiyyət göstərməmişdi.
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrini
yerinə yetirməyən
Ermənistan danışıqlar
prosesini uzatmağa,
status-kvonu saxlamağa
cəhd göstərirdi.
Bu illər öz
əksini həm də poeziyamızda tapmışdı. İşğaldan yazılan şeirlər işğala üsyan şeirləri idi, çağırış idi,
milli-xəlqi ruhun tələbini ifadə edirdi. Şair olaraq Şöhlət
Əfşarın da yaradıcılığı bu
harayın tribunasına
dönmüşdü. Qarabağın azadlıq döyüşü oldu Vətən müharibəsi...
Şair Şöhlət Əfşarın
sevgi şeirləri də oxunaqlıdır, səmimidir. "Eşqdir
mehrabı uca göylərin" möcüzəsinin
işığında oxunan
bu şeirlər də təsdiqləyir ki, ürəklərin sayı qədər sevgi var, sevgilərin
yüzlərlə, minlərlə
misli qədər sevgi şeirləri yazılıb, yazılır,
yazılacaq. Bir sevgi şeirində oxuduğum bir etirafı heç zaman unutmamışam: sevginin həsrəti vüsalından şirindi.
İnandırıcıdımı? Sevgi sevgidirsə, inandırıcıdı.
Sevdiyinə xitabən
"daha həsrətini
sevəcəyəm" etirafı
("Əlvida") da
sevgidəndi,
Ürəyin şam kimi yanıb-sönəcək,
Qanadı qırılmış quşa
dönəcək.
Mələklər nalənə göydən
enəcək,
Məni
xatırlayıb ağlayacaqsan...
("Ağlayacaqsan")
xəbərdarlığı da. Hər ikisi gözəldi, oxunaqlıdı,
düşündürücüdü, həyatidi...
"Dərdnamə" kitabı həm də dilimizin saflığına sayğının
kitabıdır. Şair öz sözümüzü
bəyənməyib yad
sözlərə meyil
salanlara söz daşı atır.
O daş qınaq daşıdı. O daşlar
təkcə şairin
adından atılmır,
dilimizi sevənlərin
hamısının adından
atılır...
İstedadlı şair Şöhlət Əfşarın şeirlərində bir haray da var. Bu haray kəsilməz haraydır, səsi eşidilən, ünü dinlənilən haraydır. Şeirləri oxuyursan, duyursan ki, bu haray heç zaman kəsilməyəcək, düşüncələrə köçəcək, düşüncələrdən yaşantılara, yaşantılardan xatirələrə, beləcə, yaşayacaq, yaşadılacaq.
Sən gəldin ömrümə
Haqqdan pay kimi,
Gündüz Günəş kimi,
gecə Ay kimi,
Nə tez gəlib-getdin bir səyyah kimi,
Dön geri, əzizim, möhtacam sənə.
("Möhtacam
sənə")
Bu haray, bir sevgi
harayı olsa da, neçə fidan sevdalara tövsiyə harayıdı: sevdanı yaşadın, onu əsən yeldən də qoruyun, yağan yağışdan
da, daşan seldən də. Qorunmayan sevda xəzana tuş gələn çiçək kimidi.
Sevgi şeirlərində
tənhalıq atributu
həsrətin ad daşıyıcısı
kimi işlədilir. Şair bu
ifadəni bir yozumla təqdim edir (duyanlar belə duyur). "Sən orda
tənhasan, mən burda tənha" ("Dözə bilmirəm").
Yəni sən də həsrət sıxıntısını
yaşayırsan, mən
də. Bir el deyimi var: Divarlar
evdə tək qalanın üstünə
yeriyir. Yəni adama elə
gəlir ki, indicə divar üstünə düşəcək.
Bu, tənhalığın ağrı-acısıdı. Şöhlət Əfşara görə,
tənhalıqdan, təhhalığın
ağrı-acılarından xilas yolu sevgiyə
biət gətirməkdi.
Şöhlət Əfşarın bədii "mən"i, klassik poeziyada deyildiyi kimi, sabit qədəmdir. Sevdiyinə "Günəşimsən" deyən bədii "mən" qətiyyətlə (həm də səmimiliklə!) deyir ki, mən səni "Sevmişəm, sevirəm, sevəcəyəm də" ("Sevəcəyəm də!"). Şairə görə, sevgiyə bu münasibət sevgi düsturudu; sevdanın başlanğıcı olur, sonu son nəfəsdi. Dünyəvi poeziyada da belədi, çağdaş poeziyamızda da.
Şair Şöhlət
Əfşarın "Dərdnamə" kitabı dərdlər
kitabı deyil, dərdlərə üsyan fəlsəfəsinin dərkinə
yönəldən kitabdır...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2021.- 21 dekabr.- S.14.