Sovet dövrü ədiblərimizin Türkiyə qeydləri  

 

 

Şəxsiyyətlərin, ayrı-ayrı ziyalıların epistolyar irsləri-xatirələri, gündəlikləri, məktubları, yol qeydləri bəzən həmin dövrün ictimai-siyasi durumunu, həyat və yaşam tərzini, tarixini və sosial-mədəni həyatını anlatmaq baxımından cild-cild elmi əsərlərdən, tarix kitablarından da dəyərli mənbə ola bilər. Sovet dövrünə kommunist rejimi iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin arasına çəkdiyi siyasi və coğrafi sərhədlər gediş-gəlişə, sıx ünsiyyətə, ədəbi-mədəni, sosial-iqtisadi ilişkilərə əngəl olsa da ruhi-mənəvi körpüləri tam qıra bilməmişdi. Bu ruhi-mənəvi bağlar ayrı-ayrı aydınların, yazarların, şairlərin, ozanların içlərində yaşatdığı həsrət qarışıq sevginin sayəsində qorunmuşdu.

 

İki qardaş milləti bağlayan bütün bağları qoparmağa çalışan Sovet İmperiyasının bizi milli dəyərlərimizdən, mənəvi-tarixi köklərimizdən ayırmaq cəhdi və istəyi nəinki bu ilişkiləri, hətta türk sözünün özünü belə ifadə etməyi qadağan etmişdi. Yüzlərlə söz və düşüncə adamı "pantürkist", "panislamist" damğası ilə ittiham edilərək repressiya qurbanı olmuş, "vətən xaini" damğası ilə vətəndən sürgün edilmişdi. Türkiyə-Azərbaycan arasındakı ədəbi-mədəni, siyasi ilişkilərdə 30 ildən çox, 40 ilə yaxın soyuqluq olmuşdu.

 

Uzun zaman ideoloji yasaq və qadağalara, kommunist diktatorluğuna qarşı bəzən birbaşa, bəzən də dolayısı ilə mücadilə edən Sovet dövrü Azərbaycan şair və yazarlarının Türkiyə ilə ilgili xatirələri, səfər və görüşləri haqqındakı qeydləri bu gün üçün qiymətli sənədlərdir. Bu əsərlərdə olan məlumatlar bizə o dövrdə Türkiyə Cümhuriyyətinin ictimai-siyasi və sosial-mədəni durumu haqqında məlumatlar verir, həmçinin zorla sərhədlərə ayrılan Türkiyə və Azərbaycanın bir-birinə olan mənəvi bağlılığını, sevgisini özündə əks etdirir.

 

Azərbaycanın yazar və şairlərindən olan Nigar Rəfibəylinin, İsmayıl Şıxlının, Xəlil Rza Ulutürkün, Anarın, Elçinin və başqalarının epistolyar irsindəki nümunələr Sovetlər dönəmi Türkiyə - Azərbaycan mədəni əlaqələrinin ən qiymətli qaynağı hesab oluna bilər.

 

Sovetlər dönəmində Türkiyə-Azərbaycan mədəni əlaqələrini, Türkiyə Cümhuriyyətinin sosial-mədəni həyatı haqqındakı təsəvvürləri, hər iki millət arasında qardaşlıq bağlarını özündə əks etdirən Azərbaycan yazarlarının epistolyar əsərləri araşdırılarkən, bu əsərlərdə sovet ideologiyasının və kommunist diktaturasının xalqımıza qarşı həyata keçirdiyi mənəvi və mədəni repressiyalar da görünmüş olur.

 

Türk ədəbiyyatşünası Seyfəddin Altaylı Xəlil Rza haqqında olan bir yazısında yazır: 1988-ci ildə hələ Sovetlər Birliyi dağılmamış Bakıda yazar və şair dostum Sabir Rüstəmxanlının məkanında Xəlil Rza ilə söhbət edərkən elə sözlər danışmışdı ki, heyrətlənmişdim. Rəhmətliyin ürəyi elə dolu idi ki, duyğularını anlatmağa çalışarkən kəlimələr aciz qalırdı. Və söylədikləri bir insanı ipə götürəcək qədər aşırıydı. O illərdə Türkiyədən bir insanın Bakıda olması bir möcüzə sayılırdı. Müsafiri olduğunuz insanlar üçün dünyada bundan daha böyük bəxtiyarlıq olmazdı. O vaxtlar Azərbaycanda olarkən, insanların yaşadıqları duyğuları təsvir etmək çox çətindir. Türk vətəndaşı olan bir kimsəni evində qonaq etmək hər Azərbaycan türkünün platonik eşqiydi. Xəlil Rza ilə qarşılıqlı oturub söhbət edərkən, türkiyəli bir qardaşıyla dərtləşməyin ona verdiyi həzzi baxışlarındakı sevinc şölələrindən hiss edib ona bu duyğuları yaşatmaqda vəsilə olduğumdan sonsuz dərəcədə mutlu olmuşdum. Bu duyğuları bizə qarşılıqlı olaraq yaşatdığı üçün də Ulu Tanrıya ən dərin səmimiyyətimlə dua edib şükür etmişdim. Ürəyimdə duyduğum mutluluğu və sevinci çox istəməmə baxmayaraq divarların da qulağı var deyə rəhmətliyə açıqlamamışdım. Belə şəxsiyyətlərə sahib Azərbaycan dünən dövlət qurmağı öyrətdiyi kimsələrə əsir ola bilməzdi, olmadı da... İnşallah bir gün gələr üzünün digər qismi də gülər və böyük bir niskil tarixə qarışar. O günün yolçuları nə müqəddəs insanlardır. ya Rəbb!

 

Müəllif "Türk vətəndaşı olan bir kimsəni evində qonaq etmək hər Azərbaycan türkünün platonik eşqiydi" fikrində heç bir ifrata varmamışdı. Həqiqətən, o illərdə türk vətəndaşı olan kimsəni nəinki qonaq etmək, onunla yaxından görüşmək, söhbət etmək bir xoşbəxtlik, bir sevinc demək idi. Dini bir, dili bir, ancaq onillərlə ayrı yaşamağa məhkum edilmiş qardaşların görüşünü, o anın duyğularını təsəvvür etmək çətin deyil.

 

Xalq yazıçısı Anar uşaqlıq xatirələrinin birində yazır: atam radioda Türkiyə dalğasını tutub alçaq səslə verilişləri dinləyər, qurtaran kimi dalğanı dəyişər, əqrəbi ya Bakının, ya da Moskvanın üzərinə qoyardı. Bir dəfə atam verilişi dinləyəndən sonra dalğanı dəyişməyi unutdu, mən tez yaxınlaşıb əqrəbin yerini dəyişdim. Bunu görən atam kövrələrək başımı sığalladı, sən nə tez böyüdün? - dedi. Onda Anarın on yaşı var idi. Bu ehtiyatlılıq ona görə idi ki, hər an evə "gözlənilməz" qonaq gələ bilər, şairin Türkiyəyə nə məqsədlə "qulaq asdığı" sorğulara və cəzalara səbəb ola bilərdi.

 

1964-cü ildən Sovetlər Birliyi ilə Türkiyə arasında elmi-mədəni razılaşmalardan sonra Azərbaycan şairlərinin Türkiyəyə, türk yazıçılarının Azərbaycana səfərləri baş tuturdu. 1964-cü ildə Azərbaycan yazıçısı Mehdi Hüseyn Türkiyədə səfərdə olmuş, elə həmin il "Bir ay və bir gün" adlı kitab çap etdirmiş, bütün yol qeydlərini, keçirdiyi görüşləri, hər görüşün onda yaratdığı təəssüratı ətraflı şəkildə yazmış və oxucularla bölüşmüşdü. Düzdür, Mehdi Hüseynin bu kitabı bir Sovet nümayəndəsinin Türkiyəyə münasibətini və baxışını, dövrün qatı ideoloji izlərini göstərsə də burada bizim üçün gərəkli olan nüanslar da öz əksini tapır. Yazıçı orada olan zaman "Yeni İstanbul" qəzetinin, 43 il keçməsinə baxmayaraq, Azərbaycan Cümhuriyyətinin süqutundan hələ də ürək ağrısı ilə yazdığını göstərir.

 

1967-ci ilin iyun ayında isə Əziz Nesin, Yaşar Kamal və Məlih Cövdət Antay Azərbaycanda səfərdə olurlar. Bu heyəti müşayiət edən Qılman İlkin sonralar "Türk yazıçıları Bakıda" adlı kitabça çap etdirmişdi. Keçirdikləri görüşləri, onların Azərbaycan haqqında təəssüratlarını bu kitabdan öyrənmiş oluruq.

 

1968-ci ildə Rəsul Rza, Nigar Rəfibəyli, İsmayıl Şıxlı, Süleyman Rüstəm, Məsud Vəliyev, Xəlil Rza, Qasım Qasımzadədən ibarət yazıçı heyəti Türkiyədə olub. Bu iki qardaş ölkənin uzun illərin ayrılığından sonra təsirli və yaddaqalan görüşü idi.

 

Nigar Rəfibəyli üçün Türkiyə digər yurddaşlarından fərqli olaraq həm də ona görə əziz və doğma idi ki, onun 39 il üzünü görmədiyi qardaşı bu ölkədə yaşayırdı. Bu görüşdən nə qədər təsirlənib duyğulansa da onun ağlamağa ixtiyarı və icazəsi yox idi. Həmin görüşün digər şahidləri yazırlar ki, Nigar xanım biz İstanbula enərkən duyğulandı, kövrəldi, amma hissini içində boğdu, ağlamadı. Yoldaşı Rəsul Rza, ona “- möhkəm ol” - dedi. Onlar bilirdilər ki, kənardan onlara nəzarət edirlər.

 

Nigar Rəfibəyli bir il sonra ikinci dəfə Türkiyəyə səfər edib qayıdandan sonra "Sağlıqla qal, yaxın qonşu" adlı geniş həcmli yazısında gördüyü tarixi abidələr, muzeylər, cameələr, onlar haqqındakı rəvayətlər, İstanbuldakı teatr səhnələri, "Gənclik və idman bayramın"dakı coşqu, tələbə nümayişləri, adalara səyahəti zamanı rastlaşdığı macəralar, müsafiri olduğu evlərdəki hörmət və ehtiramdan geniş söz açır. Görüşdüyü şair və yazarların yaradıcılığı haqqında mütləq, qısa da olsa Azərbaycan oxucusuna məlumat verir, sanki özü görüb tanıdığı Türkiyəni həmvətənlərinə də tanıtmaq, göstərmək istəyirdi. Çoxlarının yuxularda, xəyallarda qonaq olduğu İstanbulu Nigar xanım belə təsvir edir:

 

"İstanbul dünyanın gözəl şəhərlərindən biridir. Beş yüzdən artıq camisi və saysız-hesabsız minarələri ilə bu şəhər minarələr meşəsinə bənzəyir. Möhtəşəm tarixi memarlıq əsərləri olan bu cameələr və minarələr İstanbulu dünyanın başqa şəhərlərindən ayırır, ona xüsusi bir gözəllik verir. Kino-filmlərdə gördüyüm Amerika şəhərləri, Nyu-York, Vaşinqton və başqa şəhərlər, mənə elə gəlir ki, çox hündür göydələn binaları ilə şəhəri səmadan məhrum eləmişlər. Bu göydələn binaların arasındakı quyu kimi küçələr daş bir torbaya bənzəyir. Bu səmasız şəhərlərdə yaşayanlar yəqin ki, bu daş torbaların içində sıxılır və darıxırlar. İstanbulun isə üstündəki səma təmiz, mavi və genişdir. Gecələr bu göy üzü parlaq ulduzlarla dolur. Bosforun mavi sularında parıl-parıl yanırlar.

 

İstanbul axşamüstü və səhər tezdən gözəl olur. Yasəmən rəngli duman icərisindən görünən cameə və minarələr getdikcə dumandan sıyrılıb çıxır, üfüqdən qalxan günəşin şüaları altında parlayır, qədim və əsrarlı bir aləmdən xəbər verirlər".

 

Nigar Rəfibəyli Türkiyənin təkcə zahiri gözəlliyini deyil, insanlarda gördüyü xoş münasibəti də yüksək dəyərləndirib: "Hər xalqı başqa xalqdan ayıran ümumi bir cəhət olur. Məndən soruşsalar ki, türklərin bu xüsusiyyəti nədir? Nəzakətdir - deyərəm. Şirindilli, mehriban təbiətli, xoşrəftarlı, qonaqpərəst xalq. Türkiyəyə keçən ilki səfərimizi İstanbuldan başladıq. Birinci diqqətimi cəlb edən bu nəzakət oldu. Kobud bir söz, köntöy bir hərəkət, bədrəftar görmək mümkün deyildi. Otellərdə, yeməkxanalarda qadın xidmətçiyə rast gəlmək olmaz. Burada cəld və iti işləyən cavan oğlanların rəftarı xoş, üzü gülərdir. Əvvəlcə mənə elə gəldi ki, Avropa ilə təması olan, daha doğrusu, bir qolu Asiyada, bir qolu Avropada olan bu şəhərin mədəni və xoş davranışı, xoş rəftarı Avropa mədəniyyətindən gələn bir cəhətdir. Lakin sonralar ölkənin içərisinə, dərinlərinə getdikcə başa düşdüm ki, bu xasiyyət mənbəyini xalq arasından alır, kəndlərdən, qəzalardan böyük şəhərlərə gələn bir keyfiyyətdir. Oteldə işləyən cavan oğlandan xəbər aldım:

 

- Əhməd, nerəlisin?

 

- Erzincandanım, hanımefendi.

 

- Yusif, sən nerəlisin?

 

- Erzurumdanım, hanımefendi".

 

Yuxarıda qeyd etdiyimiz kimi, Rəsul Rza, Nigar Rəfibəyli, İsmayıl Şıxlı, Süleyman Rüstəm, Məsud Vəliyev 1968-ci ildə 14 apreldən 21 aprelədək Türkiyədə olublar. İsmayıl Şıxlının - İstanbulu öyrənməyə hardan başlayaq? - sualına qonaqları qarşılamağa gələn Əziz Nesin - "Tofiq Fikrətin "Aşiyan"ından başlayaq" - deyə cavab verir. Xəlil Rza yazır ki, təkcə Tofiq Fiktətin deyil, həm də Əbdülhəq Hamidin, Rza Tofiqin, Namiq Kamalın, Hüseyn Cavidin, Mahmud Əkrəmin, Nigar xanım və başqa sənətkarların da həyat və yaradıcılıqlarına aid sərvətləri qoruyub saxlayan "Aşiyan" dağlı-dərəli, çinarlı, minarəli İstanbulun ən gözəl parçasıdır. Xəlil Rza vurğulayır ki, Tofiq Fikrətin vicdanı onu malikanəsinin yerləşdiyi bu füsunkar gözəlliyin içindən xalqının dərdlərini görməyə, onların tablosunu yaratmağa məcbur etmişdir. Müharibələrə, dartışmalara, haqsızlıqlara yox deyən şair bütün insanlığı narahat edən mövzulara toxunmuşdur.

 

Xəlil Rza öz gündəliyində Türkiyədə olarkən gördükləri tarixi abidələr, İstanbulun, Ankaranın əsrarəngiz təbiəti haqqında doya-doya bəhs edir.

Uşaq yazarı Əli Səmədli Türkiyə təəssüratlarını "Mən bir ceviz ağacıyam Gülxanə parkında" adlı yazısında oxucularıyla bölüşür. Əli Səmədli Seyid Battal Qazinin türbəsi, "Yazılı qaya" abidəsi, Çuxurca kəndindəki Frid Roma, Bizans abidələri haqqında, Bakıya çox bənzəyən İzmirdən söz açır, səfər boyu keçirdiyi görüşlərdən, isti və doğma münasibətlərdən könül dolusu danışır.

 

Yazı belə başlayır:

 

"Çocuqluqdan içimdə bir Türkiyə vardı. Nağıla bənzər, yuxuya bənzər, əfsanəyə bənzər Türkiyə. Bu nağılı mənim duyğulu, həssas dünyamda yaradan Türk Hüseyn olmuşdu. Türk Hüseyn o vaxt Cahan müharibəsi illərindən, türk qoşunundan qopub Göyçay mahalında qalmış, artıq yaşa dolmuş, uca boylu, qırğı gözlü bir kişi idi. Həmişə başında qaragül dərisindən papaq olardı. Dalında bir carçı torbası, dolanırdı kənd-kəsəkləri yay-qış, payi-piyada. Onun hər gəlişi toy-bayrama dönərdi biz kənd uşaqları üçün. Saqqızının, sancağının, iynəsinin, düyməsinin üstündə dava düşərdi. Hər gecə də bir evdə qonaq qalardı. Nə qədər qıtlıq olsa da, kimsə ondan bir parça çörəyini əsirgəməzdi - hər bir ocaqda ən əziz qonaq kimi qarşılardılar onu. Çox az danışardı, dərdli adama oxşayırdı. Elə hey gözləri yol çəkərdi: gözü yolda qalanım var, - deyərdi həmişə. Gözəl avazla Quran oxumağı da vardı rəhmətliyin. Həm də illər qanlı-qadalı, qadağalı olduğundan Quranı hər yetən evdə oxumazdı. Oxuyanda da qapı-pəncərəni bərk-bərk bağlatdırıb ehtiyatını əldən verməzdi.

 

İçimdəki Türkiyəni bir də atamın uşaqkən, yarı pıçıltı ilə türk ləhcəsində Tofiq Fikrətdən oxuduğu misralar yaratmışdı".

 

Memar və sənətşünas alim Cəfər Qiyasiyə də Sovet dövründə Türkiyədə olmaq nəsib olub. O, Türkiyədə olarkən bu ölkədə orta əsrlərdə azərbaycanlı memarların inşa etdikləri saraylar, abidələr, məscidlər, türbələr haqqında əldə etdiyi bilgilərə dair ətraflı məlumatlar verir. Niksarda Qırx qızlar türbəsini, Kemahda Menqucuq Məlik Qazi, el arasında böyüklüyünə görə "Divlər sərnici" adlandırılan Konya-Bəyşəhər yolunun üstündəki sərnic-sututarı, məşhur Mövlana türbəsi, Sivasda və Malatyadakı Ulu Cami, Amasyada Turumtay türbəsi, Konyada Sahib Ata məscidi, Van məscidi, XV əsrin II yarısında Hisn Kayfada tikilmiş gözəl biçimli türbə, başqa bir Ağqoyunlu abidəsi - Əhlətdəki Əmir Bayındır türbəsinin azərbaycanlı ustalar tərəfindən inşa edildiyini bildirir. Alim bu abidələrin azəri ustalara məxsusluğunu həm türk alimlərinin əsərlərinə, həm də öz araşdırmalarına əsasən qeyd edir.

 

Cəfər Qiyasi Bursadakı əski bir memarlıq kompleksinin - Yaşıl kompleksin də müəlliflərinin təbrizli ustalar olduğunu vurğulayır. İfadəli biçimi, maraqlı dekoru, rəng koloriti, orijinal naxış, oyma bəzəkləri ilə diqqəti çəkən bu saray və türbələr göstərir ki, ölkələrimiz arasındakı ilişkilərin tarixi min illərlədir. Və bu əlaqələrə heç bir rejim, heç bir idarəetmə kölgə sala bilmədi.

 

Tanınmış ədəbiyyatşünas alim Yaşar Qarayev türk xalqlarının ədəbiyyatı, kültürü haqqında danışanda bundan bir "ilişki", "əlaqə" səviyyəsində danışmağı məqbul hesab etmir, türk xalqlarının eyni tarixi-coğrafi ərazi ilə yanaşı, həm də ortaq bir "mənəvi, bədii, estetik" məkanda yaşadıqlarını, böyük bir mədəni irsin yaranmasında birgə iştirak etdiklərini vurğulayırdı. "Kültür ilişkiləri burada daha çox genetik ilişkilərin törəməsi və davamı kimi baş vermişdir. Onların hamısının təməlində vahid türk əsası, türk ruhu və amili, qohum etnik-estetik proqram, qan və gen yaddaşı, müştərək mənəvi məcra və tarixi kontekst durur".

 

Dünyada hələ indi-indi vahid bir Avropa evi (federasiyası, ştatları) barədə danışırlar. "Asiya", "Şərq evi" isə bir ideya kimi şeirdə hələ 10 əsr bundan əvvəl mövcud olub. Özü də Şərqdə hərbi blok və millitarist ittifaqlar yaratmaq üçün birləşməyiblər, vahid mədəniyyət və mənəviyyat məkanı yaratmaq üçün birləşiblər.

 

Sovetlər dönəmində yaradıcılığı Azərbaycanla daha çox bağlı olan türk şairi Nazim Hikmətdir. O, mənbələrin verdiyi məlumata görə, müxtəlif illərdə 9 dəfə Azərbaycanda olub. Nazimin hər gəlişi Azərbaycanda böyük coşqu və sevgi ilə qarşılanıb. İnsanlarla dolu olan salonlar onun şeirlərini, özlədikləri türkcəsini alqışlara qərq edib. Nazim Hikmət haqqında "Kərəm kimi" romanını yazan Anar Nazimə olan sevginin nədəni haqqında belə yazır: "...O illərdə Nazim, Türkiyədə bir çoxları üçün "Moskvanın adamı", "Türk düşməni" idisə, azərbaycanlılar üçün Türkiyənin, türklüğün, türk dilinin simvoluydu. Nazimi bitib tükənməyən alqışlara qərq edən Bakı salonlarındakı dinləyicilər, onun timsalında bir kommunizm propaqandaçısını deyil, uzun illər həsrətini çəkdiyimiz Türkiyənin qoxusunu, ruhunu gətirən, canımız qədər yaxın olan türk diliylə danışan, ölümsüz şeirlərini türkcə oxuyan bir TÜRK şairini alqışlayırdı. O illərdə Sovetlər Birliyinin Türk bölgələrində özəlliklə, Azərbaycanda heç kim Türklük ruhunu, Türklük şüurunu Nazim Hikmət qədər yüksəltməmişdir. TÜRK sözü, Azərbaycanda xalqımızın, dilimizin adı kimi yasaqlandığı, Türkiyə ilə tarix, ədəbiyyat, folklor, soy, adet ve ənənə birliyimiz haqqında hər hansı bir fikrin cinayət səbəbi sayıldığı, bizi bağlayan bütün iplərin qoparıldığı, Türkiyə sevgisindən dolayı, ya da Türkiyədə qohumlarının olduğunu söyləyənlərin qətl edildiyi illərdə Nazim Hikmət geniş qatılımlı toplantılarda, üstəlik ən yüksək kürsülərdən deyirdi: mən Türkəm, siz də Türksünüz, ruhumuz, adətlərimiz bir, xalqlarımız, dillərimiz qardaşdır..."

 

Düşünürəm ki, Nazim Hikmətə olan sayğı və sevginin səbəbini bunun qədər anladacaq söz tapmaq çətindir. Nazim Hikmət o illərdə Azərbaycan üçün Türkiyənin tam özüydü. Elə bir azərbaycanlı yazar və şair tapmaq çətindir ki, o Türkiyədə olanda Gülxanə parkına getməsin, ceviz ağacı axtarmasın. O ağacdan bir yarpaq qoparıb Nazimdən xatirə kimi kitabının arasında saxlayanlar da var.

 

Abbas Abdulla ilk dəfə 1984-cü ildə, sonra 1988-ci ildə Türkiyədə səfərdə olan görüş təəssüratlarını oxucularla belə bölüşür: "Mən Türkiyənin təbii sərvətlərindən, yaraşıqlı şəhər və kəndlərindən daha çox insanlarıyla, dünyanın əşrəfi olan övladlarıyla görüşməyə can atırdım. Görüşdüyüm insanlar arasında isə türkiyəli məşhur şairlərlə, sənət adamlarıyla yanaşı, vaxtilə Qafqazdan Şərqi Anadoluya köç etmiş həmyerlilərimizin övladları, törəmələri də çox olurdu. Məsləkləri, siyasi görüşləri ilə başqa-başqa olan bu insanların hamısını bir sevgi - Azərbaycana sonsuz sevgi birləşdirir".

Xalq yazıçısı Elçin 1979-cu ildə Türkiyədə səfərdə olmuş, qayıdandan sonra "Yaxın, uzaq Türkiyə" adlı böyük bir məqalə yazmışdı. Yazının adı da maraqlıdır: Yaxın, amma yaxın olduğu qədər uzaq olan Türkiyə. Elçin bu yazısında bizə yaxın olan Türkiyənin həm də uzaqda qalan, qaranlıq olan tərəflərinə işıq salır.

 

Müəllif özü əvvəldən qeyd edir ki, o Türkiyənin zəngin muzeyləri, dünya şöhrətli tarixi abidələri, İstanbulun, İzmirin dillər əzbəri olan məkanları haqqında danışmayacaq. O daha çox səfəri zamanı şahidi olduğu ictimai-siyasi problemlərdən, türklərin həyat tərzindən, ədəbi proses barədə müşahidə və düşüncələrindən, həmçinin Türkiyədə qəzet və qəzetçilik, nəşriyyat işinin durumundan geniş bəhs edir. Yazıçı o dövrkü türk ədəbiyyatını özünü ifadə və təsdiq edə bilən, müxtəlif bədii-estetik rəng və çalarlara malik çoxşaxəli bir ədəbiyyat adlandırırdı və qeyd edirdi ki, ictimai-siyasi cəhətdən fəal türk yazıçıları həmişə xalqın qeyrətini çəkmişlər. Bu ədəbiyyatı yaradanlar nəinki xalqın taleyini düşünür, onun həyat tərzini yüksək bədiiliklə əks etdirir, həm də vətəndaş kimi əlindən gələni edirdi. Elçin müəllim türk ədəbiyyatını bir sözlə ifadə etmək lazım gələrsə "vicdanlı ədəbiyyat" kimi xarakterizə etmək olar - deyirdi. O, Atatürkün də həmişə ədəbiyyatın ona mənəvi dəstəyini, dayağını hiss etdiyini deyirdi. Elçin bu memuar yazısında maraqlı bir məsələyə də toxunur. Nağılların, dastanların, əfsanələrin uşaqların tərbiyəsindəki rolu məsələsinə. Nağıl zamanı keçmişdir, əfsanələr qəhrəmanlar yetişdirə bilməz - deyən bilim adamlarına etiraz edən Elçin İzmirdən İstanbula gedərkən yolda rastlaşdıqları bir olayla cavab verir:

 

"Müzəffər Arabulla söhbət edirdik. Bu vaxt çox emosional bir qadın - Muza Pavlova:

 

- Ora baxın! - dedi. - Bu ki, Rafaelin Madonnasıdır!

 

Avtobus talvarının altındakı kölgəlikdə bir kəndli qadın, iyirmi beş-iyirmi altı yaşlarında, iri, göygözlü, sarışın, girdəsifətli cavan bir türk anası qəzet sərib yerdəcə oturmuşdu və qucağında yatızdırmaq istədiyi yaşyarımlıq balasına nağıl deyirdi:

 

- Biri var idi, biri yox idi...

 

Balaca, gözlərini qırpıb diqqətlə anasının iri, göy gözlərinə baxır və qulaq asırdı. "Biri var idi, biri yox idi..." - bu sözlər o balaca türk balasına yalnız sirli aləmlərdən xəbər vermirdi, əslində, bu sözləri ona şanlı ataları, qəhrəman babaları söyləyirdi və bu atalar, babalar elə bil ki, yenidən özlərini böyüdürdü.

 

"Biri vari idi, biri yox idi..." - bu sözlər o balaca türk balasına yalnız öz gözəl və təmiz anasını sevdirmirdi, əslində, bu sözlərlə nə o körpənin, nə də o anasının bundan xəbəri var idi - bütün Türkiyəni ona sevdirirdi.

 

Əslində, Türkiyə öz övladını böyüdürdü".

 

Düşünürəm ki, azərbaycanlı yazarların bu səfər təəssüratlarını bir kitab, bir toplu halında çap etmək ötən əsrin 60-70-80-ci illər Türkiyəsinin mədəni-sosial durumunu kənar gözlə nəzərdən keçirtmək, eyni zamanda yasaq və qadağalara baxmayaraq, mənəvi ünsiyyətin, ruhi yaxınlığın həmişə var olduğunu göstərmək baxımından dəyərli və maraqlı olardı.

 

 

Aygün BAĞIRLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 21 dekabr.- S.12-13.