Bu televiziya ki var...
Məşhurlardan birinin sözüdür: "Televiziya o dərəcədə önəmlidir
ki, onu ancaq
televiziya işçilərinin
öhdəsinə buraxmaq
olmaz" . Son illərin hadisələri
göstərir ki, doğrudan da, bu belədir və populyar filmlərdən birində
deyildiyi kimi: "Bu televiziya ki var..."
çox çətin
və çətin, qəliz olduğu qədər də vacib bir sahədir
və bu səbəbdən həddən
artıq umduğumuz efirdən, onun uğurlu və uğursuz tərəflərindən ürəklə
yazmağı da bacarmaq lazımdır. Bu mənada zaman-zaman tamaşaçı zövqünü
korlayan, günün tələblərinə cavab
verməyən, mənəvi-əxlaqı dəyərlərimizlə
səsləşməyən halların təbliğ olunduğu ayrı-ayrı
proqramların efirlərə
ayaq açmasının
ictimai müzakirəyə
çıxarılması təbiidir.
Başlayaq ondan ki, son dövrlər
İctimaiyyəti narahat
edən və ən çox müzakirə olunan məsələlərdən biri
televiziya kanallarında
aşağı səviyyəli,
keyfiyyətsiz, əyləncə
və şou-biznes xarakterli verilişlərin
çəkisinin artmasıdır. Hər hansı bir ictimai dəyəri olmayan mövzulara həsr olunan verilişlərin hazırlanması,
cəmiyyətdə xoşagəlməz,
bəzən iyrənc
halların, hadisələrin
çılpaqlığı ilə işıqlandırılması
son nəticədə gənclərin
və yeniyetmələrin
zövqünü zədələyir,
dünyagörüşünü korlayır. Bəzən bunu reytinq xatirinə, hazırkı rəqabət mühitində
öndə getmək,
lider mövqedə dayanmaq naminə edildiyini söyləyənlərə
eyni səmimiyyətlə
deməliyik ki, bu belə deyil.
Heç nə mənəvi dəyərlərimizdən,
adət-ənənələrimizdən üstün tutula bilməz...Bu, əslində
çox geniş mövzudur... Danışdıqca
danışılacaq, yazıldıqca
yazılacaq...
Bununla yanaşı, efirdəki müsbət dəyişiklikləri, tamaşaçı
rəğbəti qazanan layihələri,
intellektual səviyyəni
inkişaf etdirən, vətənpərvərlik duyğularını
gücləndirən, bir
növ mənəviyyata
xidmət edən proqramları da qeyd etməliyik.
D.Frostalicin bir sözü var: "Televiziya elə adamlardan həzz almağa imkan verir ki,
onları biz evin kandarına da buraxmarıq". Demək
hər şey elə efirdən - o sehirli güzgüdən bizə baxan insanlardan -aparıcılardan,
proqrama dəvət alan qonaqlardan,
ekspertlərdən başlayır.
Tamaşaçı hər gün
səhər, axşam
ona müraciət edən bu simaların
səmimiyyətinə, səviyyəsinə,
biliyinə inanmaq istəyir. Çünki bu xüsusiyyətlər
olmadan hansı haqla efirdən tamaşaçıya xitab
etmək, ona "ağıl vermək" səlahiyyətinin olduğuna
iddia edə bilərsən?!
Bu mənada televiziya
kanallarının rəhbərləri,
mütəxəssislər, ekspertlər cəmiyyətin
tələblərini, ictimai
marağı, tamaşaçıların
istək və arzularını öyrənməli,
efir məkanının
tarazlığına, mövcud
nöqsanların aradan
qaldırılmasına səy
göstərməlidirlər.
Milli-mənəvi dəyərlərin qorunması
cəmiyyətin ən
"yaralı yeri"dir
desək, yanılmarıq. Nə yaxşı ki, bizi əhatə edən efir bolluğunda uzun illərdir bu dəyərləri həm
qoruyan, həm də yaşadan AzTV
var...
Tamaşaçı, əsasən, televiziyalardan gözlədiklərini,
umduqlarını
burada tapa bilir, bu "ailə efiri"ni doğma ocağında, uşaqları ilə rahat, sevə-sevə izləyir. Bilir ki, bu kanalın efirindən onun evinə ancaq xoş ovqat, sevgi, ümid
ötürüləcək. Doğru deyiblər, təqlid heç zaman uğur gətirmir. Bəziləri xarici kanallardakı müəyyən layihələri
götürüb yüngülcə
"əl gəzdirməklə" Azərbaycan
tamaşaçısına "yeni bir hadisə" kimi təqdim etməyə çalışırlar...
Nəticə isə göz önündədir...
Unutmayaq ki, biz özümüz özümüzlə
olanda daha yaxşı, qeyri-adi və təkrarsız görünürük. Əlbəttə, dünyada
baş verən bütün yenilikləri izləyib, onlardan bəhrələnib və
son nəticədə onu öz həyat fəlsəfəmizə
uyğun şəkildə
tamaşaçıya təqdim
edə biliriksə, bu başqa... . Bax AzTV son illər bunu etməyə daha çox can atır və istəyinə, demək olar ki, çatır.
"Belə-belə işlər",
"Əsrlər, nəsillər",
"Tarixin izi ilə", "Texno Xəbər", "Döyüşçü",
"Oxuyan Vətən", "Körpü",
"Çıxışa doğru"... Demək olar ki, adını çəkdiyim və çəkə bilmədiyim
AzTV ilə yanaşı İdman və Mədəniyyət
kanallarında yayımlanan
bu kimi layihələr
Azərbaycan efirində ən
çox baxılan və gözlənilən
proqramların önündə
gedir və böyük tamaşaçı auditoriyasına
sahibdir. Çünki burda TV birbaşa
üzərinə düşən
missiyanı - maarifçiliyi
uğurla yerinə yetirməyi bacarır. İnternetin dünyada əhatə
dairəsinin günü-gündən
genişləndiyi bir dövrdə:
"Televiziyalara, doğrudanmı,
baxılır?"- sualına burada artıq əminliklə cavab verə bilərik: maraqlı süjet xətti, kreativ düşüncə
məhsulu olan, müasir tələblərə
cavab verən verilişə mütləq
baxılır. Bu mənada
yeknəsəqlikdən yorulan,
"özünü başqa
yerdə axtaran" tamaşaçını yenidən ekranlara bağlamağın
yolu çox sadədir: keyfiyyətli iş, səmimi ünsiyyət, təmiz söhbət... Əminliklə
deyə bilərik: AzTV bunun öhdəsindən
böyük ustalıqla
gəlir. Peşəkarların
illərə söykənən
təcrübəsi, yeniliyə
can atan yaradıcı
gənclərin bir araya toplanması və hər cür maraqlı layihəyə, təklifə
açıq olan
rəhbərlik... Bu keyfiyyətləri
özündə cəmləşdirən
AzTV, sözün həqiqi mənasında, cəmiyyətin
televiziyası, tribunası
olmaq rolunun öhdəsindən ləyaqətlə gələ bilir. Dövlət Televiziyamızın bir çox nailiyyətlərə
imza atması, texniki
və yaradıcılıq
baxımdan ildən-ilə
inkişaf etməsi də buna bir
sübutdur.
AzTV-dən danışarkən ictimai-siyasi
xarakterli proqramlara mütləq toxunmalıyıq.
Yadımdadır, vaxtilə
AzTV-nin "Xəbərlər"i
ancaq müəyyən
"qrup" insanlara
"maraqlıydı": kimi
çıxardılar, kimi
təyin etdilər, kim mühakimə
olundu və s... Artıq "Xəbərlər"in auditoriyası
çox genişlənib. Çünki burada günün
ən mühüm hadisələrini rahatlıqla
izləyə bilirsən.
"Əsas məsələ",
"Obyektiv" kimi proqramlarda ən aktual məsələlər
operativ şəkildə
müzakirəyə çıxarılır.
Gündəlik "Xəbərlər"i
və bazar günləri yayımlanan, artıq öz geniş auditoriyası olan " Həftə"
siyasi-analitik proqramını
izləməklə ölkəmizdə
və dünyada baş verən ən mühüm hadisələrin "iştirakçı"sına
çevrilə bilərsiniz.
AzTV-nin peşəkarlığı
artırmaq, nəzəriyyəni
praktika ilə birləşdirmək yolunda
atdığı uğurlu
addımlardan biri də Teleradio Akademiyasının təşkilidir. İndiyə
kimi Jurnalistika fakültəsində daha çox nəzəri biliklərə yiyələnənlər
artıq bunu praktikada həyata keçirmək, redaksiyalarda
iş tapmaq imkanı da qazanırlar.
Televiziyanın yaradıcılarından biri olan Filo
Teylor Farnsuort öz övladlarına televiziyaya baxmağı məsləhət görməyib.
Səbəbini isə
çox sadə izah edib: orada
baxmaq üçün
elə də maraqlı bir şey yoxdur. Amma bu mümkün olubmu? Təbii ki, yox.
Bu televiziya ki var, artıq mümkünsüzü də
mümkün edə bilir deyəsən...
Kəmalə ƏVƏZ
525-ci qəzet.- 2021.- 21 dekabr.- S.11.