Bingur Sönməzin
"Sarıkamış - Kafkas Cephesi" kitabı işıq üzü görüb
Bu günlərdə İstanbuldakı
"Tarihçi Kitabevi"ndə
Türkiyənin tanınmış
ürək və damar cərrahı, çoxsaylı tarixi kitabların müəllifi,
"Sarıkamış Həmrəylik
qrupu"nun qurucusu kimi 1915-ci il
Sarıqamış hadisələrinin
yorulmaz araşdırıcısı
və təbliğatçısı,
saysız-hesabsız soydaşlarımıza
şəfa bəxş
etmiş professor Bingur
Sönməzin "Sarıkamış
- Kafkas Cephesi" adlı kitabı işıq üzü görüb.
Tarixdən bəlli olduğu
kimi, Birinci dünya müharibəsi dövründə Rus İmperiyası ilə Osmanlı İmperiyası
arasında 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış
bölgəsində baş
vermiş döyüşlərdə
Osmanlı dövlətinin
böyük hərbi səhvi nəticəsində
yaşanmış faciələr
tarixin ən ağrılı səhifələrindən
biridir.
Birinci Dünya
müharibəsində Türkiyənin
düşdüyü vəziyyətdən
yararlanan Rusiya Osmanlıya müharibə
elan edərkən Cənub-Şərqi Anadolunun
azad olunması üçün Osmanlı
dövləti yeni -
9-cu Qafqaz cəhbəsini
yaratmalı olub. Hərbi nazir
Ənvər Paşa hazırladığı plana
əsasən Sarıqamışa
iki istiqamətdən
- Sarıqamış və
Allahuəkbər dağlarından
hücum edərək
Qafqazda rus qoşunlarına zərbə
endirməli idi. Bu məqsədlə Ənvər paşa 125 min
əsgərə "irəli"
əmri verib. Mənfi 40 dərəcə şaxta türklərə düşməndən
daha betər qənim kəsilib.
125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış ordunun arasında yüzlərlə
azərbaycanlı könüllü
də olub.
Sarıqamış döyüşündə əsir
götürülən türk
əsgərləri Bakıya
- Nargin adasına gətirilib. Üç gün davam
edən yolda ermənilər türk əsirlərinin yeməksiz
və susuz qalması üçün
əllərindən gələni
ediblər. Nargin adasında
hərbi əsirlər
dəhşətli və
dözülməz şəraitlə
üzləşiblər. İlk türk əsirlərinin sırasında
birinci üç il ərzində
çox az sayda adam sağ
qala bilib.
Professor Bingur Sönməzin
880 səhifəlik "Sarıkamış
- Kafkas Cephesi" kitabında Türkiyə tarixinin Sarıqamış
faciəsi ilə bağlı yuxarıda sadalanan faciəli anları, həmçinin
Birinci Dünya müharibəsi dövründə
alman-Osmanlı İttifaqı
ilə bağlı bir sıra məqamlar
zəngin tarixi faktlar əsasında işıqlandırılıb.
Hikmət XUDİYEV
525-ci qəzet.- 2021.- 21 dekabr.- S.11.