Dədə Ələsgər
yaradıcılığı: aşıqlıq sənətinin
mükəmməl səhifəsi
Aşıqlıq sənətində virtuoz ustad kimi iz buraxmış Ələsgər sazda ifası, qeyri-adi səs tembri,
zəngin yaradıcılıq repertuarı
ilə,
məclislərdə dinləyici,
tamaşaçı diqqətini məşğul etmək baxımından bu sahədə dəyərli iz qoyub gedib. İnsan və təbiət aşiqi olan Aşıq Ələsgər
öz mənəvi paklığı, insan hisslərinin və düşüncəsinin tərənnümçüsü
kimi son dərəcə
qeyri-adi istedadı ilə özünə təkrarolunmaz sənət
mərtəbəsi yaradıb. Aşıq
şeiri janrlarının
əksəriyyətində özünəxas aşıq
havacatlarını "divani",
"müxəmməs", "ustadnamə", "qoşma",
"qoşayarpaq qoşma",
"gəraylı", "təcnis", "ciğalı
təcnis", "dodaqdəyməz",
"dildönməz" və
sair yaratmaqla "Kərəmi",
"Yanıq Kərəmi",
"Kərəm gözəlləməsi",
"Koroğlu", "Koroğlu
cəngisi", "Piyada
Koroğlu", "Atlı
Koroğlu", "Misri",
"Cəlili", "Sarıtel",
"Baş Sarıtel",
"Dilqəmi", "Gözəlləmə",
"Əfşarı" və
digərlərilə yanaşı,
həm də məhəbbət və qəhrəmanlıq dastanlarını
böyük məharətlə
ifa edib. Kamil və zəngin biliyə malik olan Aşıq Ələsgər özündən
əvvəl yazıb-yaratmış
aşıqların ənənəsindən
ustalıqla bəhrələnərək
özündən sonra
gələn aşıqların
sənətkar kimi formalaşmasında, sənət
rütbəsinə çatmasında
böyük mövqe qazanıb.
ƏTRAFLI
Snickers
Aşığın həyatında Səhnəbanı
adlı qızın yetərincə silinməz
nostalji hisslər yaratdığını görmək
mümkündür. Səhnəbanının geyimi, kecimi, bəzənməsi, ala gözlərini
süzməsi, Ələsgərin
ona aşiq olmasını özü kifayət qədər görümlü bədii-poetik
vasitələrlə vəsf
etməsi, onun dərdindən dəli-divanə
olması göz qarşısında Səhnəbanının
uğurlu obrazını
yaradır. Bunu
"Yavaş get" şeirində
daha yaxşı izləmək olur:
Bəzənib, qurşanıb seyrə
çıxan yar,
Ala gözlü Səhnəbanım,
yavaş get!
Bir qıya baxanda, evlər yıxan yar,
Cəllad
olub tökmə qanım, yavaş get!
Mən sana aşiqəm,
sən mana xata,
Dəhanın bənzəyir qəndə,
nabata.
Ləbin
tənə vurur abi-həyata,
Qoynu cənnət - irizvanım,
yavaş get!
Ələsgər sanki Səhnəbanının
yolunda bütün əzablara dözməyə
hazır idi. Ona görə də o, öz sinəsini Səhnəbanının müjganına
nişan eləməyə çalışırdı.
Çünki huri-qılmana bənzəyən
bu gözəl onun üçün sanki Kəbə, qiblə, din - iman yeri idi. Təəssüf ki, aşığın
sevgilisi uğrunda özünü fəda etməsi onun vüsala qovuşması ilə nəticələnməmişdi.
Ələsgər içində paklıq, təmizlik, ülvülük
hissini şərəf
və ləyaqətlə
gəzdirən şəxsiyyətlərdən
və sənətkarlardan
olmuşdur. O, daim haqqa, doğruya, mənəviyyata, əxlaqa
mahiyyət etibarı ilə bağlı idi. Aşığın
"Mənim" şeirində
bunun bariz tərəflərini görə
bilirik:
Günahkardı nə ki yoldan azan var,
İki mələk - xeyir-şəri
yazan var,
Ərəsət var, Qıl körpü var, qazan var,
Orda qəbul
olsun niyazım mənim.
Aşıq Ələsgər bütün
varlığı ilə
şəri-böhtan deyənlərə,
şeytana qul olanlara qarşı çıxırdı, o, insafsız,
mürvətsiz adamları
görmək istəmirdi. Buna görə
də təmiz adı, namusu gözləməni, əlinə
düşən bir loxmanı başqalarıyla
bölməni, çörəyə
dəyər verməni
hər şeydən daha çox ön planda qoyurdu:
Yaxşı hörmət ilə,
təmiz ad ilə
Mən dolandım
bu Qafqazın elini.
Pirə
ata dedim, cavana qardaş,
Ana-bacı bildim
qızı, gəlini.
...Bədəsildən hərgiz
olmaz heç əsil,
Lənət sənə gəlsin,
pis soy, pis nəsil!
Firib-fəsad ondan qalxar müttəsil,
Ölüncə tərgitmə öz əməlini.
Ələsgər bütün yaradıcılığı
boyu söz oyunundan, üslubi fiqurlardan elə böyük ustalıqla yararlanıb ki, onların köməyi ilə tamaşaçının
və oxucunun təsəvvüründə qeyri-adi
assosiativ mənzərə
canlandırıb. Aşığın
"Sini-sin" qoşmasına
nəzər yetirək:
Dost bağında bülbül
qonmuş a dala,
Nazlı dilbər zülfün töyük a dala.
Mərd
istər ki, çörək verə,
ad ala,
Namərd gözlər mərd iyidin sinisin.
Ələsgərəm, mən də içdim badə hey,
Əbcəd hesabıyla seçdim
"ba" də
"hey".
Xəstə cismim tab eyləmir
bada hey,
Heç
demirsən: "Gir qoynuma, sin, isin".
Klassik poeziya və aşıq yaradıcılığında olduğu kimi Aşıq Ələsgər
də söz oyunundan, leksik ifadələrdən, üslubi
fiqurlardan uğurla yararlanıb. Belə olduqda dil oyunu mətnin məzmununun yeni ifadə vasitələri ilə doldurulmasına sərait yaradıb. Aşığın yaradıcılığında
bu hətta bəzi hallarda eksperiment, yaxud təcrübə kimi səslənsə də, onun səmərəsinin inkarı mümkün deyildir. Ələsgər belə bədii
priyomun köməyi ilə bir sözün,
yaxud ifadənin səslənişinin və
yazılışının (yəni omofonların, omoqrafların və s.) olduqca qeyri-adi təsvirlə canlandırılmasına
nail olur.
Aşıq Ələsgərin istifadə
etdiyi üslubi fiqurlar dilin ifadə imkanlarını gücləndirmək məqsədilə
işlədilən intonasiyaya
bağlı leksik şəkillərdir. Ələsgərin dili canlı
dil olduğundan ədəbi-bədii dildən
fərqlidir. Onun lirikası
bütün mahiyyəti
və məzmunu ilə xalq danışıq
dilinə istiqamətlidir.
Məhz bu da aşığın
dilinin sadəliyini sünilikdən kənarlaşdırır,
dinləyici və oxucuya etdiyi emosional təsiri ilə seçilir. Ələsgərin şeirlərində mikrokontekst onu çevrələyən bütün
mətnlə bağlanır
və bu zaman belə üslubi fiqurlar ritmyaratma funksiyası yerinə yetirməklə,
həm də poetik mətnin ümumi ekspressiyasının
artmasına kömək
edir, onun xüsusi olaraq ahəng və melodikasının təşkilində
əsaslı rol oynayır. Ələsgər
tərəfindən böyük
məharətlə seçilmiş
üslubi fiqurlar aşığın yaradıcılığının
dinləyici və oxucunun hiss və emosiyalarına maksimal dərəcədə təsir
edir. Qeyd etdiklərimizi Ələsgərin
iki dodaqdəyməz təcnisi - "Ay eylər
qij-qij" və
"Sə qalı tez-tez" şeirlərinə
nəzərən illüstrasiya
edək:
Aşıq çaşsa, dildə
"qara" "qar"
qalar,
Dağlar sinəsində qara qar qalar.
Gəstə çıxsa ərşə
qara qarğalar,
Çalar qanadların, ay eylər qıj-qıj.
Yaxud:
Aşıq gərək sirrin
desin ha lala,
Yanağından həya eylər ha lala.
Səxa
əhli satdığını
halala
Siratdan keçəndə sağ
alı tez,
tez.
Gördüyümüz kimi, hər iki təqdirdə
Aşıq Ələsgər
öz şeirlərinin
səmərəliliyini və
oynaqlığını təmin
etmək üçün
parlaq obrazlı epitetlərdən, metaforik
ifadələrdən və
müqayisələrdən istifadə edərək onlarda dərin məna əldə edilməsi üçün
xalq poetik təfəkkür tərzindən,
deyimlərdən və
duyumlardan istifadə etməklə oxucu qavrayışını stimullaşdırmaqla
nitqdəki poetik düzümün intonasiya
və tempinə də yetərincə təsir edir.
Aşıq Ələsgər mətnin
istənilən hissəsində
söz və ifadələri bilərəkdən
əvəzləməsi və
təkrarlaması həm
də leksik təkrar kimi nəzərdən keçirilməlidir. Belə priyomun
köməyi ilə oxucunun diqqəti müəllifin müəyyən
fikri üzərində
cəmləşdikcə poetik
parçanın emosional
gərginliyi güclənir.
Nəzərə almaq lazımdır ki, poetik obraz onu dinləyib, başa düşən tərəfindən hər dəfə qəbul edilib canlandırıldıqda o, şeirin mətnində, mahiyyətində nə oturduğunu daha dərindən anlaya bilir. Axı poeziya sözün daha geniş mənasında obrazlı dildir.
Poetik söz, ifadə və fikir sənətkarın daxili aləminin, hiss və həyəcanlarının, emosiya və düşüncələrinin bədii tutumudur. Aşıq Ələsgər oxucuda emosional-estetik effekt əldə etmək üçün mücərrəd və konkret anlayışlara meydan verir, fikirlərini təsirli bir dillə oxucuya çatdıra bilir. Məhz bunların köməyi ilə o, qarşıya qoyduğu məqsədə uğurla yetişir. Dediklərimizin təsdiqini aşığın "Nəqa nə mindi" şeirində tapırıq:
Nə əysik din, nə artıq gül, nə dannan,
Müxənnətə zəhər olmur nədən nan?!
Dərdbilməzdən, dilqanmazdan, nadannan
Nə qandım əzəldən, nə qanam indi?
Ələsgəri çəkməginən yar, ala,
Lazımdı ki, yar könlünü yar ala.
Sınmış dəndan, nə yar ləbin yarala,
Əmmək istəyəndə, nə qan əm indi!
Ulu Ələsgərin
yaradıcılığında söz çoxölçülü və çoxtutumlu olduğundan
onun ifadə vasitələri sistemi poetik məzmunun bütün elementlərinə, onun hissələrinə gərəyincə
xidmət etdiyi gönünür.
Burada sözün səs
materialı da məzmunun dərindən
açılmasına şərait yaradır. Aşığın
yaradıcılığının ifadəliliyinin bütün poetik elementlərini
təhlil etdikdə Dədə Ələsgər sözünün gözümüz
önündə çeşidli
assosiasiyaları bərq vurur. Ələsgərin
sözü oxucunun şüurunda öz daxili hiss və həyəcanları
ilə aşığın qəlbinin obrazının
işarəsi, simvolu kimi
dayanır. Elə buna görə də Dədə
Ələsgər sənəti bu gün də bütün
tərəfləri ilə şəfəq saçmaqdadır.
Nizami
TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet.- 2021.- 21 dekabr.- S.10.